Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

18 Dekabr 2019 10:37

Sabahın zabitləri

Müstəqil Azərbaycanın memarı və qurucusu olan ümummilli lider Heydər Əliyev tarixdə dərin iz qoymuş dahi şəxsiyyətdir. Azərbaycanlı olmağı ilə daim öyünüb fəxr edən Ulu Öndər bütün şərəfli ömrünü xalqın rifahına, Azərbaycanı qurub yaratmağa və müstəqil ölkəsini dünyada tanıtmağa sərf etdi. Bu gün böyük inam və qətiyyətlə deyə bilərik ki, müasir Azərbaycan tarixinin ən parlaq, ən işıqlı və ən möhtəşəm səhifələri ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.
Hələ Sovet hökumətinin ən sərt dövründə Heydər Əliyev Azərbaycanda indiki Cəmşid Naxçıvanski adına Hərbi Liseyi yaratdı. Bu gün gənclərin böyük həvəslə oxuduqları xüsusi təyinatlı təhsil müəssisəsinin əsası 1971-ci ildə ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü və uzaqgörən siyasəti nəticəsində qoyuldu. Ulu Öndər bütün ömrü boyu yaratdığı Hərbi liseyə böyük diqqət və qayğı göstərdi. Hərbi məktəbi öz övladı qədər sevən ümummilli lider Heydər Əliyev "Naxçıvanski adına lisey mənim üçün bir övladdır" - deyirdi. Bu təhsil ocağı fəaliyyətdə olduğu müddətdə ordu üçün yüzlərlə, minlərlə peşəkar hərbçi kadrlar hazırlayıb.
Bu gün də Silahlı Qüvvələrimiz üçün zabitlər hazırlayan Cəmşid Naxçıvanski adına Hərbi Liseydə işlər həmişəki ahəngi ilə davam edir. Əsaslı təmirdən sonra təhsil ocağında tədris və hərbi kadrların hazırlanması üçün hərtərəfli şərait yaradılıb. Hərbi liseyin zabitləri, pedaqoji kollektivi bu şəraitdən səmərəli istifadə edərək ordumuz üçün bacarıqlı, peşəkar zabitlər hazırlayırlar.
Hərbi liseyin zabitləri, müəllimləri, kursantları ilə görüşüb söhbət etdik, tədrisin gedişi ilə yaxından maraqlandıq, dərs prosesini izlədik. Gördüklərimizdən, şahidi olduqlarımızdan məmnun qaldıq. Əmin olduq ki, ordumuzun gələcək zabitləri daha bacarıqlı və hazırlıqlı olacaqlar.
Hərbi liseydə zabitlərdən, müəllimlərdən, kursantlardan eşitdiyim xoş sözlərdən duyğulandım...
Dəhlizdə sakitlik idi, sinif otaqlarında isə dərs gedirdi. Otaqlardan birinə daxil olduq. Coğrafiya dərsidir. Lövhənin qarşısında dayanan müəllim dərsin mövzusunu kursantlara izah edir, xəritədə müxtəlif əraziləri göstərirdi. Coğrafiya müəllimi ilə söhbət edib tanış olduq. Öyrəndik ki, Elnarə Orucova Sumqayıt Dövlət Universitetinin Coğrafiya fakültəsini bitirib. İki ildir ki, Cəmşid Naxçıvanski adına Hərbi Liseydə işləyir .
- Gələcəyin zabitlərinə dərs deməkdən, elm öyrətməkdən, coğrafiya fənnini tədris etməkdən çox məmnunam, - deyə Elnarə Orucova söhbətə başladı. - İşimə məsuliyyətlə yanaşaraq tədris etdiyim fənni kursantlara dərindən öyrətməyə çalışıram. Öyrətməklə yanaşı, həm də çalışıram ki, fənni kursantlara sevdirim. Onlarda bu sahəni öyrənməyə böyük həvəs və maraq oyadım. Kursantların şəxsiyyət kimi formalaşmasında, tərbiyə olunmasında, bilikləri mənimsəməsində, bir vətəndaş kimi dövlətə, dövlətçiliyə layiq böyüməsində, cəmiyyətdə layiqli yer tutmasında müəllimin rolu çox böyükdür. Buna görə də işimə məsuliyyətlə yanaşır, coğrafi bilikləri kursantlara geniş, hərtərəfli tədris edirəm. Məqsədim budur ki, onlar qoynunda dünyaya göz açıb yaşadığımız Vətənimizi sevsinlər, yurdumuza böyük məhəbbət bəsləsinlər. Müşahidələrim göstərir ki, məqsədimə çatmışam. Kursantlara fənnimi sevdirmişəm, onların qəlbində doğma Vətənimizə sevgi, məhəbbət hissləri oyatmışam. Parta arxasında oturan bu kursantlara ordumuzun sabahkı zabiti, generalı və qəhrəmanları kimi baxıram. Hərbi liseydə çalışan müəllimlərin üzərinə ikiqat məsuliyyət düşür. Çünki biz müəllimlər həm də sabahımızın zabitlərini, generallarını, qəhrəmanlarını hazırlayırıq. Hərbi liseydə müəllim işləmək, kursantlara dərs demək asandır. Çünki burada ciddi nizam-intizam və əlverişli şərait var. Biz müəllimlər də bu şəraitdən bəhrələnərək kursantlara lazımi biliklər öyrədirik. Bizim üçün belə gözəl şərait yaratdıqlarına görə Ali Baş Komandana, Müdafiə Nazirliyinin  rəhbərliyinə müəllimlər adından minnətdarlığımı bildirirəm. Mən bir müəllim kimi gündən-günə gücünü, qüdrətini artıran ordumuzun  gələcək zabitlərinə dərs deməkdən çox məmnunam.
Kursantlarla  da söhbət edib ürək sözlərini dinlədik.
- Hərbçi ailəsində  dünyaya göz açmışam, - deyə Sərvər Salayev sözə başladı. - Ona görə də hələ kiçik yaşlarımdan hərbçi olacağıma qərar vermişdim. Bilirdim ki, hərbçi olmaq asan iş deyil. Bunun üçün gərək hazırlığın yüksək olsun. Arzuma çatmaq üçün dərslərimə fikir verir, daim biliklərimi artırırdım. Çalışqanlığım müsbət nəticə verdi. İmtahandan 430 bal toplayaraq Cəmşid Naxçıvanski adına Hərbi Liseyə qəbul oldum. Artıq illərdən bəri ürəyimdə gəzdirdiyim arzuma çatmışam. Özümü çox xoşbəxt hiss edirəm. Elə ilk günlərdən başlayaraq dərslərimi yaxşı oxuyur, biliklərimi artırmağa çalışıram. Atam Ənvər Salayev 23 ildir ki, ordumuzun sıralarında xidmət edir. Hərbi təhsilimi başa vurandan sonra mən də onun kimi Silahlı Qüvvələrimizin sıralarında xidmət edəcəm.
Kursant Qəlbinur Babayev Lənkəran rayonunda anadan olub. Söhbət zamanı dedi ki, müəllimlərimiz tez-tez bizi muzeylərə, tarixi  abidələri ziyarət etməyə aparırdılar. İki dəfə Sovet İttifaqı  Qəhrəmanı Həzi Aslanovun ev muzeyinə də gedirdik. Hər dəfə bu muzeyə gedəndə qəlbimdə hərbçi olmaq arzusu yaranırdı. Böyüdükcə bu sahəyə marağım daha da artırdı. Bu həvəs, bu maraq məni Cəmşid Naxçıvanski adına Hərbi Liseyə gətirdi. Arzuma çatdığıma görə çox sevinirəm. Dərslərimi yaxşı oxuyur, biliklərimi, təcrübəmi artırıram. Özümü qarşıdakı şərəf dolu xidmətə hazırlayıram.
Kursantlardan Toğrul Qasımov, Səmid İsayev və başqaları ilə də həmsöhbət olduq. Onların xoş sözlərini  eşitdik, gələcək arzularını dinlədik. İnanırıq ki, belə hazırlıqlı, bilikli, bacarıqlı və vətənpərvər kursantlar gələcəkdə ordumuzun sıralarında zabit kimi layiqincə xidmət edəcək, torpaqlarımızın keşiyində ayıq-sayıq dayanacaqlar. Sinif otağından da elə bu inamla ayrıldıq.

Vahid MƏHƏRRƏMOV,"Azərbaycan Ordusu"