Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

15 Aprel 2020 11:34

Ümummilli lider Heydər Əliyev: Milli dəyərlərimizi, milli ənənələrimizi yaxşı bilməyən, tariximizi yaxşı bilməyən gənc vətənpərvər ola bilməz. Hər bir gənc vətənpərvər olmalıdır. Vətənpərvərlik böyük bir məfhumdur. Bu, sadəcə orduda xidmət etmək deyil. Vətənə sadiq olmaq, Vətəni sevmək, torpağa bağlı olmaq - budur vətənpərvərlik

Torpağa oğul olmaq gərək...

Vətən sevgisi, vətənpərvərlik mövzusu qoşa qanad kimi çırpınaraq şair və yazıçılarımızın yaradıcılığında rəngbərəng çiçəklər açır. Onun ətri, rayihəsi daim oxucularda xoş duyğular oyadır, onları gələcək qələbələrə kökləyir. İnanıram ki, belə dərin, mənalı əsərlərlə yol yoldaşlığı edən oxucular sabahın qəhrəmanı kimi böyüyəcəklər. Yurdun müdafiəsinə həmişə hazır olacaqlar. Səngərlərə, döyüş meydanlarına, düşmənlə savaşa hünər və cəsarətlə atılacaqlar.
Həm publisistik məqalələri, həm də şeirləri ilə oxucuların qəlbinə asanlıqla yol tapmağı bacaran şair Əbülfət Mədətoğlunun yaradıcılığında da vətənpərvərlik duyğularının, Vətən sevgisinin tərənnümü güclü olduğu qədər təsirlidir. Şairin qəlbindən qələminə asta-asta süzülüb gələn şeirləri, publisistik məqalələri onun doğma kəndləri Tuğdan didərgin düşərək yaşadığı həsrət dolu günlərin ağrı-acılarından, əzablarından və məhəbbətindən mayalanır. Bəlkə elə ona görə də şairin vətənpərvərlik mövzusunda yazdığı şeirləri bu qədər kövrək, bu qədər qəlbəyatımlı, bu qədər təsirlidir. Ə.Mədətoğlunun nostalji hisslərə bürünmüş əsərləri daim oxucunu düşündürür, onu bir anlıq da olsa, ötən günlərə qaytarıb kövrəklik duyğuları aşılayır. Vətən sevgisi, doğma ocaqlara dönüş, torpaqlarımızın azad olunması onun yaradıcılığının ana xəttini təşkil edir. Şairin hər misrası, hər sətri, hər cümləsi vətənpərvərlik bulağından su içir, Vətən məhəbbətindən qidalanır, yurd sevgisinin unundan yoğrulur. Əbülfət Vətənə oğul olmağından qürur duyaraq hisslərini kağız üzərinə odlu-alovlu misralarla hopdurur:

Bu torpağa oğul olmaq nəsibim,

Bu nəsiblik ucalıqdı, qürurdu!

Mən özümü dərk edəndən, duyandan,

Vətən eşqim nəbzim tək vururdu.

Şair Sabir Zamanın əsərləri mübarizlik və qürurdan don geyinib desək, yəqin ki, yanılmarıq. Bu qürur oxucunu səngərlərə, döyüş meydanlarına və qalibiyyətə səsləyir. Zövqlər müxtəlif olduğundan deyilən, yazılan hər şeir, hər söz dinləyən, oxuyan insana bir cür təsir edir, bir cür sehirləyir. Nə qədər rəngarənglik və müxtəliflik olsa da, şairin yaradıcılığında əsgəri qələbəyə qovuşdurmağa ruhlandıran mübarizlik ruhu daha güclü, daha qabarıq hiss olunur. Məğlubiyyətlə barışmamaq, məğlubiyyətə alışmamaq, mübarizəyə çağırış, Vətəni sevmək sədaları onun yaradıcılığından gur bir axarla keçir. Sabir Zaman Vətənə üz tutaraq əlinə silah alıb döyüşməyincə, vuruşmayınca, qeyrətini döyüşlərdə tapmayınca, şəhid olmayınca ona oğul deməməsini xahiş edir. Şair onu narahat edən hisslərinə, oxucunu düşündürən fikirlərinə bu sözlərlə çıraq tutur:


Vətən, mənə oğul demə,

Qeyrətimi tapanacan.

Uğrunda şəhid olub,

Torpağına hopanacan!

Şair Maarif Soltanın da şeiri poetikliyi, rəngarəngliyi və deyim tərzi ilə diqqəti cəlb edir. Vətənə müraciət edən şair onun yolunda başı daşa dəysə də, bütün çətinliklərə dözəcəyini vurğulayır və oxucusunu da buna inandırmağa çalışır:

Sənin uğrunda Vətən,

Daşın başıma dəyir,

Başım daşına dəyir!..

Arayıb-axtarıb seçdiyim, haqqında çeşidli fikirlər yürütdüyüm və mənalarına işıq tutmağa çalışdığım mövzuya uyğun olaraq diqqətimi cəlb edən, məsləhət bilib dəftərçəmə köçürdüyüm şeirlərdən birinin də müəllifi şair Arzu Əsədovdur. Arzunun "Ver, ver bizə zəfəri" poemasındakı Vətənə aid kiçik bir epizod onun yurda, torpağa olan sevgisinin bariz göstəricisidir. Düşünürəm ki, yazdığı dəyərli misralar Vətən üçün narahat olan bir şairin pıçıltılarıdır. Bu pıçıltılar vətənpərvərlikdən güc aldığından çox təsirli və ibrətamizdir. Unu yurd sevgisindən, Vətən məhəbbətindən yoğrulmuş həmin misralardan sanki Vətən boy verərək narahatlıqla döyünən ürəyimizdə qönçələyib yenidən çiçəkləyir, yenidən bizi isti qoynuna alır. Bu çiçəklər elə Vətənimiz kimi gözəl və əsrarəngizdir. Arzunun yazdıqları həm poetik və düşündürücü, həm də böyük təsir gücünə malikdir. Oxuculara təqdim olunan bu misraları həyəcansız oxumaq olmur:

...Sinəmdə

ilk məhəbbətdən, sözlərdən,

ağrıdan başqa

bir yer saxlamışam -

güllə yeri...

O yer sənindir, Vətən.

Sinəndə

çiçəklərin, otların, daşların

arasında

bir yer saxlamışam -

məzar yeri...

O yer mənimdir, Vətən.

Vətən mövzusunda yazılmış belə gözəl əsərləri oxuduqca istər-istəməz ovqatımız yüksəlir, hisslərimiz coşur, ümidlərimiz uğurlu sabahların dan yerinə dikilir, inamımız zəfərlərə və uğurlara köklənir. Ömrümüz boyu həm şəxsi həyatımızdakı işlərimizdə, həm də döyüşlərdə Vətənin müdafiəsində uğurlara can atırıq.
Şair Gülayə Şınıxlı Vətən sevgisi ilə yanaşı, onun üstümüzdə olan haqqı barədə fikirlərini qələmə aldığı misralara böyük məharətlə hopdurur. Sanki fikir və düşüncələrini bacarıqlı usta kimi kərpic-kərpic hörür, ilmə-ilmə toxuyur. Misralardan duyulur ki, Vətənin haqqı onun üçün hər şeydən ucadır. Bu yolda asılıb soyulsa da, çətinliklərlə üzləşsə də, Vətənin haqqını hər şeydən uca tutacağını poetik şəkildə vurğulayır. Gülayə Şınıxlı arzu və niyyətini gözəl sözlərlə ifadə edir:

Nə haqqım bu haqqı bölməyə belə,

Cismim, canım, ruhum sənlə tən, Vətən!

Yoxdur mənim haqqım ölməyə belə,

Asılıb soyulsam tənbətən, Vətən!

İllərdir ki, yazdığı şeirləri ilə oxucunun sevgisini qazanmağa davam edən şair Nəriman Həsənzadənin də Vətən haqqında dəyərli və gözəl şeirləri çoxdur. Bu şeirlərdən sanki oxucu qəlbinə Vətən sevgisi sızır, yurda məhəbbət axır. Vətəni bir şair ürəyinə bənzədən müəllif yazır:

Vətən! Vətən, deyən şair ürəyi,

Vətənin ən böyük ərazisidir.

Nümunə gətirdiyim bu şeirlərin hər biri qəlbimə bir cür yatdı. Bu şeirləri bir anlıq "Vətən" adlı böyük ölçülü xalçanın ayrı-ayrı ilmələrinə, rənglərinə və təsvirlərinə bənzətdim. Bu ilmələri, rəngləri birləşdirib həm iri, həm də gözəllikdə tayı-bərabəri olmayan, qeyri-adi bir xalça toxumağa çalışdım. İnanıram ki, yazıya toxuduğum misralardakı bu təsvirlər, bu rənglər, bu ifadələr, bu bənzətmələr oxuculara xoş təsir bağışlayacaq, həmişəlik olaraq onların yaddaşlarına hopub orada özünə əbədi yuva quracaq. Bu şeirlərin bəziləri hisslərimizi coşdurur, bəziləri bizi düşündürür, bəziləri qəlbimizi alovlandırır, bəziləri isə bizi gündəlik qayğılardan ayırıb əlçatmaz, ünyetməz aləmə aparır. O aləmə ki, orada Vətən var! O aləmə ki, orada  Vətən sevgisi var! O aləmə ki, orada mübarizə var, qəhrəmanlıq var, əbədilik var! Belə xoş anlarda sözün, şeirin, fikrin qüdrəti qollarımızdakı gücümüzü, ürəyimizdəki Vətən sevgisini daha da artırır.
Ümid edirəm ki, daim artan Vətən sevgisi sonda Böyük Qələbəyə yol açacaq. Gələcək daha parlaq, daha işıqlı olacaq. Onda ürəyimizdə qövr edən bütün arzu və istəklərimiz rəngbərəng çiçəklər açacaq.

Vahid MƏHƏRRƏMOV, "Azərbaycan Ordusu"