Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

25 Yanvar 2020 10:16

Salam, Şuşa! Salam, çiçək!

Sulu qar yağır...
30 il əvvəl də soyuğuydu. Sazaqda üç-dörd gündən sonra Şəhidlər xiyabanı adlandırılacaq Dağüstü parkda 20 Yanvar şəhidlərinə əbədiyyət ünvanı hazırlayırdıq; şəhidlərin hamısı hamımızın əziziydi. 30 ildən sonra onları ön xətdə, səngərdə həmin doğmalıqla anırıq.
Zabit Ruslan Novruzov əsgərlərə xitabən deyir:
- 20 Yanvar şəhidlərini əbədiyyətə çiyinlərində sizin atalarınız aparmışdı, onların amalını siz gerçəkləşdirəcəksiniz, Ali Baş Komandanın döyüş əmriylə torpaqlarımızı işğaldan siz azad edəcəksiniz!..
Səngərdə 19 yanvar gecəsindən, rus imperiyasının törətdiyi qətliamdan danışırıq. Əsgərlər "19 yanvar  gecəsi azərbaycançılıq, xalqın müstəqillik mübarizəsi rus imperiyasını məğlub etdi...", - deyirlər. Bu kəlmələr qışın sazağını yumşaltmaq qüdrətindədi...
Söz-sözü çəkir...
Əsgərlərdən biri "Ermənistanın Azərbaycandan torpaq iddiası müstəqillik mübarizəsini kükrətdi", - deyir, biri "Rus imperiyası bu kükrəyişdən qorxuya düşdü", - deyir, biri "O qorxu məğlubiyyətlə nəticələndi", - deyir,... Zabit Ruslan Novruzov söhbətin başlanğıcında deyilənləri ümumiləşdirir: "Tarixən heç bir imperiya əsarətdə saxlamaq istədiyi xalqın mübarizə əzmindən, azadlıq istəyindən güclü ola bilməyib..."
"Müharibə torpaqlarımızda səngərlər yaratdı. Səngər də Vətən torpağıdı. Səngərdə Vətən kəlməsinin yozumu da, dərki də duyğudan daha çox düşüncəyə görədi. Fikrim təkrara yozulmasa, deyərdim ki, "Vətən, səndən ayrı ömrü neynirəm" deyənlər üçün səngər Böyük Qələbənin yolları üstə müvəqqəti dayanacaqdı. Müqəddəsliyin qorunmasında  mühüm vasitə olan səngərlərdə bütün söhbətlərin mahiyyəti Vətəndi, torpaqdı, qələbədi, şükranlıq yaşadacaq anların intizarıdı,...", - deyirəm.
Hamımız əminik ki, şaxta-sazaq səmimi kəlmələşməni üşüdə bilməyəcək.
Döyüş növbətçiliyindən söz düşür. Ötən ay səngərdə əsgərlərdən birinin dediklərini xatırlayıram:
- "Vətən, səndən ayrı ömrü neynirəm" deyən əsgərin yaşadığı duyğuları  hamımız yaşamışıq, yəni, hamımızın hərbi xidməti bu zəruri başlanğıcdan keçir. Uzaqdan  uzağa da olsa elə gözəl, yaddaqalan, düşündürücü fikirlərinə, döyüş növbətçiliyi haqqında dediklərinə və həmin duyğuları unutmadığına görə, o əsgərə sağ ol deyirik.
Onda əsgərin qaşları çatılmışdı, narahatlıqla alnını ovuşdurmuşdu, nələrisə xatırlamışdı, xatırladıqlarından düşüncələrinə işıq düşmüşdü:
- Bəlkə də onu heç zaman tanımayacam. Tanısam da,  tanımasam da, onu ürəyimdə yaşadacam. Bəlkə də heç zaman qarşılaşmayacağıq. İstəyirəm bilsin ki, qazaxlı Səlim Şükürov ad-soyadlı bir qardaşı da var. Dağ dağa rast gəlməz, insan insana rast gələr. Gec, ya tez.
Bir anlığa mənə elə gəlmişdi ki, əsgər Səlim Şükürov nəyisə, nələrisə dəqiqləşdirmək istəyir - sözünə ara vermişdi, yoldaşlarından nəsə soruşmaq istəmişdi. Soruşmamışdı. Sözünə ara verməsi nələrisə dəqiqləşdirmək üçünmüş. Fikrindən daşınmışdı. Araya nizamsız bir sükut çökmüşdü. Bu nizamsız sükutun içindən beş-on addım aralıda hərdən əsən, hərdən kəsən yelin təsirindən yarpaqları titrəşən ağaca baxmışdıq. Saralmaqda olan yarpaqların titrəyişində qəribə bir kövrəklik vardı. Bu duyğusal görüntü əsgər Səlim Şükürovun düşüncələrini nizama salmışdı, fikirlərini öz axarına qaytarmışdı:
- O əsgərlə Cıdır düzündə görüşməyi arzulayıram. Əvvəl-əvvəl tanımaza-bilməzə təbrikləşək, sonra tanış olaq, mətləb verib mətləb alaq, bu günü, bugünkü söhbəti xatırlayaq. "Sənə bir təşəkkür borcum var", - deyəm, qoşa qollarım kürəyində çarpazlaşa...
Bu boyda istək, istəkdən də ötə olan niyyət bir ürəyə sığa bilməzdi - sığmadı, ürək bu istəyə, niyyətə darlıq edərdi - darlıq etdi...
Bu duyğusal söhbətin mahiyyətini təkcə bir əsgərin başqa bir hərbi hissədə deyilmiş dəyərli  fikirləri - belə fikirləri şəxsi heyətin mənəvi-psixoloji hazırlığında dəyərli didaktik tezislər hesab edirəm - ancaq xatırlatma kimi yaşamışdım. Bu söhbətin mahiyyətində - Azərbaycan əsgərinin düşüncələrində hərbi xidmətə sədaqətin, döyüş növbətçiliyində məsuliyyətin, əsgər dostluğuna ehtiramın, zabitlərə sayğının, hörmətin, etimadın,... səviyyəsini, xalqın istəyinin ifadəsini, bu istəyin zərrəsi olan fərdi istəyin qətiyyətini duymuşdum, eşitdiklərimi yaddaşıma da yazmışdım, düşüncələrimə də hopdurmuşdum...
Ezamiyyətdə əsgər Səlim Şükürovun yerə-göyə sığışmayan istəyi haqqında kəlmələşmişdik. Əsgərlərdən biri qələbə haqqında danışmışdı, biri Böyük Qələbə haqqında, biri Şüküratazı, biri Ərgünəşi, biri Şuşanı xatırlatmışdı, biri - əsgər Əhməd Seyidov Cıdır düzündən dərəcəyi çiçəklərdən söz açmışdı. Əsgər Tahir Qasımov Əhməddən yarızarafat-yarıciddi soruşmuşdu ki, o çiçəkləri kimə aparacaqsan. Əhməd bir anlığa duruxmuşdu, alnına soyuq tər gəlmişdi, gözləri dolmuşdu. Gecdən gec "Şəhidlər xiyabanına aparacam, şəhid qardaşıma...", - demişdi.
Araya ruhu candan aralayan sükut çökmüşdü. Belə ağır, üzücü sükutu balaca Zəhranın dəfnindən bir neçə gün sonra Füzulinin Alxanlı kəndində də yaşamışdıq, şair Abdulla Qurbaninin elegiyasını dinləyəndə. Elegiya təkcə balaca Zəhranın ölümünə şair kədərinin ifadəsi deyildi, bu elegiya  uşaq ölümlərinə, müharibələrə şair etirazıydı, azyaşlı Zəhranın ruhuna ədəbiyyatın təsəllisiydi...
...Səngərə ruhu candan aralayan sükut çöküb. Düşüncələrin nizamını tərpədən, düşüncələri nizama salan belə məqamları adiliklə yaşamaq mümkün deyil. Belə mümkünsüzlüklərin sıxıntılarını yumşaltmağa təsəlli gərəkdi. Bütün vətənsevərlər, Vətənin ucalıq mərtəbəsində qorunmasının cəfakeşləri müharibə başlayandan bəri bütün sıxıntılara, ağrı-acılara bircə təsəlli bilib - torpaqlarımızın işğaldan azad edilməsi. Bu qadir  təsəlli tarixi təsəlli olacaq, Ali Baş Komandanın döyüş əmrini tamamlayacaq Böyük Qələbəylə yaşanılacaq...
Əsgər Səlim Şükürovun tanımadığı əsgərlə Böyük Qələbədən sonra Cıdır düzündə  qarşılaşma, görüşmə, təbrikləşmə, bundan sonra tanışlaşma istəyində də, çiçək dərmə niyyətində də bir ehtiram var. Belə bəşəri ehtiramlar  ictimaiyyətin orduya münasibətinin ifadəsidi...
Zabit Etibar Hacıyev əsgərlərdən soruşur: "Əsgər Səlim Şükürovun Cıdır düzündə tanımadığı, mənəvi qardaş  bildiyi bir  əsgərlə görüşmək istəyi, çiçək dərmə niyyəti nələri ifadə edir?" Əsgər Rəhman Alıyev deyir - Azərbaycan əsgərinin vətənsevərliyini, döyüş əzmini, qələbə ruhunu, yüksək döyüş hazırlığını tamamlayan mənəvi-psixoloji hazırlığının səviyyəsini. Əsgər Kərim Kəbiyev deyir - Ali Baş Komandanın döyüş əmrinə hazır olduğunu, döyüş əmrini qələbəylə tamamlayacağına əminliyini. Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Vaqif Əliyev deyir - ordunun xalqa arxalandığını, bunların vəhdətini, bu vəhdətin  Vətən sevgisinin tərkib hissələrindən biri olduğunu,...
Cıdır düzündən dəriləcək çiçəklər amilində doğmalıq, yaxınlıq-uzaqlıq çaları yoxdu:
Tovuzda Şəhidlər xiyabanında həmişə 19 yaşında qalacaq bir oğulun - şəhid əsgərin daş baxışları məni varımdan yox eləmişdi, baxışlarım daş  baxışlardan üzülmürdü. Kimsə çiynimə toxunmuşdu,  qanrılıb baxmışdım. Çingiziymiş.
- Tanıyırdınmı? - canıyananlıqla soruşmuşdu.
- Tanıyırdım, - demişdim.
- Kiminiydi?  Kimiydi?
- Azərbaycanın əsgəriydi, Azərbaycan əsgəriydi...
Yəni, hər şəhid hər birimizin əzizidi...
...Səngərdə döyüş növbətçiliyi haqqında başlayan söhbətdə əsgərin, əsgərlərin  düşüncələrindən mənim də düşüncələrim barınır. Bu səmimi, düşündürücü söhbət xalqın bəşəri istəyiylə, ordudan gözləməsiylə tamamlanır. Belə tamamlanma hər birimizə könül xoşluğu verir. Bir daha əmin oluruq ki, müharibədə, müharibə şəraitində Azərbaycan əsgərinin döyüş növbətçiliyinin mahiyyəti torpaqlarımızın işğaldan azad edilməsidi - qələbədi, şəhidlərimizin  məzarına Cıdır düzündən dərilmiş bir dəstə çiçək aparmaqdı,...
Biri digərini tamamlayan iki səngər söhbəti, bu söhbətlərdə Səlim Şükürovun və Əhməd Seyidovun dediklərini Azərbaycan əsgərinin ictimaiyyətə sözü bilmişdim. Bu söz zəmanət qüdrətindəydi: Azərbaycan əsgəri yaxın vaxtlarda işğalı sonlandıracaq. Bu zəmanət-söz, söz-zəmanət əminliyiydi. Bir daha  ona da əmin olmuşduq ki, şəhidlərimiz əbədiyyən unudulmayacaq.
Böyük Qələbə ərəfəsində Azərbaycan əsgəri qətiyyətlə, inamla deyir ki, Cıdır düzündə görüşəcəyik.
Əsgərlərin əhatəsində xəyalən əsgər Səlim Şükürova xitabən deyirəm ki, qardaş bildiyin o əsgərlə Cıdır düzündə sən də görüşəcəksən. O görüşdən yazacağım reportajı "Salam, Cıdır düzü, salam, əsgər qardaşım!" adlandıracam. Səninlə həmin əsgərin qoşa şəklinə şəkil sözü olaraq yazacam: Qələbə günü - görüş günü...
...Döyüş əzmindən, qələbə ruhundan danışırıq...
Ali Baş Komandanın döyüş əmriylə torpaqlarımızın işğaldan azad ediləcəyindən danışırıq...
Söz sözü çəkir. Söhbətin əvvəlində dediyim bir fikri müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Vüsal Xəlilov duyğusallıqla təkrarlayır: "...səngərlərdə bütün söhbətlərin mahiyyəti Vətəndi, torpaqdı, qələbədi... Əsgərlər qürurla "Salam, Şuşa! Salam, çiçək!" nidasının göy üzünə yayılacağı günə az qalıb" deyirlər...

Rəşid HÜSEYNOV, əməkdar jurnalist,
fotolar C.CƏFƏROVUNDUR