Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

29 Yanvar 2020 09:52

Azərbaycan Ordusunun şəxsi heyəti ilə keçirilən ictimai-siyasi hazırlıq dərsi

(İctimai-siyasi hazırlıq dərsinin qrup rəhbərinə dərsə hazırlaşmaq üçün kömək)

Mövzu: Azərbaycan dövlətçiliyinin yaranma tarixi və inkişaf mərhələləri.

İctimai-siyasi hazırlıq qrupunun rəhbərinə bu dərsə hazırlaşarkən Azərbaycan tarixinə dair tarixi və digər müvafiq ədəbiyyatdan istifadə etmək və mövzunu bölmənin gündəlik həyatı ilə bağlamaq tövsiyə olunur.

Suallar:

1. Qədim Azərbaycanda dövlətçilik ənənələri.

2. Orta əsrlər Azərbaycan dövlətləri haqqında.

3. XIX əsrdə Azərbaycanın Rusiya tərəfindən işğalı ərəfəsində Azərbaycan  dövlətçiliyi.

4. Azərbaycanın dövlət müstəqilliyi dönməzdir, əbədidir.

 

Qədim Azərbaycanda dövlətçilik ənənələri


Azərbaycan xalqı qədim və zəngin dövlətçilik tarixinə malikdir və xalqımızın siyasi varlığında dövlətçilik mühüm əhəmiyyət kəsb edir. Azərbaycan xalqı dünyanın ən qədim dövlətçilik ənənələrinə malik olan xalqlarındandır: Azərbaycan xalqı təqribən 5 min illik dövlətçilik tarixinə malikdir. Azərbaycan ərazisində ilk dövlət qurumları və ya etnik-siyasi birliklər hələ eramızdan əvvəl IV minilliyin sonu - III minilliyin əvvəllərindən başlayaraq, Urmiya gölü hövzəsində yaranıb. Burada meydana gəlmiş ən qədim Azərbaycan dövlətləri bütün regionun hərbi-siyasi tarixində mühüm rol oynayırdılar. Həmin dövrdə Azərbaycan ərazisində Dəclə və Fərat vadilərində yerləşən və dünya tarixində dərin iz qoymuş qədim Şumer, Akkad və Aşşur (Assuriya) dövlətləri, habelə, Kiçik Asiyadakı Het dövləti arasında sıx qarşılıqlı əlaqələr vardı. Güclü xarici siyasət yürüdən qədim Azərbaycan dövlətləri regionda öz qüdrətilə fərqlənən siyasi qurum kimi çıxış edirdilər. Tarixi Azərbaycan torpaqlarında yaranan dövlətçilik ənənələri inkişaf etdi, daha da yüksəldi, yeni-yeni dövlətlərin yaranmasına səbəb oldu. Bu dövlətlər vahid xalqın - Azərbaycan xalqının təşəkkülü prosesində həlledici rol oynadılar.
Bəzi ehtimallara görə, "Azərbaycan" adı bir tərəfdən bu ərazidə eradan çox-çox əvvəl yaşayan əhalinin əksəriyyətinin odla bağlılığını göstərir. "Azər" -od, atəş deməkdir. Əbədi yanar od qədim zamanlardan Azərbaycanın simvolu hesab olunub. Bu baxımdan da Azərbaycan dünyada "Odlar Yurdu" kimi tanınır. Digər ehtimallara görə isə bu ad Azərbaycan ərazisində qədim zamanlardan yaşayan türksoylu tayfaların adından götürülmüşdür. "Ər kişi", "ər oğlu", "od qoruyan" mənasını verən "Azərbaycan" bu ərazidə yaşayan qədim türkdilli qəbilənin adından əmələ gəlib.
Azərbaycan ərazisində məlum olan ilk dövlət qurumu Arattadır. Aratta ölkəsi Cənubi Azərbaycanda e.ə. III minilliyin birinci yarısında meydana gəlmiş ilk dövlət qurumu idi. Onun ərazisi Urmiya gölünün cənub və cənub-şərq sahilini əhatə edirdi.
E.ə. I minilliyin əvvəlində Cənubi Azərbaycan ərazisində Urmiya gölü hövzəsində mərkəzləşmiş dövlətin yaranması üçün şərait yaranır və yeni dövlət Manna adlanır. E.ə. VI əsrin əvvəlində qədim Azərbaycanın Manna dövləti süquta uğradı.
Bundan sonra Araz çayından şimalda və cənubda yerləşən Azərbaycan torpaqları müstəqil hakimiyyət idarəsini saxlamaqla İran Əhəmənilər sülaləsindən asılı olmuşdur.
Makedoniyalı İsgəndərin dövründə Urmiya gölü hövzəsində müstəqil padşahlıq Adərbayqan (Atropatena) dövləti idi. Tarixi mənbələrdə Adərbayqan ilə əlaqədar hadisələr e.ə. III əsrin sonuna aid qaynaqlarda yad edilir.
Azərbaycanın Araz çayından şimalda yerləşən torpaqları Albaniya adlandırıldı. Albaniya şimalda Dağıstan, qərbdə Şərqi Gürcüstan, cənub və cənub- qərbdə Adərbayqan ilə həmsərhəd idi. Albaniyanın paytaxtı əvvəl Qəbələ, sonra isə Bərdə olmuşdur. Albaniya dövləti VII əsrin sonlarına, Azərbaycan ərəblər tərəfindən işğal edilənə qədər öz müstəqilliyini qoruyub saxlaya bilmişdir.

 

Orta əsrlər Azərbaycan dövlətləri haqqında


IX əsrin ortalarından Azərbaycanın qədim dövlətçilik ənənələri yenidən dirçəldi. Azərbaycanda yeni siyasi dirçəliş başlandı. İslam dininin yayılmış olduğu Azərbaycan torpaqlarında Sacilər, Şirvanşahlar, Salarilər, Rəvvadilər və Şəddadilər dövlətləri yarandı. Müstəqil dövlətlərin yaranması nəticəsində siyasi, iqtisadi və mədəni həyatın bütün sahələrində oyanış baş verməkdə idi. Azərbaycan tarixinin intibah dövrü başlanırdı. 600 ilə qədər davam edən sasani və ərəb əsarətindən sonra yerli dövlətlərin (Sacilər, Şirvanşahlar, Salarilər, Rəvvadilər) yaranması, islam dininin bütün ölkə ərazisində əsas təkallahlı dinə çevrilməsi Azərbaycan xalqının etnik təkamülündə, vahid dilin və mədəniyyətin təşəkkülündə mühüm rol oynadı. İslam dini, eyni zamanda, Azərbaycanı idarə edən ayrı-ayrı feodal sülalələrinin tez-tez bir-birini əvəz etdiyi bir tarixi şəraitdə bütün Azərbaycan əhalisinin - həm xalqımızın təşəkkülündə başlıca rol oynayan müxtəlif türk tayfalarının, həm də onlarla qaynayıb-qarışmaqda olan qeyri-türk etnoslarının yadelli qəsbkarlara qarşı vahid qüvvə halında birləşməsində də mütərəqqi rol oynadı.
Ərəb xilafətinin tənəzzülündən sonra - IX əsrin ortalarından başlayaraq Qafqazda, habelə, bütün Yaxın və Orta Şərqdə türk-islam imperiyalarının rolu artdı. Sacilər, Şirvanşahlar, Salarilər, Rəvvadilər, Şəddadilər, Şəki hakimləri, Səlcuqlar, Eldənizlər, Monqollar, Elxanilər-Hülakular, Çobanilər, Cəlayirlər, Teymurilər, Osmanlılar, Qaraqoyunlular, Ağqoyunlular, Səfəvilər, Əfşarlar, Qacarlar və başqa türk-islam sülalələrinin idarə etdikləri dövlətlər təkcə Azərbaycanın, həmçinin, bütövlükdə Cənubi Qafqazın deyil, eyni zamanda, bütün Yaxın və Orta Şərqin dövlətçilik tarixində dərin iz qoydular.

 

XIX əsrdə Azərbaycanın Rusiya tərəfindən işğalı ərəfəsində Azərbaycan dövlətçiliyi


XVIII əsrin ikinci yarısında mərkəzi hakimiyyətin zəifləməsindən istifadə edən feodallar arasında gedən müharibələr nəticəsində Azərbaycan ərazisində feodal dövlətləri - xanlıqlar meydana gəldi.
Şəki xanlığı (1743-1819) Hacı Çələbi Qurban oğlu tərəfindən yaradılmışdır. Quba, Şamaxı, Qarabağ və Gəncə xanlıqları ilə həmsərhəd olmuşdur.
Qarabağ xanlığı (1748-1822) Pənahəli xan tərəfindən əsası qoyulmuşdur. Şəki, Şamaxı, Gəncə, İrəvan, Naxçıvan, Qaradağ xanlıqları ilə həmsərhəd olmuşdur.
Quba xanlığı (1747-1810) Hüseynəli xan tərəfindən əsası qoyulmuşdur. Dərbənd, Şəki, Şamaxı və Bakı xanlıqları ilə həmsərhəd olmuşdur.
Şamaxı xanlığı (1747-1820) Məhəmməd Səid və Ağası qardaşları tərəfindən əsası qoyulmuşdur. Quba, Şəki, Qarabağ və Bakı xanlıqları ilə həmsərhəd olmuşdur.
Azərbaycanın cənub şərqində Talış dağları, Xəzər dənizi və Muğan düzü arasında əsası Seyyid Abbas tərəfindən qoyulmuş Lənkəran xanlığı (1747-1826) yerləşirdi.   
Qarabağ, Naxçıvan və Maku xanlıqları, Osmanlı dövləti, Kartil-Kaxetiya çarlığı, Borçalı, Qazax sultanlıqları ilə həmsərhəd olan əsası Mir Mehdi xan tərəfindən qoyulan Ağrı vadisi, Dərələyəz və Göyçə gölü arasında İrəvan xanlığı (1747-1828) yerləşmişdir. 
Zəngəzur sıra dağlarından Araz vadisinə qədər olan ərazidə Naxçıvan xanlığı (1747-1828), Murovdağ silsiləsindən Kür çayınadək Gəncə xanlığı (1747-1804) yaranmışdı. Abşeron yarımadasında Bakı xanlığı (1748-1806), Kür ilə Araz qovşağında Cavad xanlığı (1747-1796), şimalda Dərbənd xanlığı (1747-1806), Azərbaycanın cənubunda Təbriz, Ərdəbil, Xoy, Qaradağ, Sərab, Marağa, Maku, Urmiya, Zəncan, Xalxal xanlıqları yarandı.
XVIII yüzilliyin sonu-XIX yüzilliyin əvvəllərində Azərbaycanın  daxili və xarici siyasi vəziyyəti çox mürəkkəb idi. Əvvəl Şəki, sonra isə Quba xanlıqlarının Azərbaycan torpaqlarını öz ətrafında birləşdirmək, vahid Azərbaycan dövləti yaratmaq cəhdləri baş tutmadı. Buna bir tərəfdən ölkənin sosial-iqtisadi geriliyi, digər tərəfdən isə xarici istilalar, İran və Rusiyanın bu yerlərə qəsbkar yürüşləri mane olurdu. Belə bir şəraitdə Azərbaycana göz dikmiş İran və Rusiyanın hərbi planlarına qarşı dura biləcək qüvvə yox idi.
Çar Rusiyası yeni torpaqlar zəbt etməyə, tutduğu yerləri Rusiya sənayesi üçün xammal mənbələrinə, satış bazarlarına çevirməyə can atırdı. 1804-1813-cü illərdə I Rusiya-İran və 1826-1828-ci illərdə II Rusiya-İran müharibəsi nəticəsində Azərbaycan rus qoşunları tərəfindən işğal edildi. Rusiya-İran müharibələri nəticəsində 12 oktyabr 1813-cü il Gülüstan sülh müqaviləsinə əsasən Naxçıvan və İrəvan xanlıqlarından başqa bütün Azərbaycan torpaqları, 10 fevral 1828-ci il Türkmənçay müqaviləsinə əsasən isə  Azərbaycanın Araz çayından şimal hissəsi Rusiya imperiyasının ərazisinə qatıldı.

 

Azərbaycanın dövlət müstəqilliyi dönməzdir, əbədidir


1918-ci il mayın 28-də öz müstəqilliyini elan edən Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı və bolşeviklərin Azərbaycana hücumu nəticəsində 1920-ci ilin aprelində süqut etdi. Lakin Azərbaycan xalqının öz dövlətini qurmaq, müstəqil olmaq uğrunda mübarizə eşqini söndürmək mümkün olmadı. 1991-ci ildə xalqımız öz sarsılmaz iradəsi və inadkarlığı sayəsində müstəqilliyinə nail oldu. 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Soveti "Azərbaycanın dövlət müstəqilliyinin bərpası haqqında" Konstitusiya Aktını qəbul etdi. Azərbaycan yenidən müstəqil oldu.
Azərbaycanda dövlətçilik ənənələrinin bərpa edilib inkişaf etdirilməsi, müstəqilliyimizin möhkəmləndirilməsi, onun əbədi və dönməz xarakter alması, beynəlxalq nüfuzunun sürətlə artması, məhz ümummilli lider Heydər Əliyevin fəaliyyəti sayəsində mümkün olub. Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycan tarixində ən yeni eranın əsasını qoyan, dövlətçiliyi yenidən bərpa edən, onun ideoloji, iqtisadi və siyasi əsaslarını formalaşdıran böyük dövlət xadimidir. Ötən əsrin 90-cı illərində 5 min illlik yaşı olan Azərbaycan dövləti parçalanmış vəziyyətdə idi. Belə olan halda, xalqın güclü idarəetmə qabiliyyətinə malik liderə ehtiyacı vardı. O, hakimiyyətə gələrək, pərakəndə halda olan dövləti inkişaf edən hüquq sisteminə çevirməyə müvəffəq oldu. Formal olaraq, müstəqil olan ölkədə dövlətçilik ənənələrini formalaşdırdı. Məlumdur ki, 90-cı illərin əvvəllərində ölkədə etnik, regional, sosial-ideoloji və separatçılığa söykənən tendensiya hökm sürürdü. Azərbaycan cəmiyyətinin daxili və mürəkkəb mikrostrukturunun təbəqələri heç də müstəqil dövləti milli sərvət kimi qəbul etmirdilər. Bu düşüncəni dəyişmək lazım idi. Ulu öndər Heydər Əliyev bunu təmin etməyi bacardı. Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Heydər Əliyev siyasətinin layiqli varisi olaraq, xalqın etimadına söykənən siyasi fəaliyyəti ilə ölkəni ən qabaqcıl dövlətlər sırasına yüksəltməkdə davam edir. Məhz ümummilli lider Heydər Əliyevin xidmətləri nəticəsində hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu yolu ilə inamla irəliləyən müstəqil respublikamızda vətəndaş cəmiyyətinin formalaşması, qanunun aliliyinin təmin edilməsi, dilindən, dinindən asılı olmayaraq, bütün vətəndaşların hüquq və azadlıqlarının qorunması üçün ən yüksək tələblərə cavab verən normativ-hüquqi baza yaradılıb.     
Hüquqa və ədalətə söykənən vətəndaş cəmiyyətinin əsası qoyulub və onun təkmilləşdirilməsi üçün etibarlı zəmin yaradılıb. Təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş demokratik dövlət quruculuğu prosesi bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Çıxışlarının birində dövlət başçısı cənab İlham Əliyev demişdir: "Müstəqilliyi bərpa etdikdə, biz dövlətimizi qurmalı və siyasi sistemimizi transformasiya etməli idik. Bu səbəbdən, siyasi və iqtisadi islahatlar paralel şəkildə aparılırdı. Biz aydın başa düşdük ki, təbii sərvətlər ölkənin transformasiyası və Azərbaycanın davamlı inkişafının təmin olunması üçün kifayət etməyəcək. Bu səbəbdən, siyasi islahatlar, demokratik proses və azadlıqlarla bağlı məsələlər bizim diqqət mərkəzimizdə olmuşdur. Bu gün Azərbaycanda bütün fundamental azadlıqlar - siyasi azadlıq, media azadlığı, azad internet, din azadlığı təmin edilib. Bu isə inkişafın əsası və təməli deməkdir".
Hər bir Azərbaycan vətəndaşı Azərbaycan dövlətçiliyinin tarixini bilməli və onunla fəxr etməlidir. Bu gün hər birimiz əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlətçilik amallarını, yüksək ideyalarını yaşatmaq və gələcək nəslə çatdırmaq, Azərbaycan tarixinin yeni şanlı səhifələrini yazmaq naminə onun ətrafında sıx birləşərək, əlimizdən gələni əsirgəməməliyik.                                         

İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsi