Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

28 Sentyabr 2019 10:59

Azərbaycan Ordusunun şəxsi heyəti ilə keçirilən ictimai-siyasi hazırlıq dərsi

(İctimai-siyasi hazırlıq dərsinin qrup rəhbərinə dərsə hazırlaşmaq üçün kömək)

Mövzu: Hərbi qulluqçuların statusu, onların və ailə üzvlərinin sosial müdafiəsi

İctimai-siyasi hazırlıq qrupunun rəhbərinə bu dərsə hazırlaşarkən Azərbaycan Respublikasının Konstitusiyasından, hərbi xidmətkeçmə haqqında qanunvericilik aktlarından, Daxili Xidmət və İntizam nizamnamələrindən istifadə edərək dinləyicilərə hərbi qulluqçuların statusu, hərbi qulluqçulara və onların ailə üzvlərinə mövcud qanunvericiliklə şamil edilən hüquqlar haqqında ətraflı məlumat verməli və öz bölməsinin tapşırıqlarını, xüsusiyyətlərini, xidmət şəraitini nəzərə almaqla mövzunu bölmənin gündəlik həyatı ilə əlaqələndirməlidir.

Suallar: 
1. Hərbi qulluqçuların statusunun hüquqi təminatı.
2. Hərbi qulluqçuların və onların ailə üzvlərinin hüquqları.
3. Hərbi qulluqçuların təklif, ərizə və şikayət vermə hüquqları.
4. Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası.

 

Hərbi qulluqçuların statusunun hüquqi təminatı


Cəmiyyətin tərkib hissəsi olan ordu xidmətkeçmə şəraitinə və xüsusiyyətlərinə görə digər fəaliyyət sahələrindən fərqlənir. Buna görə də hərbi xidmətkeçmə qaydaları, eləcə də hərbi xidmət keçən vətəndaşların vəzifə və hüquqları xüsusi qanunvericilik aktları ilə tənzimlənir.
Azərbaycan Respublikasının əsas qanunu olan Konstitusiyanın 9-cu maddəsində göstərilir ki, "Azərbaycan Respublikası öz təhlükəsizliyini və müdafiəsini təmin etmək məqsədi ilə Silahlı Qüvvələr yaradır. Silahlı Qüvvələr Azərbaycan Ordusundan və başqa silahlı birləşmələrdən ibarətdir". Konstitusiyanın 76-cı maddəsinə əsasən, "Vətəni müdafiə hər bir vətəndaşın borcudur. Qanunla müəyyən edilmiş qaydada vətəndaşlar hərbi xidmət keçirlər".
Azərbaycan Ordusunun vəzifələri, hərbi xidmətin şəraiti və xarakteri "Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyənləşdirilib. Bu qanundan irəli gələn tələblərə əsasən, digər hərbi qanunvericilik aktları, o cümlədən hərbi xidmət keçən vətəndaşların hüquq və vəzifələrini müəyyən edən "Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikasının 25 dekabr 1991-ci il tarixli Qanunu qəbul edilmişdir. Həmin qanuna görə, hərbi qulluqçunun statusu Azərbaycan Respublikasının Konstitusiyasında, Azərbaycan Respublikasının başqa qanunvericilik aktlarında müəyyən edilən hüquqlardan, vəzifələrdən, bunların həyata keçirilməsi üçün təminatlardan və məsuliyyətdən ibarətdir. Hərbi qulluqçular Azərbaycan Respublikasının qanunvericilik aktları ilə müəyyənləşdirilən, hərbi xidmətin xüsusiyyətləri ilə bağlı əlavələrlə və məhdudiyyətlərlə Azərbaycan Respublikası vətəndaşlarının hüquq və azadlıqlarından istifadə edirlər.
"Hərbi qulluqçuların statusu haqqında" qanunda deyilir: "Heç kəsin ixtiyarı yoxdur ki, hərbi qulluqçuları və onların ailə üzvlərini Azərbaycan Respublikasının Konstitusiyasında və qanunlarında Azərbaycan Respublikasının vətəndaşları üçün nəzərdə tutulmuş hər hansı hüquq və azadlıqlardan məhrum etsin və ya onların hüquqlarını məhdudlaşdırsın, buna yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına müvafiq surətdə yol verilir".
Dövlət orqanları, müəssisələri, idarələri, təşkilatları, vəzifəli şəxslər, hərbi idarəetmə orqanlarının komandirləri (rəisləri) öz səlahiyyətləri və vəzifələri daxilində hərbi qulluqçuların statuslarını təmin edirlər. Hərbi qulluqçuların hüquqlarının həyata keçirilməsi sahəsində vəzifələrini icra etməməkdə və ya lazımınca icra etməməkdə təqsiri olan şəxslər qanunvericiliyə müvafiq qaydada məsuliyyət daşıyırlar.

 

Hərbi qulluqçuların və onların ailə üzvlərinin hüquqları


"Hərbi qulluqçuların statusu haqqında" qanun ilə hərbi qulluqçuların və onların ailə üzvlərinin hüquqları müəyyənləşdirilib. Qanunun 6-cı maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşı olan hərbi qulluqçular Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq Azərbaycan Respublikasının seçkili dövlət orqanlarına seçmək və seçilmək, ümumxalq müzakirələrində və səsvermələrində (referendumlarda) iştirak etmək hüquqlarına malikdirlər. Ancaq qanuna görə, hərbi qulluqçular siyasi məqsədlər güdən siyasi partiyaların və kütləvi ictimai təşkilatların üzvü ola bilməzlər.
Dövlət sirrini və hərbi sirri açmamaq şərtilə hərbi qulluqçuların söz və mətbuat azadlığına, əqidə azadlığına, öz əqidəsini sərbəst ifadə etməsinə, 8-ci maddədə isə hərbi qulluqçuların şəxsi toxunulmazlığına təminat verilir. Hərbi qulluqçular yalnız məhkəmənin qərarına əsasən, habelə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nizamnamələrinin tələblərinə uyğun olaraq hərbi hissə komandiri (rəisi) tərəfindən intizam qaydasında həbs edilə bilərlər.
Qanunun 9-cu maddəsi ilə hərbi qulluqçuların əmək hüququ müəyyən edilir. Bu maddəyə əsasən, vətəndaşların həqiqi hərbi xidmət keçdiyi dövr onların ümumi əmək stajına daxil edilir. Hərbi qulluqçuların elmi, texniki, bədii və başqa yaradıcılıq azadlığına təminat verilir, bir şərtlə ki, bu, onların hərbi xidmət vəzifələrinin icrasına mane olmasın.
Hərbi xidmətdən buraxılarkən hərbi qulluqçuların təhsili və ixtisası nəzərə alınmaqla işə düzəlməsinə təminat verilir. Hərbi xidmətdən buraxılmış hərbi qulluqçulara maddi yardım göstərilməsi və onların məişət şəraitinin təmin edilməsi üçün yerli icra hakimiyyəti başçıları müəssisələrin, idarələrin, təşkilatların könüllü surətdə ayırdıqları vəsait hesabına hərbi qulluqçuların sosial müdafiəsi fondunu yarada bilərlər.
Müddətli hərbi xidmətə çağırılanadək işləmiş şəxslərin həmin müəssisədə, idarədə, təşkilatda əvvəlki vəzifəyə və ya buna bərabər işə girmək hüququ saxlanılır.
Hərbi qulluqçuların pul təminatı və maddi təminat hüquqları var. Qanunun 10-cu maddəsində göstərilir ki, hərbi xidmətin şəraitindən, ixtisasından, hərbi peşədən, hərbi rütbədən və hərbi xidmətdə olmağın müddətindən asılı olaraq hərbi qulluqçuların dövlət hesabına təminat xərcliyi almaq hüququ vardır.
Hərbi qulluqçular Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi normalar üzrə dövlət hesabına ərzaq və əşya əmlakı almaq, ərzaq və ya əşya əmlakı üçün pul kompensasiyası almaq hüququna malikdirlər.

 

Hərbi qulluqçuların təklif, ərizə və şikayət vermə hüquqları


"Hərbi qulluqçuların statusu haqqında" qanunun 22-ci maddəsinə görə, hərbi qulluqçuların dövlət orqanlarına təklif göndərmək, ərizələr vermək, habelə vəzifəli şəxslərin, dövlət orqanlarının, vətəndaşların (o cümlədən hərbi qulluqçuların) hüquqa zidd hərəkətləri barəsində müəyyən edilmiş qaydada şikayət etmək hüquqları var.
Təminat xərcliyinin verilməməsi, hərbi qulluqçular barəsində komandirlərin (rəislərin) və ya başqa hərbi qulluqçuların qanunsuz xidməti sərəncamları (hərəkətləri) barəsində, hərbi xidmət münasibətlərinin başqa məsələləri barəsində şikayətlər Silahlı Qüvvələrin nizamnamələrində nəzərdə tutulmuş qaydada verilir, nəzərdən keçirilir və həll edilir.
Hərbi qulluqçular vəzifəli şəxslərin və hərbi idarəetmə orqanlarının nizamnamə münasibətləri çərçivəsindən kənara çıxan və hərbi qulluqçuların hüquqlarını və şəxsi ləyaqətini tapdalayan hüquqa zidd hərəkətləri barəsində məhkəməyə şikayət edə bilərlər.
Şikayət verilməsinə mane olmaq və buna görə şikayət verəni cəzalandırmaq və ya təqib etmək qadağandır. Bunda təqsirli olanlar Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq qaydada məsuliyyətə cəlb edilirlər.
Azərbaycan Respublikasının "Vətəndaşların müraciətlərinə baxılması haqqında" 10 iyun 1997-ci il tarixli qanununun 4-cü maddəsində göstərilir ki, hərbi qulluqçuların xidmətlə əlaqədar müraciətlərinə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət və İntizam nizamnamələrinə uyğun olaraq baxılır.
Daxili Xidmət Nizamnaməsinin 5-ci maddəsinə görə, hərbi qulluqçu xidmət məsələlərinə dair özünün bilavasitə rəisinə və ancaq onun icazəsi ilə komanda üzrə daha böyük rəisə müraciət edə bilər. Hərbi qulluqçu şəxsi məsələlər üzrə, bir qayda olaraq, özünün bilavasitə rəisinə, müstəsna hallarda isə böyük rəisə müraciət edir. Hərbi qulluqçu təklif, ərizə və şikayət verdikdə İntizam Nizamnaməsinin müddəalarını rəhbər tutmalıdır.

 

Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası


"Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikası qanununun 27-ci maddəsi ilə hərbi qulluqçuların dövlət tərəfindən məcburi şəxsi sığortalanması nəzərdə tutulub. Qanun müəyyən edir ki, hərbi xidmət vəzifəsinin icrası dövründə həlak olmaq (vəfat etmək), xəsarət almaq (yaralanmaq, kontuziya almaq), səhhəti korlanmaq, hərbi xidmət keçmə ilə bağlı bədbəxt hadisələr və ya xəstəliklər ehtimalına qarşı hərbi qulluqçular hərbi xidmətə daxil olduqları andan dövlət tərəfindən məcburi sığortalanırlar. Hərbi xidmət keçərkən əmək qabiliyyətini itirmiş şəxslərin sosial təminatına dövlət zəmanət verir.
Sığortalanmanın qaydası, şərtləri və sığorta ödənişlərinin məbləği Azərbaycan Respublikasının "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında" 25 iyul 1997-ci il tarixli qanunu ilə tənzimlənir. Bu qanun hərbi qulluqçuların sosial müdafiəsini gücləndirmək məqsədilə onların həyatının və səhhətinin dövlət icbari şəxsi sığortası qaydalarını və şərtlərini müəyyən edir. Hərbi qulluqçuların sığortası dövlət sığorta orqanları tərəfindən həyata keçirilir.
Sığorta hadisələri baş verdikdə sığorta məbləğindən faizlə aşağıdakı sığorta ödənişləri verilir:
Sığorta edilən xidmətdə (toplanışda) olduğu zaman:
- həlak olduqda (vəfat etdikdə) - 100 faiz;
- yaralanma (kontuziya alma) xəstələnməsi nəticəsində xidmətdən (toplanışdan) buraxıldıqdan sonra 3 il müddətində öldükdə - 100 faiz;
- itkin düşdükdə - 100 faiz;
- xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar olaraq sığorta edilən xidmətdən (toplanışdan) buraxıldığı gündən 3 il müddətinədək əlillik təyin edildikdə:
a) I qrup - 80 faiz;
b) II qrup - 60 faiz;
c) III qrup - 40 faiz;
- ağır yaralandıqda, yaxud səhhəti pozulduğuna görə xidməti vəzifəsini yerinə yetirməyə yararsız hesab edildikdə - 25 faiz;
- yüngül xəsarət (yaralanma, travma, kontuziya) aldıqda - 5 faiz.
Qanunun 8-ci maddəsində deyilir: "Sığorta edilənə və ya onun vərəsələrinə sığorta məbləğinin verilməsindən aşağıdakı hallarda imtina edilir: Sığorta edilənin sığorta hadisəsi ilə birbaşa bağlı olan qəsdən cinayət törətdiyi barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olduqda, yaxud sığorta edilən sərxoş vəziyyətdə hərəkət etdikdə".
Qrup rəhbəri mövzunu şərh edərkən Azərbaycan Respublikasında hərbi qulluqçuların və onların ailə üzvlərinin sosial-hüquqi müdafiəsinin dövlət rəhbərliyinin daim diqqət mərkəzində olmasını dinləyicilərin nəzərinə çatdırmalıdır.                                                                                                                                              

İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsi