Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

16 Noyabr 2019 10:20

Müstəqilliyimiz əbədidir

Xalqımızın istiqlal mübarizəsinin əsas mərhələlərindən biri olan 17 Noyabr - Milli Dirçəliş Günü Azərbaycanın müstəqilliyinin bərpa edilməsində mühüm tarixi rol oynayıb.
Azərbaycanda Sovetlər dönəmində də leqal şəkildə davam edən milli-azadlıq hərəkatı ideoloji, məfkurəvi kökləri ilə tarixin xeyli əvvəllərində səsləşir. Bu hərəkat Gülüstan və Türkmənçay müqavilələrinə görə ikiyə bölünmüş Azərbaycanın gələcəyinə yönəldilmiş hərəkat idi. Bu hərəkat xalqın müstəqillik, azadlıq istəyini gerçəkləşdirəsi hərəkat idi. Bu hərəkat milli ruhun oyanışının təsdiqi idi.
Milli-azadlıq hərəkatı 1918-ci ildə Azərbaycanın tarixinin axarını dəyişən Bəyannamə ilə - Azərbaycan Demokratik Cümhuriyyətinin yaradılması ilə nəticələndi. 1920-ci ildə Rus imperiyası Şərqdə ilk demokratik Cümhuriyyət olan ADR-i ilhaq etdi. Xalqın azadlıq, müstəqillik istəyi yenə milli-azadlıq hərəkatına gətirən ideyaların yaşarılığı ilə davam etdirildi. Neçə-neçə vətənpərvər ziyalı Sovetlərin ideoloji təqiblərinə məruz qalsa da, imperiyanın bu hərəkatı məhv etməyə gücü çatmadı, çata bilməzdi; xalqın azadlıq istəyi qarşısında tarixən heç bir güc, qüvvə, qurum, dövlət də olsa belə dayana bilməyib.
Ötən əsrin axırlarında Ermənistan Azərbaycana qarşı ərazi iddiası qaldırdı. Mərkəz - Moskva onun bu istəyinin yolverilməzliyini rəsmən bildirmədi. Belə bir münasibət Ermənistanı daha şəbəkəli iddialara həvəsləndirdi - sonralar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ kimi münaqişə başladı. Bu münaqişə xalqın azadlıq istəyini, milli-azadlıq hərəkatını daha da kükrətdi. O vaxtlar dərnəklər şəklində fəaliyyət göstərən qurumlar, qüvvələr birləşdi, hərəkatın "nüvəsinə" çevrildi. Xalq bu "nüvə" ətrafında sıx birləşdi. Bu birlik əsl xalq hərəkatı idi. 1988-ci il noyabrın 17-də Bakıda ilk mitinq başladı. Xalq sonralar azadlıq meydanı adlandırılacaq meydanda həm Ermənistanın iddialarına qarşı şüarlar səsləndirdi, həm də əsarəti sonlandırmaq şüarları.
Hərəkat milyonların iştirak etdiyi nəhəng mitinq kimi davam edirdi. Mitinqdə Azərbaycan Demokratik Cümhuriyyətinin Dövlət Bayrağı olmuş üçrəngli bayraq meydana gətirildi, bu, hərəkatın yönümünün nə olduğunun təsdiqi idi...
SSRİ imperiyasının zəncirləri Bakıda qırıldı. 20 Yanvar faciəsini törətsə də, imperiya bu hərəkatı dayandıra bilmədi. Bu, o qədər möhtəşəm hərəkat idi ki, onun təsiri digər respublikalara da keçmişdi, yəni, SSRİ-nin dağılması prosesi Azərbaycanda milli-azadlıq hərəkatı ilə bağlı olub...
1988-ci ildə xalq hərəkatının alovlandığı bir vaxtda Azərbaycana rəhbərlik edən siyasi qüvvələr isə mövcud vəziyyəti qiymətləndirə bilmədilər. Xalqın maraqlarından daha çox imperiyanın maraqlarını düşünən bu adamların siyasi səbatsızlığından 20 Yanvar faciəsi baş verdi. Bir-birini əvəzləyən hakimiyyətlər xalqın dirçəlişini mütərəqqi səmtə yönəltmək iqtidarında deyildilər. Həmin o ağır məqamlarda yenə də ulu öndər Heydər Əliyev xalqın istiqlal ruhunu ölməyə qoymadı.
Milli Dirçəliş Gününün başlanğıcı 17 noyabrdır. Böyük tarixi şəxsiyyət Heydər Əliyevin Moskvada Azərbaycanın daimi nümayəndəliyi qarşısında çıxışını xalq azadlıq istəyinə öndər xeyir-duası bildi...
1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının Ali Sovetinin yeni tərkibdə ilk sessiyası keçirildi. Muxtar respublikanın adından "Sovet" və "Sosialist" sözləri çıxarıldı. İmperiyanın hələ tarix səhnəsindən silinmədiyi bir dövrdə Naxçıvanın adından "Sovet" və "Sosialist" sözlərinin çıxarılması müstəqilliyimizin qazanılması yolunda çox böyük tarixi addım idi. Bununla Ümummilli Liderimiz milli dövlətçiliyimizin dirçəlişi istiqamətində ilk böyük addım atdı.
Bununla Ümummilli Liderimiz milli dövlətçiliyimizin dirçəlişi istiqamətində ilk böyük addım atdı. Beləliklə, milli dirçəlişdən milli tərəqqiyə doğru uzanan tarixi yolun başlanğıcı qoyuldu. Millət öz arzusuna çatdı - 1988-ci il noyabrın 17-dən başlayan meydan hərəkatı azad Azərbaycanın təməlini qoydu. Azərbaycan yenidən öz müstəqilliyinə qovuşdu. 17 noyabr isə xalqın milli-azadlıq hərəkatının başlanğıc günü - Milli Dirçəliş Günü kimi qeyd olunmağa başladı.

Günay TAĞIYEVA,  "Azərbaycan Ordusu"