Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

20 Mart 2020 10:00

“Reyxstaqın divarına mən də adımı yazdım”

Rubrikamızın qonağı görkəmli hərbi xadim - lüləli zenit batareyası komandirindən Zaqafqaziya Hava Hücumundan Müdafiə Dairəsinin komandanı vəzifəsinə qədər şərəfli xidmət yolu keçmiş, hazırda Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, istefada olan general-polkovnik Tofiq Ağahüseynovdur.
- Bir əsrə yaxın ömür yaşayan Tofiq müəllim geriyə dönüb baxanda ilk olaraq nəyi, nələri xatırlayır?
- İlk olaraq Kiçik Qafqazın ətəklərində yaşıllığa qərq olmuş və doğulub 7 il yaşadığım evi xatırlayıram. Bu günə qədər işıqlı xatirələrim o illərlə bağlıdır. Həyatın ilk sınaqları insan üçün həmişə qiymətlidir. Atamdan, anamdan, iki böyük qardaşımdan və məndən ibarət çox mehriban ailəmiz vardı. Daim qayğımıza qalan valideynlərimiz həmişə bizim üçün nümunə olublar. Sovet hakimiyyətinin möhkəmləndirildiyi 20-ci illər bizim tərbiyə və təhsilimizə də öz təsirini göstərib. Mən və  qardaşlarım bir çox ziyalı ailələrində olduğu kimi, rus dilində təhsil almışıq. Bu, o illərdə Avropa mədəniyyəti ilə daha yaxından tanış olmağımıza imkan verirdi.
- Sovet hakimiyyəti illərində yaşayan, müstəqil Azərbaycanın elan olunmasını görən bir hərbi xadim kimi sizin bir çox hadisələri təhlil edib qiymətləndirməyə haqqınız çatır...
- Hər bir nəslin həyatında həm sarsıntılı, həm də yüksəliş dövrləri olur. Mən həyatın acısını da, şirinini də dadmışam. Müharibədə iştirak etmişəm, vəzifə pillələri ilə yüksəlmişəm, ailəmiz repressiya illərində çətin günlər yaşayıb, əzizlərimi, doğmalarımı vaxtından əvvəl itirmişəm. Həyatımda baş verən sarsıntıları, faciələri dəf etməyə, şəxsiyyət kimi geri çəkilməməyə, hər bir çətinliyə sinə gərməyə özümdə qüvvə tapmışam. Məncə bu, əsas şərtdir. Yaşadığım həyatı bir Azərbaycan oğlu kimi təhlil edəndə belə nəticəyə gəlirəm ki, şəxsiyyət yalnız müstəqil  Vətəndə  formalaşıb, işləyib, öz xalqına xeyir verə bilər.
- Tofiq müəllim, bilirik ki, siz ziyalı, həkim ailəsində dünyaya göz açmısınız. Yəqin ki, bu amillərin də sizin həyatınızda rolu az olmayıb...
- Əlbəttə, atam dövrünün ən tanınmış həkimlərindən biri olub. O, Kiyev Tibb İnstitutunu bitirmişdi. Mən 1923-cü il fevralın 1-də Şəki şəhərində anadan olmuşam. Atam həkim olduğundan ailəmiz böyük nüfuza malik idi. Zamanın tələbinə və anamın təkidinə görə belə qərara alındı ki, biz paytaxtda təhsil alaq. 1930-cu ildə ailəmiz Bakıya köçdü. Mən rus təmayüllü məktəbin birinci sinfinə daxil oldum. İlk müəllimimiz son dərəcə ciddi və tələbkar idi. Yaxşı oxuyurdum. Azərbaycan və rus bölmələrindən ibarət olan məktəbimizin savadlı və istedadlı müəllim kollektivi vardı. Ölkədə çağırış yaşınaqədərki  gənclərlə aparılan işlər böyük vüsət almışdı. Məktəbdə hərbi dərslər də keçirilirdi. Çoxlu tir açılmışdı. Aeroklublar fəaliyyət göstərirdi...
- Orta məktəbi bitirdikdən sonra sənədlərinizi hansı ali təhsil ocağına  təqdim etdiniz?
- Məndən iki yaş böyük qardaşım Rəhim Ağahüseynov Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) tələbəsiydi. 1939-cu ildə o, orduya çağırıldı. Hərbi xidmətini keçmək üçün Qərbi Ukraynaya göndərildi. Mən də qardaşımın yolu ilə getdim. 1940-cı ildə sənədlərimi hazırlayıb onun oxuduğu Azərbaycan Sənaye İnstitutunun energetika fakültəsinə verdim. Qəbul olundum. Onu da qeyd edim ki, 1922-ci ildə anadan olan dostlarımın çoxunun  hərbi xidmətə çağırışla bağlı sənədlərini ali məktəblərə qəbul etmirdilər. Artıq bu o dövr idi ki, rus-fin müharibəsi başlamışdı...
- Bəs, 30-cu illərin repressiyasını necə xatırlayırsınız?
- Həmin illərdə bizim ailənin də başı üzərində təhlükə vardı. Kiyev Tibb İnstitutunda atamla bir yerdə oxuyanların çoxunu həbs etmişdilər. Həbsdən yayınmaq üçün atam Qubaya getdi, biz isə Bakıda qaldıq. Elə bu arada Almaniyada oxuduğuna görə dayım həbs edildi. O, tanınmış mühəndis idi, Leninqradda işləyirdi. Siyasi xadim Ruhulla Axundovun oğlu Fərid Axundov bizimlə oxuyurdu. Onunla yaxın dost idik. Əvvəlcə atasını, sonra isə anasını həbs etdilər. Özü isə Bakıdan çıxıb getdi. 1941-ci ildə Moskvanın müdafiəsində həlak oldu.
- Tofiq müəllim, Böyük Vətən müharibəsi başlayanda neçənci kursda oxuyurdunuz? O ağır müharibə illəri ilə bağlı hansı xatirələr yaddaşınızda mühafizə olunub?
- İkinci kursda oxuyarkən müharibə başlandı. Onda mənim 18 yaşım vardı. 1941-ci ilin 22 iyun axşamı atamla şəhərdə idim. Axşam saatlarında evə qayıdarkən  yolda atamın rastlaşdığı bir tanışı dedi ki, radio ilə müharibənin başlanması xəbərini veriblər. Qardaşım Qərbi Ukraynada xidmət etdiyindən atam çox həyəcanlandı. Tezliklə atamı da orduya çağırdılar. O, Yevlaxdakı hospitalın rəisi təyin olundu. Hospital formalaşdırıldıqdan sonra cəbhəyə yola salınacaqdı. Sentyabrın 1-də dərslər başlasa da, özümüzü heç cür oxumağa kökləyə bilmirdik. Hərbi məktəblərin nümayəndələri tez-tez institutumuza gəlir, könüllü olaraq bu təhsil ocaqlarında oxumaq istəyən gəncləri toplayırdılar. Mən də Bakıdakı zenit-artilleriya məktəbinə daxil olmağı qərara aldım.
- Bakı zenit-artilleriya məktəbinin  kursantı  Tofiq müəllimin döyüş yolu haradan başlandı?
- Yarım il ərzində sürətli təlim kursu keçdilər. Bizə leytenant hərbi rütbəsi verdilər, Arxangelskdə yerləşən 160-cı əlahiddə zenit-artilleriya divizionuna taqım komandiri təyin olundum. Bu dövrdə Sovet İttifaqına ərzaq, silah gətirən ingilis, amerikan gəmiləri öz yüklərini şimal limanlarında - Murmanskda və Arxangelskdə boşaldırdılar. Bizim diviziya həmin yüklərin müdafiəsini, qorunmasını təmin edirdi. Xüsusilə Arxangelskdə gecələr aviahücumlar olurdu. Şəhər əsasən taxta tikililərdən ibarət idi, odur ki, tez-tez yanğınlar baş verirdi. Yarım il burada xidmət etdikdən sonra komandanlıq bütün divizionu Arxangelskdən çıxarıb dəmiryol qovşağını, aerodromu müdafiə etmək üçün Obezersk stansiyası rayonunda yerləşdirməyi qərara aldı.
- Döyüş epizodlarınızdan hansılarını xatırlayırsınız?
- Cəbhə həyatımda ilk dəfə verdiyim "Atəş" komandasını yaxşı xatırlayıram. Düşmən yunkerslərinin mövqelərimizə doğru irəlilədiyini gördük. Atəşə hazırlıq üçün bütün tədbirləri görüb "Atəş" komandası verdim. Biz zenitçilər mərmilərin partlamasını, düşmən təyyarələrinin ətrafında ağ-qara ləkələrin yaranmasını həyəcanla izlədik. Yunkerslərin biri o tərəf bu tərəfə şütüməyə başladı. Bu da onları xilas edə bilmədi. Mərmi hədəfə dəyəndən sonra təyyarə havada cəmi bir-iki dəqiqə ləngərlədi. Partlayışın tüstüsü onu  bürüdü. Təyyarə idarəetməni itirib yerə çırpıldı. Düşmən aviasiyasının hücumu dəf edildikdən sonra hava həyəcanının dayandırılması barədə komanda verdim. Mən onda batareya komandiri idim. Biz artıq düşmənin artilleriya atəşlərinə alışmışdıq. Hitlerçilər, demək olar ki, hər gün eyni vaxtda mövqelərimizi atəşə tuturdular.
- Müharibənin son günləri yaddaşınızda necə qalıb?
- 1944-cü ildə bizim diviziya 1-ci Belorusiya cəbhəsinə daxil oldu. Diviziyamız Visla-Oder əməliyyatında, Berlin uğrunda gedən ağır döyüşlərdə iştirak etdi. Berlin əməliyyatı 16 aprel 1945-ci ildə başlandı, 2 may 1945-ci ildə başa çatdı. Mənim üçün  müharibə 1945-ci il mayın 2-də Berlində yekunlaşdı. Yeni döyüş mövqelərini müəyyənləşdirməli olan qrupun rəisi idim. Bizə kəşfiyyat işləri aparmaq, məsələni elə yerindəcə araşdırmaq tapşırığı verilmişdi. Qoşunların ardınca hərəkət edərək mayın 2-də Berlinə çatdım. Orada hələ də ağır döyüşlər gedirdi. Korpusun nümayəndəsi dedi ki, divizion yerində qalır, mən isə geri qayıtmalıyam. Artıq Reyxstaq alınmışdı. Əsgərlər, zabitlər yaxınlıqdakı xarabalıqların fonunda görünən Reyxstaqın pilləkənlərində oturmuşdular. Reyxstaqın divarına mən də adımı yazdım. Sonra biz geri - Kunesdorfa qayıtdıq. Mayın 9-da Qələbə qazanıldı. Müharibə dəhşətdir, bunu etiraf etmək lazımdır. Belə bir fikir də  var: "Kim fikirləşirsə ki, müharibə dəhşətli deyil, o, müharibə haqqında heç nə bilmir."
- Müharibədən sonrakı  xidmət yolunuz hansı ölkələrdən keçdi?
- Bir il Almaniyada qaldım. 1946-cı ilin oktyabrında diviziyamız Pribaltikaya - Vilnüs şəhərinə köçürüldü. Bu zaman artıq demobilizasiya qurtardı. Amerikalılar öz atom bombasını partlatdılar. Ona görə də hava hücumundan müdafiə qüvvələrinin bütün zabitlərini xidmətdə saxladılar. Beləliklə, mən müharibədən sonra da orduda qalıb xidmətimi davam etdirdim. Atam və qardaşım isə müharibənin dəhşətlərini yaşayaraq geri döndülər. Əvvəlcə Vilnüsdə xidmət etdim. Sonra 1946-49-cu illərdə xidmətimi Bakıda davam etdirdim.1949-cu ildə Moskvada Dzerjinski adına Artilleriya Akademiyasına daxil oldum. 1954-cü ildə oranı bitirdim. Məni Bakıya göndərdilər. Divizion komandiri kimi xidmətə başladım. Alay, diviziya, korpus komandiri kimi, eləcə də Zaqafqaziya Hava Hücumundan Müdafiə dairəsinin komandanlığında xidmət etdim. Sonra dairə komandanının müavini təyin olundum. Varşava Müqaviləsi Təşkilatının nümayəndəsi kimi məni Çexoslovakiyaya göndərdilər. 1968-ci ildə diviziya komandiri olanda general-mayor rütbəsi aldım. Korpus komandiri olanda general-leytenant, 1980-ci ildə dairə komandanının 1-ci müavini olanda mənə general-polkovnik rütbəsi təqdim edildi.
- Hansı orden-medallara  layiq görülmüsünüz?
- "Qırmızı ulduz", "Qırmızı bayraq", "Oktyabr inqilabı" ordenləri ilə təltif olunmuşam. Müharibədə iştirakıma görə aldığım orden - Böyük Vətən müharibəsi  Qızıl ulduzunun 1-ci dərəcəsidir. "Döyüş xidmətlərinə görə" və "Berlinin alınmasına görə" medallarım var.
- Sovet ordusundan ehtiyata neçənci ildə buraxıldınız?
- 1987-ci ildə Çexoslovakiyada xidmətimi başa vurub Moskvaya qayıdandan sonra ehtiyata çıxdım.
- Hələ sovet dönəmində ulu öndər Heydər Əliyevlə yaxın münasibətiniz olub. Bu barədə nə deyə bilərsiniz?
- Dünyanın görkəmli  liderlərindən biri olan Heydər Əliyevlə mən o, hələ Dövlət Təhlükəsizliyi Komitəsinin sədri olanda tanış idim. 1969-cu ildə Heydər Əliyev Azərbaycan SSR MK-nın birinci katibi seçiləndə mən Rostovda korpus komandiri vəzifəsində xidmət edirdim. Bakı dairəsinə tabe idim. 1975-ci ildə mən dairə komandanlığına təyin ediləndə  biz bir yerdə işlədik. Ulu Öndər hərbi xidmətlə çox maraqlanırdı. Tez-tez dairədə, qərargahda olurdu. Heydər Əliyevin təqdimatı əsasında 3 dəfə Ali Sovetin deputatı seçilmişəm. 1961 və 1981-ci illərdə Azərbaycan nümayəndə heyətinin, XXIV qurultayda isə Rostov nümayəndə heyətinin tərkibində Sov.İKP-nin qurultaylarında iştirak etmişəm.
- Azərbaycan yenidən müstəqilliyini qazandığı ilk illərdə də ölkə Prezidenti, Ali Baş Komandan Heydər Əliyevlə birgə çalışdınız. Eyni zamanda, Azərbaycan Silahlı Qüvvələrinin yüksək rütbəli zabit heyətinə daxil olub, qazandığınız təcrübəni müstəqil Azərbaycanın ordu quruculuğuna tətbiq etdiniz...
- Ümummilli lider Heydər Əliyev 1997-ci ildə mənə Prezidentin Hərbi məsələlər üzrə köməkçisi vəzifəsini tapşırdı. Beş il Ulu Öndərin rəhbərliyi altında müstəqil Azərbaycan dövlətinin  ordu quruculuğunda iştirak etdim. Sonra 2002-ci ildə Müdafiə nazirinin müşaviri vəzifəsinə təyin olunaraq, Azərbaycan Ordusunda xidmətimi 2007-ci ilə qədər  davam etdirdim. 84 yaşımda istefaya çıxdım. Mən çox xoşbəxt insanam ki, ömrümün 10 ilini müstəqil Azərbaycan dövlətinin Silahlı Qüvvələrində xidmətə həsr etmişəm.
- Bu gün isə siz Azərbaycanın ən böyük təşkilatlarından birinə - Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatına rəhbərlik edirsiniz. Çətin deyilmi?
- Bir az yaşımla bağlı çətindir. Bu günlərdə 97 yaşımı qeyd etdim. Xidmətimlə, işimlə hər zaman xalqıma, millətimə şan-şöhrət qazandırdım. Müharibə veteranlarının sayı getdikcə azalır. Bu, təbiətin pozulmayan qanunudur. Onların keçdiyi döyüş yolu bugünkü Azərbaycan gənclərinə örnəkdir. 3 ildir ki, bu təşkilata rəhbərlik edirəm. Dövlət başçısı İlham Əliyev müharibə veteranlarının sosial vəziyyətinin yaxşılaşdırılması ilə əlaqədar daima yeni fərman və sərəncamlar imzalayır. Onlara hərtərəfli diqqət və qayğı göstərir. Təşkilatımız MDB məkanında geniş fəaliyyət imkanlarına görə ən yüksək yerdədir.
- Faşizm üzərində Qələbənin 75 illiyi ərəfəsindəyik. Bu əlamətdar günün qeyd edilməsinə necə hazırlaşırsınız?
- Qələbənin 75 illiyinə ciddi hazırlaşırıq. Təşkilatımızın tərtib etdiyi plana əsasən, 75 illik yubiley ölkəmizdə və paytaxtda silsilə tədbirlərlə qeyd olunacaq. Azərbaycan Prezidentinin  yubiley tədbirləri üzrə xüsusi tapşırıqları və sərəncamı da gözlənilir. Bizim təşkilatın üzərinə çox böyük məsuliyyət düşəcək.
- Azərbaycan Ordusunun zabit və əsgərlərinə arzularınız...
- Ən böyük arzum Azərbaycan Ordusunun Azadlıq meydanında keçirəcəyi Qələbə paradını görməkdir. İnanıram ki, danışıqlar bəhrə verməsə, bizim ordumuz işğaldakı torpaqlarımızı azad etmək gücündədir. Buna heç bir şübhə yoxdur. Ordumuz döyüşə hər an hazırdır.
- Müsahibəyə görə çox sağ olun.

Müsahibəni apardı: Lalə HÜSEYNOVA, "Azərbaycan Ordusu"