Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

2 Noyabr 2019 10:19

Azərbaycan Ordusunun şəxsi heyəti ilə keçirilən ictimai-siyasi hazırlıq dərsi

(İctimai-siyasi hazırlıq dərsinin qrup rəhbərinə dərsə hazırlaşmaq üçün kömək)

Mövzu: Azərbaycan Respublikasının dövlət quruluşu, dövlət  rəmzləri, inzibati ərazi bölgüsü, iqtisadi inkişafı.

İctimai-siyasi hazırlıq qrupunun rəhbərinə bu dərsə hazırlaşarkən Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan tarixinə dair tarixi və bədii ədəbiyyatdan istifadə etmək və mövzunu bölmənin gündəlik həyatı ilə bağlamaq tövsiyə olunur.

Suallar:
1. Azərbaycan Respublikasının dövlət quruluşu, dövlət rəmzləri və inzibati ərazi bölgüsü.
2. Dövlətimizin iqtisadi inkişaf strategiyası.

 

Azərbaycan Respublikasının dövlət quruluşu, dövlət rəmzləri və inzibati ərazi bölgüsü



Azərbaycan Respublikasının siyasi sistemi milli və tarixi şəraitin xüsusiyyətlərini əks etdirməsi ilə səciyyəvidir. Onun meydana gəlməsində və fəaliyyətində çox müxtəlif amillər rol oynamış və oynamaqdadır. Siyasi sistemin fəaliyyətinin formalaşmasına əhalinin siyasi mədəniyyətinin xüsusiyyətləri mühüm təsir göstərir. Azərbaycanda hüquqa və ədalətə söykənən vətəndaş cəmiyyətinin əsası qoyulub və onun təkmilləşdirilməsi üçün etibarlı zəmin hazırlanıb. Təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş demokratik dövlət quruculuğu prosesi bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Ümumiyyətlə, Azərbaycan Respublikasının siyasi sisteminin struktur formalaşması əsasən 1995-ci il noyabrın 12-də ölkənin yeni Konstitusiyasının qəbul edilməsi ilə başa çatmış oldu. Konstitusiyaya uyğun olaraq Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi, unitar respublika kimi müəyyənləşdi.
Azərbaycan xalqı özünün çoxəsrlik dövlətçilik ənənələrini davam etdirərək, Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktında əks olunan prinsipləri əsas götürərək, bütün cəmiyyətin və hər kəsin firavanlığının təmin edilməsini arzulayaraq, ədalətin, azadlığın və təhlükəsizliyin bərqərar edilməsini istəyərək, keçmiş, indiki və gələcək nəsillər qarşısında öz məsuliyyətini anlayaraq, suveren hüququndan istifadə etdi.
Konstitusiyada göstərildiyi kimi, Azərbaycan Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyi Azərbaycan xalqıdır. Sərbəst və müstəqil şəkildə öz müqəddəratını həll etmək və öz idarəetmə formasını müəyyən etmək Azərbaycan xalqının suveren hüququdur. Azərbaycan xalqı öz suveren hüququnu bilavasitə ümumxalq səsverməsi - referendum və ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, gizli və şəxsi səsvermə yolu ilə seçilmiş nümayəndələri vasitəsilə həyata keçirir.
Hakimiyyətin bölünməsi prinsipinə uyğun olaraq Azərbaycan Respublikasında müstəqil şəkildə formalaşan və fəaliyyət göstərən üç hakimiyyət qolu qərarlaşmışdır: qanunvericilik, icra və məhkəmə hakimiyyəti. Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən orqan Milli Məclis, icra hakimiyyətini həyata keçirən orqan Prezident Administrasiyası, Məhkəmə hakimiyyətini həyata keçirən orqan Azərbaycan Respublikasının məhkəmələridir. Bu hakimiyyət orqanlarından hər birinin fəaliyyəti Konstitusiya və qanunvericilik aktları ilə tənzimlənir.
Azərbaycan Respublikasının dövlət rəmzləri
Azərbaycan Respublikasının dövlət rəmzləri Azərbaycan Respublikasının Konstitusiyasının 23-cü  maddəsində göstərildiyi kimi, Azərbaycan Respublikasının Dövlət bayrağı, Azərbaycan Respublikasının Dövlət gerbi və Azərbaycan Respublikasının Dövlət himnidir.
Dövlət bayrağı
Azərbaycanda üçrəngli Dövlət bayrağı ilk dəfə 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə qəbul edilmişdir. Bu bayraq ikinci dəfə 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarı ilə bərpa edilmiş və adı çəkilən dövlət qurumunun vəsatəti əsasında 1991-ci il fevralın 5-də Azərbaycan Respublikası Ali Soveti üçrəngli bayrağın Azərbaycanın Dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərar vermişdir.
Azərbaycan Respublikasının Dövlət bayrağı bərabər enli üç üfüqi zolaqdan ibarətdir. Yuxarı zolaq mavi, orta zolaq qırmızı, aşağı zolaq yaşıl rəngdədir. Mavi rəng - Azərbaycan xalqının türk mənşəli olmasını, qırmızı rəng - müasir cəmiyyət qurmaq, demokratiyanı inkişaf etdirmək istəyini, yaşıl rəng - islam sivilizasiyasına mənsubluğunu ifadə edir. Qırmızı zolağın ortasında bayrağın hər iki üzündə ağ rəngli aypara ilə səkkizguşəli ulduz təsvir edilmişdir. Bayrağın eninin uzunluğuna nisbəti 1:2-dir.
Dövlət gerbi
Azərbaycanın Dövlət gerbi haqqında Azərbaycan Xalq Cümhuriyyəti hökuməti 1920-ci il yanvarın 30-da müsabiqə elan etmiş və müsabiqədən keçəcək gerb nümunəsinin həmin ilin mayın 28-də qəbul ediləcəyi haqqında qərar çıxarmışdır. Lakin 1920-ci il aprelin 28-də Azərbaycan Xalq Cümhuriyyətinin süqut etməsi nəticəsində gerb qəbul edilməmişdir.
Azərbaycan Respublikasının Ali Soveti 1993-cü il yanvarın 19-da qəbul etdiyi Konstitusiya Qanunu ilə 1919-1920-ci illərdə hazırlanmış Dövlət gerbi layihələrindən birini müəyyən dəyişikliklərlə Azərbaycan Respublikasının Dövlət gerbi kimi təsdiq etmişdir. Azərbaycan Respublikasının Dövlət gerbi Azərbaycan dövlətinin müstəqilliyinin rəmzidir. Dövlət gerbi palıd budaqlarından və sünbüllərdən ibarət qövsün üzərində yerləşən şərq qalxanının təsvirindən ibarətdir. Qalxanın üstündə Azərbaycan Respublikasının Dövlət bayrağının rəngləri fonunda səkkizguşəli ulduz, ulduzun mərkəzində alov təsviri vardır.
Dövlət himni
1920-ci il yanvarın 30-da Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurası Cümhuriyyətin milli himninin hazırlanması haqqında qərar qəbul etdi və bu məqsədlə Xalq Maarif Nazirliyi tərəfindən müsabiqə elan edildi. 1920-ci il aprelin 28-də Xalq Cümhuriyyətinin süqutu Azərbaycanın milli himnini də qəbul etməyə imkan vermədi.
1992-ci il mayın 27-də parlament "Azərbaycan Respublikasının Dövlət himni haqqında" Qanun qəbul etdi. Qanuna əsasən, 1919-cu ildə böyük bəstəkar Üzeyir Hacıbəyov və şair Əhməd Cavad tərəfindən tərtib edilmiş "Azərbaycan marşı" Azərbaycanın Dövlət himni kimi təsdiq edildi.
Ərazi quruluşu və inzibati ərazi bölgüsü
Azərbaycan Respublikası Prezidentinin 13 iyun 2000-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş "Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında" Qanun Azərbaycan Respublikasının ərazi quruluşunun və inzibati ərazi bölgüsünün, habelə ərazi vahidlərinin qeydiyyatının, sərhədlərinin müəyyən edilməsinin və dəyişdirilməsinin, adlandırılmasının və ya onların adlarının dəyişdirilməsinin, hüquqi əsaslarını, eləcə də ərazi quruluşu və inzibati ərazi bölgüsü ilə bağlı digər məsələlərin tənzimlənməsində dövlət orqanlarının və bələdiyyələrin səlahiyyətlərini müəyyən edir.
Qanuna əsasən, Azərbaycan Respublikasında ərazi quruluşu müəyyənləşdirilib, inzibati ərazi bölgüsü aparılıb, yaşayış məntəqələri, ərazi vahidləri, inzibati ərazi vahidləri dəqiqləşdirilib.
Azərbaycan Respublikasının paytaxtı, böyük elmi-mədəni və sənaye mərkəzi olan - Bakı şəhəridir. Bakı qədimliyinə, ərazinin böyüklüyünə və əhalisinin sayına görə Şərqin qocaman və ən böyük şəhərlərindən biridir. Bakı şəhərində və Abşeron yarımadasında insanlar çox qədim zamanlardan məskunlaşıb və burada yaşayış məntəqələri yaradıblar.
Bakı özündə 11 inzibati rayonu, 5 şəhər tipli qəsəbəni birləşdirir.

 

 

Dövlətimizin iqtisadi inkişaf strategiyası



Dövlət müstəqilliyi və siyasi azadlıq milli iqtisadiyyatın inkişafına şərait yaratdığı kimi, milli iqtisadiyyatın inkişafı və güclənməsi də dövlət müstəqilliyinin dayaqlarını daha da möhkəmləndirir. Əgər Azərbaycan öz dövlət müstəqilliyini qoruyub saxlaya bilməsəydi, nə neft strategiyasını, nə də strateji və transmilli layihələri həyata keçirə bilərdik. Dövlət müstəqilliyinin gücləndirilməsi iqtisadiyyatımızın milli maraqlara uyğun inkişaf etdirilməsinə şərait yaratmışdır. Azərbaycanın təkcə dövlətçilik deyil, həm də iqtisadi inkişaf tarixinin ən parlaq və şərəfli dövrü ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.
1994-cü ildə isə "Əsrin müqaviləsi"nin imzalanması ilə Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının əsası qoyuldu. Bu strategiya çərçivəsində həyata keçirilmiş tədbirlər, o cümlədən Dövlət Neft Fondunun yaradılması məhz davamlı inkişafın təmin edilməsinə, dövlətimizin iqtisadi və sosial dayaqlarının möhkəmləndirilməsinə yönəldildi.
Ulu Öndərin imzaladığı "Azərbaycan Respublikasında kiçik və orta sahibkarlığın inkişafının Dövlət Proqramı (2002-2005-ci illər)", "Azərbaycan Respublikasında sahibkarlığın inkişafına dövlət himayəsi sahəsində əlavə tədbirlər haqqında" 2002-ci il 10 sentyabr tarixli, "Sahibkarlığın inkişafına mane olan müdaxilələrin qarşısının alınması haqqında" 2002-ci il 28 sentyabr tarixli fərmanlar özəl sektorun inkişafında mövcud olan problemlərin kompleks və sistemli həllini, sahibkarlığın sürətli inkişafı üçün əlverişli iqtisadi və institusional mühitin yaradılmasını, müxtəlif dövlət orqanlarının nəzarət funksiyalarının məhdudlaşdırılmasını nəzərdə tuturdu.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ulu Öndərin müəyyən etdiyi ümumi iqtisadi kursu davam etdirməsi nəticəsində Azərbaycan iqtisadiyyatı yüksək səviyyədə inkişaf etdi.
Dövlət başçısının rəhbərliyi ilə 2004-cü ildə "Neft və qaz gəlirlərinin idarə olunması üzrə uzunmüddətli strategiya" (2005-2025) müəyyənləşdirilib. Azərbaycanda neft və qaz gəlirlərinin kəskin artması şəraitində makroiqtisadi sabitliyin qorunması, gəlirlərin bir hissəsinin gələcək nəsillər üçün saxlanması, onlardan əhalinin rifahının yüksəldilməsi üçün istifadə edilməsi, qeyri-neft sektorunun inkişafının stimullaşdırılması neft və qaz gəlirlərinin idarə olunması üzrə uzunmüddətli strategiyanın qəbul edilməsini zərurətə çevirmişdir. Bu strategiya neft və qaz gəlirlərindən istifadənin əsas prinsiplərini və ortamüddətli xərclər siyasətini müəyyənləşdirdi.
2003-2017-ci illər ərzində dövlət başçısının məqsədyönlü, konkret hədəflərə istiqamətlənmiş fəaliyyəti ölkənin siyasi və sosial-iqtisadi həyatı ilə bağlı problemlərin həllinə sistemli və kompleks yanaşmanı təmin etdi, qarşıya qoyulan vəzifələri yerinə yetirmək üçün ən səmərəli üsul və vasitələrin seçilməsinə imkan verdi.
Son 15 ildə 201 proqram xarakterli sənəd, o cümlədən 12 Konsepsiya, 12 Milli Strategiya, 12 Strateji Yol Xəritəsi, 94 Dövlət Proqramı, 10 Milli Fəaliyyət Planı, 23 Tədbirlər Planı, 21 Tədbirlər Proqramı, 17 Milli Plan və proqramlar qəbul edilmişdir.
Sənayenin modernləşdirilməsi və strukturunun təkmilləşdirilməsi Prezident İlham Əliyevin müəyyən etdiyi iqtisadi siyasətin mühüm tərkib hissəsidir. Belə ki, ölkəmizdə sənayeləşmənin sürətləndirilməsi məqsədi ilə qəbul edilən "Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı"na əsasən 2014-cü il "Sənaye İli" elan edildi. Sənaye parkları və məhəllələri mövcud potensialın gücləndirilməsi və yeni istehsal sahələrinin yaradılması, sənayedə struktur dəyişikliyi baxımından yeni yanaşmadır.
Dünya ölkələri, xüsusilə Avropa İttifaqına üzv ölkələrlə birbaşa nəqliyyat əlaqələri genişlənmiş, Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri və Bakı-Tbilisi-Ərzurum qaz ixrac kəməri dünyada enerji təhlükəsizliyinin təmin olunmasına layiqli töhfələr vermişdir. Regionun və Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında müstəsna əhəmiyyəti olan "Cənub Qaz Dəhlizi"nin tərkib hissəsi olan TANAP və TAP layihələri, həmçinin "Şahdəniz-2" layihəsi üzrə yekun investisiya qərarının imzalanması xüsusi olaraq qeyd edilməlidir. Bu layihələr üzrə işlərin çox hissəsi artıq icra olunmuşdur.
Ölkəmizin sosial-iqtisadi inkişaf sahəsində əldə etdiyi uğurların davamlılığını təmin etmək məqsədi ilə "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası qəbul edilmişdir. Konsepsiya çərçivəsində qeyri-neft sektorunun inkişafı, nəqliyyat, tranzit və logistika infrastrukturunun təkmilləşdirilməsi, bölgələrin tarazlı inkişafı, informasiya cəmiyyətinə keçidin təmin edilməsi, insan kapitalının inkişafı və səmərəli sosial müdafiə sisteminin qurulması, institusional potensialın gücləndirilməsi, vətəndaş cəmiyyətinin inkişafı, ətraf mühitin qorunması və s. məsələləri əhatə edən 53 sənəd təsdiq edilmiş, hal-hazırda icrası təmin olunmaqdadır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə sosial-iqtisadi və siyasi sahədə həyata keçirilən genişmiqyaslı tədbirlər ölkəmizin hərtərəfli inkişafı üçün böyük imkanlar və yeni-yeni perspektivlər açır. Heç şübhəsiz, Azərbaycanın bugünkü inkişafı onu ortamüddətli perspektivdə yüksək həyat səviyyəsinə, güclü iqtisadiyyata malik ölkələr sırasına daxil edəcəkdir.
 
İdeoloji İş və Mənəvi-Psixoloji  Təminat İdarəsi