Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

21 Sentyabr 2019 10:33

Ulu Öndərin Nəsimi irsinə ehtiramı

Xalqımızın çoxəsrlik ənənələrə malik bədii və fəlsəfi fikir tarixində mütəfəkkir şair İmadəddin Nəsiminin zəngin irsi mənəvi-əxlaqi və bədii dəyərilə yaşamaqdadır.
Nəsimi yaradıcılığı uzun illərdən bəri elmi-ədəbi fikrin diqqət mərkəzindədir. Şairin irsinin ölkəmizdə sistemli tədqiqi və təbliği ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə şairin 600 illik yubileyinin keçirildiyi vaxta təsadüf edir. Böyük söz ustasının 600 illiyinin YUNESKO-nun görkəmli şəxsiyyətlərin və əlamətdar hadisələrin yubileyləri siyahısına daxil edildiyi və beynəlxalq miqyasda qeyd olunduğu həmin dövrdən etibarən Nəsimi ilə bağlı çox sayda araşdırmalar aparılmışdır. Qüdrətli şairin yaradıcılığının üzə çıxarılan əlyazma nüsxələri əsasında öyrənilməsi Azərbaycan dili və ədəbiyyatı tarixinin tədqiqində yeni mərhələ açmışdır. Nəsiminin əsərləri ölkəmizdə dəfələrlə işıq üzü görmüşdür. Şairin əsərləri Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" 12 yanvar 2004-cü il tarixli Sərəncamına əsasən, kütləvi tirajla nəşr olunaraq ölkə kitabxanalarına hədiyyə edilmişdir.
Ötən illər ərzində Nəsiminin xatirəsinin əbədiləşdirilməsi istiqamətində silsilə tədbirlər həyata keçirilmiş və onun ədəbiyyatda, incəsənətdə parlaq obrazı yaradılmış, 1979-cu ildə ölkəmizin paytaxtında heykəli ucaldılmışdır.
Xalqımızın ümummilli lideri Heydər Əliyev Azərbaycan KP MK-nın Birinci katibi kimi 1970-ci ildə Suriya Ərəb Respublikasında səfərdə olur. Ulu Öndər Prezident Hafiz Əsədə Hələb şəhərinə getmək və İmadəddin Nəsiminin məzarını ziyarət etmək istədiyini bildirir. Azərbaycan rəhbərinin istəyi yerinə yetirilir. Lakin Nəsiminin qəbrini ziyarət etmək üçün bir müddət gözləmək lazım gəlir. Çünki yerli hakimiyyət orqanlarının nümayəndələri məzarı tapa bilmirdilər. Nəhayət, məzar tapılır, səliqəyə salınır, məzara xidmət edən şəxs ayırılır. Ondan sonra Ulu Öndər məzarı ziyarət edir.
Ulu Öndər Bakıya döndükdən sonra Nəsiminin tanıdılması,  600 illik yubileyinin keçirilməsi və kinofilm çəkilişi məsələlərini gündəmə gətirir. Nəsiminin yubileyinin keçirilməsi barədə məsələ Azərbaycan KP MK Bürosunun 1970-ci il 27 mart, 1971-ci il 24 mart, 29 aprel, 23 iyul tarixli iclaslarında müzakirə edilir. Bundan sonra Heydər Əliyevin Moskvaya, Sov. İKP MK-ya yazdığı məktubda xahiş edilirdi ki, Nəsiminin yubileyinin ümumittifaq və ümumdünya miqyasında qeyd edilməsi üçün SSRİ Nazirlər Sovetinə müvafiq göstərişlər verilsin və yubiley komissiyası yaradılsın. SSRİ Nazirlər Sovetinin sədri A.N.Kosıginin imzası ilə qəbul olunan bu məktuba qərar layihəsi də əlavə olunur.
Heydər Əliyevin tapşırığı ilə akademik Həmid Araslı və professor Araz Dadaşzadə Azərbaycanın valyuta fondu hesabına Suriyaya ezam edilirlər. Onlar Nəsiminin məzarının vəziyyəti ilə tanış olurlar və bərpası məsələsini qaldırırlar. Ulu öndər Heydər Əliyevin əməyi nəticəsində məzar bərpa edilir. Nəsiminin portretini yaratmaq üçün beynəlxalq müsabiqə elan edilir. Azərbaycan KP MK Bürosunun 1972-ci il 2 fevral, 1973-cü il 13 mart və 28 avqust tarixli iclaslarında həmin məsələ müzakirə edilir. Tədbirlər planı işlənib hazırlanır. 1973-cü ilin sentyabrında Azərbaycanda yubiley toplantısı keçirilir. Yubileyə dünyanın 29 ölkəsindən nümayəndələr gəlir. Heydər Əliyev onları qəbul edir. YUNESKO-nun "Kuryer"  jurnalında Nəsimi haqqında geniş məqalə dərc olunur, əsərləri ingilis, fransız və başqa dillərə tərcümə edilir.
İmadəddin Nəsiminin 600 illik yubileyinin keçirilməsi və  şairin abidəsinin qoyulması yolunda olan maneələr Heydər Əliyev  tərəfindən qətiyyətlə aradan qaldırılır. Bununla əlaqədar olaraq Azərbaycan SSR Ali Sovetinin deputatı, xalq yazıçısı Mirzə İbrahimov Ali Sovetin 15 dekabr 1978-ci il IX sessiyasındakı çıxışında bildirir:
"...Heydər Əliyev yoldaşın əməyi, zəhməti, onun ilhamlı fəaliyyəti respublikamızın şərəfini, şöhrətini artırıb... Mən 50 ilə yaxın partiya təşkilatı işlərində işləyirəm. Çox dramatik hadisələrin, partiya həyatımızın tarixində çox fərəhli hadisələrin şahidi olmuşam. Mən deyə bilərəm ki, bu illər ərzində ədəbiyyatımız üçün, mədəniyyətimiz üçün çətinliklə həll etdiyimiz məsələlər Heydər Əliyevin dövründə çox asanlıqla, çox ləzzətlə bizim üçün həll olunurdu. Mən sizə bir misal gətirmək istəyirəm. Biz Nəsiminin yubileyinə hazırlaşırdıq. Bilirsiniz ki, Nəsimi Azərbaycan xalqının 600 il əvvəl feodalizm əsarəti, zülmü içərisində xalqın iradəsini ifadə edən bir şəxsdir. Ancaq Nəsimi öz dövrünün övladı olaraq ziddiyyətlərə malikdir. Onun bəzi ziddiyyətlərindən istifadə edərək, ona qarşı bərk etiraz edənlərə rast gəldik və mən bir məktub almışdım, orada. Nəsimiyə qarşı böyük etiraz var idi. Mənim o zaman ürəyim titrədi, görəsən, Nəsiminin yubileyini batıracayıq, yoxsa keçirəcəyik. Lakin sevimli oğlumuz Heydər Əliyev yoldaş sinəsini qabağa verərək Nəsiminin heykəlini ucaltdı".
2017-ci ilin mayında Parisdə YUNESKO-nun baş qərargahında Nəsiminin vəfatının 600 illiyi qeyd edilmiş, 2018-ci ilin sentyabrında ölkəmizdə ilk dəfə Nəsimi - şeir, incəsənət və mənəviyyat festivalı keçirilmişdir.
Nəsiminin anadan olmasının 650 illiyidir. Azərbaycanın ədəbi-mədəni fikir tarixinin bu əlamətdar hadisəsinin dövlət səviyyəsində layiqincə qeyd edilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin "Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında" 2018-ci il 15 noyabr tarixli 689 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə müvafiq tədbirlər planının hazırlanıb həyata keçirilməsi tapşırılmışdır. Sərəncamda deyilir:
"Nəsimi irsinin Azərbaycan xalqının mənəviyyat xəzinəsində layiqli yerini tutması ötən əsrin 70-ci illərində öz geniş fəaliyyəti sayəsində tarixi-mədəni dəyərlərimizə münasibətdə əsaslı dönüş yaratmış ümummilli lider Heydər Əliyevin adı ilə bilavasitə bağlıdır. Məhz Ulu Öndərin təşəbbüsü ilə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən ilk dəfə Nəsiminin 600 illik yubileyi YUNESKO-nun tədbirləri siyahısına daxil edilmiş və 1973-cü ildə beynəlxalq miqyasda qeyd olunmuşdur".
Klassik Azərbaycan şairi, mütəfəkkiri İmadəddin Nəsimi irsinə Heydər Əliyev Fondu hər zaman həssaslıqla yanaşır. Bunun nəticəsidir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə ötən ilin sentyabrında Azərbaycanda ilk dəfə olaraq "Nəsimi -şeir, sənət və mənəviyyat festivalı" təşkil olunub. Layihə çərçivəsində tədbirlər həm şairin doğulduğu Şamaxı şəhərində, həm də Bakıda "Qala", "Atəşgah məbədi" qoruqlarında keçirildi. Dörd gün ərzində ümumən 30 tədbir keçirildi. Bakıda müxtəlif sənət növləri üzrə sərgilər, musiqi layihələri, tamaşalar, eləcə də mühazirə, simpozium və seminarlar təşkil olundu. Bu festival Nəsimi yaradıcılığının tərənnümü ilə yanaşı, şeir və sənətin yaşadılması, müxtəlif müstəvilərdə və formatlarda təqdimatları ilə yadda qaldı.
Heydər Əliyev Fondu Nəsimi yaradıcılığının, irsinin təbliğini  beynəlxalq aləmdə indi də davam etdirir. Fondun bir sıra tədbirləri kimi, Nəsimi ilə bağlı tədbiri də beynəlxalq ictimaiyyətə təqdim edilir. 
2018-ci il noyabrın 19-20-də Rusiyanın paytaxtı Moskva şəhərində Heydər Əliyev Fondunun təşkilatçılığı ilə "Nəsimi -poeziya, incəsənət və mənəviyyat festivalı" keçirilib. Layihə İmadəddin Nəsiminin (1369-1417) yaradıcılığının təbliği və iki ölkə arasında mədəni-ədəbi əlaqələrin genişləndirilməsi məqsədi daşıyıb.
Layihə çərçivəsində noyabrın 19-da Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda (MDBMİ) XIV-XV əsrlərin böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin büstünün təntənəli açılış mərasimi olub.
Nəsiminin büstünün açılışı Heydər Əliyev Fondunun təşkilatçılığı və Azərbaycanın Rusiyadakı səfirliyinin dəstəyi ilə Moskvada keçirilən "Nəsimi -poeziya, incəsənət və mənəviyyat festivalı" çərçivəsində baş tutub.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva təntənəli mərasimdə çıxış edərək deyib: "Biz bu gün böyük şair, filosof və mütəfəkkir Nəsimiyə həsr olunmuş tədbirə toplaşmışıq. Nəsimi XIV-XV əsrlərdə yaşayıb-yaradıb. O, Azərbaycan ədəbiyyatının inkişafında böyük rol oynayıb, Azərbaycan poeziyasının şah əsərlərini yaradıb, Azərbaycan ədəbi dilinin əsasını qoyub. Nəsimi poeziyası müasir dövrümüzdə də yaşayır və aktualdır. Bu ilin sentyabrında Azərbaycanda ilk dəfə Nəsimiyə həsr edilmiş mənəvi-poetik yaradıcılıq festivalı keçirilib. Festival çərçivəsində çoxlu sayda tədbirlər - poeziya, musiqi və rəqs gecələri, tamaşalar, sərgilər, videoinstalyasiyalar, yoqa və meditasiya təşkil olunub. Bütün bunlar ali şüurun dərinliyinə varmaq üçün edilib".
Daha sonra MDBMİ-nin rektoru, akademik Anatoli Torkunov çıxış edərək bildirib ki, Nəsiminin büstünün qoyulması universitet üçün böyük şərəfdir. O deyib: "Bu gün biz Heydər Əliyev Fondundan olan çoxdankı fəxri, əziz və hörmətli dostlarımızı tamamilə qeyri-adi bir münasibətlə qəbul edirik. Belə ki, kitabxanamızda böyük Azərbaycan şairi və mütəffəkiri İmadəddin Nəsiminin büstünü açırıq. Nəsimi yaradıcılığı Azərbaycan və ərəb dillərində poeziyaya və bütövlükdə Yaxın Şərq regionunun mədəniyyətinə böyük təsir göstərib. Şərq problemlərinə və Şərq dillərinə böyük diqqət yetirən universitetimizdə dahi mütəfəkkirin büstünün açılışı dərin rəmzi məna daşıyır. Rusiya şərqşünaslığının şanlı ənənələrinin davamçısı olan MDBMİ bir çox baxımdan nadir olan və son dərəcə müvəffəqiyyətlə inkişaf edən, ölkənin tərəqqisinə rəvac verən yeni-yeni böyük ustadlar yetişdirən Azərbaycan mədəniyyətinə həmişə xüsusi diqqətlə yanaşıb".
Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu Leyla Əliyevaya və Anatoli Torkunova minnətdarlığını bildirib. Sonra büstün yaradılmasına görə Heydər Əliyev Fonduna və heykəltəraşa təşəkkür edib. Göstərdiyi dəstəyə görə Leyla Əliyevaya təşəkkür edən Polad Bülbüloğlu deyib: "O, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinə başçılıq edir, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəridir. Mən xüsusi vurğulamaq istəyirəm ki, biz azərbaycanlılar üçün bu universitet çox dəyərlidir, çünki Ümummilli Liderimiz, Azərbaycan siyasətinin patriarxı, böyük dövlət xadimi Heydər Əlirza oğlu Əliyev və indiki Prezidentimiz İlham Heydər oğlu Əliyev bu ali təhsil ocağının fəxri doktorlarıdır. Buna görə də Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu bizim üçün kənar ev deyil. Biz həmişə burada olmağa şadıq. Biz bunu yüksək qiymətləndiririk".
Heydər Əliyev Fondu yalnız ölkəmizdə deyil, onun hüdudlarından kənarda da Azərbaycan mədəniyyəti, musiqisi, tarixi ilə bağlı maraqlı tədbirlər keçirir. Ölkəmizin mədəni simasını dünyaya təqdim edir. Moskvada keçirilən "Nəsimi - poeziya, incəsənət və mənəviyyat festivalı" Heydər Əliyev Fondunun həyata keçirdiyi əhəmiyyətli beynəlxalq layihələrdən biridir. Nəsimi irsinin, onun əzəmətli, azad poetik ruhunun müasir Rusiyada tanıdılması çox vacibdir. Nəsimi irsi dünyəvi irsdir.
Fondun beynəlxalq miqyasda keçirdiyi bütün tədbirlər, həyata keçirdiyi layihələr xalqımızın, dövlətimizin mənəvi-mədəni  irsimizə bəslədiyi tükənməz sevgini təbliğ edir. Dünyanın heç bir ölkəsində mədəniyyətin, ədəbiyyatın təbliğ edilməsi istiqamətində bu qədər işlər görülmür.
“Azərbaycan Respublikasında 2019-cu ilin "Nəsimi ili" elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 11 yanvar 2019-cu il tarixli Sərəncamında qeyd olunur: “Nəsimi irsinin müasir humanitar düşüncənin tələbləri kontekstində aktuallığını, milli mədəni-mənəvi dəyərlərin təbliği baxımından xüsusi əhəmiyyətini nəzərə alaraq və Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: 2019-cu il Azərbaycan Respublikasında "Nəsimi ili" elan edilsin.”
2019-cu ilin "Nəsimi ili" elan olunması tariximizə, keçmişimizə, mənəvi dəyərlərimizə böyük qiymətdir. Ulu Öndərimiz də həmişə şairlərə, yazıçılara qiymət verib. Prezidentimiz cənab İlham Əliyev ölkəmizin bütün sahələrində olduğu kimi, milli-mənəvi dəyərlərimizin öyrənilməsində də ümummilli lider Heydər Əliyevin qoyduğu kursu uğurla davam etdirir. 

Telman ŞAHBAZOV, Silahlı Qüvvələrin Hərbi Akademiyasının Strateji Araşdırmalar və Dövlət Müdafiəsini İdarəetmə Akademik Kursunun rəisi