Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

26 Fevral 2020 10:00

Azərbaycan Ordusunun şəxsi heyəti ilə keçirilən ictimai-siyasi hazırlıq dərsi

(İctimai-siyasi hazırlıq qrupunun rəhbərinə dərsə hazırlaşmaq üçün kömək)

Mövzu: Dövlətçilik tariximiz. Azərbaycan Atabəylər dövləti.

İctimai-siyasi hazırlıq qrupunun rəhbərinə bu dərsə hazırlaşarkən Azərbaycan tarixinə dair tarixi və digər müvafiq ədəbiyyatdan istifadə etmək və mövzunu bölmənin gündəlik həyatı ilə bağlamaq tövsiyə olunur.

Suallar:
1. Dövlətçilik tariximiz. 
2. Azərbaycan Atabəylər dövlətinin yaranması və inkişafı.

 

Dövlətçilik tariximiz


VII əsrin əvvəllərində Azərbaycanın şimalında - Albaniyada Mehranilər sülaləsinin hökmranlığı başlandı. Bu sülalə hakimiyyətini Albaniyanın Girdiman vilayətində qurmuşdu. Sonralar Mehranilərin hakimiyyəti bütün Albaniya dövlətini əhatə etmiş, mərkəzi isə Partav şəhəri (indiki Bərdə şəhəri) olmuşdur. Sülalənin banisi Mehran idi. O, mənsub olduğu sabirlər adlı türk tayfaları ilə birlikdə Girdiman vilayətində məskunlaşdı. Burada Mehrəvan şəhəri salındı.
VII əsrin 60-cı illərində Xilafətdə Əməvilər sülaləsinin nümayəndələri hakimiyyətə gəldi. Əməvilər müharibələri gücləndirdilər. Bizans bu müharibələrdə zəiflədi. Albaniya təklikdə çoxsaylı ərəb qoşunları ilə döyüşdə uğur qazana bilməzdi. Şimaldan xəzərlərin yürüşü, cənubdan isə İran feodallarının hücumu Cavanşirin Xilafətə qarşı münasibətini dəyişdi. Cavanşir uzaqgörən xarici siyasəti ilə Azərbaycanın şimal torpaqlarını - Albaniyanı Ərəb xilafətinin, Bizansın, Sasanilərin və xəzərlərin işğallarından xilas etdi. Lakin müstəqilliyə can atan bizanspərəst feodallar sui-qəsd təşkil edərək 681-ci ildə Cavanşiri qətlə yetirdilər. Onun varisləri isə Albaniyanı qoruya bilmədilər. 705-ci ildə ərəblərin hücumu nəticəsində Albaniyanın daxili müstəqilliyi ləğv edildi.
VII əsrin 40-cı illərində ərəb qoşunları Azərbaycana yürüşə başladılar. Sasani imperiyası dağıldıqdan sonra ərəblər Azərbaycanın işğalını genişləndirdilər. VII əsrdə Azərbaycan uğrunda ərəblərlə xəzər türkləri arasında başlayan müharibələr VIII əsrdə daha da şiddətləndi. Ərəblər Azərbaycanda möhkəmləndikdən sonra xəzərlərə qarşı daha mütəşəkkil müharibəyə başladılar. Buna baxmayaraq, döyüşlərdə hərbi üstünlük gah xəzərlərin, gah da ərəblərin əlinə keçirdi.
Ərəb işğalları və İslam dininin Azərbaycanın bütün ərazisində yayılması əvvəlki dinləri tam sıxışdırıb çıxara bilmədi. Lakin İslam dininin yayılması xalqın taleyində misilsiz dönüş yaratdı. İqtisadi və siyasi sabitlik yarandı. Bu sabitlik təsərrüfatın canlanmasına və Azərbaycan mədəniyyətinin inkişafına təkan verdi. İslamaqədərki mədəniyyət məzmununu dəyişərək yeni keyfiyyət qazandı.
IX əsrdə Xilafət Babəkin başçılıq etdiyi xalq azadlıq hərəkatı nəticəsində zəifləmişdi. Xilafətə tabe olan ölkələrdə azadlıq müharibələri genişlənirdi. Azərbaycan Xilafətə qarşı azadlıq hərəkatının başlıca mərkəzlərindən biri idi. Xilafətə qarşı mübarizə bu imperiyanı zəiflətdi və Azərbaycanda bir sıra yerli feodal dövlətləri: Şirvanşahlar, Sacilər, Salarilər, Şəddadilər, Rəvvadilər dövlətləri yarandı. Azərbaycanın qədim dövlətçilik ənənələri dirçəldi. Bu dövlətlərlə yanaşı, Şəki hakimliyi, Dərbənd və Tiflis əmirlikləri kimi nisbətən kiçik dövlətlər də yaranmışdı. Bu dövlətlərin hamısında İslam dini rəsmi din olmuş, Azərbaycan xalqının təşəkkülü üçün vacib olan vahid türk dili və türk-islam mədəniyyəti formalaşmışdı.
XI əsrin ortalarında Azərbaycanda fəaliyyət göstərən Şirvanşahlar, Şəddadilər və Rəvvadilər dövləti arasında siyasi və iqtisadi əlaqələr zəif idi. Onlar bir-biri ilə çəkişirdilər. Belə bir şəraitdə Orta və Yaxın Şərqdə Səlcuqilər imperiyası yarandı. Orta Asiya, İran, İraq, Suriya, Misir, Kiçik Asiya, Ön Qafqaz xalqları ilə birlikdə Azərbaycan da Səlcuqilərin hakimiyyəti altına keçdi. Səlcuqilər dövlətinin banisi oğuz tayfasına mənsub Səlcuq adlı şəxs idi. Səlcuq bir əsrdən artıq ömür sürmüş, islam dinini qəbul etdikdən sonra bu dinin bütün türklər arasında yayılması uğrunda mübarizə aparmışdır. 119 il fəaliyyət göstərən Səlcuqilər dövləti türkdilli xalqların hərbi-siyasi, sosial-iqtisadi və mənəvi inkişafına güclü təsir göstərmişdir.
XII əsrin 20-30-cu illərində Səlcuq sultanları arasında hakimiyyət uğrunda mübarizə nəticəsində mərkəzi hakimiyyət zəiflədi və nəticədə XII əsrin 30-cu illərində Azərbaycan Atabəylər dövləti yarandı.

 

Azərbaycan Atabəylər dövlətinin yaranması və inkişafı


Atabəylər dövlətinin yaradıcısı zəmanəsinin ağıllı diplomatı və uzaqgörən dövlət xadimi Şəmsəddin Eldəniz Eldəgizlər sülaləsinin (1136-1225) banisi idi. Orta əsrlərdə Azərbaycan dövlətçilik tarixində Atabəylər dövləti mühüm yer tuturdu. XII-XIII əsrlərdə Şəmsəddin Eldəniz  Böyük Atabəy (atabəy əl-əzəm) adlanmağa başladı. Onun böyük oğlu və sultanın ana tərəfdən qardaşı Nüsrətəddin Cahan Pəhləvan sultanın əmir-hacibi, ikinci oğlu Müzəffərəddin Osman Qızıl Arslan isə sultan ordularının ali baş komandanı (əmir-sipahsalar əlkəbir) təyin edildi. Eldəniz özünün bütün əmirlərini dövlətdə yüksək vəzifələrə təyin etdi.
Bu dövrdən başlayaraq, atabəy Eldənizin bütün fəaliyyəti yeni dövlət hakimiyyətinin nüfuzunun möhkəmləndirilməsinə yönəldildi. İraq sultanlığının tərkibinə daxil olan vilayətlərin və ölkələrin bütün hakimləri, o cümlədən onun bütün vassalları sultan Arslan şaha və Böyük Atabəyə sədaqət andı içdilər. Ara müharibələri bir müddət dayandı və mənbələrin göstərdiyinə görə, xalq haqq-ədalət və sakitlik içərisində yaşamağa başladı.
Azərbaycan Atabəylər dövlətinin yaradıcısı Şəmsəddin Eldənizin hakimiyyətinə yekun vurarkən, qeyd etmək lazımdır ki, Şəmsəddin Eldəniz ona tabe olan ərazini genişləndirməyə çalışır və öz müasirləri vilayət hakimlərinin üsulları ilə əmirlərlə vaxtaşırı ittifaqdan istifadə edərək, həmin anda da, həmçinin dönükcəsinə və saymazyana hərəkət edirdi. Buna baxmayaraq, Böyük Atabəyin hər şeydən əvvəl mərkəzi hakimiyyətin hərbi qüvvələrinin və maddi ehtiyatlarının möhkəmləndirilməsinə yönəldilən fəaliyyətindəki yaradıcı anlar bizə daha əhəmiyyətli görünür. Eldənizin hakimiyyətinin sonlarına yaxın bütün dövlət quruluşu sisteminin nizama salınması, hər şeydən əvvəl vassalların mərkəzi hakimiyyətlə bağlılığının möhkəmləndirilməsi, sözsüz ki, hərbi qüdrətinin gücləndirilməsi ilə bağlı idi. Bir daha yada salaq ki, sultan Məsudun bütün hakimiyyət dövrü əmirlər ittifaqı ilə ara müharibələrində keçmiş və sultan hökuməti məhz hərbi gücsüzlüyü nəticəsində bu mübarizədə sərt və müstəqil mövqe tuta bilmədi. Mərkəzdən qaçan qüvvələrin öz fəaliyyətlərini davam etdirmələrinə, xarici siyasətin mürəkkəbləşdiyi dövrdə əmirlərin mərkəzi hakimiyyətdən müstəqilliyə can atmalarının güclənməsinə baxmayaraq, adi sərkərdələrdən olmayan atabəy Eldənizin hərbi qüdrəti ilə sultan suverenliyinin birləşməsi, feodal ierarxiyasında Böyük Atabəyin birinciliyinin rəsmi tanınması sultanlıq ərazisində siyasi vəziyyətin sabitləşməsinə səbəb olmuşdu. Eldəniz əsas qüvvələrini Gürcüstan ilə mübarizəyə təsadüfən toplamamışdı və öz hakimiyyətini bərqərar etdikdən sonra, adətən, güclü qonşuları ilə, xüsusən, Xarəzmşahlar dövləti ilə uzun münaqişələrdən qaçırdı.
Böyük Atabəy Eldənizin ölüm xəbəri Cahan Pəhləvana yetişən kimi, o, dərhal Həmədandan Naxçıvana yola düşdü, dövlət xəzinəsini və taxt-tacın əmlakını öz nəzarəti altına aldı. Bütün qoşunları bir yerə toplayaraq, atabəy hadisələrin sonrakı gedişini, sultan Arslan şahın ona qarşı münasibətinin məqsədini gözləməyə başladı.
Eldənizin siyasətindən narazı qalan İraq əmirləri Cahan Pəhləvanın sultanlığın paytaxtından getməsindən istifadə edərək, sultanı Azərbaycana hücuma keçməyə təhrik edirdilər. Onlar sultana məsləhət görürdülər ki, əgər sən Azərbaycanı azad etsən, oraya etibarlı adamlardan birini hakim təyin edib Həmədana qayıdar, oradan Bağdada gedib oranı tutarsan. Çünki sənin məmlükün-Mosul hakimi Qütbəddin Mədud ibn Zəngi sənə tabedir və sənə qulluq etməyə gəlir. Sonra əgər sən Bağdadı tutarsansa və Xilafətin minbərlərindən sənin adınla xütbə oxunarsa, ölkənin səması sənin üçün hər hansı rəqib və düşməndən təmizlənmiş olar.
Sultan Arslan şah da Eldənizin əleyhdarları olan əmirlərlə birlikdə böyük ordunun başında Azərbaycana yürüş təşkil etdi. Lakin Zəncanda sultan xəstələnir, azarının gücləndiyini və həyatının sona çatdığını hiss edən sultan Həmədana aparılması əmrini verir.
Həmədana qayıtdıqdan sonra sultan şəhərin rəisi əmir Seyyid Fəxrəddin Əlaəd-Dövlə Ərəb şahının qızı ilə evlənir. Eyni zamanda, atabəy Cahan Pəhləvanı öz yanına dəvət edir və onunla barışır. Dövlətin idarə olunmasını ona tapşırdıqdan az sonra sultan ölür.
Atabəy Cahan Pəhləvanın ən görkəmli müvəffəqiyyətlərindən biri Təbrizin onun hakimiyyətinə birləşdirilməsi olmuşdur. Təbriz Ağ-Sunqur əl-Əhmədilinin nəslinə mənsub idi. 1175-ci ilin yayında Təbrizin və qonşu torpaqların hakimi Nüsrətəddin Arslan-Aba ibn Ağ-Sunqur öldükdən və onun yerinə varisi Fələkəddin Əhməd keçdikdən sonra Cahan Pəhləvan Ruin-Dej qalasını mühasirəyə alır. Qalanı ala bilməyib, mühasirəni Marağaya keçirdir. Bu vaxt atabəyin qardaşı Qızıl Arslan Təbrizi mühasirə edir. Marağa qazısı Sədrəddin əl-Maraği əhalini xilas etmək xatirinə şəhəri təslim verdiyindən Cahan Pəhləvan oranı, demək olar ki, döyüşsüz ələ keçirir. Burada bağlanmış sülh müqaviləsinə əsasən, Cahan Pəhləvan Təbrizə sahib olur, Marağa isə monqolların basqınına qədər öz sahiblərinin əlində (ixtiyarında) qalır. Cahan Pəhləvan Təbrizi iqta sifətilə qardaşına verir.
Atabəy Cahan Pəhləvanın xarici siyasətində ən çətin problemlərdən biri dövlətin qərb sərhədlərində asayişi təmin etmək idi. Məsələnin mürəkkəbliyi ondan ibarət idi ki, həmin vilayətlərdə (əl-Cəzirə və Şərqi Anatomiya) Misir və Suriyanın məşhur hakimi - Əyyubilər sülaləsinin banisi Səlahəddin Yusif (1169-1193) böyük fəaliyyət göstərirdi. Ona görə də, Cahan Pəhləvan qonşu hakimlərə daima təzyiq göstərir, mübahisəli məsələlərdə əksər hallarda barışdırıcı və vasitəçi rolunda çıxış edir, hamiliyində olanlara hərbi yardım göstərirdi.
Cahan Pəhləvanın hakimiyyətinin əsas yekunu Eldənizlər dövlətinin xarici siyasət mövqeyinin gələcəkdə daha da möhkəmləndirilməsindən ibarət olmuşdur. Lakin atabəyin hakimiyyətinin son dövrlərində vilayətlərin daxili vəziyyəti mürəkkəb idi: sonralar məlum oldu ki, Cahan Pəvləvanın həyata keçirdiyi tədbirlərin çoxu mərkəzi hakimiyyətin möhkəmlənməsinə eyni dərəcədə kömək edə bilməmişdir.
Eldənizlər dövləti tarixini tədqiqinin ən çətin dövrü XII əsrin 80-cı illərinin sonu 90-cı illər atabəy Qızıl Arslan və İraqın sonuncu Səlcuq sultanı III Toğrulun hakimiyyəti dövrüdür. Ərəb və fars mənbələrinin, o cümlədən bu dövrdə baş verən hadisələrin şahidlərinin məlumatları çox məhduddur. Lakin əlimizdə olan qısa məlumatlardan belə təsəvvür etmək olar ki, bu dövr siyasi hadisələrlə dolğun dövrdür və Azərbaycan Atabəyləri bu zaman ciddi sarsıntılara məruz qalmışdır.
Cahan Pəhləvan məmlüklər vasitəsi ilə dövləti idarə etmək üçün xüsusi sistem yaratmaqda öz şəxsi qullarının yardımına arxalanmış, eyni zamanda, məmlük yuxarı təbəqəsinin əsasını qoymuşdur. Onlar da atabəy Cahan Pəhləvanın ölümündən sonra 30 il ərzində baş vermiş bütün tarixi hadisələrdə həlledici rol oynamışlar. Bu məmlüklər böyük mənsəb və qüdrət sahibi olmuş və atabəyin ölümündən sonra İraq ərazisini zəbt etmişlər.
1206-cı ildə Çingiz xan tərəfindən Mərkəzi Asiyada yaradılmış Monqol dövləti ilk vaxtdan hərbi yürüşlərə başladı. Monqol ordusu geniş əraziləri tutaraq Azərbaycana doğru irəlilədi. 1220-ci ildə monqol qoşunu Cəbə və Sabutayın rəhbərliyi ilə Azərbaycan torpaqlarına daxil oldu və Təbrizə çatdı. Şəhər möhkəm qala divarları ilə əhatə olunmuşdu. Bunu görən monqollar danışığa girməyə üstünlük verdilər. Gürcüstana hücum edib məğlub etdikdən sonra monqollar Təbriz üzərinə yenidən hücuma keçdilər. Şəhər xərac verilərək təhlükədən xilas edildi.
1221-ci ilin əvvəllərində Marağaya və 1222-ci ildə Şamaxıya hücum edən monqollar şəhərləri talan etdilər. Bu hadisədən sonra monqollar şimala üz tutdular. Dərbəndi tuta bilməyəcəklərini anlayıb Azərbaycanı tərk etdilər. Talan olunmuş Azərbaycan zəifləyib gücdən düşmüşdü. Yeni torpaqlarda möhkəmlənmək istəyən Xarəzmşah şahzadəsi Cəlaləddin 1225-ci ildə Azərbaycana hücum etdi. Atabəylərin sonuncu hökmdarı Özbək Naxçıvana, Əlincə qalasına yollandı. Başsız qalan Təbriz əhalisi müdafiəyə qalxdı. Şəhər rəisi başda olmaqla əhali bir həftə döyüşdü və Cəlaləddin qələbə qazandı. Təbriz, daha sonra isə Gəncə zəbt edildi və bununla da Atabəylər dövləti süquta uğradı.                                                               
  
İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsi