Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

4 Dekabr 2019 12:13

Sənin keşiyindəyik, Ana torpaq!

Yıxıla-dura kövrək addımlarımızı atdığımız torpaq bizə çox müqəddəs və doğmadır. Müqəddəs olduğu üçün biz ona ürəyimizdən şırıl-şırıl axıb gələn, qəlbimizdən zərrə-zərrə süzülən qürur dolu bir ifadə ilə "Ana torpaq" deyirik. Bu ifadədə böyük iftixar, yenilməzlik və əzəmət var!
Ana və torpaq sözlərini qoşalaşdırıb birləşdiririk, ucalıq zirvəsinə qaldırırıq, eyniləşdiririk, ülviləşdiririk, müqəddəsləşdiririk. Bu sözlərin ikisi də bizə əziz olduğu qədər də doğmadır. Doğma olduğu qədər də əzizdir. Bu əzizlik, bu doğmalıq, bu pasibanlıq da ruhumuzdan qidalanır. Ana-anadır, torpaq bizə isti, ilıq  qoynunda ürək açıqlığı ilə yer verib, əlimizdən tutaraq böyüdüb. Bar-bərəkətini, nemətlərini, havasını, suyunu bizdən əsirgəməyib. Məhz bütün bunlara görədir ki, biz hər ikisini ürəkdən sevirik, hər ikisinə qəlbən, ruhən bağlıyıq. Bu bağ möhkəmdir, bu bağ qırılmazdır, bu bağa zaval yoxdur! Polad kimi əyilməz, dağlar kimi vüqarlı, bulaq suyu kimi dupduru, saf və təmizdir. Buna görə də biz sevgimizi birləşdirib böyük iftixarla "Ana torpaq" deyirik.
"Ana torpaq" sözünün bir yerdə səslənməsinin izi yunan mifologiyasına qədər gedib çıxır. Qədimdən qədim olan mifologiyada da  torpaqla  ananın adı bir yerdə ifadə edilir. Demetra - torpaq sözündəki meter ana deməkdir. Onu da qeyd edək ki, demetra yunan mifologiyasında əkinçilik və bərəkət tanrısıdır. Deməli, ana ilə torpağı eyniləşdirmək ulu keçmişlərdən yol gəlir, qədimlərdən qaynaqlanır.
Ana ilə torpağın danışdığını, pıçıldaşdığını, söhbətləşdiyini eşitmisinizmi? Bu barədə haradasa, nəsə oxumusunuzmu? Mən dünyaca məşhur olan qırğız yazıçısı Çingiz Aytmatovun "Ana tarla" povestini oxuyanda heyrətlənməyə bilmədim. Ana torpaqla danışır, onunla tez-tez dərdləşir, söhbət edir. Ana torpağın dilini başa düşür, torpaq da Ananın söylədiklərini anlayır. Bir-birilərini çox gözəl başa düşə-düşə, anlaya-anlaya söhbət edirlər. Deməli, ikisi də bir kökdən qopublar, bir boydan boylanıblar. Böyük bir ağacın ayrılmaz qoşa budaqları kimidir. Məhz buna görə də biz onları eyniləşdirir, qoşalaşdırır, "Ana torpaq" deyib əzizləyirik.
Torpağı sevməmək mümkün deyil. Biz yaşadığımıza, var olduğumuza görə torpağa borcluyuq. Axı torpaq həm də anadır. Torpağımızı da, anamızı da qorumalıyıq. Qoruduqca  da zərrə-zərrə Vətənə, Torpağa və Anaya sevgimizi də artırırıq. Torpağımızı qoruduqca həm də mətinləşirik, məğrurlaşırıq, mübarizləşirik. Damarlarımızda qanımız coşur. Torpağı qorumaqla vətənləşdiririk. Türk şairi Mithal Cemal Kuntay necə də gözəl deyib: "Torpaq, əgər uğrunda ölən varsa Vətəndir". Hisslərimizi coşduran, qəlbimizi riqqətə gətirən bu misra özündə Vətənə, Ana torpağa məhəbbəti, şəhidliyi, şəhidlərin müqəddəsliyini ehtiva edir. Yaddaşlarda abidəyə dönmüş bu misrada həm də torpağın qorunmasına güclü bir çağırış var.
Əsrlər boyu babalarımız torpaqlarını göz bəbəkləri kimi qorumuşlar ki, Vətənləri olsun, qoruya-qoruya  da torpağı sevmişlər. Sevə-sevə qorumuşlar, əkib-becərmişlər. Ulu Dədə Qorqud deyirdi ki, torpağı əkib-becərmirsənsə, qorumağa dəyməz, qorumursansa, əkib-becərməyə dəyməz. Beləcə, zaman-zaman torpaq yadellilərdən müdafiə edilmişdir. Cəsur oğullar daim yurdun  keşiyində dayanmışlar, düşmənə keçilməz sipər olmuşlar. Torpaq uğrunda döyüşmüşlər, vuruşmuşlar, çarpışmışlar. Torpaq qan ilə suvarılanda Vətəndir.
Müdriklərimiz həmişə özlərindən sonrakı nəsillərə üç şeyi qorumağı vəsiyyət etmişlər: "Ana  dilinizi, vicdanınızı və Vətəninizi". Vətən hər birimiz üçün müqəddəsdir. Onu qorumaq ən şərəfli borcumuzdur. Nəyin bahasına olursa-olsun, babalarımızın vəsiyyətinə əməl edərək Ana torpağımıza göz dikmiş erməni qəsbkarlarını işğal  etdikləri yurdumuzdan, el-obamızdan qovmalıyıq! Vətənimizi göz bəbəyimiz kimi qorumalıyıq. Azərbaycan Ordusu Ali Baş Komandanın döyüş əmriylə torpaqlarımızı işğaldan azad edəcək. Torpaqlarımız göz bəbəyi kimi qorunacaq. Qorunacaq ki, o yerlərə bir daha erməni qəsbkarlarının ayağı dəyməsin. Ona görə qorunacaq ki, o yerlər bizim əbədi-əzəli torpağımızdır! Ana torpağımızdır!

Vahid MƏHƏRRƏMOV, "Azərbaycan Ordusu"