Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

21 Sentyabr 2019 10:33

Dünyamıza sülh gərəkdir!

Sülh bəşəriyyət üçün gərəkli olan dəyərdir, əmin-amanlığa, dinc yanaşı yaşamağa çağırışdır. Sülhün qorunması uşaqlarımızın qorunması deməkdir. Bütün müharibələr sülh ilə sona çatıb. Sülh bütün vasitələrdən güclüdür. Dünyada sülh gününün keçirilməsi sülhsevər xalqların bir araya gələrək bəşəriyyətin xilası üçün birlik nümayiş etdirməsidir.
Beynəlxalq Sülh Günü Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 1981-ci ildə qəbul etdiyi qətnamə ilə təsis edilib. İlk sülh günü 1982-ci ilin sentyabrında qeyd olunub. O vaxtdan etibarən hər il sentyabr ayının 3-cü çərşənbə axşamı Beynəlxalq Sülh Günü kimi keçirilirdi. Lakin BMT Baş Assambleyasının 2001-ci ildə qəbul  etdiyi qətnaməyə əsasən, Beynəlxalq Sülh Günü artıq bütün sülhsevər ölkələrdə 21 sentyabr tarixində qeyd olunur.
BMT tərəfindən belə bir tarixi günün təsis edilməsində əsas məqsəd bütün ölkələri və xalqları həmin gün hərbi əməliyyatları dayandırmağa və ya sülh problemləri ilə bağlı təhsil və ictimai maarifləndirmə kampaniyaları keçirməyə dəvət etmək olub. Təbii ki, sülh bəşəri rəmzə çevrilərək insanların arzu etdiyi və can atdığı bütün müsbət keyfiyyətləri özündə birləşdirən  məfhumdur. Bu baxımdan, Beynəlxalq Sülh Gününün əhəmiyyəti zaman keçdikcə, münaqişə ocaqları alovlandıqca üzə çıxır. Buna görə də cinsindən, yaşından, irqindən, milliyyətindən, dinindən, dilindən asılı olmayaraq, sülh arzulayan hər kəsin yardımına ehtiyac duyulur. BMT-nin Baş katibinin hər il Beynəlxalq Sülh Günü  münasibətilə müraciətində deyilir ki, münaqişələrin səngiməsi, atəşkəs rejiminə tərəflərin qarşılıqlı şəkildə əməl etməsi təkcə insanların əmin-amanlıq şəraitində yaşaması deyil, eyni zamanda, inkişaf, tərəqqi və bəşəri təhlükəsizliyə təminatdır.   
Sülh naminə beynəlxalq səviyyədə aparılan fəaliyyətlər həyati əhəmiyyətə malik olsa da, hər yerdə qorunmur, müdafiə edilmir, milli münaqişələr daha da qloballaşır, coğrafiyası genişlənir, bütövlükdə bəşəriyyət üçün təhlükəli nəticələrə səbəb olur.
İllərdən bəri müharibə şəraitində yaşayan Azərbaycan üçün sülhün təminatı daha əhəmiyyətlidir. 30 ilə yaxındır ki, Ermənistanın torpaqlarımıza təcavüzü nəticəsində müharibənin əziyyətlərini yaşayan, qaçqın, köçkün problemi ilə üzləşən Azərbaycan regionda sülhün, əmin-amanlığın təminatı üçün bütün imkanlardan istifadə edir, beynəlxalq təşkilatlarda ərazi bütövlüyümüzün bərpası üçün aparılan müzakirələrdə, danışıqlarda sülhsevər siyasətini diqqətə çatdırır. Ermənistanın törətdiyi Xocalı soyqırımının tanıdılması barədə müraciətlər dünyanın bütün xalqlarına ünvanlanır. Azərbaycan Prezidenti İlham Əliyev Dağlıq Qarabağ münaqişəsi zamanı erməni silahlıları tərəfindən öldürülən, əlil olan soydaşlarımızın hüquqlarının qorunması üçün beynəlxalq ictimaiyyəti ədalətli olmağa çağırır. 1994-cü il mayın 12-dən cəbhədə atəşkəs elan ediləndən bugünədək, demək olar ki, hər gün təmas xəttinə yaxın kəndlərimizi, yaşayış məntəqələrimizi hədəf seçən, iri və xırda çaplı silahlardan atəş açaraq dinc sakinləri öldürən, yaralayan, şikəst edən erməni işğalçıları üçün Sülh Günü, BMT-nin Baş katibinin istənilən çağırışı önəmli deyil. Azərbaycan sülhsevər siyasətini, Ermənistan isə çirkin niyyətini davam etdirməkdədir. Bu gün Azərbaycanın yaşayış məntəqələrinin atəşə tutulması, mülki şəxslərin, xüsusilə uşaqların öldürülməsi Ermənistan dövlətinin yürütdüyü işğalçılıq siyasətinin tərkib hissəsidir. 2017-ci il iyulun 4-də Ermənistan silahlı qüvvələrinin Alxanlı kəndinə hücumu nəticəsində Sahibə Allahverdiyeva  və onun iki yaşlı nəvəsi Zəhranın qətlə yetirilməsi, Sərvinaz Quliyevanın ağır yaralanması, daha neçə-neçə faktlar bir daha onu göstərir ki, Ermənistan dövləti öz təcavüzkar siyasəti ilə beynəlxalq hüququn norma və prinsiplərini pozur, region üçün təhlükə yaratmaqdadır.
Dünyada sülhə çağırışlar edilirsə, dinc sakinlərin, qocaların, qadınların və körpə uşaqların qətlə yetirilməsinə biganəlik göstərilməməlidir. Bu gün Azərbaycan qüdrətli və güclü orduya malikdir. Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev xalqın sülh arzusunu ifadə edərək, münaqişənin sülh yolu ilə, qan tökülmədən və beynəlxalq hüquq normaları çərçivəsində həlli istiqamətində böyük işlər görür.
Hər il Beynəlxalq Sülh Gününü qeyd edən Azərbaycan yaşından, irqindən, milliyyətindən, dinindən, dilindən və cinsindən asılı olmayaraq hər kəsi sülhə səsləyir. Dünyada analoqu olmayan bir faciəni - Xocalı faciəsini yaşayan xalqımız belə bir soyqırımın təkrarlanmasını istəmir. Münaqişə ocaqlarının alovlanmasının qarşısının alınmasını istəyir. Dünyamıza sülh gərəkdir! Nə qədər ki, gec deyil, analar bundan sonra da bir səslə deməlidirlər:

Mən anayam, bu səsimdə yerin, göyün dərdi var,

Sülhə gəlin, ey insanlar, yoxsa dünya məhv olar.

Lalə HÜSEYNOVA, "Azərbaycan Ordusu"