Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

6 Noyabr 2019 10:23

Qarabağ Azərbaycandır!

Böyük Füzulimizin "Kim nə miqdar olsa, əhlin eylər ol miqdar söz" misrasını xatırlayıram, bir daha əmin oluram ki, kəlam - hikmətdir... Tarixi şəxsiyyətlərin dedikləri kəlam kimi eşidilir, kəlam kimi dərk olunur, kəlam kimi düşündürür, kəlam kimi yaşadılır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Soçi şəhərində keçirilən "Valday" Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında "Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi" bəyanatı belə kəlamlardandır. Müdrikliklə deyilmiş bu kəlam Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsiylə bağlı dövlətin birmənalı, qəti münasibətinin ifadəsidir, xalqın iradəsinin bəyanatıdır, tarixi silkələyən bəyanatdır...
"Qarabağ Azərbaycandır!" milli-xəlqi ruhdan gələn bəyanatdır,  Azərbaycanın min illik dövlətçilik tarixinin tarixi  bəyanatıdır...
Ön xətdə xidmət edən, yüksək döyüş və mənəvi-psixoloji hazırlığa malik olan Azərbaycan əsgəri bu qüdrətli tarixi bəyanatı torpaqlarımızın işğaldan azad edilməsi üçün Ali Baş Komandanın verəcəyi döyüş əmrinə hazırlıq əmri bilir. Bu bəyanatla bağlı hərbi hissənin əsgərləriylə fikir mübadiləsi aparmaq niyyətimizi  zabit Elşad Əbilov da təqdir edir. Bunu disputun rəsmi başlanğıcı bilirik....
Disput ümumi bir rəylə yekunlaşan fikir mübadiləsidi. Həmin rəy üçün müxtəlif fikirlər eşidiləcək...
Hərbi hissənin zabiti Həşim Həşimov Rusiya Federasiyasının Soçi şəhərində "Valday" Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyası haqqında müfəssəl informativ məlumat verərək bildirir ki, toplantıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, münaqişənin sülh yolu ilə həlli istiqamətində görülən tədbirlər, BMT-nin Təhlükəsizlik Şurasının 4 qətnaməsinin hələ də yerinə  yetirilmədiyi haqqında zəruri xatırlatmalar fonunda qətiyyətli çıxışı Azərbaycan dövlətinin münaqişənin sülh yolu ilə həll edilməsi istəyini ifadə etməklə, işğalçı Ermənistana, eləcə də münaqişəyə loyal, birtərəfli münasibəti olan dövlətlərə kifayət qədər qəti bir bəyanatla tamamlandı: “Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi!".
Zabitin sözlərinə qüvvət olaraq deyirəm ki, plenar sessiyada bu bəyanatın məzmunu, mahiyyəti həm də "Azərbaycanın bir  hissəsi də bütöv deməkdir, müstəqil Azərbaycanın hər qarış torpağı da toxunulmazdır, heç bir tarixi, hüquqi əsası olmayan bu münaqişə Azərbaycanın ərazi bütövlüyü saxlanılmaqla həll edilməlidir!", - kimi anlaşıldı.
Zabitlər də, əsgərlər də səmimi müdaxiləni disputun axarını müəyyənləşdirən fikir kimi qəbul edir.
Zabit İlqar Quliyev deyir:
- Belə bəyanatlar həmişə real gücə əsaslanır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Azərbaycan güclü dövlətdir və onun güclü ordusu vardır" fikrinə istinadən deyə bilərəm ki, dünyanın ən güclü orduları sırasında olan ordumuz bu bəyanatın məzmununda duyulan gücdür, ona görə bu bəyanata torpaqlarımızı işğaldan azad etməyə qadirliyin bəyanatı da deyə bilərik.
Zabit Həşim Həşimov zabit İlqar Quliyevin dediklərinə zəruri əlavə edir:
- Həm real güc, həm də nüfuz.
Zabit Həşim Həşimov Azərbaycan Respublikası Prezidentinin bir kəlamını da xatırladaraq deyir ki, bu bəyanat "Azərbaycan dövləti, Azərbaycan xalqı Azərbaycanda ikinci erməni dövlətinin yaranmasına imkan verməyəcək" bəyanatının  məntiqi davamıdır.
- Müxtəlif vaxtlarda deyilsə də, hər iki bəyanat böyük tarixi şəxsiyyət, dövlətçilik fenomeni ilə dünyanın heyrət ünvanlarından olan Heydər Əliyevin siyasi kursuna, dövlətə, dövlətçiliyə sədaqətin təzahürüdür, - deyirəm.
Deyilənləri böyük maraqla dinləyən əsgərlərin düşüncələrində qibtəediləsi bir tərpəniş yaranıb.
- Bu bəyanatın mahiyyətini tərəddüd etmədən dövlətsevərlik manifesti bilirəm. Əsgər yoldaşlarımın dünyagörüşünə bələd olduğuma görə əminliklə deyirəm ki, onlar da belə düşünür (Gəncə Aqrar Universitetinin məzunu əsgər Sadiq Bayramov).
- Hərbi xidmət bizim Vətən sevgimizi daha da artırıb, dönməzləşdirib. Mülki həyatdan fərqli olaraq hərbi xidmətdə bu və ya digər hadisəyə Vətənə "bir köynək yaxınlar" kimi baxırıq. Vətənlə bağlı hadisələrə daha məntiqli düşüncələrlə baxırıq. Bu bəyanat məhz belə bəyanatdır. Hər birimizin həm də Sadiqin manifest adlandırdığı bəyanatdır (əsgər Elfan Məmmədov).
- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Qarabağ Azərbaycandır!" bəyanatını döyüşə hazırolma əmri bilirik. Düşmən işğal etdiyi torpaqlarımızdan çəkilib getməsə, Ali Baş Komandanın döyüş əmrini qələbəylə tamamlayacağıq (əsgər Vüqar Əkbərov). - Bu bəyanat Ali Baş Komandanın Azərbaycan Ordusunun yaranmasının 100 illiyinə həsr olunmuş paradda dediklərinin bəyanatıdır. (Mingəçevir Dövlət Universitetinin məzunu əsgər Sədi Süleymanov).
Baxışlarım deyilənlərdən qürurlanan əsgərlərin baxışlarına sarılır. Bu biçim doğma, mehirli sarılmada bir ehtiram var, inam var, güvənc var. Mənə elə gəlir ki, bu anlarda mənim heysiyyətli baxışlarım ictimaiyyətin ərkli baxışlarının soraqçısıdı. Baxışlarım  baxışlarına sarılan əsgərlərin "Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi" bəyanatını qətiyyətlə dünya ictimaiyyətinə xatırladan  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin əmriylə qələbə qazanacağına ictimaiyyətin bir nümayəndəsi kimi mən də əminəm və özümə hesabatım kimi deyirəm ki, mən dövlətə, dövlətçiliyə sədaqətin və bu əminliyin jurnalistiyəm.
- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ermənistana, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində qətiyyətli, birmənalı mövqeyi olmayan dövlətlərə ünvanladığı bəyanat hər birimizin nəinki əzbərindədir - "Qarabağ tarixi, əzəli  Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi", həm də düşüncələrindədir - bəyanat hərbi qulluqçuların da, vətəndaşların da məsuliyyətini artırır, - əsgər Fariz Əkbərovun dedikləri mənə 1992-ci ilin yayında Yusif Mirzəyevin dediklərini  xatırladır: "Aqillərin dediklərini ancaq yaddaşına yazanlardan düz-əməlli qətiyyət gözləmə, şair. Əsl qətiyyət kəlamları düşüncələrinə yazanlardadı...", mənə elə gəlir ki, disputda fəallıq göstərənlər də, onun gedişini maraqla, istəklə izləyənlər də kəlamları təkcə yaddaşına deyil, həm də düşüncələrinə yazır, onu hərbi xidmətinin, yaşam fəlsəfəsinin tərkib hissəsinə çevirəcəklər...
- Azərbaycan dövlətçiliyi baxımından son dərəcə dəyərli olan bu bəyanat Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu  ilə həllində Ermənistanın dirənişinə, status-kvonu saxlamaq niyyətinə qarşı sonun başlanğıcı kimi anlaşılır, dərk edilir. Bu bəyanatın sizin mənəvi-psixoloji hazırlığınıza əhəmiyyətli təsiri olacağına əminəm. Bəyanat döyüş hazırlığınıza necə təsir göstərəcək?, - soruşuram.
Əsgər Səlim Əzizov deyir ki, dövlət başçımızın kəlamlarının tələblərini həmişə hərbi xidmətimizin tərkib hissəsi bilmişik.
Bir anlığa duruxur. Mənə elə gəlir ki, dar macalda deyəcəklərinin səmimi qəbul edilib-edilməyəcəyini düşünür. Cavabı ləngitməyi əsgər adına  yaraşdırmır:
- Əsgər Sədi Süleymanovun dediklərini hər birimizin fikri bilin, Səlim bizdən heç nə soruşmadan bizim də fikrimizi ifadə etdi: Bu bəyanatı hər birimiz torpaqlarımızı işğaldan azad edəcək döyüşlərə hazırolma əmri bilirik. Yəni, bu bəyanat döyüş hazırlığımızı daha da yüksəltməyə qadir olan əlavə stimuldur...
Zabit Həşim Həşimovun gülümsünməsini əsgər Səlim Əzizovun düşüncələrindən məmnunluq bilirəm. Disputun gedişində bu bəyanata ən böyük azərbaycanlının siyasi  kursunu davam etdirən ən böyük azərbaycançılıq sənədi demişdik. Onun əsgərin düşüncəsində inikası, milli-mənəvi dəyərlərimizin daşıyıcısı olan Azərbaycan əsgərinin işıqlı düşüncələri ürəyimizi dağa döndərir. Zabit deyir ki, əsgərin dünyaduyumu bizə də xoş təsir bağışladı. "Bu əsgərin düşüncələrinin timsalında bütün əsgərlərin işıqlı düşüncələri könlümüzə yatır. Onların adından əminliklə deyirəm ki, bu bəyanat ordu quruculuğuna da böyük təsir göstərəcək, həm döyüş, həm də mənəvi-psixoloji hazırlıqda əhəmiyyətli olacaq".
Disput fikir mübadiləsidi; fikir mübadiləsi nəticə etibarilə ümumi bir fikirlə yekunlaşır. "Qarabağ Azərbaycandır!" mövzusunda disputda əsgərlərin ümumiləşdirici fikri  belə ifadə edilməlidi: "Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi"  bəyanatı Ermənistana ünvanlanan ciddi xəbərdarlıqdır: BMT Təhlükəsizlik Şurasının qətnamələri yerinə yetirilməsə - Ermənistan işğal etdiyi ərazilərdən geri çəkilməsə, Azərbaycan torpaqlarını döyüşlə azad edəcək...
Ermənistan "Valday"ın tribunasından eşitdiyi kəskin dövlətçilik bəyanatını unutmamalıdır...
Ön xətdə "N" hərbi hissəsində "Qarabağ Azərbaycandır!" mövzusunda disput Rusiya Federasiyasının Soçi şəhərində "Valday" Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi" bəyanatının mahiyyətinin dərkini, bu bəyanatın mahiyyətinin hərbi xidmətin tərkib hissəsi kimi anlaşılmasını təmin edir...
Disputu əsgərlərimizin bu və ya digər mövzuda məntiqli, düşündürücü fikirsöyləmə qabiliyyətinin də inkişafına vəsilə bilirik. Bu möhtəşəm bəyanat tarixə diktə edir ki, Azərbaycanın dövlətçilik tarixi ərazi bütövlüyüylə əbədiyyətin cığırdaşı olacaq!..

Rəşid HÜSEYNOV, "Azərbaycan Ordusu",
fotolar C.CƏFƏROVUNDUR