Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

18 Dekabr 2019 10:37

Ən gözəl şeiriniz Cıdır düzünün çiçəkləri olacaq!

Dan yeri söküləndən göz küsdürən yel əsir. Yarpaq tökümümü ləngiyib, qışmı tələsir, hər nədirsə, nə payız kimi payızdı, nə qış kimi qış; hərdən əsən, hərdən kəsən yellər budaqlardan yarpaq salır. Əsə-əsə çılğınlaşan yel budaqdan saldığı yarpağı düşdüyü yerdə toxdamamış tərpədir, gah ağacın gövdəsinə çırpır, gah da naməlumluğa tərəf uzaqlaşdırır. Belə görüntülərin kövrəkliyindən keçib əsgərlərimizin əhatəsinə tələsirəm...
Səngərlərə çatmışıq. Salamlaşmağa beş-altı addım qalmış ayaq saxlayıram. Ötən ezamiyyətdə bu mövqedə döyüş növbətçiliyindən qayıdanda kəlmələşdiyim, qətiyyəti, aydınlığıyla  duyulan vətənpərvərliyi könlümə yatan əsgər Valeh Rəhimov məndən səngər şeiri istəmişdi. Əsgərləri "Salam, əsgər qardaşım!"  şeiriylə salamlayıram:

Qəhrəmanlıq sorağın
düşüb hər kəndə, əsgər!
Dayandığın səngəri
köçür sərhədə, əsgər!

Misraların bugünkü könül söhbətinə başlanğıc olması üçün Valehin timsalında hərbi hissənin əsgərlərinə, bu hərbi hissənin timsalında ordumuzun bütün əsgərlərinə xitabən deyirəm ki, şeir duyğulara səhər mehidi. Şeiri siz  də sevirsiniz, yəni, çox incə duyğularınız var. Bu gözəl duyğulara Vətən sevginizin  haləsi deyirəm.
Xoş kəlmələr xoş ovqatı bir qədər də gözəlləşdirir. Zabit Ruslan Novruzov bayaq dedi-yim misraların mahiyyətini xatırladır:
- Şeirdə deyildiyi kimi, Azərbaycan əsgərinin 2016-cı ilin Aprel döyüşlərində qazandığı qələbənin, Günnüt zəfərinin sorağı sərhədlərimizdən uzaqlarda da hər şəhərə, hər kəndə çatdı. Bu qələbələr Ali Baş Komandanın əmriylə Azərbaycan əsgərinin qazanacağı Böyük Qələbənin başlanğıcıdı. Döyüşəcəksiniz, qələbə qazanacaqsınız, dayandığınız  səngəri sərhədlərə köçürəcəksiniz, yəni, torpaqlarımızı işğaldan azad edəcəksiniz. "Salam, əsgər qardaşım!" şeiri bunları ifadə edir, yəni, Azərbaycan poeziyası, Azərbaycan  poeziyasının timsalında Azərbaycan ədəbiyyatı sizə inanır, sizə güvənir, sizi yaranacaq əsərlərin baş qəhrəmanı bilir...
Zabitin sözünə qüvvət olaraq əsgərlərə deyirəm ki, qazanacağınız qələbəyə görə, sizə ən gözəl şeir Cıdır düzünün çiçəkləri, çiçəklərin şeh dolu ləçəklərinin titrəyişi, İsa bulağının "Qarabağ şikəstəsi"nə qarışan zənguləsi olacaq...
Azərbaycan əsgərinə yazılmış şeirlə başlayan söhbətimiz Vətənə, dövlətə, dövlətçiliyə sədaqəti, hərbi xidməti, döyüş növbətçiliyini əhatələyən kəlmələrlə davam edir.
Əsgər Əli Əliyev deyir ki, ilk döyüş növbətçiliyini biz də heç zaman unutmayacağıq. Həmin günün  həyəcanını, bu həyəcanın ovqatını qələbə günü könül xoşluğuyla yaşayacağıq.
Əsgərin dediklərini təkcə ötənlərin xatırlanması, yaxın gələcəkdə yaşanılacaq tarixi anların istəyi deyil, həm də müharibə şəraitində Azərbaycan əsgərinin hərbi xidmətin mahiyyətinin düsturlaşmış ifadəsi bilirəm - sözlərlə ifadə edilməsə də, şəhidlərin ruhuna ehtiram duyulur. Cıdır düzünün çiçək şeirlərinə, şeir çiçəklərinə ad olacaq anları ömrümüzdə yaşatdığımız şəhidlərin ruhuyla nəfəs-nəfəsə yaşayacağıq...
Bayaqdan bəri səmimi, şirin  söhbətləşmənin cazibəsindən yan-yörəmizə boylanmağa macalımız olmayıb: payızın son ayında, belə bir ayamda əsən yellər ön xətdə, mövqelərdə budaqlardan yarpaq salmaq qüdrətində deyilmiş. Bunu duyuram və "Əsgərlərin dönməz qətiyyəti bəzən təbiətə də hökm etmək gücündə olur", - deyirəm. Zabitin  məmnunluq hopan baxışlarının eynini ayrı-ayrı mövqelərdə də görmüşəm. Bu bənzəyişi əsgərlərin yüksək döyüş və mənəvi-psixoloji hazırlığının bənzəyişi bilirəm. Zabit Ruslan Novruzov ürəyimdən keçənləri duyubmuş kimi deyir:
- Bayaq başqa hərbi hissədə bir əsgərin dediklərini xatırlatdınız: "Əsgər döyüş növbətçiliyini Vətən sevgisiylə qoşa aparır...". Obrazlı deyilib, məzmunlu, düşündürücü deyilib. Tanımaza-bilməzə həmin əsgərə təşəkkürümü bildirirəm. İnanıram ki, bizim əsgərlərimiz də belə  düşünür.
Əsgər Emil Abdullayevin söhbətə qoşulması əsgərlərin düşüncələrinin döyüş növbətçiliyiylə bağlılığına vəsilə olur:
- Hərbi xidmət haqqında düşüncələrimiz yeniyetməlikdən, çağırışaqədərki dövrdə genişlənir. Bizdən bir neçə yaş böyüklərlə, hərbi xidmətdən qayıdan qohumlarla, qonşularla söhbətlərimiz hərbi xidmət haqqında biliklərimizi artırıb. Bilmişik ki, döyüş növbətçiliyində olacağıq, yəni, düşmənlə üz-üzə dayanacağıq. Döyüş növbətçiliyinin nə olduğunu həmin vaxtlardan bilsək də, ilk döyüş növbətçiliyinin həyəcanını əsgər yoldaşlarım kimi mən də heç zaman unutmaram. Dediklərini xatırlatdığınız əsgər hamımızın mənəvi qardaşıdı. Çox gözəl deyib, həqiqətən də, döyüş növbətçiliyini əsgər özünün  Vətən sevgisiylə qoşa aparır.
Emil döyüş növbətçiliyinə gedən  əsgərləri göstərir:
- Onların da bizim kimi düşündüyünə əmin olun. Döyüş növbətçiliyinə gedən əsgər da-ha güclü olur. Bu anlarda o əsgərlər, mən də daxil olmaqla, hamımızdan güclüdür.
Sonuncu fikir də "Döyüş növbətçiliyini əsgər özünün Vətən sevgisiylə qoşa aparır" fikri qədər düşündürücüdü, könüləyatımlıdı; vətənpərvərlik baxımından əvvəlki fikri gözəl tamamlayır. Bu tamamlamanı hərbi xidmətin qüdrəti bilirəm.
Söhbətimiz hərbi xidmətlə davam edir. Əsgər Kamran  Həsənov deyir ki, hərbi xidmət Vətən qarşısında borc ödəməkdi. "Bunu biz də bilirik, yeniyetmələr də, çağırışçılar da. Əsgər olaraq hamımız Hərbi anda, dövlətə sədaqətlə xidmət edirik.  Biz də bilirik ki, hərbi xidmət əsgəri həyat üçün olduqca gərəkli olan xarakter əsasında formalaşdırır. Bunu mənə atam deyirdi, hərbi xidmətdə özüm də əmin  olmuşam."
Mən soruşmaq istəyirdim ki, zabit Ruslan Novruzov soruşur:
- Gərəkli xarakter deyəndə nəyi nəzərdə tutursan?
- Hərbi xidmət bizə məsuliyyətlilik öyrədir, sədaqətlilik duyğusunu dönməzləşdirir, ünsiyyətcilliyi inkişaf etdirir, Vətən, torpaq, dövlət haqqında düşüncələrimizi dərinləşdirir, - əsgər dostluğunu yaşatmağın gərəkliyini öyrədir. - əsgər qətiyyətlə cavab verir.
Kamranın maraqla dinlənilən kəlmələri zabitə də, əsgərlərə də, mənə də könül xoşluğu verir. Ön xətdə, səngərlərdə belə könül xoşluğunu çox yaşamışam. Heç biri digərinə bənzəməyib. Zabitin əsgərin  dediklərinə münasibəti də belə bir könül xoşluğuna dönür:
- Diqqətçəkən bu düşüncə əsgərin mənəvi-psixoloji hazırlığının səviyyəsinin göstəricisidir. Yüksək döyüş hazırlığı bu səviyyədə mənəvi-psixoloji hazırlıqla tamamlanan əsgər, əlbəttə ki, güclü əsgərdir. Əminəm ki, ordumuzun bütün əsgərləri belə düşünür. Əsgərlərimiz Ali Baş Komandanın döyüş əmrini qələbəylə tamamlayacaq, torpaqlarımız işğaldan azad ediləcək.
Zabit Daşqın Ələkbərov döyüş  hazırlığını yüksəldən, təkmilləşdirən təlimlərdən, əsgər İslam Hüseynov mənəvi-psixoloji hazırlığı artıran müxtəlif tədbirlərdən danışır. Əsgər Səfər Mürvətov əsgər Kamran Həsənovun dediyi bir mətləbə toxunur - əsgər dostluğunun yaşadılmasının gərəkliyinə:
- Əsgər yoldaşımız Samir Həsənov tərxis edildikdən sonra Qazaxdan bölməmizə, yəni, hamımıza bir məktub göndərmişdi. Yazdıqları hamımızın yadındadı. "Özüm tərxis olundum, ürəyim sizin sıranızda xidmətini davam etdirir..." - cümləsi hamımızı kövrəltdi. Əsgər dostluğunu mülki həyatda Samir kimi yaşadacağıq.
- Samirin məktubu həm döyüş əzmimizi, qələbə ruhumuzu artırdı, həm də bir daha əmin olduq ki, əsgər dostluğu son nəfəsəcəndi, - əsgər  Kamran Bəşirov əsgər dostunun sözünə qüvvət olaraq belə deyir. Səmimiyyətlə, inamla deyilən  kəlmələri səmimiyyətlə, inamla dinləyirik. Kamranın dediklərini Səfər tamamlamışdı, Səfərin  dediklərini zabit  tamamlayır:
- Onda hamınız bir daha əmin oldunuz ki, hərbi xidmət müharibə şəraitində tərxis olunmaqla tamamlanmır...
Bugünkü səngər söhbətinin belə məntiqi, vətənpərvərlik baxımından gərəkli, dəyərli sonluğu ürəyimizi telləndirir...
Xeyli əvvəl deyilsə də, "Qalib Azərbaycan əsgərinə ən gözəl şeir Cıdır düzünün çiçəklərinin şeh dolu ləçəklərinin titrəyişi, İsa bulağının "Qarabağ şikəstəsi"nə qarışan zənguləsi olacaq" fikrini "Hərbi xidmət müharibə şəraitində tərxis olunmaqla tamamlanmır" fikrinin davamı bilirəm; elə bil ürəyimizə damıbmış ki, belə bir fikir deyiləcək...
"Ən gözəl şeirin  səslənəcəyi günə  az  qalıb - Ali Baş Komandanın döyüş əmri, döyüşlər, qazanılacaq qələbə və həmin şeir...", - deyirəm. Zabit Ruslan Novruzov qürurla əsgərlərə baxır. Əsgərlər bu qürurun boyuna çatan inamla deyirlər: Bəli, həmin günün ərəfəsindəyik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Soçidə "Valday" Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasındakı bəyanatının işığında həmin şeirə sarı gedirik!..

Rəşid HÜSEYNOV, əməkdar  jurnalist