Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

25 Sentyabr 2019 10:19

Narkomaniya bəşəriyyət üçün təhlükə mənbəyidir

Bugünkü gənclik sabahımız, gələcəyimizdir. Dövlətin, millətin, xalqın gələcəyi sağlam, etibarlı gənclikdən çox asılıdır. Buna görə də gənc nəslin sağlam ruhda tərbiyəsi dövlətin və cəmiyyətin əsas vəzifəsi hesab olunur.
Cəmiyyətdə "ağ ölüm" kimi tanınan narkomaniya  insan həyatında  fəsadlar yaradan, bəşəriyyət üçün dövründə böyük fəsadlar verən taun xəstəliyi kimi bəla olan, irqindən, yaşından, dinindən asılı olmayaraq, bütün xalqları, millətləri düşündürən ən ağrılı problemlərdən biridir. Xalqın, millətin təhlükə mənbəyinə çevrilən narkomaniya (geniş mənada narkotizm) günümüzün sərhəd tanımayan, qlobal xarakter daşıyan, dünyada qorxulu xəstəlik kimi hər bir insanı düşündürür. Beynəlxalq problemin həllinə xidmət edən mühüm addımlardan biri kimi, xüsusi ilə yeniyetmə və gənclər arasında maarifləndirmə işlərinin genişləndirilməsi prioritet məsələdir. Narkotik maddələrin gənclər və yeniyetmələr arasında daha çox yayılma təhlükəsini nəzərə alaraq, bir çox ölkələrdə "Narkotiksiz gələcək naminə" milli proqramların qəbulu da, təbii ki, sağlam gələcəyimiz üçün məsuliyyət hissindən yaranan vətəndaş borcudur. Bu gün biz hamılıqla dünyanı ağuşuna alan narkomaniyaya, "ağ ölüm"ə yox deyib, bu ölüm kabusuna qarşı birgə mübarizə aparmalıyıq. Müasir dövrümüzdə narkomaniya insanlığa bir bəladır. Təəccüblüdür ki, bu bəlaya ilk olaraq uşaqlar yoluxur. Narkotik maddə alverçiləri uşaqları asanlıqla öz girovlarına çevirməyə nail oldular. Beləliklə, gəncliyin məhvi və ölümü üzərində özlərinə kapital toplamaq narkomafiya üçün əsas məqsədə çevrilir. Bu zaman nəinki bir ölkənin, eyni zamanda, dünyanın gələcəyi təhlükə qarşısında qalır.
Narkomaniyanın daha çox yayıldığı dövrü araşdırarkən məlum olur ki, hələ keçən əsrin 60-cı illərində gənc sənət adamları arasında narkotik maddələrin qəbulu özünəməxsus həyat tərzinə çevrilmişdi. Dəbə "uğramış" insanlar bunu cəmiyyətdən heç də gizlin saxlamır, əksinə, bəzən sənət uğurlarını narkotik maddələrin qəbulu ilə əlaqələndirirdilər. Bu sənətçilərin pərəstişkarları da özlərini onlara oxşatmağa çalışaraq narkotik maddə qəbul edirdilər. Həmin dövrdən xeyli vaxt keçməsinə baxmayaraq, hələ də narkomaniya ilə məşğul olanlar bu aludəçiliyin insanı ağır problemlərdən xilas etməsi kimi zərərli xülyalarını yaymaqda davam edirlər. Bəşəriyyət isə sanki "ağ ölümlə" mübarizədə acizliyini göstərməkdədir.
Narkotik maddələrin gənc nəsil arasında yayılmasının qarşısını almaq məqsədi ilə dünyanın bir çox ölkələrinin qəbul etdiyi milli proqramlarda nəzərdə tutulan müddəalar uğurla yerinə yetirilir, həyəcan təbili səsləndirirlər. Qəbul edilən milli proqramlara əsasən, təhsil ocaqlarının, ictimai təşkilatların əsas vəzifələrindən biri narkomaniyaya qarşı maarifləndirmə və təbliğat işinin aparılmasıdır. Bu mübarizə işi kütləvi informasiya vasitələri, o cümlədən internet şəbəkəsi vasitəsi ilə həyata keçirilir.
Narkomaniya bəşəriyyətin ən qorxulu və təhlükəli bəlasına çevrilib. Eyni zamanda, bəşəriyyətin ən qorxulu xəstəliklərinin mənbəyi də elə narkomaniyadır. Qorxulu, ona görə ki, bu bəlaya mübtəla olanlar əksər hallarda onu dəf etməkdə aciz qalırlar. Bu, Sibir meşələrindəki bataqlıqlara bənzəyir ki, orada yaşayan heyvanlar o bataqlığa düşür və sonra oradan çıxmaq üçün çırpınır, amma, əksinə, hər hərəkətində daha da batır. Bu da elə bir şeydir. Narkotikadan istifadə insan həyatı üçün həmin o bataqlıqdan heç də az təhlükəli deyil. Narkotikdən asılılıq narkotik maddələrdən bir və ya bir neçə dəfə istifadə etməklə yaranır. Tibbi təcrübələr göstərir ki, narkomaniya ilə mübarizə aparmaq çox çətindir. O bəladan xilas olmaq çox az insana qismət olur. Narkotikə qurşanmış əksər insanlar isə bu bataqlıqda məhv olub gediblər.
Narkotik, ilk növbədə, narkomanın sağlamlığına ziyan vurur. Narkomaniyaya aludəçilik orqanizmin zəifləməsi, bədənin arıqlaması və fiziki gücün düşməsi ilə nəticələnir. Orqanizmin zəhərlənməsi daxili orqanların - qara ciyər və böyrəyin zəhərlənməsinə gətirib çıxarır. Narkomaniyanın yaratdığı ən geniş yayılmış xəstəlik "Hepatit B"dir ("Hepatit B" xəstəliyi qaraciyər iltihabına səbəb olan çox təhlükəli xəstəlikdir). Ən qorxulu xəstəliklər orqanizmə qan vasitəsi ilə daxil olur və vena vasitəsi ilə qəbul olunan narkotiklərdən istifadə edən narkomanlar qan ilə tez-tez rastlaşır. Bu zaman hər bir xəstəliyə yoluxmaq olur, o cümlədən də "HİV" və "QİÇS" xəstəliyinə.
Narkotik maddələrin qəbul edilməsinin əsas dəhşətli faktı bir neçə dəfə ondan istifadə edən insanın  asılılıq yaratması faktıdır. Narkotik maddəni daim qəbul  edən şəxsin bədənin tələb etdiyi vaxtda qəbul etməməsi həmin şəxsdə psixoloji gərginlik yaradır və əsəbləşdirir, onu narkotik maddənin tapılması və qəbul edilməsi üçün vəsait və ya imkanlar axtarmağa vadar edir. Bu şəxsin özünü əsəbi aparması və psixoz durumunda olması ətrafda olan insanlarda qorxu və diskomfort hissi yaradır. İnsan artıq heç bir işlə məşğul ola bilmir, növbəti "doza" üçün hər növ alçalmağa, iyrənc hərəkət etməyə məcbur olur. Narkotik qəbul etdikcə ədəbsizlik və yalançılıq başlayır. Bütün maraqları, ümidləri və qarşısına qoyduğu məqsədləri getdikcə sönür.
Bəşəriyyət üçün ən təhlükəli bəla olan narkomaniya ilə bağlı problemləri dünya ictimaiyyətinin diqqətində saxlamaq məqsədi ilə BMT iyunun 26-nı "Narkomaniyaya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü"  elan edib. Məhz həmin gün narkomaniya ilə mübarizə ilə bağlı atılan addımların hesabatı kimi dəyərləndirilir. Görülən işlər öz müsbət nəticəsini verdikdə gələcək üçün nəzərdə tutulan perspektivlərin müəyyənləşdirilməsi üçün vəzifələr bəlli olur, daha səylə çalışmaq üçün stimul yaranır.
Yaşadığımız dövrün ən aktual, ağrılı problemi olan narkomaniya və onun fəsadlarına qarşı mübarizə ilə bağlı əhali, xüsusən də gənc nəsil arasında maarifləndirmə və təbliğat işlərinin aparılması ölkəmizdə də ümumxalq hərəkatına çevrilib. Ümummilli liderimiz Heydər Əliyevin 15 iyul 2000-ci il tarixli fərmanı ilə 2000-2006-cı illəri əhatə edən narkomanlığın yayılmasına, narkotik vasitələrin, psixotrop maddələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə üzrə Milli Proqram qəbul edilmiş, həmçinin xüsusi Dövlət Komissiyası yaradılmışdı. Ölkə rəhbərinin imzaladığı "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Dövlət Proqramı"nda nəzərdə tutulan məsələlərin həlli istiqamətində  uğurlu addımlar atılır. Respublika Prezidenti İlham Əliyev Dövlət Proqramının davamı olaraq 2013-2018-ci illər üçün növbəti sərəncam imzalayıb. Bu dövlət başçısının dəhşətli bəlaya qarşı mübarizə sahəsində həyata keçirdiyi məqsədyönlü siyasətin yalnız bir hissəsi kimi dəyərləndirilməlidir. Hər şeydən öncə, narkotizmlə və narkobizneslə mübarizə cəmiyyətin sağlamlığının qorunması zərurətindən irəli gəlir. Artıq 20 ildən artıqdır ki, Azərbaycan narkomaniyanın Yer kürəsində yayılmasının qarşısının alınmasına dair BMT-nin üç konvensiyası ətrafında dünya ölkələri ilə sıx əməkdaşlıq şəraitində mübarizədə öz köməyini əsirgəmir.
Ordu sıralarında narkomaniya ilə mübarizə sağlam hərbi kollektivin formalaşması baxımından bütün kateqoriyalı komandir (rəis) heyətinin, vəzifəli şəxsin, eyni zamanda, hərbi qulluqçunun borcudur və əsas vəzifələrindən biridir. Azərbaycan Respublikasının ordu quruculuğu işində başlıca vəzifə olan yüksək döyüş qabiliyyətinə malik sağlam şəxsi heyətdən, nizam-intizamlı hərbi hissə və bölmələrdən formalaşmış, müasir silah və texnika ilə silahlanmış və yüksək döyüş ruhuna malik olan Azərbaycan Ordusunun qüdrətinin artırılmasıdır.
Narkotiklə və onun törətdiyi fəsadların aradan qaldırılması ilə mübarizə uzunmüddətli, çoxşaxəli cəmiyyətin bütün sferasını, həmçinin də Azərbaycan Ordusunu əhatə edən bir prosesdir. Problemin ictimai təhlükəliliyi ondan ibarətdir ki, ordu sıralarında hərbi xidmət keçmək üçün gələn mülki həyatda narkotik maddə aludəçisi olan bir şəxs, hərbi hissənin həyata keçirdiyi funksiyalar baxımından, yəni, hər bir əsgərə şəxsi silahın verilməsi baxımından bu cür şəxslər cinayət törədən potensial namizədlər kimi birinci sıralarda yer alırlar. Bu baxımdan hərbi hissə komandanlığı, ilk növbədə, hərbi hissəyə hərbi xidmət keçməyə gələn hərbi qulluqçuların tibbi və psixoloji müayinəsinin aparılmasına, onlarla xüsusi psixoloji testlərin keçirilməsinə çox ciddi fikir verir. Hər bir yeni gələn əsgər tam şəkildə yuxarıda qeyd edilən yoxlamalardan sağlam keçdikdən sonra öz şəxsi keyfiyyətlərinə, bilik, bacarığına, fiziki durumuna və sağlamlığının vəziyyətinə görə müvafiq vəzifələrə və bölmələrə təyin edilirlər.
Bu gün ordu sıralarına hərbi xidmətə yeni gələn gənc əsgərlərin formalaşması istiqamətində də həyata keçirilən tədbirlər sırasında narkomaniya  ilə mübarizə işinə ordu rəhbərliyi və hərbi hissə komandanlığı tərəfindən xüsusi diqqət yetirilir. Belə ki, bütün birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrində "Narkomanlığa və narkotik maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə" planları tərtib edilib. Bu tədbirlərdə hərbi hissə və bölmələrdə narkotik maddələrin qəbulunun və qanunsuz dövriyyəsinin qarşısının alınması, hərbi qulluqçuların anti-narkotik ruhda tərbiyə edilməsi, narkotik maddələrin insanın sağlamlığına vurduğu zərərlər haqqında hərbi kollektivlərdə şəxsi heyət ilə ictimai-siyasi hazırlıq dərslərinin, kütləvi idman tədbirlərinin, ümumi və fərdi tərbiyəvi söhbətlərin, disputların, sual-cavab gecələrinin, şəxsi heyətin hərbi mütəxəssislər və həkim  psixoloqlar ilə görüşlərinin keçirilməsi, şəxsi heyətin məlumatlandırılması üçün hərbi hissənin ərazisində çoxlu sayda əyani təbliğat vasitələri olan poster və banerlərin, bölmələrdə (kazarmalarda) isə müvafiq lövhələrin vurulması, narkotik maddələrin qəbulunun qarşısının alınması məqsədi ilə çoxlu sayda qabaqlayıcı və profilaktik tədbirləri həyata keçirir, hərbi qarnizonlarda hərbi hissə və bölmələrin yerləşdiyi ərazilərdə yerli icra strukturları, müxtəlif dövlət və ictimai təşkilatlar ilə elmi-praktiki konfrans və seminarların keçirilməsini təşkil edir.
Torpaqlarımızın 20 faizdən çoxunun işğal altında olması narkomanlıqla mübarizədə bəzi çətinliklər törədir. Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunan Azərbaycan ərazilərində - Dağlıq Qarabağda və ona bitişik bölgələrimizdə narkotiklərin yetişdirilməsi və onun satışından əldə edilən külli miqdarda gəlirin terrorçu qrupların yaradılması və təlim keçmələrinə istiqamətlənməsi təhlükənin miqyasını daha da artırır. Bu fakt işğal altında olan torpaqlarımızın nəzarətsiz zona olduğunu təsdiqləməklə yanaşı, Ermənistanın terroru dəstəkləyən, terror təşkilatlarının fəaliyyətinə geniş meydan açan ölkə olduğuna işıq salır. Təsdiqlənmiş faktdır ki, Ermənistan ordusunun zabitləri işğal altında olan Azərbaycan torpaqlarında yetişdirdikləri narkotik maddələrin transferi nəticəsində maddi vəziyyətlərini yaxşılaşdırırlar. Dövlət başçısı İlham Əliyev dünyanın ən nüfuzlu təşkilatlarının tribunasından Dağlıq Qarabağın nəzarətsiz zona olduğunu bəyan etmişdir. Azərbaycan dövlətinin uğurlu siyasəti Dağlıq Qarabağ probleminin tezliklə ədalətli həllini tapacağına inamı artırır.
Narkomanlığın cəmiyyətə və insanların sağlamlığına ziyanı, bu sahədə görülən tədbirlər və onların nəticələri barədə hərbi qulluqçuların mütəmadi olaraq məlumatlandırılması, ordu rəhbərliyinin Azərbaycan Ordusunda narkotiklərin və narkotik maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə işinin səmərəliliyinin artırılması istiqamətində gördüyü məqsədyönlü işlər şəxsi heyətin respublika Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı ətrafında sıx birləşməsini bir daha təsdiqləyir, eyni zamanda, ölkənin müdafiə qabiliyyətinin artırılmasına, ordunun əməliyyat və döyüş qabiliyyətinin yüksəldilməsinə və tez bir zamanda işğal altında olan torpaqlarımızın düşmən işğalından azad edilməsinə xidmət edir.

İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsi