Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

11 Mart 2020 09:16

Azərbaycan Ordusunun şəxsi heyəti ilə keçirilən ictimai-siyasi hazırlıq dərsi

(İctimai-siyasi hazırlıq dərsinin qrup rəhbərinə dərsə hazırlaşmaq üçün kömək)

Mövzu: 31 Mart - Azərbaycanlıların soyqırımı günüdür.

İctimai-siyasi hazırlıq qrupunun rəhbəri bu dərsə hazırlaşarkən ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırım haqqında əldə olan tarixi materiallardan, həmin hadisələrin şahidi olanların xatirələrindən istifadə etməli, eləcə də əvvəlki dərslərdə ermənilərin separatçı siyasəti haqqında öyrənilənləri dinləyicilərə bir daha xatırlatmalı və mövzunu bölmənin gündəlik həyatı ilə əlaqələndirməlidir.

Suallar:
1. Azərbaycan Respublikası Prezidentinin "Azərbaycanlıların soyqırımı haqqında" 26 mart 1998-ci il tarixli fərmanı və bu fərmanın tarixi əhəmiyyəti.

2. Azərbaycan xalqına qarşı ermənilər tərəfindən aparılmış genosid siyasətinin məzmunu, tarixi xronikası və ağır nəticələri.

3. Ordumuz Ermənistanın separatçı-işğalçılıq siyasətinə son qoymalıdır.

 

Azərbaycan Respublikası Prezidentinin "Azərbaycanlıların soyqırımı haqqında" 26 mart 1998-ci il tarixli fərmanı və bu fərmanın tarixi əhəmiyyəti


Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən müxtəlif vaxtlarda məqsədyönlü şəkildə həyata keçirilən terror, etnik təmizləmə, soyqırımı siyasəti Azərbaycan tarixinin faciələrlə müşayiət olunan çox ağrılı mərhələlərini təşkil etmişdir. Bu millətçi siyasətin əsas məqsədi azərbaycanlıları tarixi torpaqlarından çıxarmaqla əzəli Azərbaycan ərazilərində ermənilərin uydurduqları "Böyük Ermənistan" dövləti yaratmaq olmuşdur. XIX əsrin əvvəllərindən başlayaraq Azərbaycanın Qarabağ bölgəsinin dağlıq hissəsinə İrandan və Tükiyədən çoxlu sayda erməni əhalisinin köçürülməsi nəticəsində onların bu bölgədə süni surətdə çoxaldılması, XX əsrin əvvəllərindən başlayaraq Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının baş qaldırmasına səbəb olmuşdur.
Bu cinayətkar siyasətin davamlılığını sübut edən fakt ondan ibarətdir ki, təkcə XX əsrdə azərbaycanlılar 4 dəfə - 1905-1907-ci, 1918-1920-ci, 1948-1953-cü və 1988-1993-cü illərdə erməni millətçiləri tərəfindən törədilən soyqırımı və etnik təmizləmələrə məruz qalmışdır.
Ermənilərin XX əsrdə həyata keçirdikləri soyqırımı, deportasiya və etnik təmizləmə siyasəti nəticəsində Azərbaycan 1918-1929-cu illərdə 29.8 min km2 ərazisini itirmiş, 1991-1993-cü illərdə 20 faiz ərazimiz işğal edilmişdir. 2.5 milyon azərbaycanlı soyqırımı və deportasiya cinayətlərinin qurbanı olmuşdur.
Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini yaratmaq imkanı əldə edilmişdir. Uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulmuş həqiqətlər açılır, təhrif edilmiş hadisələr özünün əsl qiymətini alır. Azərbaycan xalqına qarşı ermənilər tərəfindən törədilmiş soyqırım da uzun müddət tarixin açılmamış səhifələrindən biri olmuşdur.
Ümummilli lider Heydər Əliyev 1993-cü ildə hakimiyyətə yenidən qayıtdıqdan sonra erməni millətçiləri tərəfindən xalqımıza qarşı həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkar siyasətin əsl mahiyyəti açıqlanmış, bu hadisələrə siyasi qiymət verilmişdir. Ermənilərin xalqımıza qarşı zaman-zaman törətdikləri soyqırımı ilə əlaqədar ümummilli lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı fərmanla 31 mart - Azərbaycanlıların soyqırımı günü elan edilmişdir. Bu mühüm sənəddə Azərbaycan XIX əsrdə zorakılıqla parçalandıqdan sonra azərbaycanlılara qarşı törədilmiş, bəşər tarixində görünməyən vəhşiliklərlə həyata keçirilmiş kütləvi qırğınların - soyqırımların tariximizdə ilk dəfə olaraq rəsmən adı çəkilir, xüsusilə 1905-1907, 1918-1920, 1948-1953 və 1988-1993-cü illərdə erməni millətçi, şovinist dairələri və onları dəstəkləyən böyük dövlətlərin mürtəce qüvvələri tərəfindən bütün Cənubi Qafqaz miqyasında azərbaycanlı əhaliyə qarşı aparılmış düşmənçilik siyasətinin kökləri açılır. "Böyük Ermənistan" xülyasını həyata keçirməyin əsas yolunu tarix boyu bu ərazilərin yerli sakini olmuş azərbaycanlıların məhv edilməsində, köçürülməsində, onların tarixi və mədəniyyət abidələrinin dağıdılmasında, yer adlarının dəyişdirilməsində görən antiazərbaycan qüvvələrinin mənfur fəaliyyətinə siyasi qiymət verilir.

 

Azərbaycan xalqına qarşı ermənilər tərəfindən aparılmış genosid siyasətinin məzmunu, tarixi xronikası və ağır nəticələri


XX əsrin əvvəllərində erməni millətçiləri "Daşnaksütyun" partiyasının proqramında qarşıya qoyduqları "Böyük Ermənistan" ideyasını reallaşdırmaq istiqamətində fəaliyyətlərini genişləndirərək öz tarixi torpaqlarında yaşayan azərbaycanlıları planlı surətdə doğma yurdlarından qovmaqla etnik təmizləmə və soyqırımı siyasətini həyata keçirməyə başladılar.
Belə ki, 1905-1907-ci illərdə ermənilər Bakıda, Gəncədə, Qarabağda, İrəvanda, Naxçıvanda, Ordubadda, Şərur-Dərələyəzdə, Tiflisdə, Zəngəzurda, Qazaxda və başqa yerlərdə dinc azərbaycanlılara qarşı qırğınlar törətmiş, əhali amansızlıqla qətlə yetirilmiş, şəhər və kəndlər yandırılmış və dağıdılmışdır. Erməni silahlı quldur dəstələri Şuşa, Zəngəzur və Cəbrayıl qəzalarında, İrəvan və Gəncə quberniyalarında azərbaycanlılar yaşayan 200-dən artıq yaşayış məntəqələrini viran qoymuş, on minlərlə soydaşımız öz doğma yurdlarından qaçqın və məcburi köçkün düşmüşlər. Ermənilər 200 mindən çox azərbaycanlını (uşaq, qadın, qoca) fərq qoymadan qətlə yetirməklə həmin ərazidə çar Rusiyasının onlara vəd etdiyi "Ermənistan dövləti"ni qurmaq üçün etnik təmizləmə aparmışlar. Belə ki, birinci Dünya müharibəsi zamanı (1914-1918) zəifləyən Rusiyada baş vermiş 1917-ci il fevral və oktyabr çevrilişlərindən məharətlə istifadə edən ermənilər öz ideyalarını bolşevik bayrağı altında reallaşdırmağa nail oldular. 1918-ci ilin martından etibarən "əksinqilabçı ünsürlərlə mübarizə" adı altında Qafqaz işləri üzrə müvəqqəti fövqəladə komissar təyin edilmiş Stepan Şaumyanın rəhbərliyi ilə Bakı Kommunası tərəfindən Bakı quberniyasını azərbaycanlılardan təmizləmək məqsədi güdən mənfur planın həyata keçirilməsinə başlanıldı.
Ermənilərin silahlı hücümları nəticəsində 1918-ci ilin ilk beş ayı ərzində Bakıda və digər Azərbaycan ərazilərində 50 minə yaxın insan xüsusi işgəncələrlə qətlə yetirilmişdir. Eyni zamanda Zəngəzur qəzasında 10 mindən çox, Şamaxı qəzasında isə 30 minə yaxın, Quba qəzasında 16 mindən çox  azərbaycanlı amansızlıqla öldürülmüşdür.
1918-1920-ci illərdə indiki Ermənistan Respublikası ərazisində yaşamış 575 min azərbaycanlının 565 min nəfəri öldürülmüş və yaxud doğma torpaqlarından didərgin düşmüşdür. Erməni cəza dəstələrinin törətdiyi vəhşiliklər və daşnak hakimiyyəti dövründə yürüdülən "türksüz Ermənistan" siyasəti nəticəsində İrəvan quberniyasının azərbaycanlı əhalisinin sayı 1918-ci ildə 565 min nəfərdən 1920-ci ildə 10 min nəfərə enmişdir.
Ümumilikdə, 1918-1920-ci illərdə ermənilər tərəfindən törədilmiş kütləvi qırğınların Bakı, Quba, Şamaxı, Kürdəmir, Lənkəranla yanaşı, Şuşada İrəvan quberniyası ərazisində, Zəngəzurda, Naxçıvanda, Şərurda, Ordubadda, Qarsda və başqa bölgələrdə davam etdirilməsi nəticəsində minlərlə azərbaycanlı ən qəddar üsullarla qətlə yetirilmişdir. Tarixi Azərbaycan torpaqlarında ermənilər tərəfindən bu vəhşiliklər törədilərkən məktəblər, məscidlər yandırılmış, maddi-mədəniyyət nümünələri məhv edilmişdir.
Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra 1918-ci ilin mart hadisələrinə xüsusi diqqət yetirilmişdir. 1919 və 1920-ci illərdə martın 31-i Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd olunmuşdur. Əslində, bu, azərbaycanlılara qarşı yürüdülən soyqırımı siyasətinə, XIX əsrdə və XX əsrin əvvəllərində torpaqlarımızın işğalı proseslərinə tarixdə ilk dəfə siyasi qiymət vermək cəhdi idi. Lakin Azərbaycan Xalq Cümhuriyyətinin süqutu bu işin başa çatmasına imkan vermədi. Şovinist ruhlu erməni millətçilərinin azərbaycanlılara qarşı cinayətlərinin cəzasız qalması, bu cinayətlərə heç bir siyasi-hüquqi qiymətin verilməməsi səbəbindən Sovet hakimiyyəti dövründə də azərbaycanlılar dəfələrlə onlara qarşı yeridilən antihumanist siyasətlə üzləşmişlər. Ermənistan SSR ərazisində yaşayan azərbaycanlıların taleyi bu düşünülmüş millətçi siyasətin əyani təzahürüdür. Həmin siyasətin davamı olaraq, 1948-1953 və 1988-1989-cu illərin zorakı deportasiyaları nəticəsində Ermənistan SSR-dən yarım milyona yaxın azərbaycanlı qovulmuş, onların bütün əmlakı talan edilmişdir.
1988-ci ildə yenidən baş qaldıran erməni separatizmi, ermənilərin Dağlıq Qarabağda apardığı işğalçı müharibə və etnik təmizləmə siyasəti nəticəsində azərbaycanlı soyqırımı qurbanlarının sayı daha da artmışdır. Azərbaycan xalqına qarşı törədilmiş təxribat xarakterli qırğınlar nəticəsində Azərbaycan Respublikasının Dağlıq Qarabağ ərazisi, eləcə də ona bitişik 7 rayonu (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) işğal edilmiş 18 mindən çox azərbaycanlı həlak olmuş, 20 mindən çoxu yaralanmış, 4 mindən çox azərbaycanlı əsir və itkin düşmüş, girov götürülmüş, 250 min nəfər azərbaycanlı öz doğma yurdlarından zorla qovulmuş, 4 mindən çox sənaye və kənd təsərrüfatı müəssisəsi, 660 məktəb və uşaq bağçası, 250 xəstəxana və tibb müəssisəsi dağıdılmış, azərbaycanlıların yaşadıqları 724 şəhər, kənd və qəsəbə qarət edilmiş, dağıdılmış və yandırılmışdır. Bütün bunların nəticəsində təkcə XX əsrdə 2.5 milyon azərbaycanlı bu və ya digər şəkildə şovinist erməni dairələrinin və onların havadarlarının yürütdükləri qanlı terror və soyqırım siyasətinin təsirinə məruz qalmışdır. Demək olar ki, indi Azərbaycanda erməni millətçilərinin zülmündən bu və ya başqa şəkildə zərər çəkməyən ailə yoxdur.

 

Ordumuz Ermənistanın separatçı-işğalçılıq siyasətinə son qoymalıdır


Dünyada misli görünməmiş qanlı üsullarla zaman-zaman Azərbaycan xalqına qarşı çoxəsrlik tarixə malik düşmənçiliklərindən əl çəkməyən ermənilər yaranmış tarixi şəraitdən sui-istifadə edərək, xalqımızın başına min bir müsibətlər gətirmiş, torpaqlarımızın 20 faizdən  çoxunu işğal etmişlər. Bu gün tək Azərbaycan üçün deyil, həm də region üçün təhlükə mənbəyinə çevrilmiş Ermənistan bir tərəfdən öz işğalçılıq siyasətinə haqq qazandıraraq, zəbt etdiyi Azərbaycan torpaqları üçün separatçı-şovinist status əldə etmək istəyir, hələ bu azmış kimi Naxçıvan məsələsini də ortaya atır. Digər tərəfdən isə özlərinin "əzabkeş xalq" olduqlarını dünyaya car çəkir, "genosid qurbanı" olduqlarını təsdiq elətdirmək üçün dəridən-qabıqdan çıxır, dünya ictimaiyyətini aldadaraq, tarixi saxtalaşdırırlar.
2016-cı ildə Ermənistanın növbəti təxribatı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində də çox ciddi fəsadlara gətirib çıxarmışdır. Ermənistan daima danışıqları müxtəlif yollarla pozmağa çalışmış və beynəlxalq vasitəçilər tərəfindən onlara qarşı təzyiqlər artdığı halda növbəti təxribatlara əl atmağa başlamışlar. Həmin təxribatlardan biri də aprel ayının əvvəlində baş vermiş silahlı təxribat hadisəsidir. Lakin Azərbaycan Ordusu bu təxribatın qarşısını vaxtında alıb düşmənə layiqli cavab verərək, əks-hücum əməliyyatı həyata keçirmiş və işğal altındakı torpaqların bir hissəsini, daha dəqiq desək 2 min hektar torpağımızı düşmən tapdağından azad etmişdir. Aprel döyüşləri və Naxçıvandakı uğurlu əməliyyatlar düşmən üzərində böyük zəfərin başlanğıcı olaraq göstərdi ki, Azərbaycan Ordusu istənilən zaman öz torpaqlarını azad etməyə və ərazi bütövlüyümüzü bərpa etməyə hər an hazırdır!
Bu gün Azərbaycanın hərbi potensialının gücləndirilməsi prioritet olaraq qalmaqdadır. Aprel hadisələrindən və Naxçıvandakı uğurlu əməliyyatlardan sonra ordumuz döyüş qabiliyyətini yüksək dərəcədə artırmış və ən müasir texnika, silah-sursat almaqda davam etməkdədir. İşğal altında olan torpaqların azad edilməsi üçün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında məqsədyönlü siyasət aparılır. Bu fəaliyyətin tərkib hissəsi ordu quruculuğudur. Cənab Ali Baş Komandan çıxışında ordu quruculuğunu daim öz diqqət mərkəzində saxlayacağını bildirmişdir: "Biz çalışacağıq və əminəm nail olacağıq ki, bu ordu daha da güclənsin və qarşıda duran bütün məsələləri həll edə bilsin".
Bir mərkəzdən idarə edilən, vahid komandanlığa tabe olan, müasir hərb elminin tələblərinə cavab verən Azərbaycan Ordusu  ümummilli lider Heydər Əliyevin başladığı və Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin uğurla davam etdirdiyi müdrik siyasət nəticəsində gündən-günə daha da möhkəmlənir, döyüş qabiliyyətini artırır. Ümummilli liderin ideyalarını layiqincə yerinə yetirərək ordu quruculuğu sahəsində öz səylərini daha da artıran cənab Ali Baş Komandan Azərbaycan Ordusunun müasir hərbi texnika ilə təchiz edilməsinə, möhkəm nizam-intizam, yüksək döyüş ruhu ilə seçilən, düşmənə sarsıdıcı zərbə vurmağa qadir olan bir ordu yaradılmasına nail olmuşdur. Bu isə hər bir hərbi qulluqçudan öz vəzifə borcunu vicdanla yerinə yetirməyi, döyüş və ictimai-siyasi hazırlıq dərslərində, təlimlərdə hərbi biliklərə dərindən yiyələnməyi, mənəvi-psixoloji və fiziki hazırlıqlı olmağı, hərbi intizamı möhkəmləndirməyi tələb edir.
Ümummilli lider Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə əlaqədar dövlətimizin siyasətini belə bəyan etmişdir: "Hamı bilməlidir ki, sülh tərəfdarı olmağımıza baxmayaraq, müharibənin yenidən başlanmamasını və bu məsələnin sülh yolu ilə həllini istəməyimizə baxmayaraq, bizim səbrimiz də tükənməz deyildir. Azərbaycan öz doğma torpaqlarını nəyin bahasına olursa-olsun, azad edəcəkdir".

İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsi