Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

15 Aprel 2020 11:34

Bəşər tarixinin faciəsi - İkinci Dünya müharibəsi

XX əsrdə bəşəriyyət iki dünya müharibəsi ilə üz-üzə qaldı. İkinci Dünya müharibəsi əhatə dairəsinə, iştirakçı dövlətlərin sayına, müharibənin aparılması metodlarına və vasitələrinə görə birincidən qat-qat dağıdıcı və dəhşətli idi. 1939-1945-ci illəri əhatə edən İkinci Dünya müharibəsi 1939-cu il sentyabrın 1-də nasist Almaniyasının Polşa üzərinə hücumu ilə başladı, 1945-ci il sentyabrın 2-də Yaponiyanın təslim olması ilə başa çatdı.
İkinci Dünya müharibəsi həm də ona görə fərqləndi ki, müasir beynəlxalq sistem məhz onun nəticələri əsasında formalaşdı. Dünya tarixində bu hadisəyə bir neçə amil səbəb oldu və onların öyrənilməsi müasir dönəm üçün də vacibdir. Çünki o zamanlarda baş verən hadisələrin oxşarını bu gün də müşahidə etmək olar. Müharibənin iştirakçıları iki cəbhəyə bölündü: nasist bloku (əsas iştirakçılar - Almaniya, İtaliya və Yaponiya) və antihitler koalisiyası (əsas iştirakçılar - SSRİ, ABŞ, Britaniya və Fransa). Hər bir ölkəni müharibəyə sürükləyən səbəblərlə yanaşı, artıq Birinci Dünya müharibəsindən sonra yaranan beynəlxalq sistem qüvvələr balansını və real siyasi vəziyyəti əks etdirmədi. Dəyişikliklərə ehtiyac var idi və  həmin dəyişikliklər dinc yolla deyil, müharibə yolu ilə reallaşdı. Nəticədə 50-dən çox dövlət antifaşist koalisiyasında birləşdi, dünyanı faşizm taunundan xilas etdi.
Ötən əsrdə bəşəriyyətə sarsıdıcı zərbə vurmuş faşist ideologiyası üzərində qələbənin bu il 75-ci ildönümü tamam olur. Müharibənin başa çatmasından 75 il keçsə də, bütün dünya üçün faciəli fəlakətlər dövrü kimi yadda qalan həmin qanlı-qadalı illər hələ də unudulmur.
İkinci Dünya müharibəsində SSRİ-nin qazandığı qələbədə Azərbaycanın da böyük payı var. Həmin illərdə xalq özünün 600 mindən çox oğul və qızını cəbhəyə yola saldı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkmənistanın paytaxtı Aşqabad şəhərində MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə keçirilən iclasında çıxış edərkən azərbaycanlıların İkinci Dünya müharibəsində iştirakını xatırlayaraq deyib. "Ən dağıdıcı, qanlı müharibənin ön və arxa cəbhələrində xalqlarımız gələcək nəsillər üçün nümunə olan qəhrəmanlıq və igidlik göstəriblər. Faşizm üzərində ümumi Qələbəmizə Azərbaycan layiqli töhfə verib. Azərbaycanın 600 mindən çox oğul və qızı Böyük Vətən müharibəsi cəbhələrində döyüşüb, onların yarısı ümumi Qələbəmiz uğrunda canlarından keçib. Müharibə illərində göstərdikləri igidliyə görə Azərbaycanın 130-dan çox nümayəndəsi Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 170 mindən çox əsgər və zabitimiz müxtəlif orden və medallarla təltif edilib. Azərbaycan bütün ölkəni yanacaqla təmin edib. Cəbhə üçün çox zəruri olan neftin 70 faizdən çoxu, benzinin 80 faizi, motor yağlarının 90 faizi Azərbaycanın payına düşürdü. Bunlar olmasaydı, sovet ordusu düşmənə qalib gələ bilməzdi".
Azərbaycan xalqı Böyük Vətən müharibəsinin əsas ağırlığını öz üzərinə götürmüş ölkələrdən biri idi. Ərazisində müharibə getməsə də, bu cənub ölkəsinin vətəndaşları istər ön, istərsə də arxa cəbhədə böyük şücaətlər göstərərək qələbəyə böyük töhfələr verdi. Müharibənin ilk illərindən etibarən azərbaycanlılardan ibarət yüzlərlə özünümüdafiə batalyonları təşkil olundu. Azərbaycan diviziyaları Qafqazdan Berlinədək şanlı döyüş yolu keçdi, yüzlərlə həmyerlimiz isə partizan dəstələrinin tərkibində vuruşdu. Azərbaycanın əsgər və zabitləri Brest, Moskva, Leninqrad, Kiyev, Stalinqrad, Ukrayna, Belarus, Pribaltika cəbhələrində cəsarət nümayiş etdirdilər. Bu gün də İkinci Dünya müharibəsində şərəfli döyüş yolu keçmiş Azərbaycan övladlarının tarixi şücaətləri yaddaşlardan silinmir, bu qəhrəmanlıq gənc nəslə vətənpərvərlik nümunəsi kimi xatırlanır. 
Bu qanlı müharibənin nəticəsi isə hər kəsə aydındı... Bəşəriyyət 1945-ci ilin 9 mayında faşizm üzərində qələbə qazandı və ötən müddət ərzində dünya düzənində də qarşısıalınmaz dəyişikliklər baş verdi. Azərbaycan SSRİ-nin tərkibindən ayrılaraq müstəqilliyinə nail oldu. Ancaq SSRİ-nin dağılmasından, Azərbaycanın müstəqillik qazanmasından sonra da Qələbə günü bütün MDB ölkələrində, o cümlədən Azərbaycanda qeyd edilir. Azərbaycan da özünün qəhrəmanlarını unutmur. Eyni zamanda, bu qəhrəmanlar torpaqlarının 20 faizi Ermənistan tərəfindən işğal olunmuş ölkəmizin vətəndaşları üçün əsl örnəkdir. Azərbaycan Prezidenti İlham Əliyev hər il Qələbə günündə sağ qalmış müharibə iştirakçılarına və onların dul qadınlarına mükafatlar verir. Qədirbilən Azərbaycan xalqı öz şanlı oğullarının xatirəsinə ölkənin hər yerində, hətta ən ucqar kəndlərdə də abidələr ucaldır.
Böyük Vətən müharibəsində faşizm üzərində Qələbənin ildönümü münasibətilə hər il təntənəli mərasimlər keçirilir. Xalqımızın fəxri olan Böyük Vətən müharibəsi veteranlarının qəhrəmanlığı böyük hörmətlə xatırlanır, həlak olan soydaşlarımızın xatirəsi ehtiramla yad olunur. Bu ağır döyüşlərdə misilsiz şücaət göstərmiş soydaşlarımızın xidmətləri heç vaxt unudulmur. Dövlət başçısı İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva İkinci Dünya müharibəsinin veteranları ilə görüşür, onları Qələbənin ildönümü münasibətilə təbrik edirlər. Bir sözlə, dünya müharibəsi iştirakçılarına dövlət başçımız tərəfindən daim dərin hörmət və ehtiram, diqqət və qayğı göstərilir. Ulu öndər Heydər Əliyev 1993-cü ildə yenidən hakimiyyətə qayıtdıqdan sonra müharibə veteranlarının hüquqlarını bərpa etdi. Ümummilli Lider onları "Xalqımızın qızıl fondu" adlandırırdı. Ulu Öndərin layiqli davamçısı olan Prezident İlham Əliyev də müharibə veteranlarının sosial problemlərinin həlli istiqamətində daim mühüm addımlar atır, 9 May - Qələbə Günü ərəfəsində onlara birdəfəlik maddi yardımlar göstərir. Ölkə başçısı, həmçinin 1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, müharibədə həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında sərəncam da imzalamışdır. Bu isə həmin kateqoriyadan olan insanların sosial vəziyyətinin daim diqqət mərkəzində olduğunu nümayiş etdirir.
İkinci Dünya müharibəsində şərəfli döyüş yolu keçmiş Azərbaycan övladlarının tarixi şücaətləri, habelə arxa cəbhədə fədakarlıqla çalışanların xidmətləri heç vaxt yaddaşlardan silinməyəcək, gənc nəslə əsl vətənpərvərlik nümunəsi olacaq. Veteranlarımızın hər biri bizim üçün çox əziz insan, əsl həyat məktəbi, canlı tarixdir. Bu qələbə bayramının şərəfini uca tutmaq, hər bir veterana diqqət və qayğı göstərmək, onları anmaq hər birimizin müqəddəs borcudur.

Oruc MUSTAFAYEV, "Azərbaycan Ordusu"