Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

12 Oktyabr 2019 10:43

Səngərdə döyüş əzmi, qələbə ruhu gördüm

 

 

Ruhumuzun fəsli



Payızda əsən yellər görmüşük, ətrini itirməyən gözəl güllər görmüşük, yaylağından aranına dönən ellər görmüşük, ağacların budağından düşən yarpaq görmüşük, rənginə bir qızartı çökən torpaq görmüşük, hamımızın  əvəzinə dinən bulaq görmüşük...
Bu il budağından üzülən yarpaq görməmişik, çiçəklərin ətri, rayihəsi özündədi. Bir qələbə istəyiylə məmləkətin həsrət gözü hələ Cıdır düzündədi...
Bu ilin payızı əvvəlkilərə bənzəmir, gəlişində qələbə ovqatı duyulur. Səngərli düşüncələrimin birində demişdim ki, Azərbaycan əsgərinin qələbə qazanacağı fəslə ruhumuzun fəsli deyəcəyik. Elə istərdik ki, bu ilin payızını ruhumuzun fəsli kimi uğurlayaq...
Səngərdə müharibədən, müharibənin fəsadlarından söz açacağıq, qələbədən, qələbəni şərtləndirən amillərdən danışacağıq və deyilənlər bir-birini tamamlayacaq: ordunun gücü, qüdrəti, 2016-cı ilin Aprel döyüşləri, Lələtəpə, Bayraqtəpə, ötən ilin Günnüt zəfəri təsdiqlədi ki, Azərbaycanın güclü ordusu var. Güclü ordumuzun şəxsi heyətinin yüksək döyüş hazırlığını yüksək mənəvi-psixoloji hazırlığı tamamlayır. Azərbaycan əsgərinin döyüş əzmi, qələbə ruhu Hərbi anda, dövlətə, dövlətçiliyə sədaqətin ifadəsidi.
Bu ilin payızının gəlişi ərəfəsində bu biçim döyüş əzmi Ali Baş Komandanın döyüş əmrinə təşnəlikdi, bu qələbə ruhu torpaqlarımızın işğaldan azad ediləcəyinə içilən anddı, vəddi, qələbəyə zəmanətdi. Bu əzm, bu ruh Lələtəpə, Bayraqtəpə, Günnüt zəfəri ərəfəsində Azərbaycanda yaşanılan döyüş əzminin, qələbə ruhunun davamıdı. Ona görə belə möhtəşəmləşib. Bu möhtəşəmliyi Vətənə sevgi, hərbçi məsuliyyəti, hərbçi-vətəndaş qətiyyəti yaradıb. Səngərdə bu dönməz qətiyyətin könüləyatımlı cazibəsində Ali Baş Komandanın döyüş əmriylə yaxın vaxtlarda torpaqlarımızın işğaldan azad ediləcəyindən də danışacağıq.
Ezamiyyətə belə bir ovqatla gedirəm. Bu ovqat əsgərlərin əhatəsində daha könüləyatımlı olacaq, o ovqatda Böyük Qələbənin işartıları, işığı görünəcək...

 

 

Səngərdə döyüş əzmi, qələbə ruhu gördüm



Əsgərlərin əhatəsində bir boy da dikəlirsən, kəlmələşə-kəlmələşə əsgərləşirsən. Əmin olursan ki, bu səngər də Ali Baş Komandanın döyüş əmrinin başlanğıclarından biri olacaq; əsgərlərin baxışları dil açıb deyir: Böyük Qələbənin yolları üstə səngər müvəqqəti dayanacaqdı!..
"Bu ilin payızının gəlişində bir şahanəlik duyulur...", - deyirəm. Əsgərlər göy üzünə, sonra tələsik qarşı tərəfə baxırlar. Zabit Aqil Hüseynov əsgərlərə xitabən deyir:
- Şahanəliyi təkcə gözçəkən mənzərələrlə müəyyənləşdirmək günahdı. Şahanəlik ruhla bağlıdı, hiss etdiyiniz, hiss etdiyimiz şahanəlik ruhumuza gözaydınlığı olacaq. Əminik ki,  bu ilin payızını xalqımız qələbə payızı, qələbənin, Böyük Qələbənin payızı kimi yaşayacaq.
Kəlmələr səngərdə arzulanan könül xoşluğu yaradır.
Sözarası 1993-cü ilin dekabrında Murovdağda mayor Qurban Qurbanovla, mayor Bəhram Ləzimovla, mayor İntiqam Mirzəyevlə bu dağın o üzündən camaatın uzaq düşmələrinin sıxıntılarından danışdığımızı da deyirəm. 26 il əvvəlin bir qış gecəsinin kəlmələşməsi, bu kəlmələşmənin mahiyyəti əsgərləri duyğulandırır. O gecə Qurban demişdi ki, Laçının işğalı laçınlılardan, Kəlbəcərin işğalı kəlbəcərlilərdən, Ağdamın işğalı ağdamlılardan əvvəl bizim, biz hərbçilərin sıxıntısıdı.
Əsgər Nurlan Şərifovun dediklərini Azərbaycan əsgərinin düşüncəsi kimi ruhumuza köçürürük:
- O vaxtlar Murovda o mayorun dedikləri hamımızı düşündürəcək. Deyilənlər hərbi xidmətə məsuliyyətin, dövlətə, dövlətçiliyə sədaqətin təzahürüdür. Biz də qaçqınları sıxıntılardan qurtaracaq döyüşlərin, torpaqlarımızı işğaldan azad edəcək döyüşlərin əsgəri olmaq istəyirik.
Əsgər Valeh Bayramov əsgər yoldaşının sözünü ərklə kəsir:
- Gecələri bu istəklə səhər edirik desək, daha doğru olar.
Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Vüqar Ağayev əsgərin fikirlərini həmişə qürurla xatırlayacağım bir mətləblə yekunlaşdırır:
- Nurlanın da, Valehin də dediklərini hər bir əsgərin dedikləri bilin. Bu əsgərlər  2016-cı ilin Aprel döyüşlərində orta məktəbdə oxuyurdular. Qələbənin sevincini yeniyetmə kimi yaşamışdılar. Onların da qüruru yerə-göyə sığmamışdı. Həmin döyüşlərin iştirakçılarının hər birini qəhrəman bilmişdilər, indi də o fikirdədirlər ki, Aprel döyüşlərində əsgərlərin hamısı qəhrəman kimi döyüşüb.
Vüqar bir anlığa susur, nələrisə xatırlayır, qətiyyətlə, inamla sözünə davam edir:
- İstəyirik ki, yeniyetmələr tanımadıqları, tanıyacaqları əsgərlər sırasında bizim əsgərlərimizi də xatırlasınlar...
Eşitmişəm də, duymuşam da qazilərin özü, şəhidlərin ruhu deyir ki, Vətən sevgisi Hərbi anda, dövlətə, dövlətçiliyə sədaqətdi, yerə-göyə sığmayan, sığışmayan qətiyyətdi. Bu kəlmələr ön xətdə daha həssaslıqla eşidilir, duyulur. Əsgərlərə bunları da deyirəm. "Açıq qapı" günündə hərbi hissənin nəzarət-buraxılış məntəqəsinin qarşısında təzə tanış olduqlarınla da səmimiyyətlə, könül xoşluğuyla kəlmələşirsən. Ön xətdə belə kəlmələşmələr daha düşündürücü olur; təmas xəttində bütün söhbətlərin mahiyyəti Vətən, torpaq kəlmələriylə tamamlanır. Hərbi xidmət ifadəsini Vətən sevgisi ifadəsinin eyni bilənlərin sırasında mən də varam. Bu qənaəti səngərdə əsgərlərə də deyirəm. Zabit əsgərlərə baxır və deyir ki, qazilərin özü, şəhidlərin döyüş yolu bizim hərbi xidmət amalımızın mənəvi söykənclərindəndi. Biz "Necə xidmət etməli?" - sualına cavab olaraq həmişə qazilərin özünün, şəhidlərin ruhunun dediklərini  deyirik.
Söhbətə "Açıq qapı" günü ilə başlamışıq, mahiyyət baxımından ordu-ictimaiyyət münasibətlərinin daha da dərinləşməsindən danışırdıq. Deyilən fikirlərin hamısı təsdiqləyir ki, ordu xalqa arxalanır. Arada yenə Vətənə, orduya gərəkli kəlmələr gəzişir. Bu kəlmələrin ifadə etdiyi fikirlərin davamı kimi yenə həmin başlanğıca dönürük. Deyirəm ki, "Açıq qapı" günündə yaşı 90-nı haqlayan ağsaqqaldan eşitdiyim kəlmələri qələbə gününəcən unutmayacam: "Yurd qədri bilən kəsə ata ocağından, doğma yurdundan on-on beş addım o tərəf də qürbətdi. Ya zəlzələdən, ya vəlvələdən, isti ocağından, dolu bucağından didərgin düşmək ruhun candan ayrılmağının başlanğıcıdı. Can üzən, ruh sarsıdan bu həsrətin acığına yaşayacam, ay oğul, yaşayacağıq. Mən ömrün də gözəlini sevirəm, ölümün də. Əlim evimin daşına-divarına dəyməmiş ölümə can vermərəm...". Əsgərlərə deyirəm ki, hərbi hissənin nəzarət-buraxılış məntəqəsinin qarşısında ağsaqqalın özünün dodaqlarını yandıran, bizim düşüncələrimizi qarsılayan kəlmələri daş-daş dikəltdiyi ev-eşiyinə aşırı, bəşəri, yaşarı sevginin ifadəsi kimi dinləmişdim. O ağsaqqalın həsrətini siz sonlandıracaqsınız.
Səngərə bir anlığa kövrəkliklə qoşalaşmış düşündürücü sükut çökür. Başqa bir zamanda başqa bir hərbi hissədə illərin sıxılcımını yaşayan qaçqın atadan eşitdiklərimi də xatırlayıram: Son nəfəsim doğma ocağıma qismət olsa, dünyadan heç bir arzumanım qalmaz.
Bayaqkı düşündürücü sükutun davamını yaşamaqdayıq. Bu kəlmələrin nə kəlmələr olduğunu, niyə deyildiyini əsgərlərin düyünlənən yumruqları deyir: Az qalıb - Ali Baş Ko-mandanın əmriylə, döyüşlər o ağsaqqalın da, qaçqın ataların da həsrətinin sonu olacaq...
"Yaşı 90-nı haqlayan qaçqın ağsaqqalı "Açıq qapı" günü hərbi hissəyə təkcə oğlunun nəvəsiylə görüşmək istəyi gətirməmişdi. Əsgərlərə qaçqınların dədə yurduna qayıtmaq istədiyini bir daha demək ərki, bu ərkin səmimiyyəti gətirmişdi", - deyirəm. Zabit  sözümə qüvvət kimi deyir:
- Xidmət etdiyim hərbi hissələrdə əsgər babalarıyla da çox söhbətlərim olub. Deyiblər - dinləmişik, demişik - dinləyiblər. Əksəriyyəti hərbi hissəyə məhz sizin dediyiniz həmin səmimi ərklə gəldiyini bildirir. "Hər gəlişimizdə əsgərlərimizin yerişini, duruşunu, baxışını görürük, kəlmələşirik, inamımız, güvəncimiz daha da artır...", - deyiblər. Onu da deyiblər ki, bizi bu inam yaşadır, yəni, Azərbaycan əsgəri dədə yurdunun həsrətini çəkənlərin güvəncidi...
Səngərdə bu güvəncin də, əsgərlərin döyüş əzminin də, qələbə ruhunun da işığını aydınlığıyla görürəm...
Əsgər Əzim Almazov deyir ki, bu yaxınlarda tərxis olunan əsgərlərdən biri asudə vaxtlarda atasının xatirələrini xatırladırdı. "Atam Zəngilanlı günlərindən, Zəngilanın müdafiəsindən, döyüşlərdən danışanda gözləri dolurdu, deyirdi ki, ora qayıdacağım günə dünyaya təzədən gəldiyim gün deyəcəm. Bütün zəngilanlılar da mənim kimi...", - deyirdi. Atalar yurd həsrətini tək yaşamır. Bu elə həsrətdi ki, dədə yurdunun sıxıntılarını görməyənlər də çəkir. Onları bu sıxıntılardan biz qurtaracağıq. Biz buna qadirik...
Kəlmələrin Azərbaycan əsgərinin adından deyildiyinə zərrəcə şübhəm yoxdu. Bu inam bu səngərin zəmanətiylə Azərbaycan əsgərinə, Azərbaycan Ordusunun qüdrətinə inamdı.
Əsgərin dedikləri məni də, əsgər yoldaşlarını da, komandirini də duyğulandırır. Bu, adi xatırlama deyil, bu xatırlamanı Azərbaycan əsgərinin hərbi xidmətinin müharibəni sonlandıracağına inam, inama qətiyyət bilirik. Bu qətiyyət 2016-cı ilin Aprel döyüşlərinin qətiyyətindən zərrəcə fərqlənmir; o qətiyyətin bu səviyyədə yaşadılması döyüş əzmidi.
- Səngərdə gördüyümüz bu döyüş əzmi qələbə ruhudu, - deyirəm. Zabit bir anlığa qarşı tərəfə baxır və əsgərlərə xitabən deyir:
- Belədirmi?
Əsgərlərin sayı qədər "Elədir!", - kəlməsi eşidilir...
Yadıma düşür ki, səngərdə belə bir səslənişi Azərbaycan Ordusunun yaranmasının 100 illiyinə həsr olunmuş möhtəşəm paraddan az sonra da eşitmişdim. Onda səngərli söhbətdə əsgərlərdən biri paradda göstərilən ən müasir texnikaların, qurğuların, silahların ordunun güc göstəricisi kimi izlənildiyini demişdi. Əsgərin səsində duyulan qürur düşüncələrimizi özünə çəkmişdi. Zabit əsgərlərə xitabən demişdi ki, yoldaşınızın fikrinə nə deyirsiniz? Əsgərlərin hamısı bir ağızdan "Elədir", - demişdi. Eyni kəlmə ayrı-ayrı səngərlərdə müxtəlif məqamlarda səslənsə də, onların arasında ruh ortaqlığı görürəm, hər iki halda bu kəlməni min illərin o üzündən boy göstərən  ruhun dedizdirdiyini bildirirəm. Zabit razılıqla gülümsünür, könlümüzə yatan bir fikir deyir:
- Dediyiniz məqamlara ayrılıqda eyni ruhun zərrəsi deyə bilərikmi?
- Düz sözü, sağlam məntiqi etiraf etmək də milli ruha sədaqətdi, - deyirəm, yəni, bu fikirlə razılaşmamaq günahdı.
Komandirlərinin səsləndirdiyi fikrin belə dəyərləndirilməsi əsgərlərin könül xoşluğuna dönür. Belə könül xoşluğuyla hərdənbir baxış məsafəsində görünənlərə - düşmənin mövqelərinə, hərdən də göy üzünə baxan əsgərlərin yaşadığı ovqatı səngərin döyüş əzmi, qələbə ruhu bilirəm.
Ötənlərdə milli ruhumuzun qadirliyini bayraqlaşdıraraq yazmışdım: Bu ruhun zərrəsi olmaq da səadətdi, Vətən! Səngərdə gördüyüm döyüş əzmi, qələbə ruhu bu ifadəni yadıma salır; səngərdə gördüyüm ruh da həmin ruhun zərrəsidi. Bu ölçüyəgəlməz zərrədə qüdrət olduğuna yerə-göyə inandığım qədər inanıram.
Məni səngərdən əsgərlərin döyüş əzmi, qələbə ruhu uğurlayır...
...Əsgərlərə "Açıq qapı" günündə yaşı 90-nı aşan ağsaqqaldan eşitdiklərimi xatırlat-mışdım. Onda səngərə bir anlığa kövrəkliklə qoşalaşan düşündürücü sükut çökmüşdü. O sükutu  yaradan səbəbi, o səbəbə səbəb olanların sıxıntılarını özümlə aparıram; yaxın vaxtlarda sərhədlərimiz daxilində nə səngər olacaq, nə də belə sükut. Bu əminlik səngərdə gördüyüm döyüş əzminin, qələbə ruhunun əminliyidi...
Niyyətimin, istəyimin boyuna biçilən könül xoşluğu mənimlə şəhərə dönür ki, az sonra hamının olsun, məmləkət bu ilin payızının şahanə gəlişinin yaratdığı könül xoşluğunu Böyük Qələbənin  novruzgülü bilsin...
Sərin-sərin əsən yellər, ağacların budağından sürüşən yellər səngərə aparan yolun sağını-solunu sığallayır...
Səngərdən uzaqlaşdıqca mənə elə gəlir ki, ürəyimi burada qoyub gedirəm...

 

 

Qələbə ovqatlıdı bu payızın gəlişi



...Mənə elə gəlir ki, bircə addım da atsam, səngərli söhbətlərin mahiyyətinin harayını eşidəcəm: Hara gedirsiniz?
Ayaq saxlayıram...
Vüqar Ağayevin dediklərini xatırlayıram:
- İstəyirik ki, yeniyetmələr Böyük Qələbəni qazanacaq əsgərlər sırasında bizim əsgərləri də xatırlasınlar.
Vətənə gərəkli niyyətdi, vətənsevərlik niyyətidi, sabahlarımıza ad olası niyyətdi.
Zabit Aqil Hüseynov indi görürmüş kimi əsgərlərə baxmışdı. Bu gözdoyduran baxışlarda təəssübkeşlik də vardı, ehtiram da vardı, sevgi də. Bu baxışların eynini 2016-cı ilin ilkin yazında - döyüşlər ərəfəsində Cocuq Mərcanlıda da gördüyümü demişdim. Zabit gülümsünmüşdü. Bu təbəssümün səmimiliyi də mənə eşitdiklərim qədər könül xoşluğu vermişdi. Zabitin həmin döyüşləri xatırladığına əminəm. Xatırlamışdı və özünün o zabitlərlə, əsgərlərin o əsgərlərlə müqayisə edilməsi onu elə əvvəlki səviyyədə qürurlandırmışdı:
- Azərbaycan əsgərinin döyüş və mənəvi-psixoloji hazırlığının zəmanətilə deyirəm ki, biz Böyük Qələbəylə nəticələnəcək döyüşlərə tam hazırıq. Çox istərdik ki, döyüş əmri bu payız, elə bu günlərdə verilsin.
Bu ilin payızının qələbə ovqatlı gəlişini ön xətdə yerləşən "N" hərbi hissəsinin zabit və əsgərləri də duyur. Bu duyum döyüş əzmindən, qələbə ruhundan süzülən duyumdu. Ona görə belə ötkəmdi.
Əsgər Valeh Bayramov demişdi ki, biz 2016-cı ilin aprelində Lələtəpə, Bayraqtəpə zəfərlərini qazananların davamçıları olacağıq. Bu əminlik əsgər yoldaşlarının döyüş və mənəvi-psixoloji hazırlığına bələdliyin əminliyiydi.
Əsgər Nurlan Şərifov əsgər yoldaşının fikrinin davamı kimi demişdi:
- Bu əminlik həm də istifadəmizdə olan ən müasir silahların istismarını mükəmməl mənimsəməyimizə inamın əminliyidi...
...Günəş qüruba meyillənib...
Payızın ilk ayında ön xətdə əsgərlərlə səmimi mükalimələşmənin məzmunu, mahiyyəti təsdiqləyir ki, hərbi qulluqçular Hərbi anda, Vətənə, dövlətə, dövlətçiliyə xidməti ömrünün mənası bilib xidmət edirlər. Payızın şahanə gəlişində qələbə ovqatı var. İstəyirik ki, builki payız ruhumuzun fəsli olsun...

Rəşid HÜSEYNOV, "Azərbaycan Ordusu",
fotolar Namiq PƏNAHOVUNDUR