Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

21 Sentyabr 2019 10:33

Mükafat sahibinə çatmadı...

Vətən sevgisinin, vətənpərvərliyin ən ali məqamı şəhidlikdir. Belə ömürlər şərəflidir, örnəkdir.
Şəhidliyin, qəhrəmanlığın məkanı, zamanı olmur. Şəhidlər xalqın kimliyini, mənliyini qoruyub işıqlı sabahımıza boylanan azadlıq pöhrələridi, yüksəlişin, ucalığın ortağıdı. Öz ömrünü ömürlərə - Vətənə bağışlayan oğullardı qəhrəmanlar.
Yazıçı, İngiltərənin keçmiş baş naziri Bendjamin Dizraelli deyirdi: "Qəhrəmanlığa inamı qəhrəmanlar yaradır".
Xarakterin, tərbiyənin, mənəvi yaddaşın gücü ilə üzə çıxan qəhrəmanlığın ömrü bir an deyil. Qəhrəmanlığın mahiyyətində təsadüf adlanan heç nə yoxdur. Qəhrəmanlıq insanın qanına ana südü, ana laylası ilə hopur. Məqamında Vətənin, xalqın, millətin işıqlı gələcəyinə yönəlir. Vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanlarımız bunu bir daha sübut etdilər. Belə oğullardan biri də Azərbaycanın Milli Qəhrəmanı Fərhad Hümbətovdur.
Milli Qəhrəmanın məğrur baxışlı anası Salatın Hümbətova söhbətimizə qürur qarışıq kövrəkliklə başladı. Bildirdi ki, Qərbi Azərbaycanın Qarakilsə (Quqark) rayonunun Arçut kəndindəndirlər.
- Fərhad 10 sentyabr 1968-ci ildə dünyaya gəlmişdi. 1983-cü ildə orta məktəbin səkkizinci sinfini bitirərək Hamamlı (Spitak) rayonundakı texniki-peşə məktəbində sürücü-mexanik peşəsinə yiyələndi. 1986-cı ildə ordu sıralarına çağırıldı. Hərbi xidməti əvvəlcə Çitada, sonra Monqolustan Respublikasında keçdi. Ordudan 1988-ci ildə tərxis olundu. Ermənilərin düşmənçilik hissləri, ərazi iddiaları özünü büruzə verməkdə idi. Azərbaycanlılar tez-tez erməni təcavüzünə məruz qalır, təhlükədə yaşayırdılar. Belə bir vaxtda Fərhad bütün çətinliklərə baxmayaraq doğma kəndimizə qayıtdı. Vəziyyət gərgin olduğundan  istəməsə də ailəsini Bakıya köçürdü. Hər bir vətənpərvər gənc kimi doğma torpaqlarımıza qayıdacaqları günün həsrətilə yaşayırdı. Bakı şəhəri Məişət Xidməti İdarəsində sürücü işləməyə başladı.
Salatın ana dedi ki, balam 20 Yanvar faciəsi zamanı təsadüf nəticəsində sağ qaldı.
- Ağır texnika ilə şəhərə daxil olan Sovet qoşun hissələri qarşısına çıxan hər şeyi əzib keçir, heç kimə aman vermirdi. Həmin gecə oğlum Azad  yaralandı, Fərhad bir az da ləngisəymiş tankın altında qalacaqmış. Lakin bu hadisə onu qorxutmadı. Əksinə, o, bir tankçı kimi Vətənin keşiyində durmağı qarşısına məqsəd qoydu və 1991-ci ilin oktyabrında könüllü olaraq cəbhəyə yola düşdü.
Fərhad bir neçə kəndin azad olunmasında böyük şücaət göstərir. 1992-ci il martın 7-də Şuşa, Kosalar, Xankəndi istiqamətlərində düşmənin 5 postunu dağıdanların sırasında Fərhad da olur.
29 mart 1992-ci il Fərhadın son döyüş günü...
Fərhadın da daxil olduğu dəstə Xocalının Kosalar kəndində əməliyyat keçirir. Qüvvələr nisbətinin düşmənin xeyrinə olmasına baxmayaraq ermənilər xeyli canlı qüvvə itirir. Xankəndi yaxınlığında sursatları azaldığından, əlavə qüvvə gəlmədiyinə görə geri çəkilmək məcburiyyətində qalırlar. Fərhad Hümbətov bu döyüşdə bir neçə yaralını xilas etsə də, özü qəhrəmancasına həlak olur.
Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı Fərmanı ilə Hümbətov Fərhad Qənbər oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib. Şəhidlər xiyabanında dəfn edilib. Bakının Binəqədi rayonunda adına park salınıb, büstü qoyulub.
Heç vaxt döyüşlərdən, eyni zamanda, özü haqqında danışmağı sevməzmiş. Sonuncu dəfə evlərinə gələndə ailə üzlərinin həyəcanını da hiss etmişdi sanki. Bir anlıq düşüncəyə dalaraq, "Evə gəlib məni soruşsalar, qorxmayın. Mükafat yazıblar" demişdi. Bu mükafatın nə ilə bağlı olduğunu soruşanda isə gülümsünərək "Elə bir şey deyil. Hamıya yazıblar" cavabını verib.
Bu mükafat sahibinə çatmadı. Fərhadın dəfninin ikinci günü həyətlərinə daxil olan  adamlar Qənbər kişiyə, Salatın anaya belə cəsur, qorxubilməz, qəhrəman oğul böyütdüyünə görə minnətdarlıqlarını bildirərək, 3000 manat pul mükafatını təqdim edirlər. Söhbət zamanı məlum olur ki, Fərhad döyüşlər zamanı düşmənin yüksək rütbəli zabitini sağ ələ keçirərək komandanlığa təhvil veribmiş.
- Bu gün Fərhad bütün Azərbaycanın övladıdır, - Salatın ana dedi. - Mən bunu xalqımdan, millətimdən, dövlətimdən, Prezidentimdən, Birinci vitse-prezidentimdən daim xüsusi diqqət və qayğı görən bir şəhid anası olaraq deyirəm.
Milli Qəhrəmanın dayısı Lətif Hüseynov Fərhadın Şəhriyar adına Mədəniyyət Mərkəzindən son mənzilə yola salınma mərasimində şahidi olduğu bir hadisəni xatırladı: Vida mərasimində Fərhadın döyüş yoldaşları da iştirak edirdilər. Hərbi mundirli bir gənc məndən yerimə keçməyi xahiş etdi. Gözlərinin dərinliyində bu gün də sözlə izah edə bilməyəcəyim bir məna vardı. Yerimizi dəyişərkən əlim sinəsinə toxundu... Sinəsindən aldığı yaradan qan axırdı. "Ay oğul, sən bu vəziyyətdə bura niyə gəlmisən?" dedim. "Biz Xankəndini azad edəcəkdik. Məni döyüşdən yaralı halda Fərhad çiynində çıxartdı. Bu gün hospitalda ayılanda eşitdim ki... Mən burada olmalıydım...", - hərbçi dedi.
Şəhidin bacısı Qəlbizər gözlərini qardaşının divardan asılmış şəklinə dikib. Gözlərinin dərinliyində qardaş itkisinin ağrı-acısına qarışmış  məğrurluq  duyulur. Baxışlarımın ona dikildiyini hiss eləyir deyəsən:
- Fərhad çox vətənpərvər idi. Yurd-yuvamızdan didərgin düşəndən onun sadəcə dodaqları gülürdü, ürəyində, gözlərində bir nisgil vardı. Amma inanırdı, əcdadlarımızın ruhunun dolaşdığı əzəli torpaqlarımıza qayıdacağımıza... Onun gəlişini elə gözləyirdik ki... O gələndə sanki ruhumuzu dinləndirən rahatlıq, bir dünya xoşbəxtlik gətirirdi. O, ən çarəsiz anlarımızın ümidgahıydı. Seçilirdi, fərqlənirdi. Ölümü ilə də seçildi. Hər kəsə nəsib olmur şəhid olmaq, bütöv bir xalq tərəfindən qürurla anılmaq, sevilmək. Qardaşım igidliyi ilə bunu qazandı.
Milli Qəhrəmanın qardaşı Azad Hümbətov dedi ki, Fərhad işğal altında olan torpaqlarımızın, boynu bükük dağlarımızın, məlul baxışlı meşələrimizin, dili kilidlənmiş bulaqlarımızın həsrətini çəkirdi. Dözə bilmirdi bunlara. Fərhad çox mərhəmətli, qayğıkeş idi. 
- Fərhad baharı çox sevərdi, - söhbətə qoşulan bacısı Əminə dedi. - İyirmi dörd bahar yaşadı. Şəhidlik zirvəsinə də ömrünün bahar çağında qovuşdu. İllər ötəcək, qardaşım elə ömrünün baharında qalacaq...
- Sözünün əvvəli də, axırı da Vətən idi, - qardaşı Sahib dedi. - Vətəni qorumağı, şəhid olmağı bir övlad kimi şərəf borcu sayırdı...
Əmisinin adını daşıyan Fərhad da, üzgüçülük üzrə birinci yerə layiq görülən Rahib də, dərslərini əla oxuyan Reyhanə də əmiləri ilə fəxr etdiklərini, onun adına layiq olmağa çalışdıqlarını bildirdilər.
Onu tanıyanların söhbətinə sakitcə qulaq asmaq olmur. Bu söhbətlər insanın varlığında qeyri-adi hisslər, ürəyində kövrək duyğular oyadır. İyirmi dörd yaşlı qəhrəmanın ruhu qarşısında baş əyirsən.
Tarixin səhifələrini igidlər yazır - qanlarıyla.
Bu gün bütün Azərbaycan xalqını  bir amal birləşdirir: düşmən işğalında olan torpaqlarımızı azad etmək. O gün uzaqda deyil...

Günay TAĞIYEVA, "Azərbaycan Ordusu"