Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

1 Fevral 2020 10:50

Şəkil sözü - şəklin sözü

Şəkil həm bir anın yaşadılan dərkidi, həm də bir anın dərkinin yaşadılan tarixi...
Məzmunlu şəkil həm zaman deməkdi, həm də məkan - zamanı və məkanı eyni görüntüdə birləşdirən həmin bir anın əbədiliyinin başlanğıcı deməkdi. Belə şəkillər mehr-ülfətlə, səmimiliklə, könül xoşluğuyla danışan, mətləb bildirən şəkillərdi. Uca ruhların qayibanə səsini eşidə bilənlər belə şəkillərin pıçıltısını da duyur. Çəkildiyi anın tarixi olan məzmunlu şəkil mətləb aça-aça, danışa-danışa tarixi yaşadır - tarixləşir.
Bir anın tarixi bəzən böyük mətləbləri, böyük mətləblər biçimində milli-xəlqi ruhun zərrəsini ifadə edir. Belə şəkillərdə hiss edilən, duyulan, güman edilən qüdrət var. Bu qüdrəti duyanlar onun səsini də eşidir; görən, eşidən düşünür, düşüncələri zaman anlamında sabahlara ad olan murazları gerçəkləşdirəcək qətiyyətin eyninə dönüb sabahların cəfakeşi olur. Bu düşündürən mətləb də yaşada-yaşada yaşanılır, yaşanıla-yaşanıla yaşadır. O anlarda sənə elə gəlir ki, bir əlin bu məzmunlu şəkli tarixləşdirən andadı, o biri əlin sabahlarda...
Müharibə torpaqlarımız işğaldan azad ediləndə başa çatacaq, Azərbaycan əsgəri Ali Baş Komandanın döyüş əmriylə 2016-cı ilin Aprel zəfərini Böyük Qələbəylə tamamlayacaq, səngərləri sərhədlərə köçürəcək. Bu dönməz əminlik Azərbaycanda ordu quruculuğunun uğurla davam etdirilməsinin əminliyidi, son illərdə həyata keçirilən irimiqyaslı islahatların, genişmiqyaslı təlimlərin, "TurAz Qartalı" formatında beynəlxalq təlimlərin Azərbaycan Ordusunun gücünü daha da artırdığının əminliyidir. Bu əminlik dünyanın ən güclü orduları sırasında olan Azərbaycan Ordusunun şəxsi heyətinin yüksək döyüş əzminin, yüksək qələbə ruhunun mahiyyətidi, bu mahiyyətin tarixləşəcək ifadəsidi...
Düşmənlə təmas xəttində - səngərin qənşərində bir anın tarixini yaşadan bu şəklə ürəyinin gözüylə baxanlar Azərbaycan əsgərini döyüş növbətçiliyindən döyüşə aparacaq yolun başlanğıcını görür, bu şəkli ürəyiylə dinləyənlər işğalda qalmış Cıdır düzünün, İsa bulağının, Qırxqızın, Ərgünəşin, Ərimgəldinin, Kirsin, ... harayını, qəhrəmanlarımızın döyüş yolunu davam etdirənlərimizin döyüşqabağı andını eşidir.
"Bu günün əsgəri zaman anlamında dünənin əsgərinin ruh qardaşıdı. Dünənin əsgəri Lələtəpənin, Bayraqtəpənin fatehi oldu, bu günün əsgəri Şuşanın fatehi olacaq. Ön xətdə, səngərdə əsgərlərlə söhbətlər sizi məhz bu gözəl, bu dönməz inama kökləyir. Döyüş növbətçiliyi aparanların, düşmənin hər tərpənişini nəzarətdə saxlayanların baxışları daha qətiyyətlidi. Bu qətiyyət döyüş əzmidi, qələbə ruhudu",  - şəkil belə deyir. Şəklin sözünü eşidənlər yerə-göyə inandığı qədərincə inanır ki, bu gün döyüş növbətçiliyi aparan əsgərlər Ali Baş Komandanın döyüş əmriylə ilk güllələri indi nəzarətdə saxladığı əraziyə ata-ata qələbə yoluna - Böyük Qələbənin başlanğıcına çıxacaq, son güllələri dövlət sərhədlərimizin o üzünə atacaq...
"Səngər Böyük Qələbənin yolları üstə müvəqqəti dayanacaqdı" mətləbi kimi baxılan bu şəkil Azərbaycan əsgərinin döyüşəqədərki hərbi xidmət amalını ifadə edir.
Bu məzmunlu, mahiyyətli şəklə baxanlar həm də Azərbaycan əsgərinin Hərbi anda, dövlətə, dövlətçiliyə - Vətənə sədaqətini görür, döyüş və mənəvi-psixoloji hazırlığının səviyyəsini görür, bu hazırlığın nəticəsi kimi döyüş əzmini, qələbə ruhunu görür. Görür və bu yaşarı ruhun min illərin o üzündə heysiyyət uvertürasına dönən səsini eşidir: Min illərlə bu torpağa düz ürəklə, təmiz, dürüst niyyətlə gələnlər duz-çörəklə qarşılanıb, bəd niyyətlə gələnlər kəsərli qılıncla. Sərhədlərimizin bu üzünə dikilən gözlər ovulub, sərhədlərin bu üzünə uzanan qara əllər biləyindən kəsilib; torpağı vətənləşdirənlər qılınc çalıb, ürəyi xılt bağlayanların ömrünü tükəndirib, zamanında Dədə Qorqudun özünün, sonralar ruhunun alqışını eşidib: Şüurunuz yerisin, axar bulaqlarınız qurumasın, çiçəkləriniz vaxtsız saralmasın, baxtınız-yığvalınız yeyin olsun!
... Hər məzmunlu şəkil duyanlara, milli-xəlqi ruhun səyyarələrinə bir mətləb yaşadır. Bu şəkil də tarixdi, Azərbaycan əsgərinin qazanacağı Böyük Qələbəyə inamın, torpaqlarımızın işğaldan azad ediləcəyinə əminliyin ifadəsidi.

Rəşid HÜSEYNOV, "Azərbaycan Ordusu",
foto  Coşqun CƏFƏROVUNDUR