Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

23 Noyabr 2019 11:22

Qəhrəmanlar həmişə tarix yazırlar

İnsanların maraq dairəsindən heç vaxt uzaq düşməyən, daim onları özünə cəlb edən qəhrəmanlıq əsrləri yola salmış qos-qoca tarix üçün yenilik deyil. Daim maraq yetirdiyimiz tarixin səhifələri qanlı döyüş meydanlarında hünər göstərərək ad çıxarmış cəngavərlərin qəhrəmanlığı ilə doludur. Zaman-zaman müharibələr tarix  olub, tarix kimi qəhrəmanlıqlara, qəhrəmanlara şahidlik edir. Yəqin ki, bundan sonra da dünya əzəldən nizamlandığı axarı ilə davam edəcək. Qəhrəmanlıq adlandırdığımız köklü-köhmərli ağacdan yeni pöhrələr boy verəcək.
Qəhrəmanlar güclərini həmişə döyüş meydanlarında göstəriblər. Hünərləri ilə düşmənləri diz çökdürüblər. Meydanlar üz-üzə gələn güclərin sınaq yeri olub. Yaşanmış tarix dönə-dönə sübut edib ki, döyüş meydanları insanlara cəsarətlərini göstərmək üçün sanki bir səhnədir. Bu, çoxlarının düşündüyü kimi sadəcə bir teatr səhnəsi deyil, tarixin qanlı səhnəsidir. İnsanlara şöhrət gətirən, amma qan-qada və müharibələrlə dolu bir səhnə! Müharibə sözünü dilimizə gətirəndə gözlərimiz önünə insanların hakimiyyət, torpaq və var-dövlət üstündə bir-birilərini al qana qərq etdikləri, ölüb öldürdükləri hərb meydanları gəlir. Həmin anlarda elə bil möcüzə baş verir ki, sanki bir göz qırpımındaca keçmişə dönür, canlı-canlı tarixə bağlanırıq. Bir-birini üstələməyə can atan pəhləvanların hənirtilərini duyur, odlu nəfəslərini hiss edir, şir kimi düşmən üzərinə atılan igidlərin qulaq batıran nərəsini, qılınc cingiltisini, ox vıyıltısını, at kişnərtisini və tüfəng səsini, pulemyot şaqqıltısını, top gurultusunu, tank nəriltisini eşidirik. Tarixin dərinliyindən gələn və bir-birinə həmahəng olan bu səslər bizi qəhrəmanlığa, erməni qəsbkarları üzərində qələbələrə çağırır. Kəsilmək bilməyən həyəcan dolu hayqırtılar, gurlayan səslər gücümüzü artırdıqca artırır. Bunlar təkcə damarlarımızdan axan qanı coşdurmaqla kifayətlənmir, onlar həm də ovqatımıza ovqat qatır, böyük qələbələrə gedən yolların səmtini göstərir.
Tarix boyu qəhrəmanlar hələ sağ vaxtlarında ətraflarındakılar tərəfindən hörmətlə qarşılanıb. Dünyadan köçəndən sonra isə ehtiramla anılıb, hörmətlə yad ediliblər. Yəqin ki, bu gün aramızda qəhrəman olmaq, bu arzunun alovunda yanmayan, odunda qızınmayan kimsə tapılmaz.
Dünya binə olandan, ilk müharibələr, döyüşlər başlanandan insanlar qan-qadadan qorxub geri çəkilməyiblər. İgidliyin əlindən möhkəm-möhkəm yapışaraq qəhrəmanlıq göstərməyə susayıblar, ölümün gözünün içinə dik baxa-baxa qələbə qazanıblar. Qəhrəmanlığa can atmaq qələbə deməkdir, qəhrəmanlığa susamaq uğur deməkdir, qəhrəmanlığı arzulamaq tarixin səhifəsində əbədi iz qoymaq deməkdir. Qəhrəmanlar hünərləri ilə daim düşmən üzərində zəfər çalıb şərəflə dolu ömür yaşayıb, tarix yazıblar. Elə bir tarix ki, zaman-zaman onlara başucalığı gətirib. Elə bir tarix ki, onunla yalnız fəxr edib qürur duymaq olar. Elə bir tarix ki, onları səhifələrində qoruyub saxlaya-saxlaya vəsf edəcəkdir. Elə bir tarix ki...
Ədəbiyyatın şah əsərlərindən sayılan və oxucu sevgisi qazanan qəhrəmanlıq dastanları həmişə sirli-sehirli cazibəsi ilə bizi özünə çəkib. Dastanları mütaliə etdikcə özümüzü qəhrəmanların arasında hiss edir, həyatımız boyu cəsarətdə, hünərdə onlara oxşamaq istəyirik. Mütaliə boyunca əlçatmaz xəyallar qurur, qorxmadan döyüş meydanlarına atılır, insanları heyrət və riqqətə gətirən qəhrəmanlıqlar göstərməyi arzulayırıq. Bu anlarda sanki düşüncələrimiz əlimizdən tutub bizi tarixin səhifələrinə səyahətə aparır. Oxuduğumuz bu doyumsuz dastanlardan boy verən ülvi duyğular, bəşəri hisslər daim bizi igidliyə, cəsarətə səsləyir, can və qan bahasına başa gələn böyük qələbələrə ruhlandırır. İnsan doğuluşundan qəhrəmanlıq göstərməyə, xariqələr yaratmağa köklənir. Deməli, insan qürurla yaşamaq, qurub yaratmaq, döyüşlərdə qəhrəmanlıq göstərmək, el-obasını düşməndən qorumaq üçün doğulur.

Vahid MƏHƏRRƏMOV, "Azərbaycan Ordusu"