Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

20 Noyabr 2019 10:12

Vətənsevərlik

Böyük tarixi şəxsiyyət Heydər Əliyev qürurla deyirdi: "Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!". Bu kəlamla qürurlananların, bu kəlamı yaşadanların hamısı Ümummilli Liderimizin ideoloji əsgəri olub. İndi də belədi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müasir müstəqil Azərbaycanımızın dövlətçilik memarının azərbaycançılıq ideologiyasını da uğurla davam etdirir; azərbaycançılıq ideologiyası cəmiyyətin bütün sahələrini, eləcə də  ordu quruculuğunu əhatələyir.  Müstəqil Azərbaycanın dövlətçiliyinin təməllərindən biri də azərbaycançılıq məfkurəsidir. Bu bəşəri məfkurə Azərbaycan dilini, mədəniyyətini, ədəbiyyatını, milli-mənəvi dəyərləri, adət-ənənələri yaşatmaqdadır; azərbaycançılıq müstəqil Azərbaycanın milli ideologiyası olub, həmişə də belə olacaq. Böyük tarixi şəxsiyyət Heydər Əliyev azərbaycançılığı Azərbaycan dövlətçiliyini möhkəmləndirmək vasitəsi kimi dəyərləndirərək deyirdi: "Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı - Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini yaşatmalıyıq".
Azərbaycançılıq ordu quruculuğunda da uğurla davam etdirilməkdədir.
Milli-mənəvi dəyərləri yaşatmaq vətəndaşlıqdır. Hərbi xidmət mükəlləfiyyətdir, vətəndaşlıq borcudur. Bu borc yerinə yetirilir. Təkcə vətəndaşlıq borcu kimi deyil, həm də mənəvi borc kimi, azərbaycançılığa xidmət kimi yerinə yetirilir. Buna ön xətdə, səngərlərdə daha etibarlı səviyyədə əmin olursan. Ezamiyyətlərdə olanda ön xətdə, səngərlərdə döyüş növbətçiliyi aparan əsgərlərlə söhbətlərimizin mahiyyəti həm də azərbaycançılığa söykənir; azərbaycançılıq ordu quruculuğunu da tam əhatə edir, bu baxımdan mahiyyəti Vətəni, dövləti, dövlətçiliyi qorumaq olan hərbi xidmət də azərbaycançılığın tərkib hissəsidir. Bu qənaəti səngərdə əsgərlərə də demişdim. Əsgərlərdən birinin dedikləri məndə də, zabitdə də, əsgər yoldaşlarında da xoş ovqat yaratmışdı.
- 1988-1991-ci illərdə müstəqillik mübarizlərinin  sırasında atam da olub. Onların mübarizəsinin nəticəsi dövlət müstəqilliyimizdir. Mübarizə aparıb dövlət müstəqilliyimizin bərpasına nail olanların əqidəsini biz yaşadırıq. O əqidə azərbaycançılıqdı, yəni, Azərbaycan dövlətçiliyidi, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasıdı - torpaqlarımızın işğaldan azad edilməsidir. Hərbi xidmətimiz məhz  bunun üçündür. Biz dövləti, dövlətçiliyi qoruyuruq, deməli, azərbaycançılığın əsgəriyik, Hərbi andda deyildiyi kimi, bunun üçün şəhidliyə də hazırıq.
- Ulu öndərimiz Heydər Əliyev deyirdi ki, azərbaycançılıq Azərbaycanı qoruyub saxlamaq, dövlətçiliyi möhkəmlətmək vasitəsidir, - zabit əsgərin fikrini belə tamamladı.
Son illərdə ordu quruculuğunda həyata keçirilən irimiqyaslı islahatlar da bu ideologiyanın yaşarı olduğunun təsdiqidir. Orduda şəxsi heyətin döyüş hazırlığıyla bir sırada mənəvi-psixoloji hazırlığı da uğurla aparılır. Müdafiə nazirinin təsdiq etdiyi plana əsasən, hərbi birlik və birləşmələrdə, hərbi hissələrdə keçirilən kütləvi vətənpərvərlik tədbirləri istər mahiyyətinə, məzmununa, istərsə də hazırlanma metodologiyasına, gedişinə görə bilavasitə azərbaycançılığı ifadə edir. Belə tədbirlərin ssenarisi  (müəllifi Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, Müdafiə Nazirliyinin zabiti polkovnik Abdulla Qurbani) Azərbaycan dilinin zənginliklərindən bəhrənilməklə hazırlanır. Ssenarilərdə bu və ya digər fikrin poetik ülgüdə təqdimi də azərbaycançılığın təzahürüdür - Azərbaycan ədəbiyyatına, Azərbaycan poeziyasına ehtiramın, sevginin təzahürüdür. Kütləvi vətənpərvərlik tədbirlərindən birində ictimaiyyətə xitabən səsləndirilən misralar həm aşıladığı fikirlərin gərəkliyinə, həm də poetik dəyərinə görə fərqlənir. Yeni bədii fikir (vətənləşmə) müharibə şəraitinə, deməli, qələbəyə köklənmədə mühüm vasitə kimi vətənləşməyin gərəkliyini xatırladır:

Bu Vətənin daşı-dağı,

Gur bulağı, zərif gülü

Çiçəyində ləçəyinin

Şehi ilə vətənləşək,

Çiçəklərə sığal çəkən

Mehi ilə vətənləşək...

Vətənləşmək Vətən naminə yaşamaq fəlsəfəsinin tərkib hissəsi kimi təqdim olunur  və müəyyən mənada ordu-ictimaiyyət münasibətləri, yəni, ordu quruculuğu üçündü...
Şəxsi heyətlə aparılan ictimai-siyasi hazırlıq dərslərinin mövzularının bəzən tarixiliyi, mövzusunun məzmun baxımından dolğun işlənilməsi, fakt və hadisələrin mahiyyətinin mövzuyla uzlaşdırılması ordu quruculuğunda gərəklidir.
Kütləvi vətənpərvərlik tədbirlərinin bəziləri teatrlaşdırılmış formatda keçirilir ki, bu da ideyanın daha məzmunlu açılmasında gərəkli vasitə olur. Beyləqanda keçirilən kütləvi vətənpərvərlik tədbirində ssenariyə əsasən beyləqanlı şəhidlərin bir neçəsinin ruh qiyafəsində gəlişi, əsgərlərə (orduya), iştirakçılara (ictimaiyyətə) müraciətləri duyğusallıqla dinlənildi. Və şəhid atası oğlunun obrazını yaradan əsgəri bağrına basdı: "Özün də, sözün də mənə dərdimi unutdurdu, ay oğul. Bu gündən oğlum bilirəm səni...", - dedi. Bu tədbir də, tədbirdə belə bir görüntü də azərbaycançılığın qüdrətiydi. Azərbaycançılıq isə özlüyündə ordu quruculuğunun mənəvi dayaqlarındandır...
Əsas ideyası azərbaycançılıq olan müstəqil Azərbaycan dövlətində azərbaycançılıq vətəndaşlığı şərtləndirən amillərdən biridir. Azərbaycançılıq ideologiyası əsasında aparılan ordu quruculuğunda uğurlar bu səviyyədədir və davamlı olacaq; azərbaycançılıq  ordu quruculuğunun tərkib hissəsidir. Həm də bunun nəticəsidir ki, şəxsi heyətin döyüş əzmi, qələbə ruhu bu səviyyədədir...
Ordu quruculuğu şəxsi heyətin vətənpərvərlik duyğularının artırılmasını da təmin edir.

Rəşid HÜSEYNOV, "Azərbaycan Ordusu"