Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

18 Yanvar 2020 11:38

Azərbaycan Ordusunun şəxsi heyəti ilə keçirilən ictimai-siyasi hazırlıq dərsi

(İctimai-siyasi hazırlıq dərsinin qrup rəhbərinə dərsə hazırlaşmaq üçün kömək)

Mövzu: Azərbaycan Respublikasında dövlətin gənclərə diqqət və qayğısı. 2 Fevral Gənclər Günüdür.

 

Suallar:

1. Azərbaycan gəncliyi müstəqilliyimizin ilk illərində. Ümummilli lider Heydər Əliyevin gənclərimizə diqqət və qayğısı.

2. Azərbaycan gənclərinin milli mənəvi ruhda tərbiyəsi, onların problemlərinin həlli dövlətimizin diqqət mərkəzindədir.

3. Müstəqilliyimizi qorumaq hər bir Azərbaycan gəncinin müqəddəs borcudur.

 

Azərbaycan gəncliyi müstəqilliyimizin ilk illərində. Ümummilli lider Heydər Əliyevin gənclərimizə diqqət və qayğısı


Tarixən hər bir xalq özünün xoşbəxt gələcəyə olan ümidlərini, ilk növbədə, gənc nəslə bağlayır. Gənc nəslin yetişdirilməsi hər bir xalq üçün ən başlıca məsələdir. Dünyanın istənilən ölkəsində gənclər sosial-iqtisadi inkişafın aparıcı qüvvələrindən biri, cəmiyyətin islahatları hərəkətə gətirən qüvvəsi və yaşlı nəslin davamçısı hesab olunurlar. Gənclər cəmiyyətin ən dinamik qüvvəsi olmaqla ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatda fəal iştirak edir, ölkədə baş verən bütün proseslərin mərkəzində dayanırlar. Nəsillər dəyişir, ölkələr inkişaf edir, ancaq ənənələr, milli dəyərlər gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması onun mənsub olduğu xalqın rifahının və ölkənin çiçəklənməsinin rəhni olaraq qalmaqdadır.
Müstəqilliyin ilk dövrlərində əhalinin bütün təbəqələri, sosial qrupları arasında müşahidə olunan milli oyanış, sosial-siyasi fəallıq gənclərdən də yan keçmədi. Azərbaycan gəncliyində müstəqilliyimizin bərpası ilə yeni prinsiplər və həyata yeni baxışlar sistemi formalaşmağa başladı. Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünün qorunması, ölkədə hüquqi-demokratik dövlət quruculuğu prosesinin həyata keçirilməsi vəzifələri, gənclərin ümummilli dövlət mənafeləri əsasında səfərbər olunması, vahid gənclər siyasiətinin hazırlanıb həyata keçirilməsi zərurətini ortaya atdı.
Respublikamızda gənclərlə iş sahəsində dönüş isə 1993-cü ilin iyununda ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra aradan qaldırılmağa başlandı və gənc nəslə qayğı dövlətin ən mühüm fəaliyyət sahələrindən birinə çevrildi. Məhz 1993-cü ildən başlayaraq Azərbaycanda dövlət gənclər siyasəti təşəkkül tapmağa başladı.
Ölkə rəhbərliyinə gəldikdən az sonra 1993-cü il sentyabrın 23-də gənclərin problemləri ilə dərindən maraqlanaraq onların böyük bir qrupu ilə görüş keçirən ulu öndər Heydər Əliyev tərəfindən 26 iyul 1994-cü il tarixdə Gənclər və İdman Nazirliyinin yaradılması haqqında Fərmanın imzalanması respublika gənclərinin fəaliyyətinin təşkilatlanması istiqamətində ilk addım oldu. 
Cəmiyyətdə gənclərin rolunun genişləndirilməsi istiqamətində növbəti addım isə 1996-cı ilin fevralın 2-də ilk dəfə olaraq müstəqil Azərbaycan Respublikasının Gənclərinin I Forumunun keçirilməsi oldu. Forumda gənclərin vəziyyəti və problemləri ətraflı müzakirə olundu. Ümummilli lider Heydər Əliyev forum iştirakçıları qarşısında proqram xarakterli nitq ilə çıxış edərək müstəqil Azərbaycan Respublikasının gəncləri qarşısında konkret vəzifələr qoydu.
1997-ci il fevralın 1-də forumun birinci ildönümü münasibətilə gənclərin bir qrupunun qəbulu və 2 fevralın Azərbaycan Gəncləri Günü elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin imzaladığı Fərman gənclərimizə göstərilən diqqətin daha bir parlaq nümunəsi oldu. Həmin vaxtdan etibarən hər il 2 fevral Azərbaycan gənclərinin bayramı kimi təntənəli şəkildə qeyd olunur.
1999-cu il martın 2-3-də gənclərin II Forumu keçirildi. Forumun işində iştirak edən Ulu Öndər gənclərə diqqət və qayğı göstərilməsinin vacibliyini bir daha vurğuladı, ayrı-ayrı dövlət orqanlarının qarşısında bu sahədə bir sıra vəzifələr qoydu.
1999-cu il iyulun 29-da ümummilli lider Heydər Əliyev tərəfindən imzalanmış "Dövlət gənclər siyasəti haqqında" fərman dövlət gənclər siyasətinin həyata keçirilməsində keçmişimiz və bu günümüzlə bağlı tarixi, mənəvi-əxlaqi, mədəni dəyərlərimizin daşıyıcıları olan gənclərə diqqətin artırılması üzrə dövlət orqanlarının vəzifələrini müəyyənləşdirdi.
Azərbaycan Respublikası Prezidentinin 6 may 2002-ci il tarixli fərmanı ilə uşaq və gənclərin hərtərəfli inkişafını təmin etmək, problemlərinin həlli və hüquqlarının müdafiəsi sahəsində daha təsirli tədbirlər görmək üçün gənclər siyasətini tənzimləyən "Gənclər Siyasəti haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindi.
2003-cü il oktyabrın 13-də Azərbaycan gənclərinin III Forumu keçirildi. Ümummilli lider Heydər Əliyev forum iştirakçılarına məktubla müraciət etdi. Həmin müraciət Azərbaycan gəncliyinə Ümummilli Lider tərəfindən verilən ən yüksək qiymətdir.
Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan gənclər siyasətinin əsas məqsədi yeni nəslin fiziki, mənəvi-psixoloji cəhətdən sağlam yetişməsini, istedadlı gənclərin üzə çıxarılması və onların ölkənin gələcəyinə töhfə verməsini təmin edib. "Gənc istedadlar üçün xüsusi təqaüdlərin təsis edilməsi haqqında", "Azərbaycanın gənc istedadlarına dövlət qayğısı haqqında", "Dövlət gənclər siyasəti haqqında" qanun, fərman və sərəncamlar, həmçinin "Gənc ailə", "İstedadlı yeniyetmələrin və yaradıcı gənclərin sosial, iqtisadi və s. problemlərinin həllinə yönəlmiş, onların öz qabiliyyətlərini inkişaf etdirmələrinə kömək edən Dövlət Proqramı" və digər proqramlar çərçivəsində ölkəmizdə gənclərin sosial-maddi şəraitinin yüksəldilməsi, ictimai fəallığının artırılması istiqamətində mühüm fundamental baza olub.
Azərbaycan Ordusunun şəxsi heyətinin əksəriyyəti gənclərdir. Cəmiyyətdə böyük qüvvə olan gənclərimiz orduda da daim ön sırada yer alıblar. 2019-cu il  fevralın 2-də Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində "2 fevral - Gənclər Günü" münasibəti ilə Azərbaycan Ordusu gənclərinin ümumrespublika toplantısı keçirildi.
Müdafiə naziri cənab general-polkovnik Zakir Həsənov toplantıda çıxış edərək bildirdi ki, ölkəmizin son illərdə dinamik iqtisadi inkişafı və nəticə etibarı ilə ordumuzun güclənməsi ölkə başçısının fəaliyyətinin nəticəsidir. Azərbaycan Ordusunun hazırki vəziyyəti tam döyüş qabiliyyətlidir. İstənilən döyüş tapşırığını yerinə yetirməyə hazırdır. Orduda aparılan islahatlar onun əməliyyat, döyüş və mənəvi-psixoloji hazırlığının yüksəlməsinə yeni şərait yaratmışdır. Ən əsası odur ki, ordunun döyüş qabiliyyəti təyin edən mütəxəssislərin 70 faizi gənclərdir.
Toplantının sonunda Azərbaycan Ordusu gənclərinin ümumrespublika toplantısının iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə müraciət olunmuşdur.

 

Azərbaycan gənclərinin milli mənəvi ruhda tərbiyəsi, onların problemlərinin həlli dövlətimizin diqqət mərkəzindədir


Hər bir ölkənin perspektiv inkişafı, müstəqilliyinin möhkəmləndirilməsi və dövlətçiliyinin gücləndirilməsi birbaşa olaraq, gələcəyin etibarlı təminatı olan gənc kadrların hazırlanmasından, onların intellektual və inkişaf edən qüvvəyə, cəmiyyətin aparıcı üzvlərinə çevrilməsindən asılıdır. Bu mənada müasir Azərbaycan dövlətinin gələcəyi işıqlıdır və zəmanətlidir. Ona görə ki, bu gün Azərbaycanda gənclər dövlət siyasətinin mühüm hissəsini təşkil edir, bu sahədə ardıcıl və uğurlu siyasət yürüdülür. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən həyata keçirilən tədbirlər müasir dövlət quruculuğu prosesində gənc nəsli daha da ön plana çəkir.
2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin hakimiyyətə gəlişi ilə  gənclər siyasəti daha da şaxələnərək, yeni verilmiş qərarların fonunda mahiyyətcə yeni mərhələyə yüksəldi. "Siz bütün işlərdə mənə arxalana bilərsiniz. Mən də sizə arxalanıram", - deyən  Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev qərarları ilə ulu öndər Heydər Əliyevin gənclər siyasətinə sadiqliyini təsdiq etdi. Məhz, 2005-ci ildə "Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009) təsdiq edilməsi haqqında" imzalanmış sərəncam gənclərə olan dövlət qayğısının davamı idi. Neft gəlirlərini insan kapitalına çevirən Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev bu işdə də gənclərin üzərinə böyük məsuliyyət qoydu və "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı"nı təsdiqlədi. Həmçinin 2007-ci ilin ölkədə "Gənclər ili" elan edilməsilə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev gənclərin inkişafına nə qədər böyük önəm verdiyini ortaya qoymuş oldu. Hətta, 2011-ci ildə “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı”nın qəbul edilməsilə dövlət başçısının "Bugünkü gənc sabah ölkəmizi idarə edəcək" tezisindən doğan gənclərə etimad və münasibətin əyani təzahürü oldu. Bunlarla yanaşı, gənclərin hərtərəfli inkişafı üçün Gənclər Mərkəzinin, Gənclər Fondunun və Gənclər Evinin yaradılması, gənc ailələrin dəstəklənməsi, ipoteka şərtlərinin sadələşdirilməsi və s. gəncliyin daha həvəslə çalışmasına və dövlətçiliyin müdafiəsində fəal iştirakına əlavə stimul verdi.
Eyni zamanda, Azərbaycan Respublikasının birinci vitse-prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın da gənclərə xüsusi qayğısı qeyd olunmalıdır. Məhz, birinci xanımın sədrliyilə Bakıda "Gənclərin məşğulluq sammiti"nin keçirilməsi həmin diqqətin əyani sübutudur.
2019-cu ilin dekabr ayının 5-də Beynəlxalq Könüllü Günü ərəfəsində Azərbaycanda ilk dəfə keçirilmiş və özündə gəncləri birləşdirən bütün könüllüləri əhatə etmiş Könüllülük Həftəsi ölkəmizdə könüllülüyün yeni mərhələyə qədəm qoyduğunu və gənclərin böyük potensiala malik olduğunu nümayiş etdirmişdir. Azərbaycan xalqı əsrlər boyu xeyirxahlıq, fədakarlıq, könüllü və təmənnasız kömək ənənələri yaşatmışdır. Könüllülük insanları vahid niyyət ətrafında birləşdirən, vətəndaş, cəmiyyət və dövlətin birgə fəaliyyətinin ən uğurlu formasıdır. Könüllülük həm də vətənpərvərlik məktəbi, öz xalqına, dövlətinə, milli mənəvi dəyərlərə bağlılıq və xidmət örnəyidir. Bu fəaliyyətin təşviqi məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Azərbaycan Respublikasında 2020-ci ilin “Könüllülər ili” elan edilməsi haqqında Sərəncam imzalanmışdır. Sərəncamın icrası məqsədilə Azərbaycan Ordusunda da tədbirlərin keçirilməsi planlaşdırılıb.

 

Müstəqilliyimizi qorumaq hər bir Azərbaycan gəncinin müqəddəs borcudur


Cəmiyyətimizin ayrılmaz hissəsi olan Azərbaycan Ordusu öz konstitusiya borcunu - Vətənin müdafiəsi kimi müqəddəs bir vəzifəni şərəflə yerinə yetirən şəxsi heyətin böyük əksəriyyətini gənclər təşkil edir. Ümummilli lider Heydər Əliyevin "Ordu xidməti çox böyük fədakarlıq tələb edir, cəfakeşlik tələb edir. Ölkəmizin hər bir gənci, Azərbaycan xalqına, millətinə mənsub olan hər bir gənc öz şərəfli borcunu mütləq yerinə yetirməlidir, orduda xidmət etməlidir. Orduda xidmət edib, sonra tərxis olan gənc bizim cəmiyyətdə də, həyatımızın bütün sahələrində də ən dəyərli insan hesab olunur" sözləri dövlətin ordu gənclərinə diqqətinin və qayğısının təzahürüdür.
Gənc nəslin məhz hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması xalq və dövlət qarşısında duran ən mühüm vəzifələrdən biridir. Bu vəzifələrin yerinə yetirilməsi istiqamətində Azərbaycan Ordusunda geniş tədbirlər həyata keçirilir. Bu baxımdan təkcə 2019-cu il ərzində demək olar ki, bütün rayonlarda dövlət qurumları və ictimai təşkilatlarla birlikdə Müdafiə Nazirliyi tərəfindən təşkil olunaraq hərbi vətənpərvərlik mövzusunda keçirilən kütləvi tədbirlər, ordu həyatı ilə cəmiyyətin, xüsusən onun aparıcı qüvvəsi olan gənc nəslin yaxından tanış edilməsi üçün kütləvi informasiya vasitələrinin və ictimaiyyət  nümayəndələrinin cəbhə xəttində yerləşən hərbi hissələrə ziyarətləri gənc nəslin mübariz ruhda yetişdirilməsində mühüm əhəmiyyət kəsb edib. Azərbaycan gənclərinə günü-gündən artan dövlət qayğısı nəticəsində bu gün orduda vətənpərvər, mənəviyyatca saf, fiziki cəhətdən sağlam gənclər xidmət edirlər. Atılan addımlar və görülən tədbirlər bu gün öz bəhrəsini verir.
Aprel döyüşlərində və Günnüt əməliyyatında düşmənin hər cür təxribatına inamla cavab verən Azərbaycan əsgərinin hər an, hər dəqiqə xalqın dəstəyini hiss etməsi, gənclərimizin hamı bir nəfər kimi Vətən torpağının müdafiəsi uğrunda mübarizəyə hazır olmasını əyani şəkildə nümayiş etdirməsi ümummilli liderimiz Heydər Əliyev kursunun layiqli davamçısı cənab İlham Əliyev siyasətinin təntənəsidir.
Bu gün Azərbaycan Ordusunun qarşısında işğal olunmuş torpaqlarımızın azad edilməsi, respublikamızın ərazi bütövlüyünün bərpa edilməsi kimi müqəddəs bir vəzifə durur. Bu müqəddəs vəzifəni Azərbaycan Ordusu şərəflə yerinə yetirməyə hazırdır, çünki, ordu Vətəninə, dövlətinə və xalqına sadiqdir. Bu vəzifənin uğurla həyata keçirilməsində və müstəqilliyimizin qorunmasında müqəddəs borcunu dərindən dərk edən vətənpərvər gənclərimiz öz sözünü deyəcəklər.

İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsi