Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

14 Mart 2020 10:00

Azərbaycan Ordusunun şəxsi heyəti ilə keçirilən ictimai-siyasi hazırlıq dərsi

(İctimai-siyasi hazırlıq dərsinin qrup rəhbərinə dərsə hazırlaşmaq üçün kömək)

Mövzu: Azərbaycan xalq eposlarında milli qəhrəmanlıq nümunələri (“Kitabi-Dədə Qorqud” və “Koroğlu” dastanları əsasında).

İctimai-siyasi hazırlıq qrupunun rəhbərinə bu dərsə hazırlaşarkən Azərbaycan tarixinə dair tarixi və bədii ədəbiyyatdan istifadə etmək, mövzunu bölmənin gündəlik həyatı ilə əlaqələndirmək tövsiyə olunur.

Suallar:

1. "Kitabi-Dədə Qorqud" Azərbaycan xalqının milli qəhrəmanlıq abidəsidir.

2. Koroğlu Azərbaycan xalqının qəhrəmanıdır.

"Kitabi-Dədə Qorqud" Azərbaycan xalqının milli qəhrəmanlıq abidəsidir


Erkən orta əsrlərdə (VI-XI əsrlər) Azərbaycanda baş verən ictimai-siyasi hadisələr öz bədii əksini şifahi və yazılı ədəbiyyatda tapmışdır. Həmin dövrdə şəhərlərdə və oturaq əhali arasında daha çox sehrli nağıllar və dini rəvayətlər yayıldığı halda, maldarlıqla məşğul olan əhali arasında aşıq yaradıcılığı inkişaf etmişdi. Köçərilər arasında ozanların böyük nüfuzu var idi. Onlar el-el, oymaq-oymaq gəzərək xalq qəhrəmanlarının adına dastanlar qoşur və onları təbliğ edirdilər. Ozanlar, eyni zamanda, xalqın məsləhətçisi, bilicisi hesab olunurdular. Ən məşhur ozanları xalq hörmətlə "dədə" adlandırırdı.
Qədim oğuz türklərinin məişətini, etik-estetik düşüncələrini əks etdirən qəhrəmanlıq eposu bu günümüzə şifahi və yazılı şəkildə gəlib çatmışdır. Azərbaycan qəhrəmanlıq eposunun böyük abidələrindən olan, Azərbaycan ədəbiyyatı tarixində şifahi xalq yaradıcılığının ana dilində qələmə alınmış ilk ən böyük ədəbi abidəsi "Kitabi-Dədə Qorqud"dur. Bu gün elmə məlum olan "Kitabi-Dədə Qorqud" əlyazmalarının Drezden, Vatikan və Berlin kitabxanalarında saxlanılan nüsxələri məlumdur. Həmin əlyazmalarda oğuz bəylərinin  bahadırlıq və cəngavərlik rəşadətlərini düzüb qoşan və milli yaddaşa verən Dədə Qorqudun peyğəmbərimiz Məhəmmədlə (s.a.v.)  bir dövrdə yaşadığı göstərilir.
“Kitabi-Dədə Qorqud” dastanları dünya dastan yaradıcılığının nadir incilərindəndir. Bir sıra tədqiqatçıların fikrincə, dastanın yarandığı VII əsrə qədərki dövrdə, yaxud da boyların tam halda yazıya köçürüldüyü XVI əsrdə nə Qərbdə, nə də Şərqdə "Kitabi-Dədə Qorqud" səviyyəsində bədii nəsr nümunəsi olmamışdır. "Kitabi-Dədə Qorqud" dastanları ilk dəfə adı elmə məlum olmayan şəxs tərəfindən 1052-ci ildə qələmə alınmışdır. Dastan, təxminən, beş əsr şifahi təzahür (formalaşma, inkişaf) dövrü yaşamış, bundan sonra XI əsrdə yazıya alınmışdır. "Kitabi-Dədə Qorqud" dastanlarında bəhs olunan hadisələrin V-VII əsrlərdə, bəzi boyların ondan da xeyli əvvəl olmaları ehtimal edilir. Dastanda təsvir olunan hadisələr xanlar xanı Bayandır xanın başçılıq etdiyi, iyirmi dörd sancağı (el, vilayət) birləşdirən Oğuz dövlətində cərəyan edir. "Kitabi-Dədə Qorqud" ədəbi əsər olmaqdan başqa, Azərbaycan-Oğuz dövlətinin ərəb işğalından əvvəlki müəyyən dövrün və ərəb işğalı ərəfəsinin, Oğuz zamanının tarixidir. Kitab tariximizin, soykökümüzün, mənşəyimizin, məskənimizin müəyyənləşdirilməsi üçün də son dərəcə etibarlı və mötəbər bir qaynaqdır. Oğuzlar Azərbaycanın, demək olar ki, bütün ərazisində və indiki Ermənistan, Gürcüstan ərazisinin müəyyən hissələrində yaşayırdılar. Bu, azərbaycanlıların tarixən və indi yaşadıqları yerlərə tam uyğun gəlir.
"Kitabi-Dədə Qorqud"da  Azərbaycanın V-VII əsrlərini özündə əks etdirən dövlətçilik ənənəsi əks olunmuşdur. V-VI əsrlərdə, bütövlükdə, Qafqaz Göy Türk xaqanlığına daxil idi. Azərbaycan müstəqil dövlət olaraq fəaliyyət göstərirdi. Onun 90 minlik qoşunu, özünəməxsus dövlətçilik ənənələri, ciddi qayda-qanunları vardı. "Qalın Oğuz" xaqanlığı "İç Oğuz" və "Dış (Daş) Oğuz" inzibati ərazilərinə bölünmüşdü. "İç Oğuz" dedikdə Kür-Araz ovalığı (Aran) yerləşən torpaqlar nəzərdə tutulurdu. "Dış Oğuz"a isə Şimali və Cənubi Azərbaycan vilayətləri, habelə gündoğan Anadolunun Van vilayəti və qalan ərazilər daxil idi. Erkən orta əsrlərdən Azərbaycan kimi tanınan Oğuz dövləti Urmiya, Göyçə gölü və Xəzər dənizi, Qızılüzən və Samur çayı, Dəmir qapı Dərbənd və Həmədan çevrəsi ərazilərini əhatə edirdi.
"Kitabi-Dədə Qorqud"da Azərbaycanımızın ulu sələfi - Oğuz eli təsvir olunur ki, bu eposda müasir mənada anladığımız dövlətçiliyin bütün əlamətləri var. Qədim dövlətçiliyimizdə ikihakimiyyətlilik olub: xaqan və şah hakimiyyəti. "Dədə Qorqud"da Bayandır xan xanlar xanıdır, Qazan xan bəylər bəyi. Qanunvericilik hakimiyyəti, hökm vermək, fərman vermək Bayandır xanın əlində, icra hakimiyyəti, habelə, ordu, iqtisadiyyat Qazan xanın əlində cəmləşib.
Dastanda ən nümunəvi cəhətlərdən biri də vahid dövlətçilik ideyasıdır. Bu məqsədlə Oğuz bəyləri özlərində öz içərilərindən ağsaqqal seçmək, onun təklif və tapşırıqlarını sözsüz yerinə yetirmək amalı formalaşdırmışlar. Belə bəylərdən biri də Bayandır xan olmuşdur. Bayandır xan dastanda böyük bayraq götürən, Oğuz igidlərinin Vətəni qorumaq mübarizələrinə rəhbərlik edən bir dövlət başçısı kimi çıxış edir, dövlətçiliyi hər şeydən üstün tutur, dövlətə qarşı çıxanlara heç bir güzəştə getmir. Dastanda Oğuz elinin dövlətçiliyə, qanunların aliliyinə, ictimai ədalətin qorunmasına riayət və hörməti özünü qabarıq göstərir.
"Kitabi-Dədə Qorqud" qəhrəmanlıq, vətənpərvərlik haqqında dastandır. Burada Oğuz igidlərinin Azərbaycana hücum edən erməni və gürcü feodallarına, onların havadarları olan Bizansa, həmçinin gürcü hakimləri ilə əlbir hərəkət edən qıpçaq türklərinə qarşı mübarizəsi daha geniş və daha parlaq əks olunmuşdur. Azərbaycan xalqının yadellilərə qarşı qəhrəmanlıq mübarizəsi səhifələri ilə zəngin olan "Kitabi-Dədə Qorqud" dastanları həm də xalqımızın zəngin oturaq mədəniyyətə malik olduğunu sübut edir. Dastanda Vətən anlamı - Dəmir qapı Dərbənddən tutmuş Göyçəyə, Əlincədən tutmuş Zəncana və Anadoluya qədərki əraziləri əhatə edir.
"Kitabi-Dədə Qorqud" həm də oğuzların əxlaq kitabıdır. Böyüyə hörmət, ata-anaya məhəbbət, ailəyə sədaqət - bu insani keyfiyyətlər Oğuz övladlarının qanına ana südü ilə, ata nəfəsi ilə birlikdə daxil olur. Oğuz igidləri "Ana haqqı Tanrı haqqıdır" ifadəsini özləri üçün müqəddəs alın yazısı, həyat amalı seçmişlər.
"Kitabi-Dədə Qorqud" Azərbaycan xalq ədəbiyyatının ən qədim yazılı abidəsidir. Elm aləminə XIX əsrdən məlum olan bu qəhrəmanlıq dastanlarının hələlik XV-XVI əsrlərdə köçürülmüş iki əlyazma nüsxəsi (Drezden və Vatikan) tapılmışdır. "Oğuz tayfaları dilindən Dədəm Qorqud kitabı" adlanan Drezden nüsxəsi bir müqəddimə və 12 boydan ("Dirsə xan oğlu Buğacın boyu", "Salur Qazanın evinin yağmalandığı boy", "Bayburanın oğlu Bamsı Beyrək boyu", "Qazan bəyin oğlu Uruz bəyin dustaq olduğu boy", "Duxa Qoca oğlu Dəli Domrulun boyu", "Qanlı Qoca oğlu Qanturalın boyu", "Qazılıq Qoca oğlu Yeynəyin boyu", "Basat Təpəgözü öldürdüyü boy", "Bəkil oğlu Əmranın boyu", "Salur Qazanın dustaq olub oğlu Uruzu çıxardığı boy", "İç Oğuza Dış Oğuzun asi olub Beyrəyin öldüyü boy"), Vatikan nüsxəsi isə eyni müqəddimə və 6 boydan ibarətdir. Bu isə onu göstərir ki, hər iki nüsxə daha qədim bir nüsxədən köçürülmüşdür. "Kitabi-Dədə Qorqud"un bir sıra boyları 1815-ci ildə alman dilində, 1894-1904-cü illərdə rus dilində, 1916-cı ildə tam şəkildə Türkiyədə, 1939-cu ildə Bakıda, 1952-ci ildə İtaliyada, 1962-ci ildə isə Moskvada çap edilmişdir. Sonralar "Kitabi-Dədə Qorqud" ingilis, alman və fars dillərinə tərcümə edilmiş və İngiltərədə, ABŞ-da, İsveçrədə və İranda çapdan çıxmışdır.
"Kitabi-Dədə Qorqud" dastanlarının Azərbaycan xalqının ictimai-siyasi və mədəni həyatında mühüm rolunu nəzərə alan ulu öndər Heydər Əliyev dastanların dünya miqyasında təbliği, əks etdirdiyi vətənpərvərlik ideyalarının genişləndirilməsi və "Kitabi-Dədə Qorqud" dastanlarının 1300 illiyinin dövlət səviyyəsində qeyd edilməsi ilə əlaqədar 20 aprel 1997-ci ildə xüsusi fərman imzalamışdır. Bu fərman əsasında həyata keçirilmiş genişmiqyaslı tədbirlər, sözün böyük mənasında, "Dədə Qorqud" dastanlarının yenidən doğuluşu və əbədiyyət qazanması hadisəsinə çevrilmişdir. 2018-ci il noyabrın 28-də Mavriki Respublikasının paytaxtı Port Luis şəhərində UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 13-cü sessiyasında qəbul edilmiş qərarla Azərbaycanın Türkiyə və Qazaxıstan ilə birgə təqdim etdiyi "Dədə Qorqud irsi: Dastan mədəniyyəti, xalq nağılları və musiqisi" çoxmillətli mədəniyyət nümunəsi kimi UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilib.

Koroğlu Azərbaycan xalqının qəhrəmanıdır


Azərbaycan xalqının "Kitabi-Dədə Qorqud"dan sonra yaranan ikinci böyük qəhrəmanlıq eposu "Koroğlu"dur. Bu dastan xalqımızın mübarizələrlə dolu tarixi ilə bağlı qəhrəmanlıq eposudur. Bu əsərdə təsvir edilən hadisə və surətlər, xalqımızın qəhrəmanlıq tarixi XVI əsrin sonu və XVII əsrin əvvəllərində Səfəvilər dövlətinin və Osmanlı imperiyasının ərazisində meydana çıxan "Cəlalilər" (ərəb sözü "cəlal" - məşhur, şöhrətli, qorxu yaradan deməkdir) hərəkatı ilə əlaqələndirilir. "Koroğlu" dastanı 18 qoldan ibarətdir. Əsərin ilk qolu giriş xarakteri daşıyır və bu hissədə Koroğlunun atası Alı kişinin başına gətirilən faciədən, onun oğlu Rövşənin əvvəlcə atasının intiqamını almaq üçün mübarizə meydanına atılmasından, sonra isə bütün xalqın təəssübünü çəkən bir qəhrəman kimi tanınaraq Koroğlu adı ilə şöhrətlənməsindən danışılır. Dastanın sonrakı qollarında isə Koroğlunun və onun ayrı-ayrı silahdaşlarının-dəlilərinin igidliyindən söhbət açılır. Dastan sanki rəmzi xarakter daşıyır. Koroğlu və onun dəliləri xalqın qəhrəmanlıq ruhunu, Çənlibel isə Vətəni, el-obanı təmsil edir.
Eposun baş qəhrəmanı Koroğludur. O, xalqını, Vətənini dərindən sevən igid və cəsur bir cəngavərdir. Onun mübarizəsi xalqın mübarizəsidir, xalqın azadlıq istəyindən doğan bir qəhrəmanlıq tarixidir. Koroğlunun mübarizəsi varlanmaq, yaxud səltənət sahibi olmaq fikirlərindən çox uzaqdır. Əksinə, o şahlara, sultanlara nifrət edir, onlardan xalqın başına gətirilən ağrıların, acıların qisasını almağa çalışır, alınan qəniməti də xalqa, imkansızlara paylayır. Koroğlunu ayağa qaldıran, alovlandıran, coşduran el məhəbbəti xalq sevgisi, Vətən eşqidir. Onun qəhrəmanlığının əsas ilhamçısı da həmin bu Vətən məhəbbəti, el sevgisidir. Koroğlunun düşmənləri Vətənin, elin düşmənləridir.
Koroğlu mərd, igid bir qəhrəman olduğu kimi, həm də bacarıqlı bir sərkərdədir. O, düşmənə qarşı mübarizədə həmişə ağılla hərəkət edir, bəzən öz paltarını dəyişərək aşıq libasında düşmən içərisinə gedir, bəzən isə dəlilərinə əsl sərkərdə kimi başçılıq edərək onları ruhlandırır, əzmlə düşmən üzərinə aparır. Koroğlu zülmə, zülmkara qarşı amansızdır, lakin həm də mərddir, məğlub olanı əzmir, aman istəyəni öldürmür.
Xalqın düşmənlərinə qarşı mübarizədə Koroğlu tək deyildir. Xalqın ən seçmə mərd və igid oğulları onun ətrafında birləşərək mübarizə aparırlar. Eyvaz, Dəmirçioğlu, Dəli Həsən, Bəlli Əhməd və başqa dəlillər igidlikdə heç də Koroğludan geri qalmırlar. Dəmirçioğlu ən çətin döyüş tapşırıqlarını dəyanətlə yerinə yetirən, meydana ər kimi girib ər kimi çıxan yenilməz bir igiddir. Koroğlunun və bütün dəlilərin arxası, köməyidir. Eyvaz "Koroğlunun Qars səfəri" qolunda Ərəb Reyhan kimi təcrübəli və hiyləgər bir ordu başçısı ilə təkbətək vuruşaraq qalib gələn bir el qəhrəmanı, el fədaisidir. Dastanda Çənlibelə yeddi min yeddi yüz yetmiş yeddi dəli toplaşdığı bildirilir. Bu rəqəm xalqın yenilməzliyinin, onun gücünün tükənməzliyinin rəmzidir.
"Koroğlu" eposunda igidlər "dəli" adlandırılır. Bu söz indiki "xəstə, ağılsız" mənasından uzaq olub, "igid döyüşçü, cəngavər" anlamlarını daşıyır.
"Koroğlu" dastanında bir sıra qadın surətləri də iştirak edir. Bunlar, əsasən, paşa və xan qızları olsalar da, müsbət surətlərdir. Bu qadınlar saraylardakı daş hərəmxanalardan qurtularaq Çənlibelə gələn, azad sevgi əsasında ailə həyatı quraraq öz sevgililəri ilə çiyin-çiyinə düşmənə qarşı mübarizə aparan qadınlardır. Nigar xanım, Məhbub xanım, Telli xanım və başqaları ox atmağı, qılınc çalmağı, at oynatmağı heç də kişilərdən pis bacarmırlar.
"Koroğlu" eposu bədii ləyaqəti, dil və üslub gözəlliyi ilə seçilən nadir bir xalq abidəsidir. Bu əsər onu yaradan xalqın özü kimi ölməz və əbədidir.
Xalqımızın qəhrəmanlıq ənənələrini əks etdirən xalq ədəbiyyatı nümunələri əsrlərdən keçərək bu gün bizə çatmış və milli-mədəni sərvətimizə çevrilmişdir. Ümummilli lider Heydər Əliyev bütün sahələrə olduğu kimi, tariximizə, mədəniyyətimizə də diqqət və qayğı göstərmişdir. Heydər Əliyevin siyasi kursunun davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 12 yanvar 2004-cü il tarixli Sərəncamına əsasən, latın qrafikası ilə, ilk növbədə, kütləvi nəşr ediləcək Azərbaycan xalq ədəbiyyatı nümunələri arasında "Kitabi-Dədə Qorqud" eposunun 3 cilddə, "Koroğlu" dastanının 2 cilddə çapı nəzərdə tutulmuşdur.
Torpaqlarımızın 20 faizinin Ermənistanın silahlı qüvvələri tərəfindən işğal edildiyi bir zamanda Azərbaycan Ordusunda şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığının yüksəldilməsində, ümumiyyətlə, gənclərin  vətənpərvərlik tərbiyəsində "Kitabi-Dədə Qorqud" eposu və "Koroğlu" dastanı xalqımızın qəhrəmanlıq salnaməsinin dəyərli əsərləri kimi mühüm əhəmiyyətə malikdir.

İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsi