Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

5 Oktyabr 2019 10:13

Azərbaycan Ordusunun şəxsi heyəti ilə keçirilən ictimai-siyasi hazırlıq dərsi

(İctimai-siyasi hazırlıq dərsinin qrup rəhbərinə dərsə hazırlaşmaq üçün kömək)
Mövzu: Hərbi əmlakı qorumaq hərbi qulluqçunun borcudur. Əsgər və çavuşların dövlətə vurulan ziyana görə maddi məsuliyyəti.
İctimai-siyasi hazırlıq qrupunun rəhbərinə bu dərsə hazırlaşarkən Azərbaycan Respublikasının Konstitusiyasından, Silahlı Qüvvələrin nizamnamələrindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsindən və "Hərbi qulluqçuların dövlətə vurduqları ziyana görə maddi məsuliyyəti haqqında" Əsasnamədən istifadə etmək və mövzunu bölmənin gündəlik həyatı ilə bağlamaq tövsiyə olunur.
Suallar:
1. Hərbi əmlakı qorumaq hərbi qulluqçunun borcudur.
2. Əsgər və çavuşların dövlətə vurulan ziyana görə maddi məsuliyyəti.
3. Hərbi qulluqçuların dövlətə vurduqları maddi ziyana görə cinayət məsuliyyəti.
Hərbi əmlakı qorumaq hərbi qulluqçunun borcudur
Hərbi əmlak nədir? Hərbi əmlak dedikdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin qoşun, birlik, birləşmə, hərbi hissə, xüsusi təyinatlı təhsil müəssisələri, idarə və təşkilatların sərəncamında olan silahların, döyüş texnikasının və başqa texnikanın bütün növləri, döyüş sursatı, yanacaq, ərzaq, əşya, mühəndis, kimya vasitələri və evlər, digər maddi və pul vəsaitləri başa düşülür.
Ölkə rəhbərliyi Azərbaycan Ordusunun döyüş qüdrətinin yüksəldilməsi üçün ardıcıl iş aparır. Döyüş hazırlığı prosesinin keyfiyyətli və səmərəli təşkili üçün Silahlı Qüvvələrimiz lazımi maddi və texniki vəsaitlərlə təmin olunur. Ölkə rəhbərliyinin bu qayğısı sayəsində Azərbaycan Ordusunun hissələri öz döyüş qabiliyyətini artırır.
Ordu quruculuğunu daim öz nəzarəti altında saxlamış, müasir Azərbaycan dövlətçiliyinin və milli hərbi qüdrətimizin yaradıcısı ümummilli lider Heydər Əliyev Silahlı Qüvvələrin inkişafı və maddi bazanın möhkəmləndirilməsi məqsədilə 2002-ci il avqust ayının 17-də "Silahlı Qüvvələrə yardım fondunun yaradılması haqqında" fərman imzalamışdır.
Bu gün Azərbaycan Ordusunda olan döyüş texnikası və digər texnika, silahlar və sursatlar döyüş qabiliyyətini yüksək səviyyədə saxlamağa imkan verir. Ömrünü Azərbaycanın dövlət müstəqilliyinin və onun beynəlxalq nüfuzunun yüksəldilməsinə sərf etmiş ümummilli lider Heydər Əliyevin ölkəmizin müdafiə potensialı üzrə götürdüyü strateji xətti qətiyyətlə və uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev demişdir: "Ordu quruculuğunda da böyük addımlar atılacaqdır. Artıq bu istiqamətdə çox böyük dəyişikliklər mövcuddur və bu proses davam edəcəkdir. Azərbaycanın müdafiə potensialı güclənəcəkdir. Bu, bizim strateji xəttimizdir".
Hərbi xidmətə çağırılan hər bir vətəndaş xidməti vəzifələrini yerinə yetirmək üçün dövlət tərəfindən silah və texnika ilə, eləcə də öz şəxsi tələbatlarını ödəmək üçün müəyyən olunmuş normalarda ərzaq, əşya və pul təminatları ilə təmin olunur. Bu isə hərbi qulluqçudan ona həvalə olunmuş maddi vəsaitlərə qayğı ilə yanaşmağı, onları qorumağı və israfçılığa yol verməməyi tələb edir. Hərbi qulluqçuların maddi məsuliyyəti hərbi qanunvericilik aktları ilə müəyyən edilir. Silahlı Qüvvələrin Daxili Xidmət Nizamnaməsində əsgərlərdən (matroslardan) tələb edilir:
- əsgər (matros) sülh və müharibə dövrlərində ona tapşırılan vəzifələrin və tapşırıqların vaxtında və dəqiq yerinə yetirilməsi ilə yanaşı, öz silahının, eləcə də ona həvalə olunan döyüş texnikası və digər texnikanın vəziyyətinə cavabdehdir;
- dövlət əmlakını qorumaq, geyimi və ayaqqabını səliqə ilə geymək, onları vaxtında təmir etmək, təmizləmək və göstərilmiş yerdə saxlamaq əsgərin (matrosun) vəzifə borcudur.
Əsgər və çavuşların dövlətə vurulan ziyana görə maddi məsuliyyəti
Azərbaycan Respublikasının 10.01.1995-ci il tarixli Qanunu ilə "Hərbi qulluqçuların dövlətə vurduqları ziyana görə maddi məsuliyyəti haqqında" Əsasnamə təsdiq edilmişdir. Bu Əsasnaməyə 04.11.97-ci il, 05.03.2004-cü il, 21.12.2010-cu il və 17.05.2011-ci il tarixlərdə bir sıra əlavə və dəyişikliklər edilmişdir. Əsasnamə hərbi qulluqçuların və toplanışa çağırılmış hərbi vəzifəlilərin dövlətə vurduqları ziyana görə maddi məsuliyyətinin əsaslarını, vurulan ziyanın miqdarının müəyyən edilməsinin və ödənilməsinin qaydalarını tənzimləyir.
Hərbi qulluqçular hərbi nizamnamələrlə, əmrlərlə və digər aktlarla nəzərdə tutulan vəzifə borclarını yerinə yetirərkən dövlətə vurduqları ziyana görə təqsirli olduqda bu Əsasnaməyə uyğun olaraq maddi məsuliyyət daşıyırlar.
Hərbi qulluqçular vəzifə borclarını yerinə yetirmədikləri zaman vurduqları ziyana görə ümummülki qaydada maddi məsuliyyət daşıyırlar.
Hərbi qulluqçular və toplanışa çağırılmış hərbi vəzifəlilər komandirin (rəisin) əmrini vicdanla yerinə yetirmələri və ya konkret şəraitdə haqlı xidməti risk nəticəsində, yaxud hüquqi hərəkətlər nəticəsində dövlətə vurduqları ziyana görə maddi məsuliyyət daşımırlar.
Hərbi qulluqçular və toplanışa çağırılmış vəzifəlilər tərəfindən dövlətə vurulmuş ziyan, onların həmin ziyana səbəb olmuş hərəkətlərinə (hərəkətsizliyinə) görə intizam və yaxud cinayət məsuliyyətinə cəlb edilib-edilməməsindən asılı olmayaraq ödənilir.
Hərbi əmlakın çatışmazlığının və ya itirilməsinin aşkarlanması zamanı mütləq cavabdeh şəxsin iştirakı ilə inventarlaşma keçirilərək akt tərtib olunur, çatışmayan əmlakın miqdarı və faktiki dəyəri, əmlaka cavabdehliyin kimə həvalə olunması barədə arayış araşdırma materiallarına əlavə olunur. Dəymiş ziyanın faktiki məbləği barədə arayış hərbi əmlakı zədələmə və ya məhv etməyə dair araşdırmalarda olur.
Hərbi qulluqçular öz təqsirləri üzündən dövlətə vurduqları zərərin tam həcmi məbləğində maddi məsuliyyət daşıyırlar:
- hərbi əmlakın qəsdən məhv edilməsi, zədələnməsi, korlanması, oğurlanması, qanunsuz sərf edilməsi və ya cinayət məsuliyyətinə səbəb olub-olmamasından asılı olmayaraq qəsdən edilən başqa hərəkətlərlə zərər vurulduqda;
- naryad və başqa sənədlərlə faktiki görülməmiş işlər görülmüş işlər kimi göstərildikdə, hesabat rəqəmləri təhrif edildikdə və dövlət başqa şəkildə aldadıldıqda;
- zərər sərxoş vəziyyətdə olan şəxs tərəfindən vurulduqda;
- zərər cinayət məsuliyyətinə cəlb olunan şəxs tərəfindən vurulduqda.
Əgər maddi məsuliyyətə cəlb olunmuş hərbi qulluqçu və ya toplanışa çağırılmış hərbi vəzifəli dövlətə vurduğu zərəri ehtiyata və ya istefaya buraxıldığı və ya toplanışın qurtardığı günədək ödəməyibsə, onun borcu yaşadığı yerin icra məmuru tərəfindən mübahisəsiz qaydada, buraxılmış hərbi qulluqçunun və ya toplanışa çağırılmış hərbi vəzifəlinin yaşayış (iş) yerinə hərbi hissə, müəssisə, hərbi məktəb, idarə və təşkilat komandirinin (rəisinin) göndərdiyi notariat işlərini yerinə yetirən orqanların icra qeydi əsasında tutulur.
Təqsirli şəxsdən tutulması mümkün olan məbləğdən artıq zərərin miqdarı komandirin (rəisin) qərarı ilə ona verilmiş hüquqlar həddində dövlət hesabına keçirilir.
Bu Əsasnamənin dəqiq və eyni cür yerinə yetirilməsinə nəzarət Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq Azərbaycan Respublikasının Baş prokuroru və ona tabe olan hərbi prokurorlar tərəfindən həyata keçirilir.
Hərbi qulluqçuların dövlətə vurduqları maddi ziyana görə cinayət məsuliyyəti
Çağırış və ya kontrakt üzrə Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmət keçən hərbi qulluqçuların, qanunla müəyyən edilmiş qaydada hərbi qulluqçu statusuna malik olan başqa şəxslərin, habelə təlim və ya yoxlama toplanışlarına cəlb edilmiş hərbi vəzifəlilərin hərbi qulluğun müəyyən edilmiş qaydaları əleyhinə yönələn cinayətlər hərbi xidmət əleyhinə olan cinayətlər hesab olunur.
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin "Hərbi xidmət əleyhinə olan cinayətlər" bölməsində hərbi qulluqçuların dövlətə vurduqları maddi ziyana görə cinayət məsuliyyəti müəyyən edilmişdir:
Maddə 347. Hərbi əmlakı itirmə.
Bu maddədə hərbi qulluqçulara xidməti istifadə üçün verilmiş silahın, döyüş sursatının, nəqliyyat vasitələrinin, texniki təchizat əşyalarının və ya sair hərbi əmlakın saxlanması qaydalarını pozma nəticəsində hərbi əmlakın itirilməsinə görə məsuliyyət nəzərdə tutulub. Belə əməllərə görə hərbi qulluqçu minimum əmək haqqının iki yüz manatadək miqdarda cərimə və ya iki ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya iki ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Maddə 348. Hərbi əmlakı ehtiyatsızlıqdan zədələmə, xarab etmə və ya məhv etmə.
Belə əməllər minimum əmək haqqının beş yüz manatadək miqdarda cərimə və ya iki ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya iki ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Eyni əməl müharibə vaxtı və ya döyüş şəraitində törədildikdə beş ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Maddə 349. Hərbi əmlakı qəsdən məhv etmə və ya zədələmə.
Silahı, döyüş sursatını, hərbi texnikanı və ya sair əmlakı qəsdən məhv etmə və ya zədələmə, digər cinayətin əlamətləri olmadıqda minimum əmək haqqının beş yüz manatadək miqdarda və ya iki ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya iki ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya dörd ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Bu əməllər təkrar və ya bir qrup şəxs tərəfindən törədildikdə, ağır nəticələrə səbəb olduqda, müharibə və ya döyüş şəraitində törədildikdə üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Hər bir hərbi hissənin öz təyinatına görə müvafiq tapşırıqları var. Bu tapşırıqları yerinə yetirmək üçün hissə və bölmələr kifayət qədər texnika və silahlara, sursata malikdirlər. İctimai-siyasi hazırlıq sistemində öyrənilən bu mövzu hərbi qulluqçuları onlara həvalə olunmuş döyüş texnikasını, digər texnika və silahları, hərbi əmlakı qoruyub saxlamağa və ondan bacarıqla istifadə etməyə, Azərbaycan xalqı və dövləti qarşısında Vətənin müdafiəsi, ərazi bütövlüyünün bərpası və müstəqilliyimizin təmin olunmasında məsuliyyətlərini şüurlu dərk etməyə səfərbər etmək üçün planlaşdırılır və keçirilir.
Qrup rəhbəri mövzunu yekunlaşdırarkən dinləyicilərə bir daha Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin aşağıdakı sözlərini xatırlatmalıdır: "Azərbaycan Ordusu güclü ordudur. Biz çalışacağıq və əminəm nail olacağıq ki, bu ordu daha da güclənsin və qarşıda duran bütün məsələləri həll edə bilsin".
İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsi