Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

20 Noyabr 2019 10:12

“Jurnalistlərin konfliktlərdə və risklərdə davranma təlimləri” başa çatdı

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin və Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin tərəfdaşlığı ilə "Dinc Dünya" Araşdırma Mərkəzinin təsis etdiyi "Konflikt jurnalistikası məktəbi" adlı birgə layihənin başa çatması ilə bağlı Hərb Tarixi Muzeyində tədbir keçirildi. Tədbirdə Müdafiə Nazirliyinin zabitləri, ictimaiyyət nümayəndələri və  Bakı Dövlət Universitetinin nümayəndəsi iştirak etdilər.
Layihənin rəhbəri Əlisəfa Mehdiyev bildirdi ki, "Dinc Dünya" Araşdırma Mərkəzi təhlükəli şəraitlərdə işləməsi ehtimal olunan jurnalistlərə beşinci ildir ki, Müdafiə Nazirliyinin zabitləri ilə Azərbaycan Ordusunun poliqonlarında təlim keçir. Layihənin rəhbəri belə təlim bazasının yaradılmasına görə Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlığını bildirərək dedi ki, cəbhə-poliqon təlimlərində topladığımız səriştə və jurnalistika fakültəsinin müəllimləri ilə hazırlanan tədris proqramı ölkəmizdə ilk dəfə Konflikt Jurnalistikası Məktəbinin Müdafiə Nazirliyinin bazasında və BDU-nun jurnalistika fakültəsinin birbaşa tərəfdaşlığı ilə yaradılıb. "Əsas məqsədimiz media nümayəndələrinə döyüş, savaş jurnalistikasının metodologiyasını öyrətməkdir. Ona görə də təlimlər birbaşa cəbhə bölgələrində keçirilir.  Təlimlərə peşəkar jurnalistlərlə yanaşı, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin tələbələri də cəlb olunurlar. İştirakçılara birinci mərhələdə həftədə bir gün olmaqla - şənbə günləri Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində peşəkar zabit heyəti tərəfindən müxtəlif mövzularda mühazirələr keçirildi. Dərslərdə jurnalistlər zabitlərin verdiyi məlumatları həvəslə öyrənirdilər. Təlimin gedişində iştirakçıları maraqlandıran suallar mütəxəssislər  tərəfindən ətraflı cavablandırılırdı".
Konflikt jurnalistikası məktəbinin icracı direktoru Teymur Quliyev iştirakçıları təbrik edərək təlimin ikinci mərhələsində  iştirakçıların nəzəri vərdişləri ilə yanaşı, praktiki vərdişlərinin də təkmilləşdirildiyini bildirdi. "Bunun üçün ön xətt bölmələrində və müxtəlif poliqonlarda Dağlıq Qarabağın relyefinə uyğun planlaşdırılaraq, iştirakçılara praktiki dərslər keçirildi. Burada iştirakçılara topoqrafik xəritələrin şərti işarələrindən istifadə qaydaları, yaralanma zamanı ilkin tibbi yardım göstərilməsi, döyüş meydanından yaralının təxliyə olunması, sürünə-sürünə irəliləmə, düşmənlə əlbəyaxa olanda özünü müdafiə, odlu və soyuq silahla silahlanmış düşməni zərərsizləşdirmə, minalanmış sahələrdə ehtiyatlı hərəkət, kütləvi qırğın silahları, onlardan müdafiə qaydaları və digər hərəkətlər praktiki olaraq nümayiş etdirildi. Şərti döyüş meydanına media nümayəndəsinin hansı mövqedə dayanması izah olunduqdan sonra iştirakçılar atıcı silahlardan təlim atış çalışmalarını yerinə yetirdilər".
İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin zabiti polkovnik-leytenant Elmar Zeynalabdinov düşmənlə təmas xəttində baş verən hadisələri ictimaiyyətə ilk mənbədən, dolğun və dəqiq çatdırmağın vacib olduğunu vurğuladı. "Düşmənlə təmas xəttindən xəbər hazırlayarkən jurnalistlər dövlət tərəfindən mühafizə edilən və yayılması dövlətimizin təhlükəsizliyinə ziyan vura biləcək məlumatların yayılmamasına xüsusi diqqət yetirməlidirlər. Belə məlumatlar yayılarsa, heç bir çətinlik çəkmədən düşmən bir sıra məxfi məlumatları ələ keçirər. Hərbi texnikaların hərəkət istiqaməti, dislakasiya nöqtəsi, şəxsi heyətin və silah-sursatın sayı, hərbi təyinatlı yeni növ maddələrin xüsusiyyətləri və texnoloqiyaları haqqında informasiyaları yaymaq qanunla qadağandır. Bütün bunları nəzərə alaraq, kütləvi informasiya vasitələri də əməkdaşlarını cəbhə bölgəsinə göndərməzdən öncə onların peşəkarlıq səviyyəsini yoxlamalıdır. Gələcək döyüşlərdə ictimaiyyətin informasiya təminatının ödənməsi üçün peşəkar media nümayəndələrinin hazırlanmasında "Konflikt jurnalistikası məktəbi"nin böyük önəmi vardır. Hesab edirəm ki, təlimi uğurla başa vuran jurnalistlər yazacağı materiallarda məsuliyyət hiss edib, bacardığı qədər peşəkarcasına yanaşmaqla cəmiyyətə dolğun məlumat çatdıracaqlar. Keçirilən kurslar həm də jurnalistlərin gələcəkdə Müdafiə Nazirliyində akkreditasiyadan keçmələrində böyük rol oynayacaq".
Hərb Tarixi Muzeyinin rəisi ehtiyatda olan polkovnik Əzizağa Qənizadə, ehtiyatda olan polkovnik-leytenant Əfqan Əliyev, BDU-nun jurnalistika fakültəsinin professoru Sabir Məmmədli və digərləri məktəbi uğurla başa vuran təlimalanları təbrik edərək, hərbi sahədən yazan jurnalistlərin təcrübələrinin artırılması baxımından təlimin əhəmiyyətini xüsusi vurğuladılar.
Tədbirin gedişində uğurla icra olunan layihə çərçivəsində keçirilən təlimlər hərbi mövzuda yazan, yazacaq jurnalistlərin formalaşdırılması ilə bağlı ilkin addım kimi dəyərləndirildi. Bildirildi ki, layihə çərçivəsində keçirilən təlim hərbi mövzuda yazan jurnalistlərin peşəkarlıqlarının artırılması, bu sahədən yazan jurnalistlərin hazırlanması baxımından da mühüm addımdır.
Tədbirin sonunda "Jurnalistlərin konfliktlərdə və risklərdə davranma təlimləri"nin tam kursunu müvəffəqiyyətlə başa vuran iştirakçılara diplomlar təqdim olundu, xatirə şəkli çəkildi.

Mahmud MÖHBALIYEV, "Azərbaycan Ordusu"