Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

16 Oktyabr 2019 10:48

Azərbaycanda hərbi təhsilin əsası 101 il əvvəl qoyulub

Azərbaycanda milli zabit kadrları hazırlayan hərbi məktəbin açılmasına hələ Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsindən əvvəl nail olunmuşdu. Belə ki, 1918-ci il fevralın 6-da Müsəlman Korpusunun komandiri general-leytenant Əlağa Şıxlinski məktubla bolşevik inqilabından sonra Cənubi Qafqazda legitim hakimiyyət orqanı olan Zaqafqaziya Komissarlığına müraciət edərək Bakıda kiçik zabit kadrları hazırlayacaq Milli Hərbiyyə Məktəbinin açılması haqqında icazə istəmişdi. Təhsil müddəti üç ay nəzərdə tutulmuş bu məktəbin Tiflisdə formalaşdırılması və sonra Bakıya köçürülməsi planlaşdırılırdı. Tezliklə Zaqafqaziya Komissarlığından hərbi məktəbin açılmasına razılıq alındı. 1918-ci il martın 1-də poruçik Cahangir bəy Zeynal bəy oğlu Nəsirbəyov Milli Hərbiyyə Məktəbinin (sənədlərdə bu məktəb belə adlanır - Musulğmanskaə şkola podpraporşikov) rəisi təyin edildi və elə həmin gün də məktəbin Dəftərxanası fəaliyyətə başladı. Martın 19-da daha 12 nəfər zabit Milli Hərbiyyə Məktəbində təhsilin təşkili üçün uyğun vəzifələrə təyin edildilər.
1918-ci ilin martında Bakı şəhərində törədilən qırğınlardan sonra hərbi məktəbin bu şəhərə köçürülməsi məqsədəuyğun sayılmadı. Ona görə də Korpus komandiri Əlağa Şıxlinskinin əmri ilə Milli Hərbiyyə Məktəbinin daimi heyəti və Dəftərxanası 1918-ci il aprelin 2-də Gəncəyə köçürüldü, həmin ayın 8-də Gəncənin Sənət məktəbində yerləşərək fəaliyyətini davam etdirdi.
Azərbaycan ərazisində yaranmış hərbi-siyasi şəraitlə əlaqədar olaraq Milli Hərbiyyə Məktəbinin fəaliyyəti müvəqqəti olaraq dayandırıldı. Belə ki, 1918-ci ilin martında Bakıda törədilən milli qırğınlardan sonra Bakı Sovetinin bolşevik və daşnaklardan təşkil edilmiş ordusu Azərbaycan xalqının milli azadlıq hərəkatını birdəfəlik boğmaq üçün Gəncəyə doğru hücuma başlamışdı. Bu hücumun qarşısının alınması üçün Müsəlman Korpusunun bölmələri, habelə Zaqafqaziya Komissarlığı adından bəzi gürcü bölmələri Hacıqabulda mövqe tutmuşdular. Milli Hərbiyyə Məktəbinin rəisi C.Nəsirbəyov, habelə məktəbin bir qrup zabiti də bolşevik-daşnak qüvvələri ilə mübarizə üçün Hacıqabula göndərilmişdi. Korpus komandirinin müvafiq əmrində o da bildirilirdi ki, məktəbin kursantları istədikləri halda könüllü şəkildə bolşevik-daşnak qoşunlarına qarşı mübarizədə iştirak edə bilərlər.
Ancaq zabit kadrlarının hazırlanmasının əhəmiyyəti nəzərə alındığı üçün Azərbaycan Xalq Cümhuriyyətinin elan olunmasından dərhal sonra, yəni, 1918-ci ilin mayın sonunda - iyunun əvvəllərində bu məktəb fəaliyyətini yenidən bərpa etdi. Məktəbdə tədris işləri C.Nəsirbəyovun rəhbərliyi altında başladı. Ancaq Azərbaycan hökumətinin dəvəti ilə Osmanlı Türkiyəsinin hərbi qüvvələri Azərbaycana gəldikdən sonra Milli Hərbiyyə Məktəbinə rəhbərlik təcrübəli türk zabiti polkovnik Atif bəyə həvalə olundu. C.Nəsirbəyov da türk hərbi qüvvələri geri qayıdana kimi, yəni, 1918-ci ilin noyabrına kimi bu məktəbdə zabit qismində öz xidmətini davam etdirdi. Milli Hərbiyyə Məktəbinin ilk buraxılışı 1918-ci il oktyabrın 27-də  Gəncədə    oldu.
Azərbaycan Xalq Cümhuriyyətinin Hərbi nazirinin 1 dekabr 1918-ci il tarixli əmri ilə Gəncədə yerləşmiş Milli Hərbiyyə Məktəbi Gəncə Praporşiklər Məktəbi adlandırıldı. Bununla məktəbin statusu artırıldı. Əvvəlki məktəbi bitirənlər müəyyən müddət qoşunlarda xidmət etdikdən sonra ilk zabit rütbəsi olan praporşik rütbəsi ala bilərdilər. Yeni statusda isə məktəbi uğurla bitirənlərə dərhal praporşik (kiçik leytenant) rütbəsi verilməli idi.
1919-cu il sentyabrın 6-da Praporşiklər Məktəbi Bakı şəhərinə köçürüldü və Tarqovı (indiki Nizami) küçəsi ilə Buraqovski (indiki Rəşid Behbudov) küçələrinin kəsişməsində yerləşən əsgər xəstəxanasının binasında yerləşdirildi.
1919-cu il oktyabrın 31-də Səməd bəy Mehmandarovun əmri ilə Praporşiklər Məktəbi Hərbiyyə Məktəbinə çevrildi, təhsil müddəti iki ilə çatdırıldı. Bu məktəbi uğurla bitirənlərə podporuçik (leytenant) rütbəsi verilməli idi.
Azərbaycan Xalq Cümhuriyyəti süqut etdikdən sonra, 1920-ci il mayın 25-də Hərbiyyə Məktəbinin bazasında Azərbaycan Birləşmiş Hərbiyyə Məktəbi yaradıldı. Heydər Vəzirov bu məktəbin rəisi vəzifəsinə təyin edildi. Məktəbdə ixtisasların sayı genişləndirildi. Bu məktəbin əsas vəzifəsi Azərbaycanın milli tərkibli hərbi hissələrinə zabit kadrlarını hazırlamaq idi. Yeni şəraitdə məktəbdə qeyri-azərbaycanlıların rus dilində təhsil alması üçün də şərait yaradıldı.
1922-ci ilin sonlarında Birləşmiş Hərbiyyə Məktəbi indiki İstiqlaliyyət küçəsindəki 15 nömrəli binaya (hazırda Bakı şəhər İcra Hakimiyyəti ilə üzbəüz olan 132 nömrəli məktəbin binasına) köçürüldü.
1923-cü ilin avqustunda məktəb Azərbaycan Birləşmiş Hərbi Məktəbi adlandırıldı. Sovet hakimiyyəti illərində məktəbdə tədris olunan ixtisasların, habelə dinləyicilərin sayı xeyli artırıldı. 1923-cü ildə Əlağa Şıxlinski, 1924-cü ildə Səməd bəy Mehmandarov bu məktəbdə müəllim vəzifəsinə cəlb edildilər. Sonradan Əlağa Şıxlinski məktəb rəisinin müavini təyin edildi və müəyyən vaxtlarda məktəb rəisinin vəzifəsini icra etdi.
1927-ci ilin sentyabrın sonlarında Azərbaycan Birləşmiş Hərbi Məktəbinin bağlandığı elan edildi. Bu təhsil müəssisəsində zabit kadrları hazırlığında milli təsirlərin qarşısının alınması üçün qərara alındı ki, zabit kadrları hazırlığı Tiflisdə davam etdirilsin. Məktəbdə təhsil alan kursantların və müəllimlərin bir hissəsi Tiflisdə yerləşən Zaqafqaziya Piyada Məktəbinə göndərildi.
Azərbaycan Birləşmiş Hərbi Məktəbinin tədris bazası isə yerləşdiyi binada (indiki 132 nömrəli məktəbin binasında) qalmaqda davam edirdi.
Bir il sonra - yəni, 1928-ci ildə Bakıda fəaliyyət göstərən Zaqafqaziya Hərbi Hazırlıq Məktəbi həmin binaya köçürüldü və bu məktəb Birləşmiş Hərbi Məktəbin bazasında öz fəaliyyətini yenidən qurdu.  Zaqafqaziya Hərbi Hazırlıq Məktəbi lisey tipli hərbi məktəb idi. Amma çox tezliklə Azərbaycandakı milli tərkibli qoşun hissələri üçün zabit kadrları hazırlığına bir zərurət yarandı. Ona görə 1930-cu ilin noyabrında Zaqafqaziya Hərbi Hazırlıq Məktəbi yenidən qurularaq Fəhlə-Kəndli Qırmızı Ordusunun komandir heyətinin S.Orconikidze adına Bakı Piyada Məktəbi adlandırıldı. Təhsil müddəti 3 il olan bu məktəbdə zabit kadrları hazırlanmalı idi.
1933-cü ildə Bakı Piyada Məktəbi  Salyan kazarmaları şəhərciyində xüsusi olaraq onun üçün tikilmiş binalara köçürüldü. Həmin binalar hazırda Təlim və Tədris Mərkəzinin ərazisində olan qədim binalardır. 1937-ci ildə Bakı Piyada Məktəbi yenidən qurularaq S.Orconikidze adına Bakı Hərbi Piyada Məktəbi adlandırıldı.
Böyük Vətən müharibəsi başlananda Bakı Hərbi Piyada Məktəbi Sovet Ordusu üçün zabit kadrları hazırlayan əsas məktəblərdən biri idi.  1940-cı ildən etibarən bu məktəbdə 4 kursant taboru təhsil alırdı.
1942-ci ildə Qafqaz istiqamətində hərbi şərait mürəkkəbləşəndə Bakı Hərbi Piyada Məktəbinin şəxsi heyətinin də cəbhəyə göndərilməsi məcburiyyəti yarandı. Məktəbin kursant heyətinin bazasında 164-cü atıcı briqada yaradıldı və məktəbin rəisi də bu briqadanın komandiri təyin edildi. Məktəbin zabit və müəllim heyətinin bir hissəsi cəbhəyə yollandı. Lakin məktəbin daimi heyətinin böyük hissəsi Bakıda qalmışdı. Bakı Hərbi Piyada Məktəbinin ilk buraxılışının məzunu olmuş mərhum polkovnik İsmayıl Vəliyev bildirirdi ki, məktəb rəisinin müavini polkovnik Molçanov, məktəbin müəllimlərindən olan podpolkovnik Liçmanov, məktəbin komendantı və digər əməkdaşlar Məktəbin üç korpusundan və atış meydanından ibarət olan məktəbin maddi-texniki bazasının qorunmasına məsuliyyət daşıyırdılar. Çünki müəyyən müddətdən sonra bu məktəb öz fəaliyyətini davam etdirəcəkdi.
Bakı Hərbi Piyada Məktəbinin kursantlarından yaradılmış hissə cəbhəyə 1942-ci ilin avqustunda göndərildi. Cəmi iki aydan sonra bu məktəbə fəaliyyəti dayandırılmış Qroznı Hərbi Piyada Məktəbinin kursantlarının bir hissəsi gətirildi, burada kursant heyəti komplekləşdirildi və məktəb öz fəaliyyətini yenidən davam etdirdi. Vaxtilə Bakı Hərbi Piyada Məktəbinin rəis müavini olmuş polkovnik Molçanov məktəbin yeni rəisi təyin edildi. İki aydan sonra, yəni, 1942-ci ilin sonunda məktəbin buraxılışı oldu. Bununla, Qroznıdan gəlmiş kursantlar da Bakını tərk etdilər. Bakıdakı Hərbi Məktəb öz fəaliyyətini əvvəlki qaydada davam etdirdi.
Amma Sovet dövründə Bakı Hərbi Piyada Məktəbinin yaranma tarixi Qroznı Hərbi Piyada Məktəbinin yaranma tarixindən götürülmüşdür. Qroznı Hərbi Piyada Məktəbinin əsası 1939-cu ildə qoyulmuşdu. Alman qoşunları Qafqaza yaxınlaşanda bu məktəbin fəaliyyəti dayandırıldı, müəllim və kursant heyətinin əsası cəbhəyə yola salındı. Məktəbdə təhsilini başa vurmamış kursantlar Tbilisiyə köçürüldü. Tbilisiyə gətirilmiş kursant və müəllimlərdən də 300 nəfəri bir müddətdən sonra cəbhəyə göndərildi və Bakıya çox az sayda kursant gəlib çıxdı. Onların sayı o dərəcədə az idi ki, məktəbin fəaliyyətə başlanması üçün Bakıda əlavə kursant heyəti toplandı. Amma nədənsə sovet hakimiyyəti illərində Qroznı Hərbi Məktəbinin az sayda kursantının Bakı Hərbi Piyada Məktəbində cəmi iki ay təhsil almasına görə, 20 illik tarixi olan Bakı Piyada Məktəbinin yaranma tarixi Qroznı Hərbi Piyada Məktəbinin yarandığı tarixdən götürülmüşdür. Yəni, Qroznı Hərbi Piyada Məktəbinin kursantlarının mütləq əksəriyyəti öz təhsillərini Tbilisi Hərbi Məktəbində davam etdirsə də, Tbilisi Hərbi Məktəbinin tarixi heç də Qroznı Hərbi Piyada Məktəbinin yaranma tarixindən götürülməmişdi. Amma həmin məktəbin çox az sayda kursantının cəmi iki aya Bakıya gəlməsi ilə Bakı Hərbi Piyada Məktəbinin yaranma tarixi bir kənara atılmış, Qroznı Hərbi Məktəbinin tarixi Bakı Hərbi Məktəbinin tarixi kimi qəbul etdirilmişdir. Bununla, əslində, heç bir tarixi əsas olmadan hərbi kadr hazırlığı sahəsində Azərbaycanda görülən işlərin üzərindən də xətt çəkilmişdi.
Bakı Piyada Məktəbinin yaranma  tarixinin Qroznı Piyada Məktəbinin yaranma tarixinə bağlanması istər məntiqi, istərsə də tarixi baxımdan doğru deyildir. Çünki Qroznıdan Bakıya hər hansı bir baza gətirilməmişdi və gətirilməsi də mümkün deyildi. Tədris bazası bütünlüklə Bakıda yaradılmış baza idi və bu məktəb cəmi iki aylıq fasilədən sonra əvvəlki komandir heyətin rəhbərliyi altında öz fəaliyyətini davam etdirdi. Məktəbdə yeni olan yalnız az sayda kursant heyəti idi ki, onlar da iki aydan sonra Bakını tərk etdilər.
1958-ci ildə Bakı Piyada Məktəbi Bakı Ali Ümumqoşun Komandanlıq Məktəbinə çevrildi və bu statusda öz fəaliyyətini SSRİ mövcudluğu dövründə davam etdirdi.
Azərbaycanın müstəqilliyi illərində bu məktəbin adı dəyişdirilməklə, fəaliyyəti də təkmilləşdirildi. Belə ki, 1992-ci ilin aprelində Bakı Ali Birləşmiş Komandanlıq Məktəbi, 2001-ci ildə Azərbaycan Ali Hərbi Məktəbi adlandırılaraq fəaliyyəti də təkmilləşdirildi. 10 mart 2004-cü ildə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə məktəbə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı verildi. Yəni, tarixi həqiqət belədir ki, zabit kadrlarının hazırlığı üzrə respublikada flaqman olan Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin 101 yaşı vardır və bu 101 illik tarix Azərbaycanın hərb tarixində çox şərəfli bir səhifəni təşkil edir.

Mehman SÜLEYMANOV, Silahlı Qüvvələrin Hərbi Akademiyasının professoru, tarix elmləri doktoru, ehtiyatda olan polkovnik