Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

29 Fevral 2020 10:18

Azərbaycan Ordusunun şəxsi heyəti ilə keçirilən ictimai-siyasi hazırlıq dərsi

(İctimai-siyasi hazırlıq qrupunun rəhbərinə dərsə hazırlaşmaq üçün kömək)

 

Mövzu: Azərbaycan orta əsrlərdə. Azərbaycan Səfəvilər dövləti.

İctimai-siyasi hazırlıq qrupunun rəhbərinə bu dərsə hazırlaşarkən Azərbaycan tarixinə dair müvafiq ədəbiyyatdan istifadə etmək və mövzunu bölmənin gündəlik həyatı ilə bağlamaq tövsiyə olunur.

Suallar:

1. XVI əsrin başlanğıcında Azərbaycan ərazisinin tarixi coğrafiyası, ölkədaxili siyasi-iqtisadi vəziyyət, dövlət quruluşu və hərbi qüvvələr.

2. Səfəvilər sülaləsi, Azərbaycan Səfəvilər dövlətinin yaranması.

3. Səfəvilər dövləti və Osmanlı Türkiyəsi arasında münasibətlər.

 

XVI əsrin başlanğıcında Azərbaycan ərazisinin tarixi coğrafiyası, ölkədaxili siyasi-iqtisadi vəziyyət, dövlət quruluşu və hərbi qüvvələr


XV əsrin sonları XVI əsrin başlanğıcına doğru Azərbaycanda bir sıra müstəqil feodal dövlətləri yaranmışdı ki, onlardan ən mühümü Şirvanşahlar, Qaraqoyunlu və Ağqoyunlu dövlətləri idi. Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin ərazisi Cənubi Azərbaycanı və Qarabağı, şimalda Kür çayına qədər Gəncə və Şəmkiri əhatə edirdi. Hər üç dövlətin quruluşu eyni olub, bir-birindən əsaslı şəkildə fərqlənmirdi. Fərq yalnız onda idi ki, Qaraqoyunlu və Ağqoyunlu dövlətləri aparatında Azərbaycan tayfalarının hərbi-feodal əyanları - baharlı və bayandırlı  tayfaları əsas rol oynayırdılar. Hər iki sülalənin dövlət başçıları "padşah" titulu daşıyırdılar. Şirvanda isə dövlət hakimiyyəti feodal əyanlarına mənsub idi. Şirvan dövlətinin başçıları özlərini "şah" adlandırırdılar.
Hakim sülalənin üzvlərindən və ya məşhur əmirlərindən təyin olunan ordunun baş komandanı Əmir-ül Üməra (əmirlər əmiri) titulunu daşıyır, padşahdan sonra birinci şəxs sayılırdı. Hərbi qüvvələr padşahın xüsusi və vilayət canişini qoşunlarından ibarət idi. Hər ikisi Azərbaycanın feodal qoşun hissəsini təşkil edirdi. Komanda heyəti feodal əyanlarından seçilirdi. Orduda ali rütbəli şəxs əmir adlanırdı. Vilayətlərdə əmirlərin sırasından böyük əmirlər ayrılırdı. Bunların da ordunun rəhbər heyətində xüsusi yeri vardı. Kiçik rəislər qibtaul adlanırdılar. Ordunun sıravi tərkibi zireh geymiş süvarilərdən - puşandarlardan, tirkətbən-oxatanlardan, xidmətçilərdən ibarət idi. Komanda heyəti dəmir geyimlə yanaşı, zərif ipək paltar da geyirdi. Ağqoyunlu əsgərləri başlarına şiş papaq qoyardılar. Qoşunun tərkibi müxtəlif idi: burada çəkməçi, tacir, tibb işçisi və s. peşə sahibləri vardı.
Feodal pərakəndəliyi ölkənin ayrı-ayrı hissələri arasında təsərrüfat əlaqələrinin möhkəmlənməsinə mane olur və məhsuldar qüvvələrin inkişafını ləngidirdi. Ağqoyunlu şahzadələri arasında ara müharibələri, feodal hakimlərin özbaşınalığının artması kənd təsərrüfatı və sənətkarlığın tənəzzülünə səbəb oldu, şəhər və kənd əməkçilərinin vəziyyətini ağırlaşdırdı. Feodal pərakəndəliyi, həmçinin yadellilərə qarşı mübarizədə xalqın birliyinin yaranmasına mane olurdu. Odur ki, Azərbaycanı siyasi cəhətdən birləşdirmək zərurəti artıq meydana çıxmışdı. Bu birləşmə Azərbaycan əhalisinin geniş kütlələrinin mənafeyinə uyğun gəlirdi. Yalnız belə bir dövlət yaratmaqla feodal pərakəndəliyini aradan qaldırıb Azərbaycanın müstəqilliyini qorumaq olardı. Bu vəzifəni isə XIII yüzilliyin sonunda Azərbaycanın Ərdəbil şəhərində yaşamış Səfəvilər sülaləsi hakimiyyəti ələ keçirməyə başladı.

 

Səfəvilər sülaləsi, Azərbaycan Səfəvilər dövlətinin yaranması


Azərbaycan dövlətçiliyi tarixində Səfəvilər dövlətinin özünəməxsus yeri vardır. Səfəvilər  sülaləsinin daxilində tarixi mübarizə Şeyx Səfiəddindən sonra sülalənin görkəmli başçıları, o cümlədən Şah İsmayılın (1487-1524) dövründə kəskin xarakter aldı. Beləliklə, Səfəvilərin Ərdəbil hakimliyindən sonrakı dövrünü onların Azərbaycanın siyasi həyatında mühüm rol oynaması, bütün Azərbaycanda hakimiyyətin yaranması və möhkəmlənməsi dövrü kimi qiymətləndirmək olardı. Məhz Səfəvilərin Ərdəbil hakimiyyəti mərkəzləşmiş Azərbaycan dövlətinin yaradılması yolunda başlanğıc rolunu oynamışdır. XV əsrin ortalarından etibarən Səfəvilər daha fəal siyasət yeritməyə başladılar. Onlar uğurlu hərbi yürüşlər keçirərək böyük qənimətlər əldə edir və öz mövqelərini möhkəmləndirirdilər. Əsrin II yarısında artıq Muğanın bir hissəsi, Qarabağ və Azərbaycanın Talış dağlarına qədər olan şərq torpaqları onların təsiri altına düşmüşdü. Həm də  Səfəvilərin ayrı-ayrı nümayəndələri tarix səhnəsində daha ruhani başçısı kimi yox, siyasi xadim kimi çıxış edirdilər.
Səfəvilərin hakimiyyəti Şah İsmayılın dövründə daha da gücləndi. Onlar kütlələri öz tərəflərinə cəlb etmək üçün ədalətli qərarlar vəd edirdilər. Təkcə Ərzincan səfəri ərzində İsmayılın bayrağı altına müxtəlif tayfalardan 7 min qazi toplaşdı. Bu müşavirədə Səfəvilər birinci zərbəni Şirvanşahlara vurmaq qərarına gəldilər. Çünki əks halda, yəni, Təbrizə hücum etməklə dərhal üç düşmənlə - Ağqoyunlu Əlvənd Mirzə və Muradla, habelə onları müdafiə edən Şirvanşah Fərrux Yasarla üzləşməli olardılar. Beləliklə, 1500-cü ilin payızında qızılbaşlar (Səfəvilər) Kürü keçib Şirvan ərazisinə daxil oldular. Şirvanın paytaxtı tutuldu, Fərrux Yasarın başı kəsildi, qızılbaşlar Şirvanşahların böyük sərvətini ələ keçirdilər. Sonra İsmayıl Bakı üzərinə yeriyərək onu ələ keçirdi. Ağqoyunlu Əlvənd Mirzə bundan bərk narahat oldu. O, İsmayılın cənuba doğru hərəkətinə nə qədər mane olmağa çalışsa da, buna müyəssər olmadı. 1501-ci ilin ortalarında Naxçıvan  ərazisində onlar arasında həlledici döyüş baş verdi. Bu döyüşdə İsmayıl əsl sərkərdəlik məharəti göstərərək qələbə qazandı.
Həmin qələbədən sonra, 1501-ci ilin payızında İsmayıl təntənə ilə Təbrizə daxil oldu və özünü şah elan etdi. Beləliklə, paytaxt Təbriz olmaqla Səfəvilər dövlətinin əsası qoyuldu. Azərbaycan Səfəvilər dövlətinin özəyi idi. Bu dövlətdə əhalinin etnik və mədəni birliyə malik çoxluğunu Azərbaycan türkləri təşkil edirdilər. Azərbaycan etnik ünsürü dövlətin siyasi həyatında rəhbər rol oynayırdı. XVI əsrin ortalarına yaxın dövlətin 74 əmirindən 69-u Azərbaycan türkü idi. Ordu da əsasən Azərbaycan tayfalarından təşkil olunurdu. Şahın sarayında, qoşun içərisində və qismən diplomatik yazışmalarda Azərbaycan türkcəsindən istifadə olunurdu.
Səfəvilər dövlətinin yaranması Azərbaycan tarixində mühüm hadisə idi. Bu ölkənin təsərrüfat həyatı üçün şərait yaratdı, yadellilərə qarşı xalqın mübarizəsini asanlaşdırdı.
Şah İsmayılın qələbələri çoxlarını narahat edirdi. Bəzi feodallar, hakimlər siyasi həyatda müstəqillik və hakimiyyət iddiası ilə çıxış edirdilər. Səfəvilər dövləti üçün təhlükəli düşmən Murad padşah Həmədanda qoşun qalıqlarını toplayaraq qızılbaşlara zərbə endirməyə çalışırdı. Belə olduqda İsmayıl 12 min nəfərlik qoşunla Təbrizdən çıxaraq, Qızılüzən çayını keçib Həmədan yaxınlığına gəldi. 1503-cü il iyunun 21-də baş verən döyüş nəticəsində Muradın qoşunları məğlubiyyətə uğradı. Murad Şiraza qaçdı. İsmayıl onu təqib edərək İranın içərilərinə doğru irəlilədi və müqavimətsiz Şirazı ələ keçirdi. Beləliklə, Ağqoyunlu dövlətinin varlığına son qoyuldu. İsmayıl Əlvənd üzərində qələbə ilə İran və Əcəm İraqının xeyli hissəsinə yiyələndi.

 

Səfəvilər dövləti və Osmanlı Türkiyəsi arasında münasibətlər


Səfəvilər dövlətinin meydana çıxması və onun qüdrətinin artması Osmanlı Türkiyəsini narahat edirdi. Osmanlı İmperiyası Səfəvilərin düşməni olan Ağqoyunlu padşahına kömək edir, yeni dövlətin möhkəmlənməsinə mane olmağa çalışırdı. Lakin Türkiyə sultanı II Bəyazit Şah İsmayıla qarşı müharibəyə başlamağa cəsarət etməyərək, 1504-cü ildə bu dövləti tanımağa məcbur oldu. Bununla belə, Osmanlı feodalları Azərbaycanı və qonşu ölkələri ələ keçirmək iddialarından əl çəkmirdilər. Səfəvilər isə Gürcüstanı və Türkiyənin bir sıra şərq torpaqlarını özlərinə tabe etmək niyyətində idilər.
Şah İsmayılın ölümündən sonra onun oğlu I Təhmasib taxta çıxdı (1524-1576).
Süleyman Qanuninin (1520-1566) vaxtında Osmanlı ali təbəqəsi öz nüfuz dairələrini şərq istiqamətində genişləndirmək cəhdlərindən əl çəkmirdi. Odur ki, qarşılıqlı hücumlar ara vermir, illərlə davam edirdi. Nəhayət, 1555-ci il mayın 29-da Amasiyada Səfəvi-Osmanlı müharibəsinin birinci mərhələsini başa çatdıran sülh müqaviləsi imzalandı. Bu sülhə görə, Qərbi Gürcüstan - İmeretiya, Menqreliya və Quriya Türkiyənin, Gürcüstanın şərq vilayətləri - Mesxi, Kartlı, Kaxetiya və indiki Ermənistan Səfəvilərin ixtiyarına keçdi. Lakin bu sülh uzun sürmədi. XVI əsrin 70-ci illərindən etibarən Osmanlı işğalının yeni dövrü başlandı. Bu vaxt Səfəvilər dövlətinin başında Məhəmməd Xudabəndə (1578-1587), Osmanlı dövlətinin başında isə Sultan II Murad (1574-1595) dururdu.
Beləliklə, 1586-1589-cu illərdə bütün Azərbaycan Sultan II Muradın ordusu tərəfindən zəbt olundu. Səfəvilər ərazilərinin qalan hissəsini itirməmək üçün sülhə razılaşdılar. 1590-cı ildə imzalanan İstanbul sülh müqaviləsinə görə, Azərbaycandan əlavə indiki Ermənistan, Gürcüstan, habelə İranın qərb vilayətləri Türkiyəyə verildi. Səfəvilər dövləti tezliklə süquta uğradı.
Osmanlı ilə müharibənin davam etdiyi illərdə İranda hakimiyyət dəyişikliyi oldu. I Şah Abbas taxt-taca sahib oldu (1587-1629). O da Azərbaycana qarşı planlarını gizlətmirdi. 1607-ci ildən etibarən hərbi əməliyyatlara başlayan I Şah Abbas Şirvana hücum etdi. O, zəbt etdiyi ərazilərdə güclü farslaşdırma siyasəti yeridir, amansız bir idarə üsulu yaradırdı.
1639-cu il mayın 17-də Qəsri-Şirində imzalanmış sazişə görə Səfəvi-Osmanlı müharibəsinə son qoyuldu. Ərəb İraqı osmanlılara, Zəncir qalasından şərqdəki torpaqlar Səfəvilərə verildi. Səfəvilər Van və Qars qalalarına, həmçinin Ahalsixa hücum etməyəcəklərinə dair təminat verdilər. Səfəvilər dövlətinin süqutundan sonra Azərbaycan torpaqları parçalandı və ayrı-ayrı ərazilərdə xanlıqlar yaranmağa başladı.
                                                                                               
İdeoloji İş və Mənəvi-Psixoloji  Təminat İdarəsi