Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

25 Sentyabr 2019 10:19

“Səni yaşatmaq üçün qoruyuruq, Ana Torpaq”

Ön xətdə, səngərlərdə məni həmişə əsgərlərin nə düşündükləri  də düşündürüb, necə düşündükləri də. Məni də səngərlərdən həmişə əsgərlərin işıqlı düşüncələri uğurlayıb.
Bu  səngərlərdə ötən söhbətlərimizdə eşitdiklərimi xatırlayıram və əmin oluram ki, əsgərlər mənə Vətənə ad olan disputda yenə gözəl könül xoşluğu yaşadacaqlar. Bu ovqat içində xatırlayıram ki, hər atalar sözünün öz yozumu, öz mahiyyəti var. Atalar sözlərinin əksəriyyətinin fəlsəfi mahiyyəti düşüncələrə hopmaqla bu günü sabahlar üçün yaşatmaqdı. Yeniyetməliyimdə atamdan bir atalar sözü eşitmişdim: "Torpaq deyir: öldür məni, dirildim səni". Maraqlandıq, öyrəndik ki, yozumu beləymiş: məni sidq ürəklə, sevə-sevə əkib-becərsən, sənə bol ruzi-bərəkət verərəm. Sonralar yaddaşıma "Kitabi-Dədə Qorqud"dan da yozumu mahiyyətində olan bir kəlam hopmuşdu: "Torpağı qorumadınsa, əkib-becərməyə dəyməz". Bu iki kəlam arasında ruhi, mənəvi bir yaxınlıq, məzmun baxımından eynilik var.
"Sizin hərbi xidmətinizdə, sizin nəzarətinizdə olan mövqelərdə döyüş növbətçiliyi aparan əsgərlərlə də səmimi söhbətlərimiz çox olub. O söhbətlərin qələbə ovqatı bizim, bizim timsalımızda ictimaiyyətin Böyük Qələbəyə inamını daha da artırıb. Həmin söhbətlərdə eşitdiklərimə əsaslanıb deyirəm ki, əsgərlər bu iki kəlamın mahiyyətini gözəl dərk ediblər. Yüksək döyüş və mənəvi-psixoloji hazırlığa malik olan Azərbaycan əsgərinin Vətən sevgisi, dövlətə, dövlətçiliyə sədaqəti "Torpaq deyir: qoru məni, yaşadım səni" kimi gözəl bir kəlam yaradıb - ön xətdə "N" hərbi hissəsində əsgərlərə belə deyirəm. Onu da deyi-rəm ki, bu kəlam ilk dəfə sizin şahidliyinizlə eşidilir. Bu səsləniş, həm də belə səsləniş hamımıza könül xoşluğu verir...
"Öldür məni, dirildim səni" deyən torpaq nədən, "Qoru məni, yaşadım səni" deməsin? Onu duymağı bacarmalısan. Onu sevirsənsə, ürəyinlə bu kəlmələri də eşidəcəksən. Səhv etmirəm ki?”, - soruşuram. Ani sükutdan sonra "Yox, səhv etmirsən”, - cavabını eşidirəm.
“Səni yaşatmaq üçün qoruyuruq, Ana Torpaq!" kəlamından danışacağıq. Bu kəlamı sizin əsgər yoldaşlarınızın, sizin hərbi xidmətə münasibətiniz yaradıb, mən həm sevgilərlə, qürurla, həm də məsuliyyətlə sözə çevirmişəm.
"Torpaq deyir: qoru məni, yaşadım səni" kəlamının zabitləri də, əsgərləri də düşündürdüyünü hiss etmək çətin deyil. Onu da hiss edirik ki, hamı nəsə demək istəyir...
Sükutu zabit İmadəddin İsgəndərov çilikləyir:
- Min illərlə Azərbaycanda torpaq sevilə-sevilə becərilib. Folklorşünaslığımız təsdiqləyir ki, torpağın adından deyilən “öldür məni, dirildim səni” kəlamı da o çağlarda yaranıb, holavarları, əkinçi nəğmələrini yaradanlar yaradıb.
- Onlar yaradıb, biz yaşadırıq, - deyirəm. Zabit sözümə qüvvət kimi deyir ki, bu, bizim mənəvi borcumuzdu. Xalqımız min illəri belə yaşayıb.
Mən zabit İmadəddin İsgəndərovun, zabit mənim sözümə necə söykək olursa, əsgər Abdulla İsrafilovun dedikləri də zabitin sözlərinə elə söykək olur:
- Bu, əsrlərdi milli mentalitetimizin tərkib hissəsi kimi yaşanılmaqdadı.
- Xalqı xalq kimi formalaşdıran həm də budur, - zabit Əkbər İmanovun sözü əsgərin də, mənim də sözümə söykək olur, - Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin hərbi hissədə təcrübədə olan kursantı Fərman Hacıyevin qüruru da, fikrinin fəlsəfəsi də ürəyimi dağa döndərir.
- Fərman, - deyirəm. - Zabitin də, sənin də dediklərin Vətən sevgisindən düşən işığın sözlə ifadəsidi.
Fikrimi yenə bir az əvvəl kəlmələri hər birimizə könül xoşluğu olan Fərman tamamlayır:
- Bu kəlamı biz vətəndaşlığa epiqraf kimi yaşadacağıq. Bizdən sonra xidmət edəcək əsgərlər də belə yaşadacaq.
Fərmanın fəallığı da, dediyi kəlmələr də zabiti duyğulandırır, əsgər yoldaşlarının düşüncələrini "tərpədir".
Əsgər Şükür Xanbabayev deyir:
- Tarixdən oxumuşuq, öyrənmişik ki, min illər əvvəl torpağa sərhəd düşəndən, qəbilələr, tayfalar xalq kimi formalaşandan sonra əraziyə, yəni, torpağa görə döyüşlər, müharibələr olub. Dediyiniz kəlamı hamımız o dövrlərdə Azərbaycana görə qılınc çalanların vəsiyyəti bilirik. Fərman bu fikrin təsdiqi kimi əsrlərin o üzündə qalmış tariximizi, o tarixi qılıncıyla yazanları yada salır...
Əsgər Cavidan Hacıyev Şah İsmayıl Xətaini xatırladır, "Səfəvilər dövründə əli qılınc tutanların hamısı torpağı qoruyurdu. Dövlət ona görə güclü idi", - deyir.
- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qürurla dediyi "Azərbaycan güclü dövlətdir və onun güclü ordusu vardır" kəlamını hər birimiz qürurla yaşadırıq. Dövlətimiz həm də ona görə güclüdür ki, hərbçilər torpağın "qoru məni, yaşadım səni" kəlamını aydınlığıyla eşidir, hər qarış torpağa Vətən deyib qoruyur", - Elnur Namazov belə deyir.
Əsgərlərin ovucunda torpaq görürük.
"Əsgərlərin hər ovuc torpağı da Vətən bilir, Vətən!", - deyirəm.
Zabit İmadəddin İsgəndərovun qüruru yerə-göyə sığmır:
- Bayaq tarixi şəxsiyyət kimi Dədə Qorqudu, tarixi ədəbi abidə kimi "Kitabi-Dədə Qorqud" dastanlarını xatırlatdınız. Əsgərlərimiz də bilir ki, insan yaşadıqca, yaşa dolduqca müdrikləşir, aqilləşir. Torpağın "Məni qoruyun, sizi yaşadım" deməsini duymaq da, bu kəlamı Dədə Qorqudun öyüdləriylə Dədələşənlərin nəsihəti bilmək də azərbaycançılıqdı - vətənpərvərlikdi, vətənsevərlikdi. Azərbaycan əsgəri məhz bu mənəvi zənginliklə xidmət edir.
1993-cü ilin yayında Zəngilanda ezamiyyətdəydim. əsgərlərin əhatəsində ağacların xırda budaqlarını tərpədən xırda meh əsirdi. Əsgərlərdən  biri otluğa dirsəklənmişdi. Ovcunda torpaq olduğu gözümdən yayınmamışdı. Hansı duyuma görəsə ona yaxınlaşmışdım. Mehrlə soruşmuşdum:
- Nə düşünürsən, əsgər?
Əsgər bir anlığa duruxmuşdu və məni heyrətləndirən bir tərzdə "Torpağı düşünürəm", - demişdi...
Aradan illər keçsə də, yaddaşımda yaşayan bu söhbəti də xatırladıram və "Azərbaycan əsgəri həmişə torpağı düşünə-düşünə qoruyub, qoruya-qoruya düşünüb", - deyirəm. Əsgərlərin baxışını bəyaz məmnunluq bürüyür, yəni, haqlısan...
- Torpağı qoruyanlara əsgər, müharibədə döyüşçü deyirlər. Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsi müharibə şəraitinə düşdü. Ordumuz yaranandan əsgərlərimiz döyüşçü olub. Əsgərlərimiz, əsgərləşən mülki vətəndaşlarımız torpağı təkcə silahıyla deyil, həm də ruhuyla qoruyub. Dediyiniz o kəlamın mahiyyəti o vaxtlar da vətəndaşların döyüş əzminə, qələbə ruhuna dönüb. Döyüşənlər "Torpaq, uğrunda ölən varsa, Vətəndi" - düşüncəsiylə döyüşüblər...
"Səni yaşatmaq üçün qoruyuruq, Ana Torpaq!" etiraf-anda, etiraf-sevgiyə, bu düşüncənin davamı deyə bilərik, deməliyik də”, - zabit Əkbər İmanovun səsində könüləyatımlı bir ehtiram da var, inam da. Xatırlayıram ki, bayaqdan bəri eşitdiyimiz fikirlərin hamısı elə bu biçimdə olub; hər kəlmədə sevgi, hər kəlmədə inam....
Şəhid qəhrəmanlar xatırlanır: Əlif Hacıyev, Ramiz Qənbərov, Yusif Mirzəyev, Vəzir Orucov, Şirin Mirzəyev, Rasim İbrahimov, Etibar Hüseynov, Mübariz İbrahimov, Raquf Orucov, Samid İmanov, Çingiz Qurbanov,... Bir məqamdan duyğulanırıq: xatırlananlar təkcə qəhrəmanın ad-soyadıyla deyil, onun qəhrəmanlığını yaşadan hadisələrlə, faktlarla qoşa xatırladılır. Əsgərlərimizin qəhrəmanlarımızı tanıdılmalı səviyyədə tanıması eşidənə əsgər kəlməsi qədər qürur verir: əsgərlər yeniyetmə olanda haqqında eşitdiyi qəhrəmanları hərbi xidmətdə daha əhatəli tanıyırlar. Zabitlər tanıdır. Əsgərlərə deyirəm ki, qəhrəmanları torpaq uğrunda mücahid bilib xatırlamağınız, onların qəhrəmanlığının mahiyyətini dərk edib xatırlamağınız sizin mənəvi zənginliyinizdi. Döyüş hazırlığınızı tamamlayan mənəvi-psixoloji hazırlığınız məhz bu zənginlik əsasında formalaşıb.
Əsgər Elvin Məmmədov da söhbətə - disputa qoşulur:
- Babam söz düşəndə deyirdi ki, qəhrəmanlıq qəhrəmanlardan öyrənilir. Torpağı qoruyanların, torpaq uğrunda şəhid olanların hər biri hər birimiz üçün bağır basdığımız ömür yiyəsidi.
Əsgər Cahid Həkimov əsgər dostunun fikrini  belə tamamlayır:
- Yəni, torpağı qorumaq nümunəsidi.
Söz sözü çəkir. Vətən deyirik, Vətən eşidirik.
Əsgərlərin tarixi keçmişimizə, dövlətçilik tariximizə bələdliyinə, məntiqi və milli-xəlqi düşüncəsinə, heysiyyətli təhlilinə, bu təhlili ümumiləşdirmə cəhdinə görə valideynlərinə və müəllimlərinə, onların bu qabiliyyətlərini məqsədyönlü şəkildə azərbaycançılıq işığında inkişaf etdirdiyinə, formalaşdırdığına görə zabitlərə ictimaiyyətin kifayət qədər səmimi minnətdarlığı düşür. O minnətdarlıq həmişə eşidilib, həmişə eşidiləcək...
Əsgərlər gah göy üzünə, gah qarşı tərəfə, gah da ovucladığı torpağa baxırlar. Müqəddəsliyini əsgər ovcunda daha mötəbərliklə hiss edən torpaqdan üzülməyən məzmunlu baxışlardan "Sən bizi yaşadasan deyə yox, səni yaşadaq deyə qoruyuruq, Ana Torpaq!" kəlmələri oxunur. Düzmü oxuyuram?, - soruşuram. Əsgərlərin hamısı coşqu ilə "Əlbəttə!", - deyirlər...
Disputun tələblərinə belə asanlıqla uyğunlaşmaları təkcə dünyagörüşün genişliyini deyil, hadisə və faktları nəzərdə tutulan məqsədlə, konkret olaraq disputun  mövzusu ilə əlaqələndirmə bacarığını da təsdiqləyir. Disput onu da təsdiqləyir ki, əsgərlərimiz torpağın səsini uca ruhların arzuladığı, istədiyi səviyyədə eşidir...


Rəşid HÜSEYNOV, "Azərbaycan Ordusu"