Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

15 Fevral 2020 11:28

“Qələbəmizin sevincini yaşamaq istəyirəm”

İkinci Dünya müharibəsində milyonlarla insan həlak oldu, milyonlarla insan yaralandı,  itkin düşdü. Əsir düşərgələrində işgəncələrə məruz qalanlar da oldu. Alman faşizminə qarşı dünyanın digər azadlıqsevər xalqları ilə çiyin-çiyinə Azərbaycan xalqı da vuruşdu.
Artıq Qələbənin 75 illiyinin astanasındayıq. Onilliklər bir-birini əvəz etsə də, ölüm-dirim müharibəsi və iştirakçıları unudulmur, unudulmayacaq.
Böyük Vətən müharibəsində həlak olanların xatirəsini ehtiramla yad edib, müharibə veteranlarına daim xüsusi diqqət və qayğı göstərən ümummilli liderimiz Heydər Əliyevin "Tarix tarixdir və 1941-1945-ci illər müharibəsi Azərbaycan xalqının tarixində də çox görkəmli yer tutur, xalqımızın tarixinin parlaq səhifələrindəndir. Tarixdən heç bir şeyi silmək olmaz, onun hər bir mərhələsi xalqın salnaməsi, həyat yoludur" kəlamını xatırlayıram.
Müsahibim Böyük Vətən müharibəsi veteranı Damət Məcid oğlu Nəbiyev 1925-ci ildə Yevlax rayonunun Vərvərə kəndində anadan olub. 1943-cü ilin fevralında 17 yaşında müharibəyə yollanıb. O zaman Azərbaycandan iki hərbçidən biri olaraq bombardımançı təyyarəçi kursuna göndərilib.
Böyük Vətən müharibəsi veteranı deyir ki, 1943-cü il fevralın 15-də orduya yazıldım. "Ölkə təhlükədəydi. Hər birimiz Vətənin müdafiəsinə qalxmalıydıq. Bizi Sumqayıtın ehtiyat alayına gətirdilər. Bir ay tamam olmamış iki zabit gəlib aramızdan Gürcüstandakı Aviasiya məktəbində təhsil almaq üçün iki nəfəri seçdi. Onlardan biri də mən idim".
Müsahibim 75 il öncə Ukraynada, Polşa ətrafında gedən ağır döyüşləri xatırlayır. Qürurla Berlinə qədər döyüş yolu keçdiyini deyir: - Varşava üzərində yeddinci uçuşumda dostum yaralandı, bizi atəşə tutdular. Biz mühərrik zədələnəndən sonra, Visla şəhərinin ətrafında məcburi enməli olduq. Yaxşı ki, ərazi salamat idi və biz xilas olduq.
Damət Nəbiyev Varşavanın azad olunmasında da iştirak edib. Sonuncu döyüş uçuşunu 1945-ci il mayın 2-də Berlin səmasında edib. "İlk uçuşum Polşanın Varşava şəhərinə olub. Varşavanı almaq, sözün əsl mənasında, çox çətin idi. Varşavanın müdafiəsi üçün almanlar üç cərgə zenit-artilleriya qurğuları yerləşdirmişdilər. Bizim üçün ən qorxulu döyüş Varşava şəhərinin ətrafında oldu. Bunun ardınca Poznan şəhəri Sovet orduları tərəfindən mühasirəyə alındı. Həmin vaxt bizim aerodromumuz Poznan şəhərində idi. Hətta Hitler həmin vaxt mühasirədə qalan qoşunlarına kömək üçün təyyarələrlə desant, hərbi silah-sursat, qida və geyim ləvazimatları göndərirdi. Bütün bunlara baxmayaraq Poznan şəhəri də Sovet ordusuna təslim edildi".
Damət Nəbiyevin nəzərləri məchulluğa dikildi, sanki o anları yenidən yaşarcasına həyəcanlandı.
- Sonuncu gərgin döyüş uçuşumuz Berlin şəhərinə oldu. 1945-ci ilin aprelin axırlarında ordumuz artıq Berlin şəhərinin ətrafındaydı. Meşəlikdə alman ordusunun çoxlu zirehli texnikaları yerləşdirilmişdi. Sovet ordusu almanların bu bazalarını zərərsizləşdirmək üçün ardıcıl hərbi əməliyyatlar keçirirdi. Bizə əmr olunmuşdu ki, oranı tamamilə bombardman edərək, piyada qoşunlarının Berlinə daxil olması üçün yolun açılmasını təmin edək. Ordumuz Berlinə daxil oldu...
Döyüşlərdə sinəsindən və başından yaralanmış müharibə veteranı İkinci Dünya müharibəsinin bəşəriyyətə vurduğu yaralardan danışdı: - Vətən anlayışı hər bir insan üçün əziz və müqəddəs idi. Vətən dardaydı. Hər bir kəs Vətən uğrunda canından keçməyə hazır idi.
Veteranlara Prezident təqaüdünün verilməsindən, hər il onlara birdəfəlik maddi yardımın göstərilməsindən, mənzil və avtomobillərlə təmin edilməsindən, sanatoriya və xəstəxanalarda pulsuz müalicə olunmalarından və övladlarına verilən imtiyazdan  söz açan müharibə veteranı onlara olan xüsusi diqqət və qayğıdan da danışdı. Bildirdi ki, Böyük Vətən müharibəsi iştirakçılarına qayğı 1994-cü il 28 iyun tarixli "Veteranlar haqqında" qanunda öz hüquqi əsasını tapıb. Veteranlara diqqət və qayğı bu gün Azərbaycan Respublikasının Prezidenti   İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Müharibə veteranı qürurla müharibədə qazandıqları medallarına gözucu nəzər salaraq bildirdi ki, üç il Ağdamda, 1973-cü ilədək Gəncədə xidmət edib. Uzun müddət gənclərin hərbi hazırlığı ilə məşğul olub, mühazirələr oxuyub. Bu gün də orta məktəblərdə keçirilən tədbirlərə dəvət edilir, cəbhə bölgələrində olur, əsgər və zabitlərlə görüşür. Keçdiyi döyüş yolundan, torpaqlarımızın işğaldan azad ediləcəyindən söhbətlər edir. Ali Baş Komandanımızın rəhbərliyi ilə torpaqlarımızın düşməndən azad edilib Qələbə xəbərinin veriləcəyi günü səbirsizliklə gözləyir, qələbəmizin sevincini yaşamaq istəyir...

Günay TAĞIYEVA, "Azərbaycan Ordusu"