Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

30 Oktyabr 2019 10:10

Azərbaycan əsgərinin döyüş əzmi yüksəkdir

Ali Baş Komandan İlham ƏLİYEV: Bu gün Azərbaycan Ordusu öz üstünlüyünü göstərir. Bizdə olan vətənpərvərlik ruhu, döyüş qabiliyyəti, texniki imkanlar, əlbəttə ki, üstünlüyümüzü şərtləndirir. Azərbaycan Ordusunun arsenalında mövcud olan texnika, silah-sursat Dağlıq Qarabağda və Ermənistanda istənilən hədəfi yüksək dəqiqliklə məhv edə bilər.
Ölkəmizin uzun illərdir müharibə şəraitində olması hərbi qüdrətimizin yüksəlməsini zəruri edir. Dünyanın hegemon dövlətlərinin, beynəlxalq qurumların ikili standart yürütməsi torpaqlarımızın işğaldan azad edilməsini ləngidir. Ümummilli lider Heydər Əliyev və onun siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dəfələrlə beynəlxalq tədbirlərdə ərazi bütövlüyümüzün hərbi təcavüzə məruz qaldığını israrla bəyan ediblər. Dünya ölkələrinin uzun illərdir biganəliyinin nəticəsidir ki, Ermənistan öz işğalçılıq siyasətini davam etdirir. Bu gün Azərbaycan dövləti münaqişənin sülh yolu ilə həllinə üstünlük versə də, bu o demək deyil ki, səbrimiz sonsuzdur.
Müasir ordu quruculuğumuzun banisi ulu öndər Heydər Əliyev ordumuzun güclənməsi zərurətini izah edərkən vurğulayırdı ki, bu işlərin görülməsində əsas məqsəd torpaqlarımızı işğaldan azad etməyə qadir ordunu formalaşdırmaqdır. Bu siyasətin məntiqi nəticəsidir ki, Azərbaycan Prezidenti İlham Əliyev hər zaman ölkəmizin hərbi potensialının artırılmasını prioritet məsələlərdən biri olduğunu qeyd edib. Bu gün regionun ən güclüsü olan Azərbaycan Ordusunun daha da qüdrətlənməsi üçün müasir standartlara cavab verən silahlar alınır, maddi-texniki baza güclənir, şəxsi heyətin sosial-məişət şəraiti daha da yaxşılaşdırılır. Düşmən özü də bilir ki, ordumuzun hazırkı gücü münaqişəni həll etmək üçün yetərlidir. Lakin təəssüflər olsun ki, Ermənistan rəhbərliyinin qeyri-ciddiliyi danışıqları yubadaraq vaxt qazanmağa hesablanıb. Onlar unutmamalıdır ki, hər şeyin başlanğıcı olduğu kimi, sonu da olur və ədalət gec-tez bərpa olunur.
Düşmənlə təmas xəttində yerləşən "N" hərbi hissəsinin zenit-raket artilleriya bölməsindəyik. Günün nizam qaydasına uyğun olaraq şəxsi heyət komandirlərinin rəhbərliyi altında dərs prosesində iştirak edir. İlk öncə kapitan Ruslan İsmayılovla tanış olduq. Zabit şəxsi heyətə göstərilən diqqət və qayğıdan söz açdı. "Bölməmizdə xidmət edən hərbi qulluqçuların əhval-ruhiyyəsi yüksəkdir. Komandanlığın əsgərlərin qayğı və problemləri ilə maraqlanması, habelə bölmədə yaradılan şəraitlə tanış olması şəxsi heyətin döyüş əzmini artırır. Bundan başqa əsgərlərimizin qidalanması, maddi-texniki təminatı da yüksək səviyyədədir. Bunların hamısı Vətən müdafiəçilərimizin əhval-ruhiyyəsinə müsbət təsir edən amillərdəndir. Bölmənin zabitləri olaraq bizlər də daim Vətənin keşiyində duran oğullarımızın qayğıları ilə yaxından maraqlanır, onların problemlərinin həlli üçün əlimizdən gələni əsirgəmirik."
Dərs başa çatdıqdan sonra baş leytenant Xəyal Ənvərli şəxsi heyətin döyüş ruhunun və ümumi hazırlığının yüksək olmasının zəruriliyini bildirdi. "Şəxsi heyətin xidmətinin əsasını təşkil edən döyüş hazırlığına mənəvi-psixoloji və fiziki hazırlığın çox böyük təsiri var. Əsl döyüşçü müharibəyə psixoloji və fiziki cəhətdən hazır olmalıdır. Hər bir hazırlıq bir-birilə bağlılıq təşkil edir və hər hansı hazırlığın yetərincə olmaması ümumi döyüş hazırlığına mənfi təsir göstərir. Gənc yaşlarımdan idmanla məşğul olmuşam. Sərbəst güləş üzrə ordu birinciliklərində nailiyyətlərim var. İdmana olan marağımı əsgərlərimizə də aşılamağa çalışıram. Bunun üçün tabeliyimdəki əsgərlərin döyüş hazırlığı ilə bərabər, fiziki hazırlığına da önəm verirəm. Çünki müharibə zamanı əlbəyaxa döyüş vacib şərtdir. Düşməni silahsız mübarizədə zərərsizləşdirmək üçün fiziki gücünü ortaya qoymalısan. Bundan əlavə bizə təhkim olunan texnika da fiziki güc tələb etdiyindən, əsgərlərin bədən tərbiyəsi yüksək səviyyədə olmalıdır".
Digər həmsöhbətim əsgər Aydın Qurbanov Salyan rayonundan həqiqi hərbi xidmətə çağrılıb. Ona təhkim olunmuş zenit-raket artilleriya qurğusu barədə məlumatlı olan əsgər A.Qurbanov dedi: "Gördüyünüz texnika  uçan düşmən texnikasına qarşı mübarizə aparmaq üçün güclü vasitə hesab olunur. Qurğu “döyüşə” 25-40 saniyə, “səfərə” vəziyyətinə isə 35-50 saniyə ərzində gətirilə bilər. Döyüş heyəti 6 nəfərdən ibarət olan qurğunun əsas təyinatı düşmənin helikopter, təyyarə, pilotsuz uçuş aparatlarını və s. məhv etməkdən ibarətdir".
- Dağlıq relyefdə xidmət aparmaq çətindir? - sualıma əsgərin verdiyi cavab məni duyğulandırdı. Hər hansı bir hava şəraiti, yerləşdiyimiz dağlıq relyef bizim müqəddəs amalımızı yerinə yetirməyimizə mane ola bilməz". - Aydın dedi. - Mürəkkəb şəraitdə xidmət aparmaq fiziki dözümlülük tələb edir. Bundan başqa nizam-intizamlı, yerləşdiyimiz mövqenin iqlim xüsusiyyətlərinə bələd olmaq, təhlükəsizlik qaydalarına əməl etmək bizim əsas vəzifələrimizdəndir.
Əsgərlərdən Fərhad Hümbətov, Vaqif Fətiyev və Qadir Novruzovla da söhbət zamanı əmin olduq ki, hər bir əsgər hansı müqəddəs amala xidmət etməsindən agahdır və torpaqlarımızın işğaldan azad olunması üçün son nəfəsinəcən döyüşməyi özlərinə borc bilir.
Ön xətdə hərbi qulluqçularımızla söhbətimizdən bir daha əmin olduq ki, beynəlxalq qurumların və dünyanın hegemon dövlətlərinin uzun illərdir çözə bilmədiyi Dağlıq Qarabağ münaqişəsinin öhdəsindən Ali Baş Komandanımızın döyüş əmri ilə Azərbaycan əsgəri gələcək.

Fuad CƏFƏROV, "Azərbaycan Ordusu",
fotolar Namiq PƏNAHOVUNDUR