Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

16 Oktyabr 2019 10:48

Sən qalib gələcəksən, Azərbaycan əsgəri!

Sən ictimaiyyətin inamısan, güvənisən. Bu inam, bu güvənc dönməz qətiyyətə, bəşəri gücə, qüdrətə söykənir. Bu güc-qüdrət Azərbaycan Ordusunun istifadəsində olan hərbi texnikaları, qurğuları məharətlə idarə edənlərin Hərbi anda, dövlətə, dövlətçiliyə sədaqətindədi. Bu sədaqətin necə sədaqət olduğu hərbi xidmətlə təsdiqlənir...
Hərbi xidmət Vətənə borc ödəmədi.
Hərbi xidmət vətəndaşlıq borcunun Hərbi andın, Hərbi Nizamnamələrin tələbləri səviyyəsində, bu tələblər əsasında yerinə yetirilməsidi. Hərbi xidmətə yaxından bələd olanlar bilirlər ki, komandirlərin, hərbi hissənin zabitlərinin əmr və göstərişlərinin vaxtında və məsuliyyətlə yerinə yetirilməsi nümunəvi xidmət kimi dəyərləndirilir - bəyənilir, təqdir olunur. Ön xətdə nümunəvi xidmət bu amillə bir sırada döyüş növbətçiliyinin də son dərəcə məsuliyyətli aparılmasıdır.
Ön xətdə nümunəvi xidmət edənlərin əhatəsində söhbətləşdiyim əsgərlərin düşüncələrinin məzmunu da, ifadə forması da mənə həmişə könül xoşluğu verib. O düşüncələrdə sərhəd bütövlüyüylə Vətən var - Azərbaycan var, səngərsiz Vətən torpağı var, sərhəd bütövlüyünə, səngərsiz torpaqlara görə döyüş əzmi var, qələbə ruhu var. Bunlar həm ayrılıqda, həm də vəhdətdə Hərbi anda, dövlətə, dövlətçiliyə sədaqət əsasında formalaşıb. Bunun nəticəsidir ki, "Vətən-gözdü, biz-kirpik", "Səngərləri sərhədlərə köçürəcəyik!", "Səngər müvəqqəti dayanacaqdı Böyük Qələbənin yolları üstə", "Səni yaşatmaq üçün qoruyuruq, Ana Torpaq", "Sənin üçün hər birimiz Mübarizik, Ana Vətən!",... deyən Azərbaycan əsgərinin düşüncələri işıqlı düşüncələrdi. Gündüzlər hər yanı nurlandıran Günəş var, gecələr səngərləri də, Ayın da, ulduzların da işığını, obrazlı şəkildə desək, əsgər düşüncələri işıqlandırır.
Səngərlərdə əsgərlərlə söhbətlərimiz həmişə səmimi olur. Zabitlərin də iştirakıyla keçən hər söhbəti mahiyyət səmimiləşdirir; Vətən, dövlət, torpaq, səngər, qələbə,... kəlmələri həm söhbətin gərəkliyini, həm də səmimiliyini təmin edir. Asudə vaxt biçimində təşkil olunan söhbətlərdə ordu quruculuğundakı nailiyyətlərdən danışırıq, Cənubi Qafqazda ən güclü ordu olan Azərbaycan Ordusunun dünya miqyasında da ən güclü ordulardan biri olmasıyla qürurlanırıq. Bu qürur unutmadığımız, unutmayacağımız möhtəşəm bir tarixi - 2016-cı ilin aprelini də, döyüşləri də, qələbələri də yada salır. Həmin qürurun davamı kimi 2018-ci ilin yayında Azərbaycan Ordusunun  yaranmasının, payızında Bakının işğaldan azad edilməsinin 100 illiyinə həsr olunmuş paradları möhtəşəmliklə xatırlayırıq. Bu yadasalmaları da, xatırlamaları da yaxın vaxtlarda yaşayacağımız qənirsiz  ovqatın başlanğıcı bilirik; Lələtəpə, Bayraqtəpə zəfərlərini Azərbaycan əsgəri Şuşa zəfəriylə tamamlayacaq, işğalı sonlandıracaq, müharibə başa çatacaq, Azərbaycanın dövlət sərhədləri daxilində səngər qalmayacaq. Səngərdə söhbətlərin, söhbətlərdə xatırladılanların, deyilənlərin yaratdığı ovqat bizə, bizim timsalımızda ictimaiyyətə inamdı, etimaddı, güvəncdi, əsgərlərə isə döyüş əzmidi, qələbə ruhudu, xalqa arxalanmaqdı...
Bir dəfə səngərdə əsgərlərdən biri bir qədər çəkinə-çəkinə, bir qədər ərklə soruşmuşdu:
- Böyük Vətən müharibəsi başlayan gün Səməd Vurğun yazmışdı:
Bilsin ana torpaq, eşitsin Vətən,
Müsəlləh əsgərəm mən də bu gündən!
İndi şairlər niyə müsəlləh əsgər olmur?
Heysiyyətli sualıydı, vətənpərvərliyin yaratdığı sualıydı. Belə üstün bir sualı döyüş əzmi, qələbə ruhu yaratmışdı, şübhəsiz. Sualın cavabı da vətənpərvərliyi əhatələməliydi. Dedim:
- Onlarla şair, xalq şairi Hüseyn Arifin təbiriycə desək, dəfələrlə səhəri səngərlərdə açıb, neçə-neçə dəyərli əsər yazıb. Xalq şairi Məmməd Araz neçə gün Murovdağda əsgər həyatı yaşadı. Bu, şairin, xalq şairinin, xalqın şairinin özünün də, sözünün də müsəlləhləşməsiydi. O günlərdə Məmməd Arazın timsalında Azərbaycan poeziyası müsəlləhləşmişdi. Sonralar başqa şairlər də əsgərlərlə səngərlərdə  söhbətləşmişdi, mətləb verib mətləb almışdı. Bunları Azərbaycan əsgərinin düşüncələrinə, Azərbaycan ədəbiyyatına gərəkli təsir prosesi hesab etmək olar. Bu proses indi də səmimiyyətlə davam etdirilməkdədir.
Azərbaycan  Respublikasının Müdafiə Nazirliyi ilə Azərbaycan Yazıçılar Birliyi arasında ikitərəfli memorandum  imzalanıb. Bu, əsgərlərin mənəvi-psixoloji hazırlığının yüksəldilməsində sözün - ədəbiyyatın təsirinin yüksəldilməsi, müsəlləhləşməsi deməkdir.
Əsgər razılıqla gülümsünmüşdü...
Əsgərin gərəkli sualı ətrafında geniş müzakirə olmuşdu. Müxtəlif fikirlər səslənmişdi: gah fikirlər üst-üstə düşmüşdü, gah fikir fikri tamamlamışdı, gah fikirlər toqquşmuşdu, bir fikir digərini inkar etmişdi. Ümumi fikir hamımıza könül xoşluğu vermişdi: Müharibə qurtarana kimi hamı əsgərləşməlidi, işlədiyi sahədə müsəlləh əsgər olmalıdı...
İctimaiyyət sənə güvənir, inanır, Azərbaycan əsgəri. Bunlar sizin döyüş əzminizi kükrədən amillərdəndir. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ön xətdə, səngərlərdə hərbi qulluqçulara tövsiyələr verməsi bu döyüş əzmini qələbə ruhu səviyyəsinə çatdırır. Siz Ali Baş Komandanın döyüş əmrini qələbəylə tamamlamağa hazırsınız.
"Lələtəpə" poemasında Lələtəpəyə xitabən yazmışdım ki, sağın da, solun da yollardı, burdan Şuşaya aparan yollar görünür. Ön xətdə yerləşən hərbi hissələrdən birində keçirilən təqdimatda əsgərlərdən biri demişdi ki, həmin yollar bu gün adi yollardı. Ali Baş Komandanın əmriylə döyüşlər başlayanda o yolların hər biri qələbə yolu olacaq.
- Səngərlər sizin döyüş əzminizə darlıq edir, eləmi? - soruşmuşdum. Zabitin əli sualımı cavablandırmaq istəyən əsgərin çiyninə enmişdi, yəni, sən də, sənin əsgər yoldaşların da Ali Baş Komandanın döyüş əmrinə tam hazırsınız. Mənə xitabən demişdi:
- Müşahidə etdiyiniz döyüş əzmi, qələbə ruhu səngərlərə sığmır, səngər bu ruha,  bu qətiyyətə darlıq edir. Böyük Qələbə ərəfəsindəyik...
Əsgərlərin baxışlarından boy göstərən qətiyyət  bir qədər də dönməzləşmişdi; Yusif Mirzəyev belə məqamlarda deyirdi ki, qın qılınca darlıq edir. Bir az əvvəl Yusifin o vaxtlar dediyini biz "Səngər döyüş əzminə, qələbə ruhuna darlıq edir kimi demişdik. Ruhun yaşarılığı budur! Bu ruhun zərrəsi olmaq da səadətdi, Vətən!", - deyirəm. "2016-cı ilin Aprel döyüşləri bu ruhun qələbəsiydi..."
Zabit "Yaranmış coşqu da səngərə sığmayan döyüş əzmiylə, qələbə ruhuyla bağlıdı. Ali Baş Komandanın əmriylə başlayacaq döyüşlərdə əsgərlərimiz 2016-cı ilin Aprel döyüşlərinin qəhrəmanlarının  davamçıları olacaqlar...", - deyir...
Payızın ilk günlərində bu qətiyyət zabitin, sonra əsgərlərin baxışlarının səmtini qarşı tərəfə yönəldir...
Səngərdə var səsimlə qışqırmaq istəyirəm: Sən qalib gələcəksən, Azərbaycan əsgəri!..

Rəşid HÜSEYNOV, "Azərbaycan Ordusu"