"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

27 Noyabr 2019 10:03

Azərbaycan Ordusunun şəxsi heyəti ilə keçirilən ictimai-siyasi hazırlıq dərsi

(İctimai-siyasi hazırlıq dərsinin qrup rəhbərinə dərsə hazırlaşmaq üçün kömək)

Mövzu: Döyüş hazırlığında, döyüş növbətçiliyində təhlükəsizlik qaydalarına riayət edilməsi, hərbi xidmətin təhlükəsizliyinin təmin edilməsi.

İctimai-siyasi hazırlıq qrupunun rəhbərinə bu dərsə hazırlaşarkən Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan tarixinə dair tarixi və bədii ədəbiyyatdan istifadə etmək və mövzunu bölmənin gündəlik həyatı ilə bağlamaq tövsiyə olunur.

Suallar:

1. Döyüş növbətçiliyinin təşkili və aparılması zamanı əsas təhlükəsizlik tələbləri.

2. Hərbi xidmətin təhlükəsizliyinin təmin edilməsi.  

 

Döyüş növbətçiliyinin təşkili və aparılması zamanı əsas təhlükəsizlik tələbləri


Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Nizamnamə və təlimatlarının, Müdafiə nazirinin əmrlərinin, eləcə də bilavasitə rəislərin əmr və sərəncamlarının tələblərinə müvafiq olaraq, birləşmə və hissələrdə təhlükəsizlik tədbirlərinin təşkili, onların keçirilməsinə rəhbərlik və nəzarət edilməsi komandirlərə və digər vəzifəli şəxslərə həvalə olunur. Onlar döyüş hazırlığı məşğələlərini təşkil edərkən və bu məşğələlərin gedişində təhlükəsizliyin təmin olunmasına dair tədbirlərin işlənib hazırlanmasını həyata keçirirlər.
Döyüş növbətçiliyi "Döyüş növbətçiliyinin təşkili və aparılmasına dair Təlimat"a uyğun təşkil olunur və düşmənin qəfildən hücumunun vaxtında aşkar edilməsi və dəf olunması, həmçinin müdafiənin dayanıqlığını və keçilməzliyini təmin etmək məqsədi daşıyır.
Döyüş növbətçiliyinin təşkili və aparılması zamanı postlarda aşağıdakı təhlükəsizlik qaydalarına əməl edilməlidir:
- ehtiyac olmadan patronu patron yuvasına yeritməmək;
- silahla əsgər sığınacağına daxil olmamaq;
- silahı doldurma-boşaltma yerində ancaq post başçısının nəzarəti altında silahı doldurmaq (boşaltmaq);
- daraq taxılandan sonra silahı qoruyucuda saxlamaq;
- doldurulmuş silahla (qoruyucuda olsa belə) davranış qaydalarını pozmamaq (zarafat etməmək, silahla oynamamaq və s.)
- içərisində mərmi (patron) olub-olmamasından asılı olmayaraq, silahı şəxsi heyətə, əsgər sığınacağına, yaşayış məntəqəsinə tərəf yönəltməmək;
- silaha boş darağı taxarkən patronun olub-olmamasına nəzarət etmək;
- səngərdə durarkən başını qaldırmamaq, düşməni ancaq müşahidə məntəqəsindən müşahidə etmək, zirehli jileti çıxarmamaq və silahı əlindən qoymamaq;
- gecə vaxtı tonqalların qalanmasına, maşınların düşmənin müşahidəsi altında olan sahələrdə faralarla hərəkətinə yol verməmək.
Döyüş növbətçiliyində olarkən silahı sökməməli, düşmənlə heç bir halda əlaqəyə girməməli, döyüş növbətçiliyinin yerini (postu) post başçısının icazəsi olmadan tərk etməməli və deyilən tələbləri yerinə yetirməyən əsgər yoldaşı barədə dərhal post başçısına məruzə edilməlidir.
Hər bir hərbi qulluqçu şəxsi və ictimai gigiyena qaydalarına ciddi riayət etməli və öz orqanizmini gündəlik möhkəmləndirməli, tərli-tərli su içməməli, kəsici, deşici əşyalarla zarafat etməməli və həkimin məsləhəti olmadan dərman qəbul etməməlidir. Soyuq vaxtlarda hərbi qulluqçuların orqanizminin həddindən artıq soyuması və donması, isti vaxtlarda isə həddindən artıq qızması, gün yanıqları və istilikvurma hallarının qarşısını alan tədbirlərin görülməsi xüsusi əhəmiyyət kəsb edir.
Mina sahələrinə qətiyyən yaxınlaşmamalı, düşmən haqqında müvafiq məlumatları, eləcə də hər hansı bir hadisəni gördükdə və ya eşitdikdə dərhal post başçısına məruzə edilməlidir.
Atış çalışmalarının, döyüş atışlarının və döyüş atışlı taktiki təlimlərin keçirilməsi zamanı təhlükəsizlik tədbirləri:
- atışda təhlükəsizlik, atışların düzgün təşkili, "Atış kursu"nda qoyulmuş qayda və təhlükəsizlik tədbirlərinə dəqiq riayət etməklə, bütün hərbi qulluqçuların yüksək intizamı ilə təmin olunur. Atış keçirilən hər bir obyektdə, onun xüsusiyyətlərini və ərazi şəraitini nəzərə alaraq təhlükəsizlik tədbirləri üzrə təlimat hazırlanır. Təhlükəsizlik tədbirlərini mənimsəməmiş şəxsi heyət atışa buraxılmır;
- hər bir hərbi qulluqçu atışda təhlükəsizlik tədbirlərini dəqiq yerinə yetirməlidir. Hərbi hissə və bölmə komandirləri onlara tabe olan şəxsi heyətin təhlükəsizlik tədbirlərinə dəqiq riayət etmələrinə tam məsuliyyət daşıyırlar;
- atışdan əvvəl hədəf meydanı yoxlanılmalıdır və atış ərazisindən insanlar, heyvanlar və maşınlar çıxarılmalıdır;
- partlamamış mərmilər, minalar, bombalar, partladıcılar və partlama təhlükəli maddələr olan sahələrə girmək (maşınla) qadağandır. Belə sahələrdə müvafiq nişanlı və xəbərdarlıq yazılı göstəricilər qoyulmalıdır;   
- atəş açan döyüş maşınları ekipajlarının atış rəhbəri ilə rabitəsi olmayanda atəş açmaq və aparmaq qadağandır. Hədəf meydanında, uçuş məkanında yanğın əmələ gəldikdə, döyüş maşınlarının ekipajları səmti itirdikdə atəş dərhal dayandırılır;
- döyüş maşınlarından atışda xəndəkləri, çalaları və başqa dərin maneələri keçəndə silaha maksimal yüksəlmə bucağı verilir;
- döyüş maşınları ilkin vəziyyətə qayıdana kimi ("Maşınlara" komandası verilənə qədər) lyükləri açmaq və döyüş maşınlarından çıxmaq qadağandır;
- əl döyüş qumbaraları atılanda zapal yalnız qumbaranı atmaqdan əvvəl rəhbərin komandası ilə qoyulur. Daldanacaqdan müdafiə və tank əleyhinə qumbaralar partlayandan 10 saniyədən az olmayaraq keçəndən sonra çıxmaq olar;
- atışlar keçiriləndə əlavə olaraq, hər silah növü üzrə müvafiq təlimatlarda göstərilmiş təhlükəsizlik tədbirlərinin müddəaları rəhbər tutulmalıdır.

 

Hərbi xidmətin təhlükəsizliyinin təmin edilməsi


Hərbi xidmətin təhlükəsizliyi - hərbi qulluqçuların təhlükəli və zərərli amillərin təsirindən həyati vacib maraqlarının müdafiəsi dərəcəsini əks etdirən hərbi xidmətin vəziyyətidir. Hərbi xidmətin təhlükəsizliyinin təmin edilməsi hərbi qulluqçuların həyat və sağlamlığının qorunub saxlanılmasına, qoşunların həyat fəaliyyətinin bütün növlərinin təhlükəsizlik şəraitinin təşkilinə, eləcə də xidməti vəzifələri yerinə yetirərkən şəxsi heyətin ölümünə və xəsarət almasına səbəb olan amillərin təhlili, proqnozlaşdırılması və təsirinin məhdudlaşdırılmasına yönəlmiş Azərbaycan Respublikasının qanunvericiliyinin, Silahlı Qüvvələrin ümumqoşun nizamnamələrinin, Müdafiə Nazirliyinin müvafiq normativ aktlarının tələblərinin yerinə yetirilməsinə dair vəzifəli şəxslərin və hərbi idarəetmə orqanlarının məqsədyönlü fəaliyyətidir.
Xidməti vəzifələrini (müvafiq işi) yerinə yetirən zamanı hərbi qulluqçuların təhlükəsizliyini təmin edən qanunvericilik aktları ilə, normativ-texniki sənədlərlə, qaydalar və təlimatlarla müəyyən edilmiş təhlükəsizlik  tələbləri vardır. Azərbaycan Respublikasının Müdafiə nazirinin qərar və əmrləri, Müdafiə nazirinin müavinləri, qoşun növləri komandanlarının əmr və sərəncamları ilə isə əlavə təhlükəsizlik tələbləri müəyyən edilir.
Hərbi xidmətin təhlükəsizliyinin təmin edilməsi üzrə tədbirlərin əsas məqsədi aşağıdakılardır:
- şəxsi heyət arasında qeyri-döyüş itkilərinin qarşısının alınması;
- hərbi qulluqçular tərəfindən yerli əhaliyə qarşı hüquq pozuntularının qarşısının alınması;
- ətraf təbii mühitə zərər vurmağın maksimum azaldılması.
Hərbi xidmət təhlükəsizliyinin təmin olunmasının digər vəzifələri aşağıdakılardır:
- hər bir hərbi qulluqçuda təhlükəsizlik tədbirlərinə və qaydalarına ciddi əməl olunmasına dair şəxsi məsuliyyətin formalaşması;
- şəxsi heyətdə həm öz həyatının, sağlamlığının, həm də ətrafdakıların həyat və sağlamlığının qorunub saxlanılmasına şüurlu münasibətin formalaşdırılması;
- bütün kateqoriyalı vəzifəli şəxslərə hüquqi mədəniyyətin və mövcud hüquq normalarının yerinə yetirilməsi hissinin aşılanması;
- hərbi qulluqçuların maksimum təhlükəsiz fəaliyyətini təmin edən möhkəm hərbi-peşəkar və mənəvi-psixoloji keyfiyyətlərin formalaşdırılması;
- şəxsi heyətdə mülki əhaliyə hörmətlə yanaşmanın və onlara qarşı normativ hüquqi tələblərin ciddi yerinə yetirilməsinin formalaşdırılması;
- hərbi qulluqçularda ətraf mühitə humanist münasibətlərin formalaşması.
Hərbi xidmətin təhlükəsiz şəraitini yaratmaq yalnız o zaman mümkündür ki, onlardan qorunmanı tələb edən hərbi xidmətin təhlükəsizliyinə təhdidlər məlum olsun.
Hərbi xidmətin təhlükəsizliyi aşağıdakı əsas növlərə bölünür:
- döyüş növbətçiliyinin (növbəsi) təhlükəsizliyi;
- qarovul, daxili və qarnizon xidmətinin təhlükəsiz aparılması;
- silah və hərbi texnikanın istismarının təhlükəsizliyi;
- döyüş hazırlığının (o cümlədən, atış çalışmaları, döyüş atışları, taktiki təlimlərin keçirilməsi, döyüş texnikasının sürülməsi) təhlükəsizliyi;
- praktiki və xüsusi məşğələlərin təhlükəsizliyi;
- təsərrüfat işlərinə cəlb edilən hərbi qulluqçuların təhlükəsizliyi.
Şəxsi heyətin fəaliyyətinin xüsusiyyətlərini nəzərə alaraq, hərbi xidmətin təhlükəsizliyinin əsas növləri dəqiqləşdirilə və konkretləşdirilə bilər.
Bu və ya digər təhlükəsizlik növünün mahiyyəti, xarakteri və məzmunu obyektlərə təsir edən amillərlə müəyyən olunur. Ümumi şəkildə hərbi xidmətin təhlükəsizliyinin bütün növlərinin mahiyyəti onların hərbi qulluqçu və ətraf mühit üçün təhlükəsizlikdən, məzmunu isə bu təhlükəsizliyə nail olmağa imkan verən müvafiq tədbirlərin keçirilməsindən ibarətdir. Təhlükəsizlik növünün mahiyyətinin, xarakterinin və məzmununun spesifik xüsusiyyətləri bu konkret fəaliyyət növünün xarakterindən asılıdır.
Hərbi xidmətin təhlükəsizliyinin təmin olunmasına ümumi yanaşma qanunların və normativ hüquqi aktların hərbi xidmətin təhlükəsizliyi məsələləri üzrə bütün tələblərinə ciddi əməl etməkdir.
Qoşunların gündəlik fəaliyyəti zamanı hərbi xidmətin təhlükəsizliyinə aşağıdakılarla nail olunur:
- şəxsi heyətin hüquq, azadlıq və təminatlarının Azərbaycan Respublikasının qanunları ilə müdafiəsi, hərbi qulluqçuların fəaliyyətinin xüsusiyyətlərini nəzərə almaqla onlara vətəndaşların sağlamlığının və əməyin qorunmasının mühafizəsinə dair qanunvericiliyin tələbləri ilə əhatə olunması ilə;
- hərbi xidmət keçən zaman hərbi qulluqçuların təhlükəsizliyinə dair tədbirlər sisteminin və onu təmin edən orqanların təkmilləşdirilməsi üzrə dövlət tədbirlərinin həyata keçirilməsi ilə;
- tabeçilikdə olanların həyat və sağlamlığının qorunmasına görə komandirlərin şəxsi məsuliyyəti ilə, bütün vəzifəli şəxslər tərəfindən hərbi xidmətin təhlükəsizlik şəraitinin yaradılması və saxlanılmasına dair ümumqoşun nizamnamələrinin tələblərini bilməsi və yerinə yetirilməsi ilə;
- hərbi hissə və bölmələrdə qoşun xidmətinin keyfiyyətli təşkili və hüquq qaydalarının saxlanılması ilə;
- hər bir hərbi qulluqçu ilə məqsədyönlü tərbiyə işinin aparılması, hərbi kollektivlərdə sağlam mənəvi-psixoloji mühitin saxlanılması ilə;
- şəxsi heyətin sağlamlığı və hərbi qulluqçuların konkret fəaliyyət növünə yararlığının müəyyən edilməsi üçün peşə psixoloji seçiminə tibbi nəzarətin yaxşılaşdırılması ilə;
- yanğından mühafizənin təşkili və ətraf mühitin mühafizəsinə dair görülən tədbirlər ilə;
- şəxsi heyətin ölüm və xəsarətalma hallarının səbəb və şərtlərinin aşkarlanması və aradan qaldırılması, bu məsələlərlə bağlı hərbi prokurorluq və ərazi hüquq-mühafizə orqanları ilə qarşılıqlı əlaqə ilə;
- komandirlər (rəislər) tərəfindən şəxsi heyətin ölüm və xəsarətalma hallarının qarşısının alınması üzrə komissiyanın işinə gündəlik rəhbərliklə;
- şəxsi heyətin xəsarətalma faktları üzrə xidməti araşdırmaların təyin edilməsi və onların nəticələrinə görə müvafiq qərarların qəbul edilməsi ilə.
Hərbi xidmətin təhlükəsizliyinin təmin edilməsinə dair komandirlərin fəaliyyətinin vacib mərhələsi tabeçilikdə olan bölmələrdə təhlükəsizliyin vəziyyətinin təhlili və onun təmin edilməsinə dair yekunların keçirilməsidir.
Hərbi qulluqçuların fiziki və psixoloji sağlamlığının qorunması və möhkəmləndirilməsinə qayğı göstərilməsi komandirlərin əsas vəzifəsidir. Məhz onların üzərinə qoşun xidməti, döyüş hazırlığı, döyüş növbətçiliyi (növbəsi), təsərrüfat və hərbi hissənin (bölmələrin) digər fəaliyyət növləri ilə əlaqədar keçirilən müxtəlif tədbirlər zamanı təhlükəsizlik tələblərinin təmin olunmasına görə  böyük məsuliyyət düşür.
   
İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsi