Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

6 Noyabr 2019 10:23

Azərbaycan Ordusunun şəxsi heyəti ilə keçirilən ictimai-siyasi hazırlıq dərsi

(İctimai-siyasi hazırlıq dərsinin qrup rəhbərinə dərsə hazırlaşmaq üçün kömək)

Mövzu:
Azərbaycan Respublikası Konstitusiyası dövlətimizin siyasi-iqtisadi əsasları və dövlət hakimiyyəti haqqında. Dövlət institutları arasında Azərbaycan Ordusunun rolu və yeri.

İctimai-siyasi hazırlıq qrupunun rəhbərinə bu dərsə hazırlaşarkən Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan tarixinə dair tarixi və bədii ədəbiyyatdan istifadə etmək və mövzunu bölmənin gündəlik həyatı ilə bağlamaq tövsiyə olunur.

Suallar:

1. Azərbaycan Respublikasının Konstitusiyası dövlət hakimiyyəti haqqında.
2. Azərbaycan Respublikasının Konstitusiyası dövlətimizin siyasi-iqtisadi əsasları haqqında.
3. Dövlət institutları arasında Azərbaycan Ordusunun rolu və yeri.

 

 

Azərbaycan Respublikasının Konstitusiyası dövlət hakimiyyəti haqqında


Azərbaycan Respublikasının Konstitusiyası - ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsində - referendum yolu ilə qəbul edildi və 1995-ci il noyabrın 27-dən qüvvəyə mindi. 2002-ci il avqustun 24-də, 2009-cu il martın 18-də və 2016-cı il sentyabrın 26-da keçirilən referendumlarda Azərbaycan Respublikasının Konstitusiyasına bir sıra dəyişikliklər edildi.
Azərbaycan Respublikasının Konstitusiyasında dövlət hakimiyyəti haqqında aşağıdakı məqamlar açıqlanır:
- Azərbaycan Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyi Azərbaycan xalqıdır.
Azərbaycan xalqı öz suveren hüququnu bilavasitə ümumxalq səsverməsi - referendum və ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, gizli və şəxsi səsvermə yolu ilə seçilmiş nümayəndələri vasitəsilə həyata keçirir;
-  xalqın seçdiyi səlahiyyətli nümayəndələrindən başqa heç kəsin xalqı təmsil etmək, xalqın adından danışmaq və xalqın adından müraciət etmək hüququ yoxdur;
-  Azərbaycan xalqı vahiddir. Azərbaycan xalqının vahidiyi Azərbaycan dövlətinin təməlini təşkil edir.
- İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir.
Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini Azərbaycan Respublikasının Milli Məclisi həyata keçirir və 125 deputatdan ibarətdir. Azərbaycan Respublikası Milli Məclisinin deputatları majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Milli Məclisin hər çağırışının səlahiyyət müddəti 5 ildir. Müharibə şəraitində hərbi əməliyyatların aparılması Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin keçirilməsini mümkün etmədikdə Azərbaycan Respublikası Milli Məclisinin çağırışının səlahiyyət müddəti hərbi əməliyyatların sonunadək uzadılır.
Deputatların səlahiyyətləri Azərbaycan Respublikası Milli Məclisinin yeni çağırışının ilk iclas günü bitir. Milli Məclisin deputatlığından çıxanların yerinə seçkilər Azərbaycan Respublikası Milli Məclisinin səlahiyyət müddətinin bitməsinə 120 gündən az müddət qalarsa, keçirilmir. Azərbaycan Respublikasının Milli Məclisi 83 deputatının səlahiyyətləri təsdiq olunduqda səlahiyyətlidir.
Azərbaycan Respublikasının Konstitusiyasında aşağıdakı müddəalar açıqlanır:
- Qanunvericilik, icra və məhkəmə hakimiyyətləri qarşılıqlı fəaliyyət göstərir və öz səlahiyyətləri çərçivəsində müstəqildirlər.
- Azərbaycan dövlətinin başçısı Azərbaycan Respublikasının Prezidentidir. O, ölkəmizin daxilində və xarici münasibətlərində Azərbaycan dövlətini təmsil edir.
- Azərbaycan Respublikasının Prezidenti Azərbaycan xalqının vahidliyini təcəssüm etdirir və Azərbaycan dövlətçiliyinin varisliyini təmin edir.
- Azərbaycan Respublikasının Prezidenti Azərbaycan dövlətinin müstəqilliyinin, ərazi bütövlüyünün və Azərbaycan Respublikasının tərəfdar çıxdığı müqavilələrə riayət olunmasının, məhkəmə hakimiyyətinin müstəqilliyinin təminatçısıdır.
-  Azərbaycan Respublikasının ərazisi vahiddir, toxunulmazdır və bölünməzdir.
- Azərbaycan Respublikasının ərazisi özgəninkiləşdirilə bilməz. Azərbaycan Respublikası öz ərazisinin heç bir hissəsini heç bir şəkildə kimsəyə vermir yalnız Milli Məclisin qərarı ilə Azərbaycanın bütün əhalisi arasında referendum keçirmək yolu ilə Azərbaycan xalqının iradəsi əsasında dövlət sərhədləri dəyişdirilə bilər.

 

 

Azərbaycan Respublikasının Konstitusiyası dövlətimizin siyasi-iqtisadi əsasları haqqında



Azərbaycan dövlətinin siyasi əsasları aşağıdakılardır:
Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi, unitar respublikadır. Azərbaycan Respublikasında dövlət hakimiyyəti hakimiyyətlərin bölünməsi prinsipi əsasında təşkil edilir:
- qanunvericilik hakimiyyətini Azərbaycan Respublikasının Milli Məclisi həyata keçirir;
- icra hakimiyyəti Azərbaycan Respublikasının Prezidentinə mənsubdur;
- məhkəmə hakimiyyətini Azərbaycan Respublikasının məhkəmələri həyata keçirir.
Qanunvericilik, icra və məhkəmə hakimiyyətləri qarşılıqlı fəaliyyət göstərir və öz səlahiyyətləri çərçivəsində müstəqildirlər.
Azərbaycan Respublikasının ərazisi vahiddir, toxunulmazdır və bölünməzdir. Azərbaycan Respublikasının daxili suları, Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsi, Azərbaycan Respublikasının üzərindəki hava məkanı Azərbaycan Respublikası ərazisinin tərkib hissəsidir.
Azərbaycan dövlətinin iqtisadi əsasları aşağıdakılardır:
Azərbaycan Respublikasının mülkiyyəti toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Təbii ehtiyatlar hər hansı fiziki və hüquqi şəxslərin hüquqlarına və mənafelərinə xələl gətirmədən Azərbaycan Respublikasına mənsubdur.
İqtisadiyyatın inkişafı müxtəlif mülkiyyət növlərinə əsaslanaraq, xalqın rifahının yüksəldilməsinə xidmət edir. Azərbaycan dövləti bazar münasibətləri əsasında iqtisadiyyatın inkişafına şərait yaradır, azad sahibkarlığa təminat verir, iqtisadi münasibətlərdə inhisarçılığa və haqsız rəqabətə yol vermir.
Pul nişanlarının tədavülə buraxılması və tədavüldən çıxarılması hüququ yalnız Mərkəzi Banka mənsubdur. Azərbaycan Respublikasının Mərkəzi Bankı dövlətin müstəsna mülkiyyətindədir.
Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısına qalır.

 

 

Dövlət institutları arasında Azərbaycan Ordusunun rolu və yeri



Azərbaycan öz dövlət müstəqilliyini əldə etdikdən sonra dövlət qurumlarının, o cümlədən Silahlı Qüvvələrin yaradılması zəruri oldu. Bu həm də ölkəmizin erməni təcavüzünə qarşı mütəşəkkil şəkildə mübarizə aparması üçün lazım idi. Bir sözlə, Silahlı Qüvvələrin formalaşdırılması üçün hüquqi zəmin yaradılmasına ehtiyac var idi.
Azərbaycan Respublikasının keçmiş ali qanunverici orqanı olan Ali Sovet 9 oktyabr 1991-ci ildə "Azərbaycan Respublikası Silahlı Qüvvələri haqqında" qanun qəbul etdi və bununla ordunun yaradılması üçün hüquqi təməl yaradıldı. Bu qanun ölkəmizdə hərbi quruculuq prosesinin ilk qanunu idi. Həmin qanunun birinci maddəsində Silahlı Qüvvələrin vəzifələri müəyyən olunur və göstərilir ki, "Azərbaycan Respublikasının Silahlı Qüvvələri Azərbaycan Respublikasının suverenliyinin, ərazi bütövlüyünün, onun toxunulmazlığının və mənafeyinin silahlı müdafiəsinə, dövlətə silahlı hücumun qarşısının alınmasına, təcavüz olarsa, onun dəf edilməsinə xidmət edir".
Azərbaycan Respublikasının Konstitusiyasında da Silahlı Qüvvələr və Vətəni müdafiə ilə bağlı maddələr öz əksini tapıb. Belə ki, 9-cu maddədə Azərbaycan Respublikasının öz təhlükəsizliyini və müdafiəsini təmin etmək məqsədi ilə Silahlı Qüvvələr yaratması,  Silahlı Qüvvələrin isə Azərbaycan Ordusundan və başqa silahlı birləşmələrdən ibarət olması və Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı olduğu qeyd edilir. 76-cı maddədə isə Vətəni müdafiənin hər bir vətəndaşın borcu olduğu, onların qanunla müəyyən edilən qaydada hərbi xidmət keçməsi vurğulanır.
Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan hərbi quruculuq prosesi ölkəmizdə bu gün də uğurla davam etdirilir və ordumuz inkişaf, təkmilləşmə dövrünü yaşayır. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, ordu quruculuğu dövlətimiz üçün ən başlıca məsələdir. Azərbaycan Ordusunun müdafiə qüdrətinin və döyüş qabiliyyətinin artırılması, maddi-texniki təchizatının yaxşılaşdırılması, o cümlədən hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsi bu siyasətin prioritet istiqamətlərindəndir.
Ölkəmizin təcavüzdən, silahlı hücumdan müdafiəsinin təmin edilməsi üçün Azərbaycan Ordusunda əsas diqqət qoşunların döyüşə hazırlıq və səfərbərlik tədbirlərinə yönəldilib. Müasir təhdidlərə, risklərə və çağırışlara cavab vermək məqsədilə qoşunların döyüş qabiliyyətinin artırılması istiqamətində hərtərəfli kompleks tədbirlər icra edilir. Kompleks şəkildə islahatların həyata keçirilməsi ordumuzun aparıcı dövlətlərin orduları səviyyəsinədək yüksəlməsinə şərait yaradıb.
İl ərzində ikitərəfli əməkdaşlıq planları və "Sülh Naminə Tərəfdaşlıq" proqramları çərçivəsində xarici ölkələrdə keçirilmiş 200-dək tədbirdə 1300 nəfərədək, Azərbaycanda keçirilmiş 140-dək tədbirdə isə 2000 nəfərədək hərbi qulluqçumuz və mülki heyət iştirak edib.
Hərbçilərimiz regional və beynəlxalq səviyyədə keçirilən müxtəlif təyinatlı taktiki və kompüter dəstəkli irimiqyaslı təlimlərdə mütəmadi olaraq iştirak edirlər. Ötən il ərzində Türkiyə, Almaniya, Rumıniya, Bolqarıstan, Gürcüstan, İordaniya və digər ölkələrdə təşkil olunan təlimlərdə yüzlərlə hərbi qulluqçumuz iştirak edib.
Keçən ilin may ayında İzmir şəhərində keçirilən "Efes-2018" beynəlxalq təlimində və iyun ayında Qars şəhərində keçirilən Türkiyə-Azərbaycan birgə taktiki təlimində də hərbçilərimiz yüksək nəticələr əldə ediblər. Azərbaycan əsgərinin hazırlıq səviyyəsini xarici ölkələrin yüksək rütbəli hərbçiləri, mütəxəssisləri, müstəqil ekspertləri yüksək qiymətləndirir, müxtəlif ölkələrin ordularının reytinqlərini müəyyən edən beynəlxalq araşdırma mərkəzləri isə öz sənədlərində dərc edirlər.
Rusiya, Belarus, Ukrayna kimi tərəfdaşlarımızla yanaşı, qardaş Türkiyə, o cümlədən İran, Pakistan, İsrail, Cənubi Afrika Respublikası və digər inkişaf etmiş dövlətlərlə qarşılıqlı əməkdaşlıqda hərbi imkanlarımız genişlənir. 
Biz müxtəlif ölkələrdən müasir tipli döyüş təyyarələri, döyüş və hərbi nəqliyyat helikopterləri, artilleriya qurğuları, zirehli texnika, rabitə vasitələri, pilotsuz uçuş aparatları alırıq. Eyni zamanda, ordumuz Müdafiə Sənayesi Nazirliyinin müəssisələri tərəfindən istehsal edilən hərbi təyinatlı məhsullarla da təchiz olunur.
2016-cı ilin aprel ayında Ağdərə, Füzuli, Cəbrayıl istiqamətlərində və ötən ilin may ayında Naxçıvanda həyata keçirilən əks-həmlə əməliyyatlarında qazanılan uğurlar Ali Baş Komandanın diqqət və qayğısı ilə orduda həyata keçirilən kompleks islahatlar nəticəsində mümkün olub. Hər iki tarixi məqam Azərbaycan Ordusunun döyüş hazırlığı, ruh yüksəkliyi, mənəvi-psixoloji durumu və peşəkarlıq baxımından Ermənistan ordusundan qat-qat üstün olduğunu əyani şəkildə sübut etdi.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən tarixi reallığa çevrilən və bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə inkişafının ən yüksək səviyyəsinə çatan Azərbaycan Ordusu təchizat səviyyəsinə, döyüş hazırlığına, şəxsi heyətinin mənəvi keyfiyyətinə, idarəetmə strukturlarının peşəkarlığına görə dünyanın ən güclü ordularından biridir. Son illər ərzində Azərbaycan Ordusunun siması tamamilə dəyişilib. Bu ordu xalqımızın sevinc, qürur və güvənc yerinə, Ali Baş Komandanının bütün əmrlərini yerinə yetirməyə qadir olan bir orduya çevrilib.
Bu gün Azərbaycan Ordusunun qarşısında torpaqlarımızı azad etmək üçün hər an hazır olmaq vəzifəsi durur. Hər bir hərbi qulluqçu dərk etməlidir ki, o öz vəzifə borcunu vicdanla yerinə yetirməklə, təlimlərdə hərbi biliklərə dərindən yiyələnməklə, mənəvi-psixoloji və fiziki hazırlığını artırmaqla, intizamlı olmaqla özünü torpaqlarımızın azadlığı uğrunda gələcək döyüşlərə hazırlayır.

İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsi