Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

11 Mart 2020 10:00

Səngər, Ay işığı və “Şuşanın dağları”

Ön xətdə gecələr bir-birinə bənzəmir.
Səngərdi, əsgərlərdi, Ay işığıdı, bir də bunlara sarılan düşüncələrimdi. Bu gecə bir ayrı gecədi. Gecə mənim istəyimlə uzanmayacaq, onu rəmzi olaraq əsgərlərin səngərli söhbətləri uzadacaq...
Bu gecənin qaranlığı çəkingən qaranlıqdı. Ay işığı qaranlığı kirpik-kirpik əridir...
Bu gecə muraz, arzu, niyyət gecəsidi elə bil. Elə bil indiyəcən Ay ulduzlara, ulduzlar Aya bunca yaxın, bunca munis, ruhən belə "qol-boyun" olmayıb; səngərdən belə görünür...
Səngərə yaxından bələd olanlar bilir ki, burada düşüncələr söhbətlərin mahiyyətinə görə hərdən bir ürək tutumunca incələşir, incələşə-incələşə kövrəkləşir. Belə incələşmə, belə kövrəkləşmə davamlı olmur. Səngərə yaxından bələd olanlar onu da bilir ki, səngərdə düşüncələr həmişə, bir məqamda bir qədər də qətiləşir, qətiləşə-qətiləşə ötkəmləşir. Belə qətiləşmə, ötkəmləşmə davamlı olur, dönməz olur. Bu dönməzliyin, qətiləşməyin sonu qələbə olacaq - bu gecə həm də bu əminliyin gecəsidi. Ona görə belə gözəl gecədi...
Səngərli düşüncələr qətilikdən, ötkəmlikdən, döyüş əzmindən Ali  Baş Komandanın döyüş əmrinə qədər müddətli möhlət istəyir. Bu möhlət səngərə deyil, Vətənə gərəkli möhlətdi, döyüş əzminə, qələbə ruhuna sədaqətli möhlətdi. Bu gecə səngərdə, bu möhlətin cazibəsində əsgərlərimizin əhatəsindəyəm, poeziyamızın Səməd Vurğununun təbirincə desək, vaxt üstümüzdən yel kimi əsə bilməyəcək.
Səngərdə vaxtından-vədəsindən, məqamından asılı olmayaraq nə haqda düşünür-sən-düşün, sonunda gözucu da olsa göy üzünə baxırsan. Az sonra sağında-solunda baxışları baxışlarına sarılanları görürsən, o baxışlara qeyrət deyirsən. Göyün gözlərində gördüklərinə heyrət deyirsən. Duyursan ki, həmin heyrətin əlləri həmin qeyrətə sarı uzalıdı. Duyursan və bir boy da dikəlirsən, səngərdə, gecə yarı Ay işığında var səsinlə qışqırmaq istəyirsən: Sən qalib gələcəksən, Azərbaycan əsgəri! Sən qeyrətinlə, Vətənə sevginlə tarix yazacaqsan!”
Bu gözəl kəlmələri səngərli söhbətlərin mahiyyəti dedizdirir. Bu mahiyyət həm də "Səngər Ali Baş Komandanın əmriylə Azərbaycan əsgərini döyüşlərə, döyüşlərdən keçirib qələbəyə aparacaq yolun başlanğıcıdı" - dedizdirir. Ruhunla eşidirsən, ürəyin dağa dönür. Gecənin gecə vaxtı Azərbaycan əsgəri səngərdə, Ay işığında göyü yerə ələməyə, yeri göyə dikəltməyə qadir olan inamla, qətiyyətlə deyir ki, bu qadir başlanğıcdan - döyüş əzminin, qələbə ruhunun dikəldiyi, boy göstərdiyi başlanğıcdan baxanda Böyük Qələbənin boyu aydınlığıyla görünür...
Müharibənin ilk illərində səngərlər belə deyildi. Onda səngərləri qışın sazağı-şaxtası üşüdürdü, yayın istisi-bürküsü təntidirdi. Təkcə səngərlər deyil, ictimaiyyətin ruhu da üşüyürdü, təntiyirdi. O dolaşıq zaman ötüşdü, yaşanıldı - keçdi...
Səngər Vətənin bir parçasıdı...
Zaman anlamında sabah torpaqlarımızda səngər olmayacaq. Azərbaycan əsgəri dönməz inamla səngərdə, Ay işığında deyir ki, hərbi xidmət bunun üçündü.
Səngərdə bunlar haqqında düşünmək də, birinin digərinə söykək olduğuna yəqinliklə inanmaq da Vətənə sevgidəndi. Səngərə düşən Ay işığının gecəli-gündüzlü səngərdən üzülməyən döyüş əzminin, qələbə ruhunun işığına necə sarıldığını müşahidə etmək, həmin işığın bu işıqla çulğaşmasında təbiət - bəşər eyniliyi görmək sözlə ifadə edilməsi mümkün olmayan könül xoşluğudu. Səngərdə, əsgərlərin əhatəsində olanda belə könül xoşluğu başqa kövrək duyğularla tamamlanır, onda bunlardan biri digərinin yaranmasına vasitə olur...
Gecənin gecə vaxtı səngərdə xalq şairi Vaqif Səmədoğlunun "Mən burdayam, İlahi!", - misrasını xatırlayırıq. "Mən" demədik, "biz" deyirik. Misranı hamılıqla "Harada olmalıydıqsa həmin məkana uğur üstəyik!", - fikriylə tamamlayırıq. Hamımıza elə gəlir ki, dar macalda səngərin işığı artır...
Bir qədər aralıdan gələn avaz ürəyimizi telləndirir. O məlahətli - bir az qılıq, bir az toxdaqlıq, bir az təsəlli olan avaz ahənrübaya dönüb hamımızın baxışını özünə çəkir. Bu, həsrətin, intizarın gözlərinə kül ələməkdi, bu, işğalı gözlərindən güllələməkdi, bu, yaxındakıların ürəyini, uzaqdakıların ruhunu ecazkarlıqla sillələməkdi. Bu gözəl avazın dinlənilməsinə sədəmə toxunmasını heç kim istəməzdi, istəmir; zabit Vüsal Həziyev gecdən-gec istəmədən, bəlkə də məcburən ağır-ağır dillənir:
- Şuşanı görməyən şuşalıdı. Oxumaq həvəsi gələndə oxuyur. Oxumasını "Şuşanın dağları"yla başlayır, "Arazbarı" oxuyur, "Qarabağ şikəstəsi" oxuyur, "Heyratı" oxuyur, oxumasını "Şuşanın dağları"yla da bitirir: “Şuşanın dağları başı dumanlı...”
Əsgər Əmrah Quliyev deyir ki, bu avaz bizim qələbə ruhumuzun çağırışıdı. Gizir Nizam Lətifzadə əsgərin sözünə söykək kimi deyir ki, bu ruh Böyük Qələbədir.
"O duman işğal dumanıdı, əsgər qardaşım. O çəkingən dumanı Ali Baş Komandanın döyüş əmriylə siz dağıdacaqsınız!", - demək istədim. Nələrisə nəzərə alıb avazına, səsinə heyran olduğum əsgərin əlini sıxmağı, ürəyimdən keçənləri deməyi dan üzünə saxlayıram. Dan yeri ağaranda şuşalı əsgərə deyəcəkdim:
- "Şuşanın dağları"nı çox yerdə, çox eşitmişəm. Xan əminin ruhu məni bağışlasa deyərdim ki, heç biri bu qüdrətdə olmayıb. Bu qüdrət təkcə sənin avazında deyil, bu, "Şuşanın dağları"nın səngərdə səslənməsinin qüdrətidi.
"Təbəssümümüzü dan yerinin həlim yelləri bürüyəcək", - düşünürəm. Elə də olur...
On illər əvvəl səngərlərə düşən Ay işığı belə deyildi. İllərdən sonra o vaxtlar niyə belə olduğunu ürəyimə yük eləmək istəməsəm də, bu fərqi yaradan amillərin əsgəri olduğumuzu xatırlayıram və Ay işığını daha çılğınlıqla gözlərimə, gözlərimdən ürəyimə köçürürəm. Müharibə bu gün-sabah qurtaracaq, sərhədlərimiz daxilində səngər olmayacaq, bir də səngərli gecəm olmayacaq. Bu anlarda elə istəyirəm ki, bu gecə, burada Ay işığı əllərimdən yapışıb məni özünə çəksin, Cıdır düzünü, İsa bulağını, Ərgünəşi, Qırxqızı, Topxananı, Ərimgəldini,... görəm, ürəyimin pası bir baxışlıq tökülə. Bu qəribə, mistik düşüncənin ömrü bir anlıqmış. "Buna sənin qüdrətin çatmaz, Ay işığı. Bu qüdrət Azərbaycan əsgərindədi. Ali Baş Komandanın döyüş əmriylə məni - bizi, hamımızı bu gözəl istəklə Azərbaycan əsgəri qovuşduracaq. Cıdır düzünü, İsa bulağını, Ərgünəşi, Qırxqızı, Topxananı,... salamlayacağımız günə az qalıb. O gecəyə son illərin ən gözəl gecəsi deyəcəyik. O gecə sən daha şahanə görünəcəksən, Ay işığı. Daha şahanə görünəcəksən deyə könlüm sultanlıq edəcək. Onda "Şuşanın dağları"nı ilk dəfə dinləyirikmiş kimi dinləyəcəyik. Dan yeri sökülər-sökülməz görəcəyik ki, Şuşanın dağlarının  dumanı çəkilib...", - deyirəm. Ağarışdanan dan yerində bu qətiyyətin Lələtəpəyə, Bayraqtəpəyə tən boyunu aydınlığıyla görürəm və əsgərlərin əlinin avtomatın qundağını bunca sıxmasını döyüş əzminin, qələbə ruhunun ifadəsi bilirəm. Gördüyümüzün bu yozumu Azərbaycan Ordusuna, Azərbaycan əsgərinə, Azərbaycan Ordusunun qüdrətinə, Azərbaycan əsgərinin Hərbi anda, dövlətə, dövlətçiliyə, sədaqətinə inam kimi zabit Ruslan  Hüseynovu duyğulandırır. Qürurla, göz dolusu sağ əli hələ avtomatın qundağından üzülməyən əsgərlərə baxır. Bu baxışda şükranlıq, (jurnalistin timsalında ictimaiyyətin orduya güvəndiyinə əminlik) görürəm, əsgərlərə ünvanlanacaq təşəkkür (sədaqətli xidmət, ictimaiyyətin inamı) görürəm.
Səsimi özümdən savayı heç kim eşitmir...
Əsgər Elnur Cabbarzadə deyir ki, Ay işığı da, o oxuma da Şuşanın dağlarının həsrətindədi...
...Gecə gecədən keçib...
Heç kimin gözləri yuxuya tamsınmır. Bu da səngərin, səngərli söhbətlərin mahiyyətinin qadirliyinin təsdiqidi; yuxusunun qaçmasından heç kim gileyli deyil...
İstəyirik ki, bu gecə Ay işığı gözlərimizdə gecələsin...
"Şuşanın dağları"na görə Şuşasızlıq sıxıntıları içində Şuşanın dağlarını düşünürəm.
Gecənin gecə vaxtı Şuşanı görməyən şuşalı əsgər səngərdə "Şuşanın dağları"nı oxuyur:

Şuşanın dağları başı dumanlı,

Dərdindən ölməyə çoxdu gümanlı...

Ulduzların işığına məhəl qoymadan o səngərə, bu səngərə düşən Ay işığı, "Şuşanın dağları"nın nə vaxtsa belə duyğusallıqla dinlənildiyi olubmu? Olsa, bilərdin, olmayıb...
Gecənin gözlərini bunca dolan görməmişdim. Bu, səngərdə oxunan "Şuşanın dağları"nın hünəridi, Ay işığı, sənin də gözlərinin dolduğuna zərrəcə şübhəm yoxdu. Yüz-yüz illərdi ən şirin, ən rahat yuxunu Şuşanın dağlarında görübsən; Şuşanın dağları nazbalınca dönüb, "Şuşanın dağları" - laylayına, oxşamana. O illərin həsrəti sürmələyib gözlərini. O həsrəti sədaqətlə duyuruq, sezirik. Sən bizim həsrətimizi duyduğun, sezdiyin kimi...
Dan yeri sökülür. Gecədən bəri səngərə düşən Ay işığı düşüncələrimin bənzərsiz bürüncəyidi; düşüncələrimin bir əli Ay işığından yapışıb, bir əli "Şuşanın dağları"ndan. Səngərdə Azərbaycan əsgəriylə Vətəndən, torpaqdan, Böyük Qələbədən, torpaqlarımızın işğaldan azad ediləcəyindən, ... danışırıq. Ay işığı əsgərlərin döyüş əzminin, qələbə ruhunun bənzərsiz haləsidi...
...Bu gecə bir ayrı gecəydi...
Bu gecə düşüncələrimizmi Ay işığına sarılmışdı, Ay işığımı düşüncələrimizə, bilmədik. Onu bildik ki, hər gecənin bir aydın səhəri olur...

Rəşid HÜSEYNOV,əməkdar jurnalist,
fotolar C.CƏFƏROVUNDUR