Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

9 Noyabr 2019 09:19

Bir ovuc torpaq da Vətəndi!..

Çox qədim dövrlərdən, xalq kimi formalaşmağa başladığı əyyamlardan bəri xalqımız bütün inanc mərhələlərində özünə aid olan, yaşamını təmin edən, qorumasıyla tanınan ərazinin - Torpağın hər qarışını müqəddəs bilib, müqəddəsliklə sərhədləndirdiyi ərazilərdə dövlət qurub. Min-min illərdi tarix xalqımızı bu inancla yaşayan xalq kimi tanıyır. Sirr deyil ki, bu inanc bu və ya digər şəkildə başqa xalqların da inanclarına hopub. Bu gözəl, bu qürurlu mətləbi ön xətdə, əsgərlərin əhatəsində yaşamaq nə qədər gözəlmiş!..
Bir az əvvəl döyüş növbətçiliyindən qayıdanda iki əsgərin bir anlığa ayaq saxladığını, bir ovuc torpaqla ünsiyyətini, bu bənzərsiz ünsiyyətin kəlmələşməyə necə döndüyünü görmüşdüm. Bu ilahi kəlmələşməyə müdaxilə etməyi də, kəlmələşmənin sonunu gözləməyi də bağışlanmaz suç saymışdım...
Səngərdə əsgərlərə bayaq gördüyüm bənzərsiz mükalimələşmədən, duyduqlarımdan-duymadıqlarımdan söz açıram. "Dədə Qorqud öyüdlərinə bələd olanlar ruhən Torpaq - Vətəndi, Vətən - Anadı, Ana - Millətdi, Millət - Dövlətdi" - deyimini də eşidir", - deyirəm və bir anlığına sözümə ara verirəm. Əsgərlər məlum düşüncələrlə, məlum duyğularla qarşı tərəfə baxırlar, sonra mövqedən gələn yola. Bayaq bir ovuc torpaqla ana-oğul  kimi kəlmələşən həmin iki əsgərin kim olduğunu bilmək marağıdı. "Hər biriniz belə bir duyumla xidmət edirsiniz. Hər biriniz bir ovuc torpağı da Vətən bilirsiniz. Ona görə döyüş əzminiz, qələbə ruhunuz bu səviyyədədi, ona görə xalq sizə güvənir", - deyirəm və diqqətimi bayaqdan bəri məhəl qoymadığım bir görüntü çəkir: həzin-həzin əsən meh ağacların saralmaqda olan yarpaqlarını titrədir. Bu titrəyişi mehin yarpaqlara mehirli təması, bu təması bayaq gördüklərimin rəmzi bilirəm...
"Əsgərlərimizin döyüş əzminə, qələbə ruhuna belə inamınız hər birimizə könül xoşluğudu. Əsgərlər bu inamı sizin timsalınızda jurnalistlərin, jurnalistlərin timsalında ictimaiyyətin inamı biləcək", - zabit Ramil Siraclı belə deyir və fikrini qibtəediləcək bir qürurla tamamlayır: "Əsgərlərimizin  torpağa, deməli, Vətənə sevgisinin belə dəyərləndirilməsindən məmnunuq, müəyyən mənada bunu xidmətimizə ictimaiyyətin verdiyi dəyər bilirik. Bir azdan bölüyün, sonra taborun bütün əsgərləri biləcək və bir daha əmin olacaqlar ki, sizin timsalınızda xalq onların xidmətini torpaqlarımızın işğaldan azad ediləcəyinə etibarlı zəmanət bilir".
Bu mükalimələşmə bugünkü səngər söhbətimizə vəsilə olur - əsgərin Torpaq sevgisi, Torpağa sevgisi...
Mayor Həşim Həşimov deyir ki, torpağın, Vətənin nə olduğunu hamı yeniyetməliyindən bilir. Hərbi xidmət əsgərlərin bildiklərini dərinləşdirir.
- Əminəm ki, şəxsi heyətin mənəvi-psixoloji hazırlığında belə dəqiq müşahidələr də əhəmiyyətli olur. Hərbi xidmət, həqiqətən də, əsgərin dünyagörüşünü dərinləşdirir. Əsgər bilir ki, torpaq Vətəndi, Vətən dövlət sərhədləriylə əhatələnmiş torpaqdı, torpağın mahiyyəti Vətən, Vətənin mahiyyəti torpaq olaraq dərk edilir, - deyirəm.
Mayor Həşim Həşimovun  dedikləri könlümə yatır:
- Əsgər torpağımız deyəndə Vətənimizi, Vətənimiz deyəndə torpağımızı nəzərdə tutur.
Əsgərlərin baxışlarında məmnunluğu tamamlayan təbəssüm görünür. Biri deyir: "Torpaq - Vətəndi!", biri deyir: "Vətən - Torpaqdı!", biri deyir: "Eyni məzmunlu sözlərdi",...
Əsgərlərin coşqusunu döyüş əzminin yüksəlişinə yozuruq və mayor Həşim Həşimovun dediklərini bu yüksəlişin mahiyyəti kimi dinləyirik:
- Hərbi xidmətə  başlayan əsgər nəyi qoruyacağını bilir, necə qoruyacağını  gənc əsgər hazırlığından sonra hərbi hissədə öyrənir. Öyrənə-öyrənə torpağın, Vətənin ifadə etdiyi məzmunu daha əhatəli dərk edir.
Leytenant Ramil Siraclının gərəkli müdaxiləsi fikri daha da dolğunlaşdırır:
- Bir neçə ay əvvəl öyrənən əsgər bu gün öyrəndiklərini təkmilləşdirə-təkmilləşdirə hərbi hissədə xidmətə başlayan əsgərləri öyrədir, yəni, ordumuzda hərbi xidmət, müəyyən mənada, pedaqoji prosesdir və ordu quruculuğunda gərəklidir.
Söhbətin mahiyyətinə əsgərlər də biganə qalmır:
- Torpağın, Vətənin nə olduğunu, müqəddəsliyini yeniyetməliyimizdən bilirik, oxuya-oxuya, öyrənə-öyrənə dərk edirik. İllər keçdikcə torpaq haqqında, Vətən haqqında düşüncələrimiz dərinləşir. Hərbi xidmətə bu dərklə gəlirik, - əsgər Qəhrəman Məmmədov deyir.
- Döyüş yolunu davam etdirəcəyimiz qəhrəmanlarımızın da belə düşündüyünə zərrəcə şübhəm yoxdu, - əsgər Murad Bayramov deyir.
- Şəhidlərimizin, qəhrəmanlarımızın düşündüklərini gerçəkləşdirmək bizim həm hərbçi borcumuzdur, həm vətəndaşlıq, həm də mənəvi borcumuzdur. Bu borcu yerinə yetirənə kimi, tərxis olunsaq belə, yenə əsgərik, - əsgər Gündüz Yusifovun kəlmələrinin qətiyyət çaları aydınlığıyla sezilir.
- Torpaq haqqında, Vətən haqqında  düşüncələrimi döyüş növbətçiliyimin ilk anları formalaşdırdı, - Gündüz əsgər yoldaşlarına baxır. Bu məzmunlu baxışlarda sorğu çaları da var: “Siz necə düşünürsünüz?”
Əsgər İzzət Məmmədov deyir ki, döyüş hazırlığı da, mənəvi-psixoloji hazırlıq da döyüş növbətçiliyi üçündür, döyüş növbətçiliyi isə Vətən üçündür.
- Yəni, hərbi xidmət Vətən üçündü, - əsgər xidmət yoldaşının sözünə qüvvət kimi belə deyir. Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Zal Qəhrəmanovun dedikləri bizi də, əsgərləri də, zabitləri də duyğulandırır:
- Yəni, hamımız bilirik ki, ömür Vətən üçündür. Müdafiə naziri general-polkovnik Zakir Həsənovun bir kəlamını heç birimiz unutmuruq, dövlətə, Vətənə xidməti biz də ömrümüzün mənası bilirik.
- Ona görə də döyüş hazırlığımızı müntəzəm olaraq artırırıq, - əsgər Qəhrəman Məmmədov bir daha söhbətə qoşulur, kəlmələri təkcə özünə inam kimi deyil, həm də ümumən ordunun şəxsi heyətinə inam kimi dinlənilir.
Səngərdə belə düşüncələrin mahiyyəti bizim üçün, əslində, ictimaiyyət üçün Torpaqdı, Vətəndi, əsgərdi, Qələbədi, əsgər üçün, əslində, ordu üçün Torpaqdı, Vətəndi, Qələbədi...
Ön xətdə vaxt yaman tez ötüşür. Baxışlarında, düşüncələrinin aydınlığında Böyük Qələbənin işartılarını gördüyün əsgərlərlə söhbətdən heç zaman doymursan. Sənə elə gəlir ki, söhbətin təxmini sonluğu elə başlanğıcdı, hələ çox mətləblər çözüləcək, deyiləcək, dinləniləcək, dərk ediləcək. Söhbətin sona yaxınlaşdığını duyunca yenə gələn görüşə ümidlənirsən. Gedirsən. Bir müddətdən sonra yenidən qayıdırsan, yenə söhbətlərin gərəkliyi, şirinliyi, səmimiliyi vaxtı üstələyir.  Sənə elə gəlir ki, başlanğıcdan cəmi bir nəfəs dərimi qədər vaxt keçib...
Bayaq səngərdə bir fikir səslənmişdi: "Dədə Qorqud öyüdlərinə bələd olanlar ruhən "Torpaq - Vətəndi, Vətən - Anadı, Ana - Millətdi, Millət - Dövlətdi" deyimini də eşidir". Bu fikrin əsgərlərin düşüncələrinə bütün çalarlarıyla hopduğuna zərrəcə şübhəm yoxdu; söhbətləşəndə Torpaq haqqında, Vətən haqqında eşitdiklərimin fəlsəfi mahiyyətinə düşüncələrini düşüncələrimin ağ yolu bildiyim əsgərlərin dünyaduyumu deyirəm.
Həmişə olduğu kimi, indi də səngərdən yarım mənzil uzaqlaşmamış səngərdə əsgərlərlə söhbətlərin səmimiliyi könlünü səngərlərə çəkir; əsgərlərimizin döyüş əzmində, qələbə ruhunda belə qüdrət var.
Bayaqkı meh bir duyum qədərincə çılğınlaşıb.
Bir fikir düşüncələrimin haləsinə dönməkdədi: Bir ovuc torpaq da Vətəndi. Düşüncələrimdən süzülən bu fikir mənə 1993-cü ilin avqustunu xatırlatdı:
Zəngilanda ezamiyyətdəydim.
Əsgərlərlə söhbətləşirdik. Dinləyənlərin də, fikir deyənlərin də sağ əli avtomatının qundağını sıxırdı. Hansı duyuma görəsə, sol tərəfə baxmışdım. Diqqətimi bir qədər aralıda torpağa dirsəklənmiş əsgərin uzaqlara ilişib qalmış baxışları çəkmişdi. Ovcunda torpaq görmüşdüm. Maraq məni söhbətdən aralamışdı. Əsgərdən soruşmuşdum:
- Nə düşünürsən, əsgər?
Əsgər qətiyyətlə "Torpağı" - demişdi. Mənə elə gəlmişdi ki, bayaqdan bəri torpaqla kəlmələşirmiş. Onda anlamışdım, bu gün bir daha anladım ki, bəşəri - insanı torpaq qədər duyğusallıqla, cani-dildən heç kim dinləyə bilməz, qınayanım olmasa deyərdim ki, heç bəşər də bəşəri belə dinləyə bilməz...
Onda da əsgərin həmsöhbəti bir ovuc torpağıydı - Vətəniydi, indi də bir ovuc torpaqdı - Vətəndi...
Çılğınlığını itirmiş meh ağacların budaqlarına sarılır...
Qürbətdə olanların Vətəndən yeganə umacağı bir ovuc torpaq olur. Son nəfəsinin sonuna göz torpağı kimi...
"Haradan başlanır Vətən?" sorğusuna müxtəlif cavablar verilib. Hamısını mahiyyət uyğunluğu eyniləşdirir. Söhbətin axarını əsgərlərin bu sualı "Vətən bir ovuc torpaqdan başlanır" kimi cavablandıracağına yəqinlik bilirəm...
Gün batmaqdadı...
Düşüncələrim "Torpaq - Vətəndi, Vətən - Anadı, Ana - Millətdi, Millət - Dövlətdi" - deyiminin, bir də "Bir ovuc torpaq da Vətəndi" fikrinin işığına sığınıb...

Rəşid HÜSEYNOV, "Azərbaycan Ordusu",
foto C.CƏFƏROVUNDUR