Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

26 Fevral 2020 10:00

“Yazılsın tarixə bir qızıl xətlə 45-ci ilin 9 may günü...”

İkinci Dünya müharibəsində Azərbaycan xalqı da faşizmə qarşı dünyanın digər azadlıqsevər xalqları ilə çiyin-çiyinə vuruşub. İllər keçsə də, bu  müharibənin ağrı-acıları unudulmayacaq.
Görkəmli Azərbaycan şairi Səməd Vurğun böyük ilhamla, qürurla yazmışdı:
Yazılsın tarixə bir qızıl xətlə
45-ci ilin 9 may günü...
75 ildir bu tarixi böyük coşqu ilə, böyük ehtiramla qeyd edirik. Böyük Vətən müharibəsinin ağrı-acıları xatirələrdə hələ də yaşayır.
Müsahibim Nəsimi rayon Veteranlar Təşkilatının sədri, müharibə veteranı İsmayıl Mövsüm oğlu Fərəcov 1924-cü ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda dünyaya gəlib. 1942-ci ildə hərbi xidmətə çağırılıb və Kazım İsmayılovun rəhbərlik etdiyi 77-ci Stavropol diviziyasında kəşfiyyatçı kimi xidmət edib.
Müharibə veteranı dedi ki, Mozdokdan başlayan bu döyüşlər Berlinə kimi gedib çıxdı. "Moldova, Çexoslovakiya, Rumıniya, Polşa, Macarıstana kimi döyüş yolu keçmişəm. O ağrı-acılı, barıt qoxulu günləri sanki dünən kimi xatırlayıram. Kəşfiyyatçı olduğum, tez-tez düşmən arxasına keçdiyimiz üçün çətin vəziyyətlə üz-üzə qalırdıq. Belə əməliyyatlardan birində iki dəfə yaralanmışam. Alman ordusunun dərinliklərinə kimi gedib çıxmışdıq. Ot tayasının içində gizlənib müşahidə aparırdıq. Sovet qırıcıları o ərazini bombalamağa başladı. Xeyli düşmənin məhv olduğu o anlarda yaralandım. Bu gün də gicgahımdakı qəlpənin əziyyətini çəkirəm. Kürəyimdən də yara almışdım. Bütün bu olanlara baxmayaraq, lazımi məlumatları toplayaraq geri döndük.
Yenə kəşfiyyat çıxışlarımızdan birində Dnepr çayını keçirdik ki, almanlar bizim gəldiyimizi hiss edib atəşə tutdular. Müdafiəmiz zəif olduğundan geri qayıtdıq. Onda itkilərimiz çox olmuşdu. Buna baxmayaraq, ruhdan düşmədik. Növbəti dəfə yenə getdik və almanları yerlərinə oturtduq".
Yaşı əsri haqlayan İsmayıl baba vurğuladı ki, müharibənin hər anı ölümdü, dəhşətdi... "Öldürdüyüm almanların sayı-hesabı yox idi. Qeyri-təvazökar səslənsə də, şişirdir desələr də and içirəm ki, bu həqiqətdir. O müharibə ölüm-qalım müharibəsi idi. Heç kim sağ qayıdacağını düşünmürdü. Əgər gecə dəstəmizdə 60-70 nəfər var idisə, sabah xəbər çıxırdı ki, 20-25 nəfəri həlak olub. Gecə-gündüz vuruşurduq. Qışda əziyyətimiz daha çox olurdu...".
İkinci Dünya müharibəsinin bəşəriyyətə vurduğu yaralardan ürək ağrısıyla danışan veteran xəyalən yenidən o illərə qayıdırdı. "Keçmiş SSRİ-nin elə bir ucqar məkanı qalmadı ki, bu dəhşətli müharibə həmin yerlərə aclıq, müsibət, göz yaşları gətirməsin. O dövrdə Vətən anlayışı milliyyətindən, dilindən, dinindən asılı olmayaraq hər bir insan üçün əziz və müqəddəs idi."
75 ildir qolunda gəzdirdiyi saatın Stavropol döyüşlərinin yadigari olduğunu deyən İsmayıl baba hər dəfə ona baxanda müharibəni və silahdaşlarını xatırlayır.
İsmayıl Fərəcov daim ictimai işlərdə, əhali arasında olduğunu bildirdi. Gənclərimizlə görüşlərdə onlara Vətənin insan üçün hər şeydən öndə gəldiyini, bir parça Vətən torpağının nə qədər əziz olduğunu, uğrunda canlar fəda edildiyini qeyd etdi.
Bir əsrlik ömür sahibi veteranlara olan xüsusi diqqət və hörmət hisslərinin əsasının ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulduğunu xatırlatdı.
- Bu gün Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən dövlət başçımız İlham Əliyev daim bizim qayğımıza qalır. Bütün problemlərimiz tez bir zamanda qaydasına qoyulur. Bu həyatda mənim ən böyük arzum doğma Vətənimdə Qələbə müjdəsi almaqdır. Ordumuzun Aprel döyüşləri, Günnüt zəfəri, keçirilən paradlar onu deməyə əsas verir ki, Qələbə müjdəli sabahlar bizi gözləyir…

Günay TAĞIYEVA, "Azərbaycan Ordusu"