Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

9 Noyabr 2019 09:18

Qəhrəmanlıq əbədi yaşamaqdır...

Hərbi hissəyə çatanda havanın xoşluğu, mülayimliyi sanki ovqatımıza da köçmüşdü. Zabit Həşim Həşimov yolboyu bizə bələdçilik edirdi. Ötüb keçdiyimiz kəndlər və bir vaxtlar bu yerlərdə gedən qanlı döyüşlər barədə məlumat verirdi. Onun dediklərinə maraqla qulaq asır, gözlərimiz qarşısında döyüş səhnələrini canlandırırdıq. Sürücü isə avtomobili idarə edir, bizi ön xəttə həm tez, həm də təhlükəsiz çatdırmağa çalışırdı.
Maraqlı söhbət yolumuzu qısaldır, səhərki gözəl ovqatla da ön xətdə çatırıq. Yurdumuzu qoruyan əsgərlərlə görüşüb söhbət etdikcə ovqatımıza yeni rənglər qatılırdı. Torpaqlarımızın keşiyində dayanan oğulların üz-gözündən söhbətimizin mövzusuna, ruhuna bənzəyən igidlik, mübarizlik və qəhrəmanlıq yağırdı. Bu cəsur hərbçilərlə söhbət etmək də, onları dinləmək də, düşüncələrinin yatımına uyğun söz demək də, fikir bildirmək də çox xoş idi. Söylədiklərindən hiss olunurdu ki, onların qəhrəmanlıq, vətənpərvərlik haqqında deməyə sözləri çoxdur. Yurdumuzun keşikçiləri təkcə danışmağı, fikir bildirməyi deyil, həm də deyilənləri dinləməyi də bacarırdılar. Bütün bunlar isə onların vətənpərvərliklə yanaşı, həm də yüksək mədəniyyətə sahib olduqlarından xəbər verirdi.
Əsgər Sadiq Bayramov dedi ki, ordu sıralarına qədər qəhrəmanlıq, vətənpərvərlik mövzusunda yazılmış çox bədii əsərlər oxuyub. “Vətənpərvər ruhda böyüməyimdə belə maraqlı əsərlərin rolu böyük olub. Əsərlərin qəhrəmanlarına oxşamağa çalışırıq. Yaşadığımız həyat, düşdüyümüz mühit daim bizi qəhrəmanlığa, igidliyə səsləyir. Uzun illərdir xalqımız Qarabağ müharibəsinin ağrı-acıları ilə yaşayır. Erməni işğalçıları Qarabağı zəbt edərək Azərbaycanın bu gözəl diyarına sahib çıxmaq istəyirlər. Xalqımız bu işğalla heç vaxt barışmayacaq. Deməli, biz erməni qəsbkarları ilə döyüşə daim hazır olmalıyıq. Nəyin bahasına olursa-olsun, erməni işğalçılarından şəhidlərimizin qisasını alacağıq. Düşmənə qarşı cəsarətlə, hünərlə vuruşacaq, adımızı qəhrəmanlıq tariximizin səhifələrinə böyük hərflərlə yazacağıq."
Əsgər Fariz Əsgərov söhbətimizə qoşularaq dedi:
- Qəhrəman olmaq, məncə əbədi yaşamaq deməkdir. Necə ki, tarixin dərinliklərində böyük hünər və igidlik göstərənlər bu gün yaşayırlar. Qəhrəmanlıq, igidlik həmişə insana baş ucalığı gətirib. Ona görə də içi biz əsgərlər qarışıq hamı zaman-zaman döyüşlərdə böyük hünər göstərməyə çalışıb. Xidmətə çağırıldığım az müddət ərzində hərbi hissəmizdə də görmüşəm ki, qəhrəmanlara, qəhrəmanlığa böyük diqqət və önəm verilir. Tez-tez bu mövzuda tədbirlər keçirilir. Qarabağ müharibəsində ermənilərə qarşı qəhrəmancasına vuruşan zabit və əsgərlərin adı, xatirəsi həmişə hörmətlə anılır, ehtiramla xatırlanır. Bütün bunları gördükcə hamımız qəhrəman olmağa can atırıq. Təbiidir ki, insan anadan qəhrəman doğulmur. Onu qəhrəmanlıq zirvəsini fəth etməyə düşdüyü mühit hazırlayır. Kiçik yaşlarımızdan Qarabağ müharibəsinin ağrılarını hiss edə-edə böyümüşük. Bu amillər isə bizim vətənpərvər ruhda böyüməyimizə müsbət təsir göstərib. Əgər ətrafımızda erməni kimi qəddar, amansız düşmən varsa, deməli, biz silahı əlimizdən yerə qoymamalı və hər an döyüşə hazır olmalıyıq. Mübarizlərin, Çingizlərin, Vəzirlərin, Samidlərin, Muradların, Rasimlərin və başqalarının qəhrəmanlıq yollarını şərəf və ləyaqətlə davam etdirməliyik. Qəhrəmanlıq adlı köklü-köhmərli ağacdan yeni-yeni pöhrələr boy verməlidir.

Vahid MƏHƏRRƏMOV, "Azərbaycan Ordusu"