Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

27 Mart 2020 10:30

Tonqal qalanacaq Cıdır düzündə!

Tarixi min illərlə səsləşən Novruz bayramında düşüncələrmi duyğuların cəfakeşi olur, duyğularmı düşüncələrin, ayırd etmək istəmirsən...
... Təbiətin ecazkarlığını gecənin qaranlığı bürüyüb. Bir azdan qalanacaq tonqalın göy üzünə yayılan şöləsini gecənin dan yerinə aparacaq işıq yolu biləcəyik; dan yeri sökülüncə görünənlər göz doyduracaq. Bu gözəlliyi bir niyyətlə, bir istəklə, bir murazla könlümüzə köçürəcəyik. Hərənin öz ömrünə ad olan fərdi arzusu, niyyəti, murazı, hamının dövlətə, dövlətçiliyə ad olan ümumi arzusu, istəyi, murazı var: Azərbaycan əsgəri torpaqlarımızı işğaldan azad etsin!
Ön xətdə "N" hərbi hissəsində "Tonqal qalanacaq Cıdır düzündə!" mövzusunda disput bu ricətlə başlayır. Əsgərlər maraqla dinləyirlər. Onların mövzuya münasibətinin intizarındayam.
Həzin-həzin meh əsir...
Əlbəttə ki, yazın - Novruz bayramının hökmüdü: meh hərdən əsir, hərdən kəsir. Ağaclar xırdaca tumurcuq gözləriylə gecənin içindən göy üzünə baxır - görünmür, duyulur...
Zabit Rüstəm Məmmədov çırtıldaya-çırtıldaya alışacaq tonqala baxır, sonra əsgərlərə. Bu baxışda tonqalın mahiyyətinə də sevgi var, yüksək döyüş və mənəvi-psixoloji hazırlığa malik olan əsgərlərə də:
- Xalqımızın tarixi qədər də qədim olan bu bayram təkcə fəsil dəyişməsiylə bağlı deyil. Novruzun gəlişiylə təbiət dəyişir. Bu bayramın mahiyyəti dəyişməkdi, yeniləşməkdi, təzələnməkdi, təravətlənməkdi. Təbiət dəyişir - yaşıllaşır. Əsgərlər görür ki, bilir ki,  bu dəyişmə, gözəlləşmə elə gözəl təravətlənmədi ki! Bu dəyişmə duyğuları da təzələyir, düşüncələri də, ruhu da. Yadıma Xətainin "Bahariyyə"si düşür:

Qış getdi, yenə bahar gəldi...
Gül bitdi və laləzar gəldi...

İndi gecədi, misralarla ifadə edilən təsvirləri səhər görəcəyimizi bilsək də, qəribə bir istəklə səngərin yan-yörəsinə göz gəzdiririk. Araya çökən ani sükutu leytenant  Murad Xəlilzadə çilikləyir:
- Bu xarakteriylə Novruz bayramı həm də niyyət, muraz bayramıdı.
Zabitin dedikləri mənə yaddaqalan bir  günü xatırladır:
Ötən il "Açıq qapı" günündə bir ağsaqqal demişdi:
- Dədə yurdumdan uzaq düşəli elə bilirəm ruhum canımdan üzülüb. O  yerlərə dönüncə ölümə can vermərəm. El-obamıza qayıdacağım günə əsgərlərin ömrümə Novruz payı deyəcəm.
Yaşının bu çağında yurd sıxılcımı çəkən ağsaqqalın niyyətini, murazını əsgərlərə xatırladıram və:
- Siz belə vətənsevərlərin nəvələrisiniz, - deyirəm.
Duyğulanan, qaşları çatılan, yumruqları düyünlənən əsgərlərin bu görüntüləri tamamlayan fikirlərini çərşənbə yelənli ovqat bilirəm:
- O ağsaqqalın istəyini gerçəkləşdirəcəyik, işğaldan azad edəcəyimiz hər kənddə qələbə tonqalı qalanacaq. O ağsaqqalın könlüncə olsun deyə bu tonqala Novruz tonqalı deyəcəyik, - müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Kamran Qasımov deyir:
- Ruhumuza adaş dediyimiz Novruz bayramının əli yetməyən torpaqlarda qələbədən sonra qalanacaq tonqalların istisi göy üzünü qarsılayacaq, - zabit Cəlal Eminov belə deyir və Novruz adətlərini xatırlayır, xatırladır. Xatırlatma əsgərlərin düşüncələrində illərin o üzündə qalan çağların şirinliyinə sarılır:
- Uşaqlığımızda, yeniyetməliyimizdə tonqallardan atılardıq, "Ağırlığım-uğurluğum burda qalsın!" - deyərdik (əsgər Peyman Kərimzadə);
- Bayramdan bir neçə gün əvvəl yumurta boyanılardı, tay-tuşlarımızla yumurta döyüşdürərdik (əsgər Nahid Eynullayev);
- Çərşənbələrdə də qohum-qonşu qapısına papaq atardıq (əsgər Əli Hüseynov).
Əsgərlərdən birinin baxışları çox-çox uzaqlara dikilib. "O uzaqlıq əsgəri hərbi xidmətə uğurlayan kənddi, böyüdüyü məhlədi, o məhlədəki evlərdən biridi...", - düşünürəm. Bu gümanı səsləndirsəydim əsgərin yanağına xəfifcə qızartı çökərdi, çoxusu bu Novruzlu sevdaya həsəd aparardı...
Əsgər Maqsud İsayev Novruz bayramının sovetlər dönəmində Kommunist partiyasının qadağalarına baxmayaraq Bakıda, eləcə də digər şəhərlərdə, rayonlarda dövlət səviyyəsində coşqu ilə qeyd olunmasından, Novruz bayramının belə qeyd olunmasında Şıxəli Qurbanovun vətənsevərliyindən, əsgər Gündüz Əhmədli böyük tarixi şəxsiyyət Heydər Əliyevin digər milli bayramlarımız kimi Novruz bayramını da milli-mənəvi dəyərlərimizin tərkib hissələrindən biri kimi böyük sevgilərlə dəyərləndirdiyindən, əsgər Əli Hüseynov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu gözəl bayramda həmişə şəhərin sakinləriylə bayramlaşmasından danışır. Deyilən fikirlər təsdiqləyir ki, Azərbaycan əsgəri Novruz bayramının mahiyyətini, fəlsəfəsini, milli-mənəvi dəyərlər sistemində yerini gözəl başa düşür.
1993-cü ilin Novruz bayramında Tərtərdəydim. Pənahla, Nizamiylə, Fəğanla səngərdə, əsgərlərin əhatəsində, Novruz tonqalının dövrəsində könlümüzü xoş niyyətli anlara təslim etmişdik.
Əsgərlərdən birinin baxışlarını kövrəklik bürümüşdü. Mənim xahişimlə Pənah əsgərdən soruşmuşdu ki, niyə qayğılısan. Əsgər dillənməmişdi. Pənahın da, mənim də, əsgər yoldaşlarının da umacaqlı baxışının inadkarlığını duyunca alnını ovuşdurmuşdu:
- Novruz bayramının əlləri o yerlərə çatmır, aranı Ermənistanın elan etmədən başladığı müharibə kəsib, müharibənin nəticəsi olan işğal kəsib. Ürəyimi üzən oralarda da belə tonqallar qalaya bilmədiyimizin sıxıntısıdı, komandir, - demişdi. - Qələbədən sonra o qara daşların sağında-solunda qalayacağımız tonqalı həm Qələbə tonqalı, həm də hansı ay olursa-olsun, Novruz tonqalı adlandıracağıq.
27 il əvvəl səsləndirilmiş bu niyyət əsgərlərin niyyətinin işığına dönür. Bu işıqda görürəm (duyuram) ki, bu əsgərlər də Böyük Qələbədən sonra işğaldan azad ediləcək torpaqlarda qalanacaq tonqalları Novruz tonqalı adlandıracaq.
- Biz də qalib əsgər kimi tərxis olunmaq istəyirik. Azərbaycan Ordusu Ali Baş Komandanın döyüş əmrini qələbəylə tamamlayacaq, - əsgər Nahid Eynullayev belə deyir və bir azdan qalanacaq tonqalı göstərir. - Qalayacağımız tonqalın üstündən də məhz bu niyyətlə atılacağıq.
Deyir və əsgər yoldaşlarına baxır. Bu məzmunlu baxış hamısını ayağa qaldırır, tonqala sarı çəkir. Sanılı saniyələr ötüşüncə "Ağırlığım-uğurluğum burda qalsın!" formatında biri digərini tamamlayan, biri digərinin işığına dönən istəklər səslənir...
Leytenant Murad Xəlilzadə maraqlı və düşündürücü bir mətləbə toxunur:
- Novruz personajları - Kosa, Keçəl, Bahar qız təkcə bayram ovqatı yaratmır, bu personajların fəlsəfəsi xalqın yaşamının, bəşəri ideyalara sədaqətinin simvolu kimi qəbul olunmalıdır.
- Bahar qız Novruz personajı deyil, sovet ideologiyasının təzyiqlərinə qarşı qoyulan obraz, personaj kimi yaradılıb, - deyirəm. Ata söhbətlərini xatırlayan əsgərlər dediklərimə etiraz etmir.
- Novruz həm də xeyirxahlıq, birlik, həmrəylik bayramıdı, - əsgər Peyman Kərimzadə belə deyir.
Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Kamran Qasımov təbəssümlə "Novruz həm də küsülüləri barışdıran könül bayramıdı", - deyir...
Əsgər Əlislam Qasımzadə deyir ki, çərşənbələrdə qapı pusurlar, lal su gətirib iynə atırlar. Lal suya iynə atma adəti subay qızlar üçündü. Bu adət "Dəli Kür" filmində gözəl verilib. Şəhriyar əsgər yoldaşının sözünə qüvvət kimi deyir ki, bu adətlər zərdüştlüklə səsləşir. Qapı pusurlar, eşidilən xoş kəlmə...
Əsgərlərdən biri ehtiramla onun fikrinə müdaxilə edir:
- Zərdüştlükdə xeyirli söz:
- ...Qapı pusanın nəzərdə tutduğu niyyətin baş tutacağına yozulur.
Zabit Murad Xəlilzadə Şəhriyarın sözünə qüvvət kimi deyir ki, Novruz bayramının tarixi min illərlə ölçülür.
"Bu tarix atəşpərəstlikdən də qədimdir", - deyirəm. Mənə elə gəlir ki, əsgərlərin qürurunun işığı tonqalın işığına qarışır...
Tonqalın alovu göy üzünü qarşılayıb.
Köz-közə söykənib. Tonqalın alovu böyüməkdədi. Uşaq vaxtı ya bizim, ya da qonşulardan birinin həyətində qaladığımız tonqalın alışmasına nə qədər sevinərdiksə, alovunun boyumuz bərabərincə gödəlməsinə də elə sevinərdik - bir-birimizi itələyə-itələyə, dümsükləyə-dümsükləyə üstündən atılacaqdıq deyə. Mənə elə gəlir ki, söhbətimiz nə qədər şirin olsa da, əsgərlər məhz həmin anın intizarındadı...
"Tonqal qalanacaq Cıdır düzündə!" mövzusunda disputu az sonra tonqalın üstündən atılan əsgərlərin dua misallı kəlmələri tamamlayır: "Qələbə qazanacağıq!", "Torpaqlarımız işğaldan azad olacaq!", "Dağlar başında Dədə Qorqudun dediyi tonqallar qalanacaq!", "Cıdır düzündə niyyət tonqalı qalanacaq!", ...

Rəşid HÜSEYNOV, əməkdar jurnalist