Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

5 Fevral 2020 11:25

Azərbaycan Ordusunun şəxsi heyəti ilə keçirilən ictimai-siyasi hazırlıq dərsi

(İctimai-siyasi hazırlıq dərsinin qrup rəhbərinə dərsə hazırlaşmaq üçün kömək)

Mövzu: Erməni terrorizmi. Ermənistanın Azərbaycana qarşı təcavüzü.

İctimai-siyasi hazırlıq qrupunun rəhbəri bu dərsə hazırlaşarkən Azərbaycanın tarixinə dair nəşr olunmuş vəsaitlərdən, dövri mətbuatda çap olunmuş materiallardan istifadə etməli və öz bölməsinin tapşırıqlarını, xüsusiyyətlərini, xidmət şəraitini nəzərə alaraq, mövzunu bölmənin gündəlik həyatı ilə əlaqələndirməlidir.

Suallar:
1. Ermənilərin Azərbaycana qarşı ərazi iddialarının və təcavüzünün formalaşması tarixi.
2. XX əsrin axırlarında erməni separatçılığı. Ermənistan-Azərbaycan münaqişəsinin yaranma tarixi.

 

Ermənilərin Azərbaycana qarşı ərazi iddialarının və təcavüzünün formalaşması tarixi


Qafqazın tərkib hissəsi olan, misilsiz gözəllikləri göz qamaşdıran Azərbaycanın iqlimi, bitki və heyvanlar aləmi, füsunkar təbiəti son dərəcə rəngarəngdir. Azərbaycan zəngin təbii sərvətləri, əlverişli coğrafi mövqeyi və münbit torpaqları ilə çox qədimdən bir sıra qonşu dövlətlərin diqqətini özünə cəlb edib. Buna görə də Azərbaycana göz dikən düşmənlərimiz çox olub və bu ərazilər tarixən müharibələr meydanına çevrilib. Bu faciələrin unudulmaz tarixi XIX əsrin əvvəllərində daha dəhşətli olmuşdur. Belə ki, həmin dövrdə Azərbaycan  1813-cü ildə Gülüstan və 1828-ci ildə Türkmənçay müqavilələri nəticəsində iki yerə bölünüb, Azərbaycanın müxtəlif bölgələrinə (ən səfalı yerlərə - Qırxbulaq, Sürməli, Zəngibasar, Dərəçiçək, Göyçə mahallarına və başqa yerlərə) ermənilərin kütləvi halda yerləşdirilməsinə başlanılıb.
Son iki (XIX-XX) əsrdə Azərbaycan ərazisində xalqımızın rastlaşdığı ağır sınaqlarda, faciəli tarixi hadisələrdə bu və ya digər dərəcədə erməni izi vardır. Erməni xalqı qonşu torpaqlarına sahib çıxmaq üçün yaranan hər bir fürsətdən əlverişli istifadə etməyə çalışır. Bölgədə mürəkkəb tarixi şərait yaranan kimi, ondan ifrat dərəcədə bəhrələnməyə çalışan ermənilər, ərazisində yaşadıqları Azərbaycan xalqının hesabına bu gün artıq öz dövlətçiliklərinə də malikdirlər. Uzun illər boyu Azərbaycan xanlıqlarının ərazilərində öz dövlətlərini yaradan ermənilər daha böyük iddialarla yaşayırlar.
Eramızın 327-ci ilinə kimi Kiçik Asiyada xırda dövlət olan Ermənistan sonralar İran dövləti və Bizans imperiyası arasında bölüşdürülmüşdür. Həmin vaxtdan İranın tərkibində olan erməni çarlığı 428-ci ildə tamamilə ləğv edilmiş, ermənilər isə bütün dünyaya səpələnmişlər. Bu zamandan 1918-ci ilin mayına qədər erməni dövləti, erməni milli dövlətçiliyi olmamışdır.
1917-ci ildə Rusiyada bolşeviklər hakimiyyətə gəldikdən sonra mərkəzi Tiflis şəhəri olmaqla Azərbaycan, Gürcüstan və Ermənistanın ərazilərini birləşdirən Zaqafqaziya seymi yaradıldı. Seymə Azərbaycan və Gürcüstanın nümayəndələri ilə birlikdə ermənilər də daxil idilər. Ancaq hadisələrin sonrakı inkişafı nəticəsində 1918-ci il mayın 27-də Gürcüstan, 28-də isə Azərbaycan Zaqafqaziya seymindən çıxaraq müstəqil dövlət qurduqlarını elan etdilər. Bundan sonra isə ermənilərin ən çox məskunlaşdıqları keçmiş İrəvan xanlığının ərazisində, mərkəzi İrəvan şəhəri olmaqla, Ermənistan Respublikası yaradıldı.
Burada ermənilərin Qərbi Azərbaycanda və Qarabağda məskunlaşması tarixinə nəzər salaq:
Səfəvilər dövlətinin vaxtında Azərbaycan inzibati-ərazi quruluşuna görə bəylərbəyliklərə bölünmüşdü. İndiki Ermənistanın ərazisi, Naxçıvan da daxil olmaqla Çuxur Sədd bəylərbəyliyi adlanırdı. XVIII əsrdə Azərbaycanda olan fransız səyyahı Jan Şarden Çuxur Sədd bəylərbəyliyinin mərkəzi İrəvan qalasının 800 evdən ibarət olduğunu və burada ancaq təmiz səfəvilərin (yəni, azərbaycanlıların) yaşadığını yazırdı.
1736-cı ildə Nadir şah Azərbaycanda mövcud olmuş inzibati-ərazi quruluşunu - bəylərbəylikləri (Qarabağ, Şirvan, Təbriz və Çuxur Sədd) ləğv etdi və həmin ərazilərdən ibarət mərkəzi Təbriz şəhəri olmaqla Azərbaycan vilayəti yaratdı. 1747-ci ildə Nadir şah öldürüldükdən sonra Azərbaycanın ərazisində müstəqil xanlıqlar, o cümlədən İrəvan xanlığı yarandı.
Rusiya qoşunları 1827-ci ildə Azərbaycanın paytaxtı Təbriz şəhərini işğal etdilər. 1828-ci il Türkmənçay müqaviləsinə əsasən rus qoşunları Cənubi Azərbaycanı tərk etməli oldular. Çar Rusiyası öz əsarəti altına aldığı Şimali Azərbaycanda möhkəmlənmək üçün İranda yaşayan ermənilərin İrəvana və Qarabağa köçürülməsi prosesini təşkil etdi.
Rus-İran müharibəsi başa çatdıqdan sonra 1828-ci il martın 21-də rus çarı I Nikolayın fərmanı ilə İrəvan və Naxçıvan xanlıqları ləğv edilib, onların əvəzinə "erməni vilayəti" adlanan inzibati-ərazi vahidi yaradıldı. 1828-1830-cu illərdə İrandan 40 min, Osmanlıdan 84 min erməni Yelizavetpola, İrəvana və Qarabağa köçürülmüşdür.  
Ermənilərin tarixi Azərbaycan ərazilərinə köçürülməsinin ikinci dalğası XIX əsrin 90-cı illərində başlanıldı. Belə ki, XIX əsrin 90-cı illərində ermənilərin Osmanlıdan  kütləvi surətdə Qafqaza köçürülməsi (Yelizavetpol quberniyasına 150 min nəfər) ilə əlaqədar öz təcavüzkar siyasəti ilə məşhur olan erməni millətçi "Daşnaksütyun" partiyasının mərkəzi də Qafqaza köçdü və ermənilərə Qafqaz xalqlarına qarşı təcavüzü təbliğ etməyə başladı.
1904-1905-ci illərdə qonşu dövlətlərdən 45 min erməninin tarixi Azərbaycan ərazilərinə köçürülməsinin üçüncü dalğası davam etdirilmişdir. 
Beləliklə, Rusiyanın himayədarlığına əmin olan ermənilər tarixi Azərbaycan torpaqlarında məskunlaşdırıldıqdan sonra "Böyük Ermənistan" yaratmaq iddiaları ilə azərbaycanlılara qarşı mübarizəyə başladılar. Çar hökuməti tərəfindən cəmiyyətin diqqətini birinci Rus inqilabından yayındırmaq məqsədilə 1905-1907-ci illərdə İrəvanda ermənilər və azərbaycanlılar arasında fitnə vasitəsilə yaratdığı qanlı döyüş ermənilərin azərbaycanlılara qarşı soyqırımın başlanğıcı və 1918-1920-ci illərdə baş vermiş dəhşətli hadisələr isə azərbaycanlılara qarşı soyqırımı siyasətinin davamı oldu. 1905-ci ilin fevral ayında ermənilər tərəfindən Bakıda, Naxçıvanda, İrəvanda yüzlərlə azərbaycanlı qətlə yetirildi. 1918-ci ilin martında Bakıda, Qubada, Lənkəranda Şaumyanın rəhbərliyi altında ermənilər 10 min azərbaycanlını qətlə yetirdilər.
Azərbaycan Xalq Cümhuriyyəti qurulduqdan sonra yaradılan Azərbaycan Ordusu köməyə gələn Türkiyə qoşunlarının köməyi ilə erməni silahlı birləşmələrinə qarşı bir sıra uğurlu əməliyyatlar apararaq azərbaycanlıların kütləvi qırğınının qarşısını ala bildilər. Lakin türk qoşunları Azərbaycanı tərk etdikdən və Azərbaycan Xalq Cümhuriyyəti 1920-ci ildə süqut etdikdən sonra Ermənistan rus bolşeviklərinin dəstəyi ilə 1921-ci ildə Azərbaycanın Zəngəzur bölgəsini ələ keçirə bildi.
İki əsr ərzində Rusiyanın havadarlığı ilə ermənilərin Azərbaycana qarşı təcavüz siyasəti XX əsrin axırlarına yaxın daha kəskin bir hal aldı, ermənilərin iqtisadi-sosial problemlər bəhanəsi ilə Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi siyasəti davam etdirildi. Əslində, ermənilər bu planı gerçəkləşdirməyə 1923-cü ildə Dağlıq Qarabağa Muxtar Vilayət statusu verməklə başlamışdılar. Bununla kifayətlənməyən qatı erməni millətçiləri "Böyük Ermənistan" yaratmaq naminə tarixi həqiqətlərə məhəl qoymadan işğalçılıq siyasətlərini həyata keçirdilər və bununla da Dağlıq Qarabağ ərazisi və ona bitişik 7 rayonu işğal etdilər.

 

XX əsrin axırlarında erməni separatçılığı. Ermənistan-Azərbaycan münaqişəsinin yaranma tarixi


Sovet hakimiyyəti illərində öz məkrli niyyətlərini gizlədən ermənilər ermənipərəst Mixail Qorbaçovun (1985-1991-ci illərdə SSRİ rəhbəri olmuşdur) SSRİ rəhbərliyinə gəlişindən sonra fəal hərəkətə keçdilər. 1985-ci ilin dekabrında ABŞ-dakı erməni inqilabı federasiyası (daşnak partiyası) və erməni milli komitəsi Birləşmiş Ermənistan yaratmağı özlərinin strateji vəzifəsi elan etdi. "Birləşmiş Ermənistan" Naxçıvanı, Qarabağı və Gürcüstanın tərkibində olan Axalkalakini də özündə birləşdirməli idi.
Mixail Qorbaçovun milli siyasət sahəsində buraxdığı kobud səhvlərə qarşı öz etirazını bildirməklə ermənilərin planlarının həyata keçməsinə mane olan görkəmli dövlət xadimi, ümummilli liderimiz Heydər Əliyev 1987-ci ilin oktyabrında SSRİ rəhbərliyindən uzaqlaşdırıldıqdan dərhal sonra, 1987-ci ilin noyabrında Dağlıq Qarabağ erməniləri öz separatçı tələblərini irəli sürdülər və bununla da bu gün də öz həllini tapmamış Qarabağ problemi yarandı.
1988-ci il fevralın 20-də Dağlıq Qarabağ Muxtar Vilayəti Xalq Deputatları Sovetinin (DQMV XDS) yalnız erməni deputatlarının iştirakı ilə keçirilən növbədənkənar sessiyası vilayətin Azərbaycanın tərkibindən çıxarılıb Ermənistanın inzibati-ərazi bölgüsünə daxil edilməsi haqqında qərar qəbul etdi. Azərbaycan SSRİ Ali Soveti DQMV XDS-nin konstitusiyaya zidd qərarını rədd etdikdən sonra Ermənistanın millətçi rəhbərləri "Daşnaksütyun" partiyasının "Türksüz Ermənistan" proqramını həyata keçirməyə başladılar.
1988-ci il iyunun 15-də Ermənistan SSRİ Ali Sovetinin sessiyası DQMV-nin Ermənistana birləşdirilməsi haqqında qərar qəbul edərək SSRİ Ali Sovetinə müraciət etdi ki, buna razılıq versin. 1988-ci il iyulun 18-də SSRİ Ali Soveti Rəyasət Heyətinin iclası DQMV haqqında məsələni müzakirə edərək respublikalar arasında sərhədlərin dəyişdirilməsini yolverilməz hesab etdikdən sonra, erməni millətçiləri türklərin Ermənistandan çıxarılması üçün hər yerdə mitinqlər təşkil etməyə başladılar.
1988-ci ilin iyununda erməni dəstələri azərbaycanlılar yaşayan Masis rayonunun mərkəzinə və Zəngilər, Zəhmət, Dəmirçi, Dostluq, Nizami, Sarvanlar kəndlərinə basqınlar etdilər. Müdafiəsiz qalmış on mindən çox azərbaycanlı SSRİ-Türkiyə sərhədində toplaşaraq, orada gecələməyə məcbur olmuşdu. Masis qəsəbəsində 3 mindən çox azərbaycanlı evlərindən çıxarılmışdı.
1988-ci ilin noyabrın ortalarına qədər Azərbaycana 80 mindən çox qaçqın pənah gətirmişdi.
1988-ci ilin noyabr-dekabr aylarında Ermənistanın azərbaycanlı əhalisi yaşayan kəndlərə ərzağın göndərilməməsi, elektrik xətlərinin kəsilməsi, kəndlərə silahlı basqınlar əhalini öz tarixi vətənindən qaçqın düşməyə məcbur etdi.
1988-89-cu illərdə indiki Ermənistan ərazisində azərbaycanlıların yaşadıqları 170 təmiz və 94 qarışıq yaşayış məntəqəsi boşaldıldı. Ümumiyyətlə, Ermənistanın 22 kənd və rayonundan, 6 şəhərindən 200 mindən artıq azərbaycanlı tarixi-etnik torpaqlarından qovuldu.
Ermənistan rəhbərliyi azərbaycanlıların deportasiyasını başa çatdırdıqdan sonra, onların yaşadıqları kəndlərin adlarını dəyişdirməyə başladı. Son 200 ildə indiki Ermənistan ərazisində iki mindən artıq azəri-türk yaşayış məntəqəsi müxtəlif yollarla siyahıdan silinmiş, tarixi Azərbaycan torpaqlarında monoetnik Ermənistan dövləti yaradılmışdır.
1991-1993-cü illərdə Azərbaycanda yaranmış mürəkkəb ictimai-siyasi vəziyyətdən istifadə edən Ermənistanın silahlı qüvvələri Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ətrafda olan 7 rayonu - Laçını, Kəlbəcəri, Ağdamı, Füzulini, Cəbrayılı, Qubadlını və Zəngilanı işğal etməyə müvəffəq oldu.
2016-cı ildə Ermənistanın növbəti təxribatı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində də çox ciddi fəsadlara gətirib çıxarmışdır. Ermənistan daima danışıqları müxtəlif yollarla pozmağa çalışmış və beynəlxalq vasitəçilər tərəfindən onlara qarşı təzyiqlər artdığı halda növbəti təxribatlara əl atmağa başlamışlar. Aprel döyüşlərində və Günnüt əməliyyatında Azərbaycan əsgəri düşmən təxribatının qarşısını vaxtında alaraq hər cür təxribata inamla layiqli cavab verərək, əks-hücum əməliyyatı həyata keçirmiş və işğal altındakı torpaqların bir hissəsini düşmən tapdağından azad etmişdir. Aprel döyüşləri və Günnüt əməliyyatı bir daha onu göstərdi ki, vasitəçilərin də dəfələrlə bəyan etdikləri kimi status-kvo tezliklə dəyişdirilməli və işğal edilmiş torpaqlar azad edilməlidir.
Bu gün Azərbaycanın hərbi potensialının gücləndirilməsi prioritet olaraq qalmaqdadır. Azərbaycan Ordusu ən müasir döyüş texnikası, silah-sursatla öz arsenalını gücləndirməklə və döyüş, mənəvi-psixoloji hazırlığını artırmaqla daim döyüş qabiliyyətini gücləndirir. Hazırda Azərbaycanın ərazisinin 20 faizi düşmən işğalı altındadır. Həmin torpaqların azad edilməsi üçün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında məqsədyönlü siyasət aparılır. Bu fəaliyyətin tərkib hissəsi ordu quruculuğudur. Cənab Ali Baş Komandan ilk çıxışında ordu quruculuğunu daim öz diqqət mərkəzində saxlayacağını bildirmişdir: "Biz çalışacağıq və əminəm nail olacağıq ki, bu ordu daha da güclənsin və qarşıda duran bütün məsələləri həll edə bilsin".
Bir mərkəzdən idarə edilən, vahid komandanlığa tabe olan, müasir hərb elminin tələblərinə cavab verən Azərbaycan Ordusu  ümummilli lider Heydər Əliyevin başladığı və Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin uğurla davam etdirdiyi müdrik siyasət nəticəsində gündən-günə daha da möhkəmlənir, döyüş qabiliyyətini artırır.
İşğal olunmuş torpaqlarımızın azad edilməsi uğrunda aparılacaq döyüşlər hər bir  hərbi qulluqçudan öz vəzifə borcunu vicdanla yerinə yetirməyi, döyüş və ictimai-siyasi hazırlıq dərslərində, təlimlərdə hərbi biliklərə dərindən yiyələnməyi, intizamlı, mənəvi-psixoloji və fiziki cəhətdən hazırlıqlı olmağı tələb edir.

İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsi