Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

20 Noyabr 2019 10:12

“O yollar qələbə yolu olacaq!”

Payıza qızılı payız deyirlər...
Qızılı payızın son ayıdı...
Bütün məmləkət boyunca könüllər 2016-cı ilin yaz ovqatına niyyətlidi. Orduya güvənənlər  inanır ki, bu gözəl niyyəti Ali Baş Komandanın əmriylə yüksək döyüş və mənəvi-psixoloji hazırlığa malik olan Azərbaycan əsgəri tarixi vəzifə olaraq gerçəkləşdirəcək.  Bu payız səhərində də başlanğıcı müqəddəslik olan bu inamın işığında aydınlığıyla  görünür ki, Azərbaycan əsgəri Vətənin  arzuladığı kimi xidmət edir, aydınlığıyla duyulur ki, Azərbaycan əsgəri gözəl düşünür. Ürəyinin gözü ilə baxanlar bu gözəl düşüncələrin Azərbaycan Ordusuna inananların, güvənənlərin düşüncələriylə gözəl qoşalaşdığını da aydınlığıyla görür, duyur, hiss edir.
Əsgərlərin əhatəsində olanlar səngərdə döyüş əzmi, döyüş əzmində qələbə ruhu hiss edənlərə elə gəlir ki, o da əsgərdi, o da əsgərlərin sırasında səngərdən çıxacaq, döyüşəcək...
Zabit Babək Səmidli Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ  Azərbaycandır və nida işarəsi" - bəyanatı haqqında dəyərli bir fikir bildirir: bu bəyanat Azərbaycan əsgərinin qələbə ruhunun bəyanatıdır. Səngərdə söhbətə bu fikri xatırlatmaqla başlayırıq:
- Bayaq zabit Babək Səmidli bu bəyanatı sizin qələbə ruhunuzun bəyanatı adlandırdı. Siz nə deyirsiniz?
Səngərlərdə konkret mövzu ətrafında söhbətlərdə  əsgərlər müəyyən məqamdan sonra fəallaşırlar. Fəallaşma tədbirin gedişini diqqətlə izləməkdi, fikir deməyə meyillənməkdi, bu və ya digər fikirlə razılaşmaqdı. Əsgərlərin fəallaşdığını görmək nə qədər xoşdu, nə qədər gözəl könül xoşluğudu! - sualım əsgərləri fəallaşdırır. Bəyanatın beynəlxalq aləmdə kifayət qədər təsirli əks-sədası səngərdə duyğusallıqla yaşanılır, yaşadılır. Zabitin fikrinin əsgərləri qürurlandırdığı ilkin olaraq baxışlardan hiss edilir. Bəyanata da, zabitin dediklərinə də münasibət əsgərlərin dünyagörüşünün ifadəsi kimi dinlənilir.
Zabit Ruslan Novruzov deyir ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi sülh yoluyla həll edilməzsə, bu bəyanatı həm də döyüşə səfərbəretmə bəyanatı biləcəyik.
Zabit Daşqın Ələkbərov deyir ki, bu bəyanatı "Azərbaycan Ordusu" qəzetində qürurla oxuduq.
- "Qarabağ Azərbaycandır və nida işarəsi" bəyanatını ən böyük azərbaycanlının siyasi kursunu uğurla davam etdirən ən böyük azərbaycançılığın bəyanatı bilməyin qüruruydu, - deyirəm.
Zabit Sərxan Muxtarov sözümə qüvvət kimi deyir:
- Sizin yaşadığınız həmin qürur 2016-cı ilin Aprel döyüşlərindən sonra Lələtəpədə, Bayraqtəpədə yaşanılan qürurun eyni olub.
Çavuş Nurəddin Əsgərli zabit Daşqın Ələkbərova xitabən deyir ki, həmin qürur Bakıda Azərbaycan Ordusunun yaranmasının və Bakının işğaldan azad edilməsinin 100 illiyinə  həsr olunmuş möhtəşəm  paradların qürurunu xatırladan qürur olub, biz əsgərlər bəyanatın qürurunu həm də o paradların qüruru kimi yaşadıq. Əsgərin dedikləri bayaqdan bəri gözəl könül xoşluğuna dönmüş ovqatımızın bənzərsiz haləsi olur.
Zabit Möhraz Əhmədov deyir ki, bu bəyanatın mahiyyəti bizdən Ali Baş Komandanın, Müdafiə Nazirliyinin rəhbərliyinin əmr və göstərişlərini bundan sonra da böyük məsuliyyətlə yerinə yetirməyi tələb edir. Ordumuz bu bəyanatı ərazi bütövlüyümüzün bərpasında mühüm dövlətçilik qətiyyəti bilir.
- Bizim hərbi hissənin əsgərləri də əmindirlər ki, işğalçı Ermənistan  torpaqlarımızdan geri çəkilməsə, bu bəyanatı döyüş əmri tamamlayacaq, - zabit Ramil Siraclı belə deyir. Mənə elə gəlir ki, zabitin əminliyi əsgərlərin baxışlarının dolaşığını açmaqda, düşüncələrini nizama düzməkdədi.
Kiçik çavuş Vasif Ağalarov soruşur ki, bu bəyanata torpaqlarımızı işğaldan azad etməsinə görə Ermənistana və onun tərəfində olanlara xəbərdarlıq deyə bilərikmi?
Zabit əsgərlərə xitabən deyir:
- Əsgər yoldaşınızın sorğusuna necə cavab  verərdiniz?
Əsgər Qurban Kosayev, "Əlbəttə ki, xəbərdarlıqdır. Torpaqlarımızdan çəkilib getməsə, düşmən döyüşlə tamamilə məhv olacaq", - deyir və yoldaşlarına baxır. Əsgərlərin Qurbanın dediklərindən məmnunluğunu sezmək çətin deyil.
- Bu günlərdə Qoşulmama Hərəkatının Bakıda keçirilən toplantısında 120 dövlət Ermənistanı rəsmən işğalçı dövlət kimi tanıdı. Zənnimcə, Soçidə ictimailəşən bəyanatla 120  dövlətin qəbul etdiyi  birgə qətnamə arasında məntiqi bağlılıq var, - deyirəm.
- Düşünürəm ki, o bağlılıq dövlətçilikdir. Tanıma münaqişənin nəticəsinə dövlətin münasibətidir. Qoşulmama Hərəkatını təmsil edən 120 dövlətin Ermənistanı işğalçı dövlət kimi tanıması Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh  yoluyla həlli istiqamətində mühüm beynəlxalq müdaxilə hesab edilə bilər, ancaq Ermənistan işğalı sonlandırmasa, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Soçidə ictimailəşdirdiyi fikrini döyüş əmri tamamlayacağını qətnaməni imzalayan dövlətlər də bilir, digər dövlətlər də, - zabit Ruslan Novruzovun qətiyyətini biz də hiss edirik, əsgərlər də hiss edir.
- Bu mövqedə döyüş növbətçiliyi aparan əsgərlər də həmin əmrin icraçısı kimi Böyük Qələbəni qazanacaq əsgərlərin sırasında olmaq istəyir, yəni, bu bəyanat, həqiqətən, Azərbaycan əsgərinin qələbə ruhunun bəyanatıdır, - zabit belə deyir.
- Bu bəyanat azərbaycançılıq məfkurəsinin bəyanatıdır və hər bir azərbaycanlını - hərbçini də, mülkini də qələbəylə  nəticələnəcək döyüşlərə səfərbər edir, - əsgər Səfər Mürvətov əsgərlər adından belə deyir.
Ön xətdə, səngərdə əsgərlərin əhatəsində soruşuram - cavab alıram, soruşurlar - cavab alırlar. Səmimi cavablar onlara  da, mənə də könül xoşluğu verir. Söz sözü çəkir, söz sözə söykək olur, bir söz digərinin davamı kimi dinlənilir. Söhbətimizi mahiyyəti vətənpərvərlik olan bir mövzuyla davam etdiririk; döyüş növbətçiliyi haqqında bildiklərimi də, bilmədiklərimi də böyük maraqla dinləyirəm. Bu söhbəti bildiklərimi təkmilləşdirən, genişləndirən, bilmədiklərimi öyrədən dərs bilirəm.
- Müharibə şəraitində Vətən, torpaq kəlmələrinin mahiyyəti ön xətdə, səngərlərdə döyüş növbətçiliyiylə bağlıdı. Döyüş növbətçiliyi qətiyyətdi, Hərbi anda, dövlətə, dövlətçiliyə sədaqətdi, - deyirəm. Zabit Ruslan Novruzov səmimiyyətlə razılaşır və zəruri əlavələr də deyir:
- Məhz buna görə də ön xətdə xidmət daha məsuliyyətlidir. Ön xətt, müəyyən mənada, səngər deməkdir. Düşmən həmişə niyyətini gizlətməyə çalışır. Gizliliyi nə qədər qorumaq istəsə də, Azərbaycan əsgərinin döyüş və mənəvi-psixoloji hazırlığı buna imkan vermir. Atəşkəsi pozmaq, təxribatlar törətmək istəyən düşmənin bütün hərəkətləri döyüş növbətçiliyiylə izlənilir.
Əsgərlərə baxıram, yəni, siz nə deyirsiniz. Əsgərlərin diqqəti qarşı tərəfdədi. Bu baxışların döyüş əzmindən, qələbə ruhundan rişələndiyini sezmək çətin deyil. "Onların eynini ön xətdə bütün səngərlərdə görürük" kəlmələrini  tamamlamağa macal tapmamış əsgərlərdən biri deyir ki, döyüş növbətçiliyini əsgər aparmır, əsgərin timsalında Vətən sevgisi aparır.
Bu fikrə görə, belə gərəkli düşüncəyə görə əsgəri bağrıma basmazdımmı? Onu qoşa qollarım arasına almazdımmı, bayraq əvəzi başım üstünə dikəltməzdimmi? Ululuğun belə dərki, ona verilən belə möhtəşəm dəyər hamımızın ürəyini dağa döndərir. Zabitin baxışlarında qədərsiz ehtiram, qürur görünür. Bu ehtiramı əsgərlər də, mən də ruhun yaşarılığının təntənəsi bilirik...
Ön xətdə əsgərlərin düşüncələrini, dövlətlə, dövlətçiliklə bağlı olan bu və ya digər fakta, hadisəyə münasibətini həmişə qədərsiz maraqla, maraq formatında istəklə dinləmişəm. Dinləyə-dinləyə qürurlanmışam, qürurlana-qürurlana dinləmişəm. Dönməz qətiyyətlə bir daha inanmışam ki, "Azərbaycan əsgəri" və "Vətən sevgisi" söz birləşmələri arasında fərq yoxdu. Hamımız 2016-cı ilin yaz ovqatının təşnəsiyik. Bu ovqatı yaşadanların əhatəsində olanda bütün varlığınla hiss edirsən ki, qələbə ərəfəsindəyik. Aprel döyüşlərinin xatırlamaları yenə düşüncələrinizə sığal çəkir. Bu gün döyüş növbətçiliyi aparan əsgərlər o döyüşlərdə tarix yazanların davamçıları kimi nə deyirlər?
- Ali Baş Komandanın döyüş əmrini qələbəylə tamamlayacağıq (əsgər İslam Abbasov).
- Torpaqlarımızın işğaldan azad edilməsi üçün şəhidlərimizin ruhunun arzuladığı kimi döyüşəcəyik (əsgər Sərxan Babakişiyev).
Əsgərlərin Vətən sevgisini dövlətə, dövlətçiliyə sədaqət bilirəm. Zabit Ruslan Novruzov gümanımı təsdiqləyir:
- Bu əsgərlərin, onların timsalında ordumuzun bütün əsgərlərinin qətiyyəti, inamı, dövlətə sədaqəti ordunun gücü deməkdir. Əsgərlərimizin qətiyyəti təkcə bizim bölmənin əsgərlərinin deyil, ümumən bütün əsgərlərin qətiyyətidir. Bu qətiyyət mənəvi-psixoloji hazırlığın səviyyəsinin göstəricisidir.
Mənə elə gəlir ki, baxışları qarşı tərəfdən üzülməyən əsgərlərin hər biri ruhən döyüş növbətçiliyi aparan əsgərlərin yanındadı.
- İctimaiyyətin inamı, güvənci Azərbaycan əsgərinin döyüş əzmini, qələbə ruhunu daha da artırır, müəyyən mənada, onun tərkib hissəsi olur.
- Müqəddəslik, müqəddəsliyin işığı haqqında səsləndirilən bütün fikirlər bir mətləb üçündü: Ali Baş Komandanın döyüş əmriylə torpaqlarımızın işğaldan azad edilməsi.
Əsgərlər biri digərini tamamlayan fikirlər deyir. Deyilənlər Vətənə sevgi kimi dinlənilir. Əsgərlərdən soruşuram ki, Vətənin əsgəri olmaq xarakterinizdə dəyişiklik yaradıbmı? Sual kimi səslənən bu fikirlərə görə əsgərlərin qaşları bir anlığa çatılır. Sorğu əsgərlərin ürəyini bir qədər duyğusallıqla, bir qədər çılğınlıqla silələyir. Əsgərlər belə anları da hərbi xidmətin tərkib hissəsi bilir, o anların mahiyyətini yaşantılarına köçürürlər.
- Son illərdə ordumuzda həyata keçirilən irimiqyaslı islahatların, genişmiqyaslı təlimlərin hər biri istər ayrılıqda, istərsə də vəhdətdə ordunun güc amili deməkdir. Əsgərlərə "Siz o gücün əsgərisiniz", - deyirəm. "Hərbi anda, torpağa, Vətənə sədaqətlə xidmət edən Azərbaycan əsgəri Ali Baş Komandanın döyüş əmrini qələbəylə tamamlayacaq", - kəlmələri bayaqdan bəri ürəyimizi silələyən inamın haləsinə dönür...
Əsgərlərdən şəhidlərimizin ruhunun arzuladığı kimi döyüşməyin nə olduğunu soruşuram. Əsgərlər deyirlər ki, şəhidlərin ruhu qətiyyətlə döyüşməyi, ölümün gözünə dik baxmağı, ölümü güllələyib qələbə yoluna çıxmağı, qələbə qazanmağı arzulayır. Belə əsgər olacağıq.


Rəşid HÜSEYNOV, əməkdar jurnalist,
fotolar C.CƏFƏROVUNDUR