Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

4 Dekabr 2019 12:13

Qəhrəman qadınlarımız

İgidlik, qəhrəmanlıq torpağa, elə-obaya bağlılığın olduğunu təsdiq edən göstəricidir. Tarix boyu Atillaları, Cavanşirləri, Meteləri, Babəkləri, Xətailəri, Cavad xanları tanımışıq, sevmişik. İgidlikdən, qəhrəmanlıqdan söz düşdükdə ağıla ilk gələn kişilər olur. Bəs, qadınlar? Bəs, İran Şahı Daranı məğlub edən Tomris, bəs, Bərdəli Nüşabə, bəs, Uzun Həsənin anası Sara Xatun, Həcər,...
Mənbələrdən aldığımız məlumatlarda Azərbaycan qadınının düşmənlərə təslim olmadığı və əlinə silah alıb kişilərlə çiyin-çiyinə döyüşə atıldığını bilirik. Gəncə xanı Cavad xanın yoldaşı rus ordusunun qarşısında əyilmir, əli silahlı çəkinmədən, qorxmadan cəsarətlə döyüşür. Təbii ki, bu hal düşmən qoşunlarının təhtəl-şüurunda silinməz iz buraxmışdı və bu iz tarixdən silinə bilməz.
Böyük Vətən müharibəsində yaralı əsgərlərə ilkin tibbi yardım göstərən şəfqət bacılarının yeganə məqsədləri vardı: yaralı əsgərləri həyata qaytarmaq. Onlar yalnız tibb bacısı vəzifəsini icra etmirdilər. Həm də lazım olduqda düşmənlə döyüşürdülər də. Züleyxa Seyidməmmədova bombardmançı  təyyarə pilotu idi. Ziba Qəniyeva II Dünya müharibəsində onlarla faşisti məhv etmiş azərbaycanlı snayper qadındır.
Qarabağ savaşında döyüşən Nigar Həmidli və Sədiyar Ramazanovun xidmətlərini unutmaq olmaz. Onlar həm həyat, həm də döyüş yoldaşı olaraq Vətənin azadlığı uğrunda döyüşürdülər.
Kəmalə Məmmədova 1991-ci ildə 18 yaşında könüllü olaraq Qarabağa döyüşə gedir. 1992-ci ildə başından güllə yarası alır, 2 ay müalicə olunduqdan sonra yenə döyüşə qayıdır. 1993-cü il Murovda gedən döyüşlərdə iştirak edir. Ağdamda döyüş mövqeyindən yaralı əsgər yoldaşlarını xilas edir. Hal-hazırda isə FHN-də xidmət edir.
Gültəkin Əsgərova həkim idi. 1992-ci il aprelin 4-də 5 tibb bacısı ilə könüllü cəbhəyə gedib. 19 iyul  1992-ci ildə Aranzəmin yüksəkliyi uğrunda gedən döyüşdə  qəhrəmancasına şəhid olub.
Könül Qəhrəmanova təhsilini yarımçıq qoyaraq cəbhəyə yollanır. Könüllü olaraq Xocalıya gedir. 1991-ci ilin noyabrından 1992-ci ilin sentyabrınadək Xocalı, Ağdam, Şuşa, Goranboy və Laçın rayonlarında gedən döyüşlərdə fəal iştirak edib, yaralı əsgərlərimizə tibb bacısı kimi yardım göstərib. Qəlpə yaraları alaraq şəhid olub.
Türk xalqına döyüş ruhu ulu babalarından mirasdır. Ələ silah alıb döyüşmək vətənsevərlikdir. Azərbaycan qadınları da eləcə. Onlar da   azərbaycançılığın - Azərbaycanın ruh əsgərləri olublar, indi də ruh əsgərləridir.

Hüsniyyə İDRİSOVA, BSU-nun III kurs tələbəsi