Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

25 Sentyabr 2019 10:19

Paşinyanın fəaliyyəti Ermənistan əhalisini təngə gətirməyə başlayıb

Son bir neçə aydır Ermənistanın daxili siyasətində təlatümlər yaşanır. Hazırda Ermənistanın sabiq prezidenti Robert Köçəryan yenidən həbs edilib. Buna görə də Köçəryanın tərəfdarları hakimiyyət nümayəndələrinə təzyiqlər edir və məhkəmə binasının qarşısında durmadan etiraz aksiyaları keçirirlər.
Məhkəmə sistemi düzgün işləmir və islahatların aparılması üçün məhkəmələr bağlanmalıdır şəklində Paşinyan tərəfindən edilən açıqlama xalq və bəzi müxalifət nümayəndələri tərəfindən narazılıqla qəbul edilir.
2008-ci il 1 Mart hadisələri ilə əlaqədar köhnə hakimiyyət nümayəndələrindən   keçmiş Müdafiə naziri Seyran Ohanyan və silahlı qüvvələrin sabiq baş qərargah rəisi, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının katibi   olmuş Yuri Xaçaturovun dindirilməsi prosesi də birmənalı qarşılanmır.
Orduda ərzaq probleminin, xüsusilə də qidanın keyfiyyətinin aşağı olması hərbi hissələrdə əsgərlər və hətta yüksək rütbəli zabitlər tərəfindən narazılığa səbəb olur. Hər nə qədər N.Paşinyan  D.Tonoyanla birlikdə yeni qidalarla təmin olunan hərbi hissələrə gedərək orada əsgərlərlə bir masa arxasında əyləşib yeməyin yüksək keyfiyyətindən bəhs etsələr də, çox keçmədən tərxis olan əsgərlərin valideynləri bəzi erməni saytlarına zəng edib Paşinyanın yalan danışdığını, heç bir hərbi hissənin yeni qidalarla təmin olunmadığını, əksinə, yeməklərin keyfiyyətinin bərbad vəziyyətdə olduğunu bildirirlər. Görünür, Paşinyan hərbi hissələrə səfər etdiyi zaman onun gəlişi ilə əlaqədar D.Tonoyan keyfiyyətli qidalarla masaları bir günlük dolduraraq onu aldadır. D.Tonoyanın Paşinyanı aldatmaqda əsas məqsədi dövlət büdcəsindən ayrılan vəsaitlərin müəyyən bir hissəsini mənimsəmək, Müdafiə Nazirliyi daxilindəki korrupsioner fəaliyyətlərini daha da gücləndirməkdir. Belə ki, D.Tonoyanın bu yaxınlarda satınalmalarla bağlı tender layihələrini ləğv etməsi də ondan xəbər verir ki, o, gizli razılığa gəldiyi şirkətlərin bu layihələri qazanmasında daha maraqlıdır. Beləcə, o bu sahəni də öz nəzarətinə almış olacaq. Digər tərəfdən erməni mətbuatında yayılan məlumatlara görə Müdafiə naziri D.Tonoyan tərəfindən yeməklərin natamam təmin olduğunu əsas gətirərək bu il ərzində 28 müqavilə ləğv edilib.   Belə bir qənaətə gəlmək olar ki, Tonoyan bu sahədə də onun maraqlarına cavab verə biləcək şirkətlər və sahibkarlarla işləmək niyyətindədir. Bir sözlə, D.Tonoyan Ermənistan Müdafiə Nazirliyini öz mülkiyyətinə keçirmək və ya orada öz monopoliyasını qurmaq istəyir. 
Digər bir məqama diqqət  yetirsək görərik ki, hər iki ölkənin Xarici işlər nazirlərinin danışıqları nəticəsində əldə olunan razılaşmalara baxmayaraq Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarında yerləşdirilən hərbi birləşmələri orduda öz hegemonluğunu qoruyub saxlayan "Qarabağ klan"ının göstərişləriylə cəbhədə vəziyyəti daha kəskinləşdirməklə Paşinyanı çətin vəziyyətə salırlar. Bu   da Paşinyanın hələ də orduya nəzarət edə bilməməsindən xəbər verir.
Belə bir sual ortaya çıxır: Görəsən, D.Tonoyan, həqiqətən, rəhbəri olduğu quruma və ya orduya nəzarət edə bilmir, yoxsa etmək istəmir? Bu gün D.Tonoyan keçmiş hakimiyyət nümayəndələri ilə əlaqələri olan və onlarla birlikdə işləyən bir şəxs olaraq tanınır. Vaxtilə Serj Sarkisyanın maraqlarına xidmət etmiş şəxs niyə yenə də ona xidmət etməsin? Ermənistanda keçirilən sorğularda D.Tonoyanın ən yüksək reytinqə sahib olduğu görünür. Bu da onun daha yüksək vəzifələrə namizəd ola biləcəyindən xəbər verir. Hər halda bunu zaman göstərəcək.
Orduda baş verən özbaşınalıq, intihar, korrupsiya, cinsi və fiziki təcavüz hallarının artması, həmçinin əsgərlərin yüksək rütbəli zabitlər tərəfindən döyülərək öldürülməsi kimi hallar erməni ictimaiyyətində böyük narazılıqlara səbəb olub. Əsgər anaları övladlarını öldürənlərin cəzalandırılması, ədalətin təmin olunması üçün hökumət və Müdafiə Nazirliyinin binası qarşısında etiraz aksiyaları keçirərək Paşinyanla və Tonoyanla görüşmək istədiklərini bildirsələr də, onları qəbul etmirlər. Belə olan təqdirdə analar onların keçmiş hakimiyyətdən heç nə ilə fərqlənmədiklərini bildirirlər.
Paşinyan hər dəfə hökumətin iclaslarında hərbi qulluqçuların maaşlarının artmasından bəhs etsə də, erməni mətbuatına daxil olan bir neçə məlumata görə hərbçilər hələ də əvvəlki qayda ilə məvacib alırlar.
Bu kimi problemləri ört-basdır etmək və xalqın başını aldatmaq üçün D.Tonoyan və onun mətbuat sözcüsü Artsrun Hovhannisyan erməni xalqını yeni sürprizlər gözləyir kimi boş-boş açıqlamalar verirlər.
Paşinyanın göstərişilə Ermənistan parlamentində Aprel döyüşlərinin araşdırılması üçün istintaq komitəsinin yaradılması onun günahkarlarının aşkar edilib cəzalandırması və ordudakı boşluqların aradan qaldırılması deyil. Əsas məqsəd Paşinyanın Aprel hadisələrini araşdırmaqla ictimaiyyətin başını qatmaq, ordudakı köhnə rejimin qalıqlarından xilas olmaq (əsas da "Qarabağ klan"ın), ordunu tamamilə öz nəzarəti altına almaqdır. Bunları etməklə onun məqsədi xalqın yanında olduğunu və onların gözündə bir daha köhnə hakimiyyət nümayəndələrini günahkar qismində göstərməkdir.
Lakin istintaq komitəsi əsaslı faktlar əldə edə bilmədiyi üçün Paşinyan istəklərinə nail ola bilmir. Əksinə, erməni ictimaiyyətində belə bir təəssürat yaranır ki, bu komitə formal xarakter daşıyır.
Birmənalı olaraq yuxarıda sadaladığımız amillər Paşinyana mənfi bumeranq şəklində geri dönür və onun reytinqinin sürətlə düşməsinə səbəb olur. İctimaiyyətdə ona olan inam günü-gündən azalır. Son zamanlar keçirilən sorğulara görə onun reytinqinin 50 faizdən aşağı olduğu qeyd edilir.
Paşinyanın kreslosunun laxladığı bir vaxtda Amulsar mədəninin istismarı ilə bağlı xalq arasında narazılıqların yaranması da, bunun timsalında parlament və hakim partiya arasında fikir ayrılıqlarının yaranması son zamanlar erməni mətbuatında Paşinyanın ehtiyat qüvvə topladığı, yenidən seçkilərə gedə biləcək kimi fikirlərin səslənməsinə gətirib çıxarıb. Paşinyan müraciət edərək Amulsar mədəninə gedən yolu açmalarını xahiş etsə də, xalq bu dəfə onun xahişinə məhəl qoymadı.
Qeyd etdiyimiz kimi, bu məsələ Paşinyan və komandası arasında anlaşılmazlıqlara səbəb olub. Belə ki, erməni mətbuatında gedən xəbərlərə görə parlamentin vitse-spikeri, "Mənim addımım" blokunun üzvü Lena Nazaryan mədənin istismara açılması fikriylə razı olmadığını və əksini düşündüyünü Paşinyanın özünə bildirib.
Bu məsələ özlüyündə hakimiyyət daxilində istefalara gətirib çıxardı. Erməni KİV-də yayılan məlumatlara görə ictimaiyyət əgər Amulsar mədəninə gedən yolu açmasa, o zaman Paşinyan polis qüvvələrini oraya daxil edərək xalqa qarşı zor tətbiq edəcəkdir.  Məhz bu səbəbdən sentyabrın 17-də Paşinyanın rəhbərliyi ilə keçirilən təhlükəsizlik şurasının iclası zamanı bu məsələ ilə bağlı Paşinyanla Valeriy Osipyan arasında gedən söhbətdən sonra polis rəisi istefa verdi.
Hakimiyyət daxilindəki  istefalardan biri də Milli təhlükəsizlik xidmətinin rəisi Artur Vanetsyanın istefası oldu. Artur Vanetsyan, Davit Tonoyanla birlikdə erməni ictimaiyyəti arasında yüksək reytinqə sahib olan şəxslərdən biridir. Keçirilən sorğular da bir daha onu təsdiqləyir ki, istefa verdikdən bir neçə gün sonra sorğu keçirilib və respondentlərin 57 faizi V.Arturu dəstəklədiklərini bildiriblər. A.Vanetsyanın istefa verməsinə gətirib çıxaran səbəbləri bir neçə amil üzərindən dəyərləndirə bilərik. Hər şeydən əvvəl A.Vanetsyan köhnə hakimiyyətlə əlaqələri olan bir şəxsdir və hələ də bu əlaqələri saxlamaqda davam edən ictimaiyyət tərəfindən böyük simpatiyayla qarşılandığı və dəstəkləndiyi mütləqdir.
Erməni mətbuatında A.Vanetsyanın Paşinyanla yola getməməsinin əsas səbəbi baş nazirin ondan xidmətinə yaraşmayacaq işlər tələb etməsi göstərilir. Erməni saytlarında Vanetsyanın bundan sonra öz fəaliyyətini Paşinyana müxalif olaraq davam etdirəcəyi bildirilir.
Ermənistanın daxilində köhnə hakimiyyət nümayəndələrinin dolayı yolla göstərişləri ilə "vor zakonlar"ın fəallaşdığı, islah müəssisələrində etirazların sayının artdığı bir vaxtda həm polis rəisinin, həm də təhlükəsizlik xidməti rəhbərinin istefaya göndərilməsinin nə qədər doğru addım olduğu şübhə doğurur.
Bu günlərdə parlamentdə polis və təhlükəsizlik sistemi ilə heç bir əlaqəsi olmayan 25 yaşdan yuxarı şəxslərin vəzifələrə təyin olunmasına icazə verilməsi haqqında qanun qəbul olunması da onu göstərir ki, Paşinyan güc strukturlarına onun istədiyi şəxslərin gətirilməsində çox maraqlıdır. Beləcə, o, keçmiş hakimiyyət qalıqlarından qurtulmuş olacağını və hakimiyyətin tamamilə onun əlində cəmləşəcəyinə inanır.
Bu qərar özlüyündə onu göstərir ki, Paşinyanın dövlət idarəçiliyindən anlayışı yoxdur və ölkəsini tamamilə məhvə doğru sürükləmək niyyətindədir.
Yuxarıda sadalanan məqamları nəzərə alsaq, o zaman belə qənaətə gələ bilərik ki, Paşinyan "məxməri inqilab" zamanı onun yanında olanların, eyni zamanda, köhnə hakimiyyət üzvləri ilə də işləmiş və əlaqələri davam edən şəxsləri bir müddət yüksək vəzifə verməklə mükafatlandırmışdır. Görünür ki, sonradan Paşinyan artıq onlardan qurtulmaq qərarına gəlib. Növbənin D.Tonoyana da gəlib çatdığını qeyd edə bilərik. Hər halda Paşinyanın orduya nazir kimi 25 yaşında, orduyla əlaqəsi olmayan bir şəxsi gətirməsi ehtimalının da yüksək olduğunu qeyd edə bilərik.
Ölkə daxilində, hələlik, çox da geniş vüsət almayan etiraz aksiyalarının gələcəkdə geniş əhali kütləsini  əhatə edəcəyi ehtimalı da yüksəkdir. Xüsusilə, Sanitek şirkətinin 900-dən artıq əməkdaşının işsiz qalması nəticəsində etiraz aksiyaları və digər bu kimi etirazlar gələcəkdə daha da böyüyərək Paşinyan üçün baş ağrısı olacağını deməkdir.
Məqalədə Ermənistan daxilindəki mövcud problemlər ətrafında qısa müqayisəli təhlillər aparmağa və mövcud durumdan bəhs etməyə çalışdıq.  Təhlillər göstərir ki, Paşinyan hakimiyyəti tamamilə çökməkdədir, onun fəaliyyəti xalqı təngə gətirir və gələcəkdə bu ölkənin daxilində parçalanma, hətta vətəndaş müharibəsinə gətirib çıxaracaq hadisələrin yaşanması ehtimalı yüksəkdir.

Ehtiram AŞIRLI, İsa ELDAROĞLU