Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

25 Dekabr 2019 13:16

Azərbaycan Ordusunun şəxsi heyəti ilə keçirilən ictimai-siyasi hazırlıq dərsi

(İctimai-siyasi hazırlıq dərsinin qrup rəhbərinə dərsə hazırlaşmaq üçün kömək)

Mövzu: Hərbi biliyə dərindən yiyələnmək, döyüş texnikasını və silahları öyrənmək hər bir döyüşçünün borcudur.

Suallar:

1. Hərbi biliklərə dərindən yiyələnmək, döyüş texnikası və silahlardan bacarıqla istifadə etmək döyüşdə qələbəni təmin edir.

2. Hərb işini vicdanla öyrənmək Azərbaycan Ordusunun hərbi qulluqçularının borcudur.

 

Hərbi biliklərə dərindən yiyələnmək, döyüş texnikası və silahlardan bacarıqla istifadə etmək döyüşdə qələbəni təmin edir



Azərbaycan Ordusunun hər bir hərbi qulluqçusu yaddan çıxarmamalıdır ki, bu   gün Azərbaycanın ərazi bütövlüyü bərpa olunmayıb, torpaqlarımızın 20 faizi işğal altındadır. Müharibə vəziyyətinin davam etdiyini nəzərə alan Azərbaycan dövləti tamamilə haqlı olaraq öz ordusunun gücünü, hərbi kadrların peşəkarlıq səviyyəsini durmadan artırır, hərbi qüdrətini yüksəldir. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev öz çıxışlarında dəfələrlə vurğulayıb ki, ordu quruculuğu, müdafiə potensialının möhkəmlənməsi və güclü ordunun yaranması dövlət üçün, hökumət üçün, hər bir vətəndaş üçün bir nömrəli vəzifədir. "Silahlı Qüvvələr haqqında" Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində göstərilir ki, ordu quruculuğunun əsas prinsiplərindən biri yüksək döyüş hazırlığıdır. Hərbi qanunvericiliyə uyğun olaraq, hərbi qulluqçular Azərbaycan Respublikasının mənafeyini, suverenliyini, ərazi bütövlüyünü və müstəqilliyini qorumağa, Hərbi and içməyə, Azərbaycan qanunlarına əməl etməyə, komandir və rəislərin əmrlərini qeyri-şərtsiz yerinə yetirməyə  borcludurlar.
Müasir döyüş - qoşunların taktiki fəaliyyətinin əsas forması, bölmələrin müəyyən ərazidə qısa müddət ərzində düşməni məğlub (darmadağın) etmək və digər taktiki tapşırıqları yerinə yetirməsi məqsədilə hədəfə və vaxta görə əlaqələndirilmiş zərbə və manevrdən ibarət müxtəlif hərbi birləşmələrin, hərbi texnika və silahların tətbiq olunduğu mütəşəkkil bir hərbi əməliyyatdır. Döyüş qələbə çalmağın yeganə vasitəsidir. Qələbə düşmənin döyüşdə darmadağın edilməsi və bütün silah növlərinin güclü və dəqiq zərbələri, onların nəticələrindən vaxtında istifadə, birləşmə, hissə və bölmələrin fəal və qətiyyətli hərəkəti ilə əldə edilir. Müasir döyüş öz xarakterinə görə ümumqoşun döyüşüdür. Bu döyüşdə əsgərin rolu qat-qat artır. O öz Vətəninin müdafiəsi üçün şəxsi məsuliyyət daşıyır. Ümumqoşun döyüşü tanklardan, piyadaların döyüş maşınlarından (zirehli transportyorlardan), artilleriyadan, hava hücumundan müdafiə vasitələrindən, təyyarələrdən, vertolyotlardan, digər döyüş texnikasından və silahlardan istifadə etməklə döyüşdə iştirak edən bütün qoşunların birgə fəaliyyəti ilə aparılır. Əməliyyatların qətiyyətliliyinin təmin olunmasında şəxsi  heyətin yüksək mənəvi-döyüş keyfiyyətləri, onun qələbəyə sarsılmaz inamı, silahları və döyüş texnikasını mükəmməl bilməsi və bacarıqla tətbiq etməsi böyük rol oynayır.
1992-1994-cü illərdə Azərbaycanın ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə, döyüşçülərimizin texnika və silahlardan bacarıqla istifadə edərək düşmənin zirehli texnikasına, müdafiə qurğularına, canlı qüvvəsinə vurduqları ciddi zərbələrin döyüş müvəffəqiyyətinə təsiri barədə nümunələr çoxdur. Lakin təəssüf hissi ilə qeyd etmək lazımdır ki, 1992-1993-cü illərdə Azərbaycan Ordusu hissələrinin apardıqları bir sıra döyüş əməliyyatlarının müvəffəqiyyətsizliyə uğramasının əsas səbəblərindən biri də bəzən döyüşçülərin onlara həvalə olunmuş silah və texnikaların döyüş imkanlarını pis bilmələri və ona görə də həmin imkanlardan döyüşdə tam istifadə edə bilməmələri idi. Buna səbəb isə döyüşlər apara-apara formalaşan Azərbaycan Ordusunda şəxsi heyəti hazırlamaq üçün kifayət qədər kadrların və lazımi tədris bazasının olmaması, vaxt məhdudluğu idi. 1993-cü ildən etibarən Azərbaycanın dövlət rəhbərliyinin ölkənin müdafiə qabiliyyətini yüksəltmək, ordunun döyüş hazırlığını artırmaq üçün apardığı ardıcıl və məqsədyönlü iş bu gün öz bəhrəsini verir. Bu gün orduda xidmət edən əsgərlərimiz belə bir tarixə söykənir. Azərbaycan əsgərinin üzərinə ölkəmizin ərazi bütövlüyünü bərpa etmək üçün hər an döyüşə hazır olmaq kimi şərəfli və məsuliyyətli bir vəzifə düşür. Bu vəzifənin müvəffəqiyyətlə yerinə yetirilməsi isə əsgərlərimizdən yüksək döyüş və mənəvi-psixoloji hazırlıqlı olmağı tələb edir. Əsgərin öz xalqının və ölkəsinin tarixini bilməsi, bu gün üzərinə düşən vəzifə məsuliyyətini dərk etməsi onun mənəvi-psixoloji hazırlığında xüsusi əhəmiyyət kəsb edir. Son illərdə ölkəmizin iqtisadi qüdrətinin artması sosial məsələlərin həllinə və milli ordumuzun möhkəmlənməsinə geniş imkan yaradıb. Dövlət büdcəsindən hərbi sahəyə ayrılan xərclərin dəfələrlə artırılması ordumuzun bütün istiqamətlər üzrə potensialının yüksək səviyyəyə çatdırılmasına yol açıb. Azərbaycan Ordusu hazırda dövlət rəhbərliyinin böyük qayğısı sayəsində özünün yüksək inkişaf mərhələsini yaşayır. Biz bu gün müasir hərbi texnika ilə təchiz edilməsinə, möhkəm nizam-intizam, yüksək döyüş ruhu ilə seçilən, düşmənə sarsıdıcı zərbə vurmağa qadir olan bir ordu yaradılmasına nail olmuşuq.

 

Hərb işini vicdanla öyrənmək Azərbaycan Ordusunun hərbi qulluqçularının borcudur



Azərbaycan Respublikası Konstitusiyasının 76-cı maddəsində göstərilir ki, Vətəni müdafiə hər bir vətəndaşın borcudur. Azərbaycan Ordusunun sıralarına daxil olan hər bir Azərbaycan vətəndaşı öz Vətəni və xalqı qarşısında təntənəli surətdə Hərbi and içir. Hərbi and hər bir hərbi qulluqçudan;
- Azərbaycan Respublikası Silahlı Qüvvələrinin döyüşçüsünün vəzifə borcunu dərindən dərk etməsini, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına ciddi əməl etməsini, Hərbi andın tələblərini yerinə yetirməsini, sayıq olmasını, Azərbaycanın mənafeyini, onun suverenliyini, ərazi bütövlüyünü, müstəqilliyini şərəflə və inamla qorumasını, bu işdə öz qüvvəsini, lazım gələrsə, həyatını da əsirgəməməsini;
-  hərbi işi vicdanla öyrənməsini, komandirlərin (rəislərin) ona öyrətdiklərini möhkəm və səylə yadda saxlamasını, öz vəzifələrini nümunəvi yerinə yetirməsini, hərbi nizamnamələrin tələblərini möhkəm bilməsini və vicdanla yerinə yetirməsini;
- əmr və göstərişləri sözsüz, tez və vaxtında yerinə yetirməsini, igid və intizamlı olmasını, nalayiq hərəkətlər etməməsini və yoldaşlarını da belə hərəkətlərdən çəkindirməsini;
- dövlət sirrini qorumasını, böyüklərə hörmət etməsini, hərbi nəzakət, davranış qaydalarına ciddi əməl etməsini;
- silahını, döyüş texnikasını və digər texnikanı yaxşı bilməsini;
- əcdadların hərbi ənənələrini şərəflə davam və inkişaf etdirməyi, hər an əldə silah Vətənin müdafiəsinə qalxmağa hazır olmağı tələb edir.
Ümummilli liderimiz Heydər Əliyevin 2002-ci ilin iyun ayında Naxçıvan qarnizonunun şəxsi heyəti ilə görüşərkən dediyi "Orduda hər bir əsgər, hər bir zabit, hər bir general bilməlidir ki, o özünü hərbi peşəyə həsr edir. Hərbi peşə isə Vətəni, torpağı qorumaqdır. Vətəni, torpağı qorumaq üçün isə gərək gücün olsun və əgər kimsə sənin torpağına, Vətəninə qəsd edirsə, ona layiqli cavab verə, layiqli zərbələr endirə biləsən" sözləri bu gün də Azərbaycan Ordusunun hər bir hərbi qulluqçusu üçün ən dəyərli tövsiyədir.
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsində hərbi qulluqçuların əsas vəzifələrindən biri kimi müəyyən edilir ki, hərbi qulluqçu hərbi nizamnamələrin tələblərini və öz vəzifələrini yaxşı bilməli, onları vicdanla yerinə yetirməli, hərbi biliklərini müntəzəm surətdə təkmilləşdirməli, ona tapşırılmış silahları, döyüş texnikası və digər texnikanı mükəmməl öyrənməlidir.
Daxili Xidmət Nizamnaməsi tələb edir ki, əsgər (matros) hərbi işi vicdanla öyrənsin, komandirlərin (rəislərin) ona öyrətdiklərini möhkəm və səylə yadda saxlasın, silahını, döyüş texnikası və digər texnikanı yaxşı bilsin. Bu gün Azərbaycan Ordusunda olan döyüş texnikası və digər texnika, silah-sursatlar ordunun döyüş qabiliyyətini yüksək səviyyədə saxlamağa imkan verir. Ümummilli liderimiz Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev Azərbaycanda ordu quruculuğu prosesini öz diqqət mərkəzində saxlayacağını bəyan edərək demişdir: "Ölkəmizdə güclü ordu yaradılmışdır və bu proses davam edəcəkdir. Bu məsələ daim mənim diqqət mərkəzimdə olacaqdır".
Azərbaycan Respublikası Prezidentinin və  Müdafiə nazirinin 2019-cu tədris ili üçün Azərbaycan Ordusu qarşısında qoyduqları əsas vəzifələrdən biri də birləşmələrin, hissələrin və bölmələrin döyüş qabiliyyətini yüksəltmək, döyüş tapşırıqlarını yerinə yetirməyə həmişə hazır olmaqdır. Bunun üçün isə hissələrdə intensiv döyüş hazırlığı prosesi təşkil olunmalıdır. Şəxsi heyət zabitlərin, gizirlərin və çavuşların rəhbərliyi altında döyüş və ictimai-siyasi hazırlıq məşğələlərində hərb işinin sirlərinə yiyələnməli, döyüş texnikasından və silahlardan bacarıqla istifadə etmək üçün öz biliklərini, bacarıqlarını və vərdişlərini daha da təkmilləşdirməli, mənəvi-psixoloji hazırlıqlarını artırmalıdır. Hər bir hərbi qulluqçu dərk etməlidir ki, o öz vəzifə borcunu vicdanla yerinə yetirməklə, döyüş və ictimai-siyasi hazırlıq dərslərində, təlimlərdə hərbi biliklərə dərindən yiyələnməklə, mənəvi-psixoloji və fiziki hazırlığını artırmaqla, intizamlı olmaqla özünü torpaqlarımızın azadlığı uğrunda gələcək döyüşlərə hazırlayır.
Ümummilli lider Heydər Əliyev demişdir: "Mən ümidvaram ki, biz ordumuzu gücləndirəcək, döyüş qabiliyyətini yüksəldəcək, müvafiq silahlardan istifadə olunmasının keyfiyyətini artıraraq, dövlətimizi qoruyacaq və ən əsası, işğal olunmuş torpaqlarımızın azad edilməsi gününü yaxınlaşdıracağıq və Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini mütləq təmin edəcəyik".

Qeyd: Hər bir hərbi hissənin öz təyinatına görə döyüş tapşırıqları var. Bu tapşırıqları yerinə yetirmək üçün hissə və bölmələr kifayət qədər texnika və silahlara, sursata malikdirlər. İctimai-siyasi hazırlıq dərsində öyrənilən bu mövzu hərbi qulluqçuların onlara həvalə olunmuş döyüş texnikasından, digər texnikadan və silahlardan bacarıqla istifadə etmələri üçün öz biliklərini, bacarıqlarını və vərdişlərini daha da artırmağa, Azərbaycan xalqı və dövləti qarşısında Vətənin müdafiəsi, ərazi bütövlüyünün bərpası və müstəqilliyimizin təmin olunmasında məsuliyyətlərini şüurlu surətdə dərk etməsi üçün planlaşdırılır və keçirilir.
                                                              
İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsi