Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

23 Noyabr 2019 11:22

Moskvada keçirilən “Katyuşa” festivalı uğur gətirdi

Azərbaycan musiqisi çoxəsrlik və zəngin tarixə malik uzun bir yol keçərək bu günümüzə gəlib çıxıb. Qədim abidələrimizdə öz tarixini yaşadan musiqilərimiz mədəniyyət xəzinəmizin nadir sənət inciləridir. Qobustan, Gəmiqaya qaya rəsmlərində qədim Azərbaycan musiqisinin izləri qorunur. Bu gün Azərbaycan musiqisinin sədaları ölkəmizdən kənarda böyük konsert salonlarından eşidilir. Bununla da xalqımız zəngin musiqi irsini geniş təbliğ etməklə, dünya klassik musiqisinin inkişafına əvəzsiz töhfələrini bəxş edir. Təsadüfi deyildir ki, Azərbaycan muğamı UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilib.
Dədə Qorqud boylarından boy atan hərb, savaş musiqimiz, cəngimiz ordunu düşmən üzərində qələbəyə ruhlandırıb. Bəli, musiqi ruhlandırır, musiqi coşdurur, musiqi qələbəyə səsləyir. Xalqımızın hərbi musiqi tarixində marşlar, hərbi mahnılar əsgəri döyüşə ruhlandıran əsas vasitələrdən sayılıb. Tarixi ənənə bu gün də davam etdirilir. Böyük Vətən müharibəsindən, Qarabağ savaşlarından doğulan qəhrəmanlıq, vətənpərvərlik mövzusu yeni-yeni hərbi musiqilərimizin yaranmasına zəmin oldu. Müstəqil Azərbaycanın ordu quruculuğunda önəm kəsb edən hərbi musiqi ənənələrinin yaşadılması, inkişafı, daha da təkmilləşməsi prosesi Şəxsi Heyət Baş İdarəsinin Hərbi Orkestr xidmətinin rəisi, Xalq artisti, professor, general-mayor Yusif Axundzadənin rəhbərliyi altında uğurla davam etdirilir.
Noyabrın əvvəllərində  Moskva şəhərində keçirilən "Katyuşa" hərbi-musiqi festivalında  respublikamızı Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi Orkestrinin və Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin mahnı və rəqs ansamblının solistləri təmsil ediblər. Keçmiş SSRİ-nin beş respublikasının iştirak etdiyi hərbi-musiqi festivalı Böyük Vətən müharibəsində qələbənin 75 illiyinə həsr olunmuş XIV festival  çərçivəsində təşkil olunmuşdu.
"Yaşasın Qələbə!" adı altında keçirilən müsabiqənin şərtlərinə uyğun olaraq,  hərbi musiqiçilərdən ibarət hər bir  komanda vətənpərvərlik ruhunda bəstələnən, ordu, müharibə mövzusunda mahnılar, marşlar və klassik musiqilər ifa edib. Hərbi-musiqi festivalının final mərhələsi noyabrın 8-də başa çatıb. Yüksək nəticələr qazanan və festival çərçivəsində təşkil olunan konsert proqramlarında uğurlu çıxışlar edən hərbçi musiqiçilərimiz Vətənə qayıdıblar.
Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi Orkestrinin rəisi, Əməkdar incəsənət xadimi, dosent, polkovnik-leytenant Rüfət Axundzadə festival haqqında məlumat verdi. “Qeyd etdiyiniz kimi, XIV festival çərçivəsində təşkil olunan "Katyuşa" hərbi-musiqi festivalında solistlərimiz iki ildir ki, iştirak edirlər. Keçən il orkestrimizin solisti baş gizir Kənan Qədimov bu festivalda üçüncü yeri qazanmışdı. Bu il isə solistlərimiz Əməkdar artist gizir Səbinə Əsədova və baş gizir Kənan Qədimovun həm  ayrılıqda, həm də duet şəklində ifa etdikləri mahnılar alqışlarla qarşılanıb. Onlar festival çərçivəsində  keçirilən "Yaşasın Qələbə!" müsabiqəsində ikinci yeri qazanıblar. Müsabiqənin laureatı adını alaraq, diploma layiq görülüblər. Bu, Azərbaycan mədəniyyətinin hərbi-musiqi həyatında əlamətdar bir hadisədir. Əminəm ki, orkestrimizin solistləri gələcəkdə də belə festivallarda Vətənimizi layiqincə təmsil edəcəklər."
Əlahiddə Nümunəvi Orkestrin solistləri və müsabiqənin qalibləri gizir Səbinə Əsədova, baş gizir Kənan Qədimov Moskva şəhərində keçirilən "Katyuşa" hərbi-musiqi festivalı barədə təəssüratlarını "Azərbaycan Ordusu" qəzetinin oxucuları ilə  bölüşdülər.
Səbinə Əsədova: "Biz Vətənimizi, Azərbaycanımızı təmsil etdik. Belə tədbirlərdə iştirakçı olmaq böyük şərəfdir. Müsabiqələrdə yüksək nəticələr göstərmək hər birimizdən böyük məsuliyyət tələb edir. Çox sevinirik. Ölkəmizi layiqincə təmsil edə bildik. Gələn il bundan da yüksək yerləri qazanacağıq. Onun üçün də öz üzərimizdə daha çox işləməliyik. Yeni yaradıcılıq axtarışlarında olmalıyıq. Məsuliyyət hissimizi daha da artırmalıyıq. Festivalda şərtlərə uyğun olaraq hərbi vətənpərvərlik mahnıları, marşlar və klassik musiqilər də ifa etdik. Hər ölkə öz vətənpərvərlik mahnılarını ifa etdi. Finalda Kənanla Elza İbrahimovanın "Ey Vətən" hərbi vətənpərvərlik mahnısını duet oxuduq. Birgə çıxışımız alqışlarla qarşılandı. Festivalın final mərhələsində 1-ci yerə Belarus Respublikasının nümayəndələri layiq görüldü. 2-ci yeri Azərbaycanın, 3-cü yeri Qazaxıstan, Qırğızıstan, Türkmənistan respublikalarının nümayəndələri tutdular."
Kənan Qədimov: "Mən keçən il bu festivalda tək iştirak etmişdim. Bu il festivala Səbinə Əsədovayla birlikdə qatıldıq. Festivalın əhəmiyyəti böyükdür. Müsabiqədə iştirakçı olan ölkələrin hərbi musiqiləri ilə yaxından tanış olmaq imkanı qazanırsan. Hərbçi musiqiçilərlə əməkdaşlıq yaranır. Bu sahədə təcrübən artır. Festivalda yaddaqalan məqamlardan biri də odur ki, bizim hərbi musiqilərimizi, marşlarımızı iştirakçılar çox sevdilər. Hərbi musiqimiz müharibə şəraitində yaranır. Ona görə də hər birində yüksək yaradıcılıq nəfəsi duyulur və bu da musiqini daha effektli edir. Özünə tamaşaçı rəğbəti qazandırır. Arzu edirəm ki, biz də tezliklə Azərbaycanımızın musiqi beşiyi olan Şuşamızda, Qarabağımızda  Böyük Qələbəmizə həsr edilən mahnı festivalları keçirək."
Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin  mahnı və rəqs ansamblının solistləri gizir Günay Qasımovanın və Mətləb Ağayevin də "Katyuşa" hərbi-musiqi festivalı çərçivəsində təşkil edilən konsertlərdəki çıxışları uğurlu olub. Onlar Böyük Vətən müharibəsində qazanılan qələbəyə, Vətənə həsr edilən mahnıları və milli hərbi marşlarımızı, dünya klassik musiqilərini böyük ustalıqla ifa ediblər. Hər iki solist hərbi-musiqi festivalında uğurlu çıxışlarına görə fəxri fərman, diplom, hədiyyələrlə mükafatlandırılıb.
Günay Qasımova: "Festival iştirakçıları ifa etdiyimiz hər bir musiqimizi böyük maraqla dinləyirdilər. Biz milli musiqilərimizi böyük səhnələrdə ifa edəndə qürur hissi keçiririk. Fikirləşirik ki, buradan Azərbaycan mədəniyyətinin hərbi musiqi ənənələrini ölkəmizdən kənarda biz təbliğ edirik. Səhnəyə çıxanda çox həyəcanlı idik... Çıxışlarımız çox uğurlu alındı.

Lalə HÜSEYNOVA, "Azərbaycan Ordusu"