Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

4 Dekabr 2019 12:13

“Öyrədiblər, öyrənmişik, öyrədirik”

Ordunun gücü həm də şəxsi heyətə hərbi biliklərin aşılanmasının səviyyəsindən də asılıdır və bu, Azərbaycan Ordusunda yüksək səviyyədə təşkil olunub. Hərbi biliklər Azərbaycan Ordusunu zabit kadrlarıyla komplektləşdirən Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində, Cəmşid Naxçıvanski adına Hərbi Liseydə proqrama uyğun tədris materialları ilə aşılanır. Ordu quruculuğunun tərkib hissəsi kimi bu, hərbi hissələrdə gənc əsgərlərin hazırlığı formatında aparılır.
Öyrətmə pedaqoji prosesdir. Məktəbdə də, istehsalatda da, cəmiyyətdə də belədi. Öyrədən-öyrənən münasibəti qanunla tənzimlənəndə daha etibarlı, daha ümidverici olur. Bəzən şəraitə görə öyrətmə prosesini tövsiyələr, məsləhətlər əvəzləyir və pedaqoji prosesin tələblərinə tam uyğun gəlir. Baş leytenant Kərim Kərimovla, sonra əsgərlərlə hərbi hissədə asudə vaxtda bunlar haqqında söhbətləşdik. Leytenant Nəsimi Həsənlinin dedikləri söhbətimizin mahiyyətini də, nizamını da, axarını da tənzimlədi:
- Gənc əsgərlərin hazırlığı təsdiq edilmiş tədris proqramına müvafiq aparılır. Hazırlıq müddətində gənc əsgərə bütün zəruri hərbi biliklər əhatəli şəkildə aşılanır, bunlar döyüş hazırlığının başlanğıcıdır, yəni, əsgər hərbi xidmətə bu hazırlıqla başlayır, döyüş hazırlığı məhz bu başlanğıc əsasında inkişaf etdirilir, formalaşır, qüdrət amili olur.
Leytenant fikrini ordu quruculuğunda əhatəli olan başqa bir amillə tamamladı:
- Gənc əsgərin hazırlığı döyüş hazırlığıyla bir sırada onun mənəvi-psixoloji hazırlığını da formalaşdırır - öyrənmə prosesi özünəinam da yaradır. Əsgər görür və dərk edir ki, hər öyrənilən əvvəlki biliklərin davamı kimi yaddaşa köçür və nəticədə hərbi biliklər sistemi onun xidmətini daha da gərəkli edir.
Komandiri əsgər Murad Hüseynovu nümunəvi əsgər kimi təqdim etdi:
- Nizamnamələrin tələblərinə ciddi əməl edir, mahiyyətindən və yerinə yetirilmə mexanizmindən asılı olmayaraq bütün əmr və göstərişləri, tapşırıqları həm vaxtında, həm də məsuliyyətlə yerinə yetirir. İctimai-siyasi dərslərdə də, tədbirlərdə də fəallıq göstərir.
Zabitin bu təqdimatı söhbətimizə vasitə oldu.
Ezamiyyətlərdə əsgərlərlə həmişə həvəslə xoş duyğuları, gözəl, gərəkli mətləbləri yaddaşıma köçürə-köçürə söhbətləşmişəm. Nümunəvi xidmət edən əsgərlə söhbət də mənə könül xoşluğu verdi.
Hal-əhval tutmanı baxışlarımız əvəzlədi. Mətləbimdən - öyrənmək, dəqiqləşdirmək istədiyim mövzudan söz açdım:
- Zamanında sən də gənc əsgər olmusan. Sənə də hərbi xidmətin zəruri tələbləri öyrədilib, sən də nizamnamələri diqqətlə oxumusan, öyrənmisən, dərk etmisən. İndi də oxuyursan. Səncə, öyrətmə çətindi, yoxsa öyrənmə?
Sual əsgəri bir qədər düşündürdü, sonra tələsmədən dedi:
- Gənc əsgər kimi hərbi xidmətə başlayanda nizami yerişlə ötüb keçən əsgərlərə həsəd aparırdıq. İnanıram ki, indi bizim yerişimizə həsəd aparırlar, onların da yerişinə həsəd aparılacaq. Sonra silahlarla davranma, daha mürəkkəb silahlarla tanışlıq, onların istismar xüsusiyyətlərini öyrənmə - biz  belə bir gərəkli hazırlıq keçmişik.
Əsgərin cavabı, mövzu haqqında düşüncələri əsgərlərin də diqqətini çəkdi - yaşanılmış duyğular haqqında eşitmək xoş ovqat yaradır:
- Məqsəd öyrənənə nəyisə öyrətməkdi. Öyrədənin öyrətməyə, öyrənənin öyrənməyə məsuliyyətini tələb edən bu prosesdə öyrədənin fikri, mövzunu necə izah etməsi, səbrli, təmkinli olması nə dərəcədə vacibdirsə, öyrənənin öyrədəni bütün məsuliyyətiylə dinləməsi də o dərəcədə vacibdir. Orta məktəbdə qiymət almaq üçün oxuduğumuz fənlər də vardı. Gənc əsgər bilir ki, ona öyrədilənlərdən imtahan bütün hərbi xidmət dövründə, hər gün, hər an götürülür - bəzən müşahidələrlə, bəzən diqqət yetirilməklə, bəzən məqsədli, bəzən məqsədsiz. Öyrənilənlər hərbi hissədə daha da təkmilləşir. Zabitlərin, gizirlərin iradları, tövsiyələri, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının, səndən əvvəl xidmət edən təcrübəli əsgər yoldaşlarının dedikləri öyrəndiklərinin davamı olur...
Əsgər Vüqar Əliyev dedi ki, hərbi hissəmizə gələn gənc əsgərlərə bildiklərimizi, zəruri hesab etdiklərimizi biz də xatırladırıq.
- Xatırlatma da müəyyən mənada öyrətmədi, - dedim. Vüqar bu müdaxiləylə razılaşdı.
- Əlbəttə, - dedi. - Zamanında xatırladıblar ki, unutmayaq, xatırladırıq ki, unutmasınlar.
Əsgərlər dedilər ki, öyrədiblər, öyrənmişik, öyrədirik...

Mübariz MUSAYEV, "Azərbaycan Ordusu"