Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

21 Fevral 2020 17:44

Faciə tarix kimi yaşadılır

Ermənistan Azərbaycana qarşı elan etmədən müharibəyə başladı. Xarici havadarlarının rəsmi, qeyri-rəsmi iqtisadi, eləcə də hərbi yardımlarından bəhrələnməklə Azərbaycanın ərazisində müxtəlif miqyaslı təxribatlar, faciələr törətdi: Qazax rayonu ərazisində sərnişin avtobusunda, Bakıda metro stansiyasında partlayış, Bağanıs-Ayrım, Ağdaban, Meşəli, Qaradağlı kəndlərində qırğınlar. Yüzlərlə azərbaycanlı qətlə yetirildi. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə tikilə-tikilə böyüyən, böyüyə-böyüyə tikilən Xocalıda xüsusi qəddarlıqla ağılasığmaz faciə törədildi.  Bu faciə XX əsrdə törədilmiş ən dəhşətli faciələrdən biri kimi tarixləşdi...Xocalı faciəsindən 28 il keçir. Xocalı faciəsi heç zaman unudulmayacaq. Gənclər bu faciənin ağrı-acılarını yaşaya-yaşaya onu tarix kimi yaşadır...


"Azərbaycan Ordusu"


Mən Bakı şəhərində yaşayıram. Uşaqlığımda da, yeniyetməliyimdə də xalqımızın tarixini böyük maraqla, sevgilərlə oxumuşam, öyrənmişəm. Əsasən də az qala bizimlə yaşıd olan ən yeni tarixini. Xocalı faciəsi də həmin dövrə aiddir.
Xocalı faciəsi rus ordusunun dislokasiya yeri Xankəndi olan 366-cı alayının iştirakı ilə törədilib. Həmin gecə  Xocalı istiqamətində hücuma keçən düşmən görünməmiş faciə törətdi. O gecə ölümdən qaçanları qarda, buzda, çöldə, düzdə, meşəlikdə haqlayır, xüsusi qəddarlıqla öldürür, hətta nəfəssizin  cəsədini təhqir edirdilər. Əsir düşməsin deyə, öz ciyərparasını, sonra özünü öldürən ata da olub, ermənilərin çatdığını hiss edib evlərindən götürdüyü xəncəri ürəyinə sancan da, ermənilər duyuq düşüb 10-15 ailəni qırmasın deyə ağlayan südəmər körpəsini boğan ana da... Bunlar Xocalı faciəsində olub. Bunları xarici jurnalistlər də görüb. Təəssüflər  olsun ki, dünya ictimaiyyəti belə faciəyə görə Ermənistanı dövlət səviyyəsində qınamır.
Vaxt gələcək, Ermənistan digər dövləti  cinayətləri kimi, Xocalı faciəsinə  görə də cavab verəcək.
Xocalı faciəsi əsrin ən böyük faciələrindəndir. Ötən əsrin əvvəllərində İrəvanda, Bakıda, Şamaxıda, Qubada,... törədilən qırğınlar kimi, Xocalı faciəsi də erməniliyin nə olduğunun təsdiqidir. Bəşəriliyin erməniliyi ittiham edəcəyi günə az qalıb. Azərbaycan əsgəri torpaqlarımızı işğaldan azad edəcək, Azərbaycan diplomatiyası bu faciələrə bəşəri qiymət verilməsinə nail olacaq...

Şəbnəm BEHBUDZADƏ, Bakı şəhəri


20 Yanvar faciəsi kimi, Xocalı faciəsi haqqında da ata-anamdan eşitmişdim. Danışdıqca niyə qəhərləndiklərini anlaya bilməzdim. Nəsə soruşanda da "Böyüyəndə biləcəksən, qızım...", - deyərdilər.
İkinci sinifdə oxuyanda Mənzər müəllim mənə bir bənd şeir verdi, əzbərlədim. Faciənin ildönümü tədbirində dedim. Sonra bildim ki, şeiri deyə-deyə gözlərimdən yaş gəlirmiş. Tədbir başa çatar-çatmaz Mənzər müəllimin göz yaşları saçlarımı islatdı. Aradan illər  keçib. Həmin günün kövrək xatirələri yaddaşımdan pozulmayıb. Nə o duyğusal şeiri, nə onu duyğusallıqla deməyimi, nə də Mənzər müəllimin məni köksünə sıxmasını unutmamışam. Unutmayacam.
O vaxtdan illər keçib. O şeir mənim uşaqlıq illərimin yaddaşındadı:

Sıxıntılar içində

Döyünür ürəyimiz.

Bacı, qardaş bilirik

O gecə Xocalıda

Donan uşaqları biz...

Sonuncu sinifdə oxuyanda Xocalı faciəsinin ildönümünə həsr olunan tədbirdə ədəbiyyat müəllimimizin təklifiylə mən də danışdım. Doqquz il əvvəlki tədbirdə yaşadığım duyğulardan danışdım. Sonra "Düşmən bizim bəzi yaşıdlarımızı yaşamağa qoymadı. Neçəsini xüsusi qəddarlıqla öldürdülər. Bu ağrı-acılar torpaqlarımız işğaldan azad ediləndə kəsəcək, bu yaralar qələbədən sonra qaysaqlayacaq. Bunu Azərbaycan əsgəri gerçəkləşdirəcək. Mən həmyaşıdlarım adından əminliklə deyirəm ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin döyüş əmriylə Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad edəcək...”
Xocalı faciəsi unudulmayacaq. Bu faciə tarix kimi yaşadılacaq.

Gülsurə HÜSEYNOVA, Bakı şəhəri