Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

26 Fevral 2020 10:00

“Oğulun nümunəvi xidməti ata üçün xoşbəxtlikdir”

Həyata açılan pəncərə... Görünən mənzərə... Həyat mənzərəsi. Gələcəyə uzanan, nəhayətsiz yollar. Bu yolların apardığı məqsədlər. Məqsədlərin görüşdürdüyü insanlar. Bu insanların xatirinə həkk etdirdiyi təəssüratlar uzun illər yaddaşından silinmir...
Həyatda hadisələrin yaratdığı xatirələr yaddaşa həkk olunur. Bu təəssüratlar bəzən uzun zaman yaddaşından silinmir, müəyyən müddət keçdikdən sonra onlardan bəzilərini unudursan. Mənim də unutmadığım, unuda bilmədiyim xatirələr olub, böyük əksəriyyəti də ordu ilə bağlıdı. Əsgər Bəybala Zeynalovu tanıdığım gün həyatım boyu unutmayacağım xatirələrimdən olacaq...
Ön xətdə döyüş mövqelərindən birində gözüm ona sataşdı. Nəzəri məndə idi. Diqqətli baxışı ilə aurama daxil olmağı bacaran əsgərə yaxınlaşdım. Öyrəndim ki, adı Bəybaladır. Bir az söhbətləşdik. Suallarıma aldığım cavablar mənə könül xoşluğu verirdi. Bəybalanın cavabları düşmənə nifrət, Vətənə sevgi dolu idi... “Torpaq, dövlət, dövlətçilik, millət istəyini ürəyində yaşadaraq, bu sevgi ilə yaşamaq necə gözəl şeydir” - düşünürəm. Bu hisslər hər adama müəssər olmur.
... Söhbətin rəvan axışı növbəti suallara yol açdı. O suallara ki, ürəyindəki fırtına, içindəki sevgi ilə cavablandırdı, Bəybala... Nə bilmək olardı ki, saatlar keçəcək, mən Bəybalayla yol yoldaşı olacam, hətta onun haqqında məqalə də yazacam. Bunlar bir az sonra olacaq. O anda Bəybala Zeynalovla söhbətimiz sadəcə jurnalist və müsahib çərçivəsindəydi. Vətən qədrini bilən, düşmənə nifrət bəsləyənlər Vətənin yadından çıxmır. Osmanlı dövründə yaşamış böyük türk şairi Tofiq Fikrət "Vətən  onu sevən insanların çiyinləri üstündə yüksəlir" deyərək vətənpərvər insanları digərlərindən üstün tuturdu.
Mənə belə gəldi ki, Bəybala məhz belə yaşayır, belə xidmət edir. Bəybala məzuniyyətə yollanır. Onunla birlikdə getməyə qərar verdim. Əsgərin valideynlərinə qəfil surpriz edəcəyini biləndə, bu görüşə həm şahid olmaq, həm də onların sevincinə şərik olmaq istəyi ilə Bəybalanı evlərinə aparacaqdım.
Bəybala ilə tanışlığımız yol yoldaşlığına çevrildi. Birgə Ağsu şəhərinə, əsgərin doğulub boya-başa çatdığı el-obasına yollandıq. Yolboyu Bəybalayla gah uşaqlığından, gah hərbi xidmətə yollanmasından söhbətlər etdik. Hər söhbətin sonunun Vətən sevgisinə, düşmənə nifrətə gəlib çıxırdı. Uşaqlıqdan vətənpərvər ruhda böyüməsində atası Fərhad kişinin əvəzsiz rolu olub. Atası Qarabağ müharibəsində döyüşüb. Həqiqətdir ki, Vətən uğrunda döyüşən bir atanın övladı bu qədər vətənpərvər olmalıdı. Söhbətlərin şirinliyi, könül yaxınlığı səmimi yol yoldaşlığı uzanan yolları geridə qoyur. Bəybala gah susur, gah danışır, gah da pəncərədən təbiəti seyr edir. Yollar qısaldıqca yol yoldaşımın həyəcanının daha da artdığını gördüm. Onunla birgə həyəcanlanır, Bəybalanı ailəsiylə görüşdürməyə tələsirdim... Bu anda bir hekayə xatırlayıram.
Qəlbimdə silinməz iz qoyan bu hekayəni mənə babam danışıb: “Məşhur bir rəssam dünyanın ən gözəl rəsm əsərini çəkmək qərarına gəlir. O, əsərinin mövzusunu tapmaq üçün uzaq səyahətə çıxır. Bir meşədən keçəndə nurani bir adamla qarşılaşır. Ona: "Dünyanın ən gözəl neməti nədir?" - sualına "İmandır", - cavabını alır. Rəssam yoluna davam edir. Bir kənddə toy məclisinə gəlir. İzdihamın arasından sıyrılaraq, gəlinə yaxınlaşır və eyni sualı ona da verir. "Dünyanın ən gözəl neməti məhəbbətdir", - cavabını alır. Yoluna davam edir. Bu dəfə müharibədən qayıdan yorğun bir əsgərlə qarşılaşır. Həmin sualın cavabını ondan da istəyir. Əsgər: "Dünyanın ən gözəl neməti sülhdür", - deyir. Aldığı cavabları kifayət hesab edən rəssam evinə qayıdır. Yolboyu səyahətdə şahidi olduqlarını götür-qoy etməyə başlayır. Eyni suala verilən üç fərqli cavabı əsərində birləşdirmək üçün yollar axtarır. Evinə çatır. Qapıdan içəri girdikdə dünyanın ən gözəl mənzərəsi ilə qarşılaşır. Övladlarının baxışlarında imanı, həyat yoldaşının gözlərində məhəbbəti, evində isə sülhü görür. Bu, rəssamın axtardığı idi. O, arzuladığı əsəri çəkməyə başlayır. Çox keçmədən dünyanın ən gözəl rəsm əsəri hazır olur. Rəssam əsərinə ad da verir: "Ailəm".
Əminəm ki, bu anda gözləri yollara zillənən Bəybalaya “Dünyanın ən gözəl neməti nədir?” sualını versəm, heç düşünmədən "Ailəm" cavabını verər.
Sualı vermədən də, bir azdan dünyanın ən gözəl mənzərəsi ilə qarşılaşacağıma əminəm...
Ağsudayıq. Rayonun mərkəzi küçələrinin birindən keçərkən Bəybala qəfildən atası Fərhad kişini gördü. Titrək səslə: “Baxın, atam ordadır”, - dedi. Avtomobili saxlayıb, yol yoldaşıma səbirlə gözləməsini xahiş etdim. Fərhad kişiyə yaxınlaşdım. Məni hərbi mundirdə görən kimi salamlaşır. "Oğlum əsgər gedəndən, hərbi mundirli hər kəsi övladım bilirəm", - dedi. Oğlu Bəybala haqqında danışmağa başladı. Ata danışır, mən dinləyirəm, dinlədikcə düşünürəm: “Məni görüb sevindi, hələ özümlə oğlunu gətirdiyimi biləndə uçmağa qanad axtaracaq”. Həqiqətən də, belə oldu. Bəybala avtomobildən enib atasının qarşısında qəfil dayananda, Fərhad kişinin bir "oğlum" deyişi vardı ki, insan bədənin bütün əzalarına təsir edirdi. Gəlişimizlə əsgər atasına sanki dünyanı bağışladıq. Yolüstü o ki var söhbət etdik. Oğul atasının sevinci hədsiz idi. Fərhad kişidən Nəmidə anaya xəbər etməməsini xahiş etdim. Ona da surpriz etmək niyyətində idik. Belə də oldu, tez-tələsik evin yolunu tutduq. Fərhad kişi gah övladını öpüb-qucaqlayır, gah da söhbət edirdi. Həmin anda Fərhad kişidən qəfil “Qonaqları necə qarşılayacaqlar görəsən”, - deyə soruşuram.
- Ailəmiz qonaq-qaralıdı. Bu vaxtlar evimizdən qonaq əskik olmazdı. Qonaqpərvərlik xalqımızın əxlaqında xüsusi yeri olan bir keyfiyyətdir. Qonağı gülərüzlə, məmnunluqla qəbul etmək ona göstəriləcək qonaqpərvərliyin ilkin əlamətidir. Qonağın salamını gözəl şəkildə, gülərüzlə almaq da əxlaqımızın əmridir. Nahaq yerə demirlər ki, qonağı gülərüz qarşılayıb, salamını gözəl şəkildə almaq qonaqpərvərliyin yarısıdır. El arasında birisinin qonaq getdiyi yerdən gec gəlməsini zarafatla "Niyə gecikdin, yoxsa salamını ucadan almışdılar?" - deyərək qeyd etmək də bu fikri sübut edir. Deməli, qonağı gözəl qarşılamaq, salamını alıb "xoş gəlmisən" demək, sevinc içərisində evə dəvət etmək qonağı qarşılayanların əxlaqının gözəlliyindən xəbər verir, - əsgər atası deyir.
Yol bitir... Bəybala dillənir... “Anamı görəcəyimə elə sevinirəm ki, köksümdən ürəyim çıxacaq sanki.” Əsgəri intizarda saxlamırıq. Qəfil qapını açıb içəri girir. Anası geriyə çevrilib övladını görür. Ana və əsgər balasının görüşünü izləmək o qədər təsirli idi ki, bir anlıq üzünü döndərib baxmaqdan qaçınır, bu sevincin verdiyi qəhəri boğursan. Bu an bütün gözəl xatirələrtək ömür yaddaşımın xatirə dəftərinə unudulmaz şəkildə həkk olunur. Axı hər kəlməsində Vətən sevgisi, torpaq həsrəti olan Bəybalanı, Qarabağ döyüşlərinin iştirakçısı olan Fərhad kişini, övladına unudulmaz məhəbbətlə sarılan Nəmidə ananı necə unutmaq olar?..
Əsgərimizin ailəsiylə çay süfrəsi arxasında söhbətimi yekunlaşdırdıqdan sonra yola düşürəm. Uzanan yollar məni düşüncələrə aparır, səngərdən evə gələn Bəybalanın, yəqin ki, ailəsiylə söhbətləri dan yerinəcən bitməyəcək...

Ceyhun CƏFƏRLİ, "Azərbaycan Ordusu"