Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

14 Sentyabr 2019 10:26

“Hərbi dənizçilərimiz hər zaman qalib olmağa hazırdırlar”

Azərbaycanın Hərbi Dəniz Qüvvələri imkanlarına görə Xəzər dənizində ən güclü donanmalar sırasındadır. Tərkibinə bir neçə gəmilər divizonu daxil olan HDQ əsasən suüstü gəmilər briqadasından ibarətdir. HDQ-nin sərəncamında onlarla müxtəlif tipli və təyinatlı gəmilər var. Hərbi dənizçilərimiz dəfələrlə beynəlxalq təlimlərlərdə və yarışlarda iştirak ediblər. Belə yarışlardan biri də 2015-ci ildən Rusiya Federasiyasının Müdafiə naziri ordu generalı Serqey Şoyqunun təşəbbüsü ilə keçirilən "Beynəlxalq Ordu Oyunları"dır. Bu yarışlarda hərbçilərimiz xalqımızı, dövlətimizi, ordumuzu yüksək səviyyədə təmsil edir, digər ölkələrin komandaları ilə qarşılıqlı görüşlər, ziyafətlər, mədəni-kütləvi və digər tədbirlər keçirirlər. Komandalarımızın yarışlarda iştirakı müşahidəçilər və mütəxəssislər tərəfindən çox yüksək qiymətləndirilir. Bu cür tədbirlər hərbi əməkdaşlığın, hərbçilər arasında dostluğun möhkəmləndirilməsinə, peşəkarlığın daha da artırılmasına xidmət edir.
"Beynəlxalq Ordu Oyunları" çərçivəsində keçirilən "Dəniz Kuboku" müsabiqəsində də komandamız bir çox uğurlara imza atıb. Bu müsabiqə üçüncü ildir ki, Xəzər dənizinin Azərbaycana məxsus ərazi sularında keçirilir. "Dəniz Kuboku" müsabiqəsi ölkələr arasında qarşılıqlı əlaqələrin, əməkdaşlığın daha da güclənməsinə öz töhfəsini verir. Yarışlar hər kəsin yaddaşında silinməz iz buraxır, qonaqlar Azərbaycandan xoş təəssüratlarla ayrılırlar. Bu yarışlarda komandamız ordumuzu layiqincə təmsil edir. Hər il olduğu kimi, "Dəniz Kuboku-2019" müsaqibəsinin şəffaf və ən yüksək səviyyədə keçirilməsi üçün dəniz poliqonlarında və təlim-məşq komplekslərində hər cür şərait yaradılmışdı. Bu cür diqqətin və qayğının nəticəsidir ki, hərbi dənizçilərimiz bu il digər komandaları üstələyərək, birinciliyi əldə etdilər. Dənizçilərimizin yarışla bağlı təəssüratlarını öyrənmək üçün onlarla söhbət etdik.
İlk həmsöhbətim 3-cü dərəcəli kapitan İlqar Əliməmmədov oldu. Zabit bildirdi ki, yarış çərçivəsində iştirakçı dövlətlərin Hərbi Dəniz Qüvvələrinin şəxsi heyəti arasında gərgin mübarizə gedirdi. "Müsabiqənin gedişatına, şəffaflığa, ədalətlilik prinsipinə ciddi riayət olunurdu. Qeyd etmək istəyirəm ki, "Dəniz Kuboku-2019" müsabiqəsində Azərbaycan komandası digər iştirakçı komandaları geridə qoyaraq, birinciliyi əldə etdi. Müsabiqədə iştirak edən hər bir komandanın özünəməxsus yüksək döyüş hazırlığı var idi. Buna baxmayaraq, hərbi dənizçilərimiz tam qələbə əldə edərək, qalib oldular.
Yarışlar üç mərhələdə keçirildi. "Dəniz Kuboku-2019"-da hərbi dənizçilər "Artilleriya atışlarının yerinə yetirilməsi", "Gəminin dayanıqlığı uğrunda mübarizə və xilasetmə hazırlığı" və "Dəniz hazırlığı" üzrə mərhələlərdə güclərini sınadılar. "Gəminin dayanıqlığı uğrunda mübarizə və xilasetmə hazırlığı" mərhələsinin məqsədi, qəzaya uğrayarkən gəmiyə kənardan daxil olan suyun qarşısının alınmasıdır. Burada şəxsi heyətin bilik, bacarıq və praktiki vərdişləri əsas amillərdən biridir. Yəni, qəza-xilasetmə əmlakından istifadə etmə bacarığı yüksək olmalıdır ki, şəxsi heyət qəzaya uğrayan gəmiyə vaxtında müdaxilə etmək iqtidarında olsun. Xilasetmə vasitələrindən istifadə isə o deməkdir ki, şəxsi heyət hidro-kombinezonları geyinərək, xilasedici sala qədər üzür, sala əyləşərək, onu avar vasitəsi ilə çəkib körpüyə yan alır. "Artilleriya atışlarının yerinə yetirilməsi" mərhələsi isə üç hissədən ibarət idi. Birinci mərhələdə hərbi dənizçilər üzən minaya artilleriya atışını, ikinci mərhələdə kiçik ölçülü dəniz hədəfinə artilleriya atışını, üçüncü mərhələdə isə hava hədəflərinə artilleriya atışını yerinə yetirdilər. Xüsusi ilə vurğulamaq istəyirəm ki, üzən minaya artilleriya atışı  mərhələsində hərbi dənizçilərimiz tərəfindən yüksək nəticələr əldə olundu. Kiçik ölçülü dəniz hədəfi üzrə artilleriya atışında komandamız ikinci yerdə qərarlaşdı. Hava hədəfinə atışlar zamanı isə iştirakçı komandaların icra edə bilmədiklərini bizim komandamızın dənizçiləri müvəffəqiyyətlə yerinə yetirib, hədəfi məhv etdilər. Bütün mərhələləri uğurla başa vuran komandamız "Dəniz kuboku-2019" müsabiqəsinin qalibi oldu. Qələbə yalnız Hərbi Dəniz Qüvvələrinin şəxsi heyətində deyil, yarışmanı izləyən hər bir Azərbaycan vətəndaşında ruh yüksəkliyi yaratdı.”
- Qalibiyyət istənilən şəxsdə özünə güvən və növbəti qələbələrə ümid yaradır, - deyə 3-cü dərəcəli kapitan İlhami Quliyev söhbətə başladı. - "Dəniz Kuboku" müsabiqəsi dostluq, qardaşlıq, qarşılıqlı anlaşma şəraitində keçdi və bütün iştirakçı dövlətlərin böyük marağına səbəb oldu. Dostluq şəraitində keçirilən müsabiqədə isə dostluq qalib gəldi. Buna baxmayaraq birinciliyi əldə etdikdə, şəxsi heyətimlə hər zaman olduğu kimi, bir daha fəxr etdim, qürur hissi duydum. Bu yarışda əsas texnika deyil, şəxsi heyətin peşəkarlığı böyük rol oynadı. Yarışa hazırlıq zamanı qarşımıza qoyulan məqsəd, birinci olmaq idi. Bunun üçün mütəmadi olaraq məşqlər keçir, ötən illərdə əldə etdiyimiz təcrübəmizi daha da təkmilləşdirirdik. Bunun nəticəsidir ki, biz digər ölkələrin komandalarından yaxşı çıxış etdik. Çalışacağıq ki, gələn il keçiriləcək "Dəniz Kuboku-2020" müsabiqəsində də ölkəmizi layiqincə təmsil edib, qalib olaq.
3-cü dərəcəli kapitan Vadim İsmayılov da bildirdi ki, hərbi dənizçilərimiz öz güclərini yarış meydanında sınayaraq, yarışın qalibi oldular. “Bu yarışlardan ən böyük qazancımız Xəzəryanı ölkələrin hərbi dənizçilərinin bir-birini yaxından tanıması, təcrübə mübadiləsi, dostluq və qardaşlıq mühitinin yaranması oldu. İştirakçı ölkələrin hərbçiləri Azərbaycana səfəri zamanı ölkəmizin tarixi, zəngin mədəniyyəti, ləziz mətbəxi və adət-ənənələri ilə yaxından tanış oldular. Müsabiqəyə gəlincə, çox ciddi hazırlıq prosesi keçmişdik. Uğurlarımız təsadüfi deyildi. Müsabiqəyə həm fiziki, həm nəzəri, həm də psixoloji cəhətdən hazırlaşmışdıq. Bir sözlə, bütün diqqətimizi bu yarışa yönəltmişdik. Komandamız "Dəniz Kuboku-2019" beynəlxalq müsabiqəsinin qalibi oldu. Yarış heç vaxt həyəcansız ola bilməz. Komandamızın hər bir üzvü məsuliyyətli idi. Dənizçilərimiz çalışırdılar ki, heç bir səhvə yol verməsinlər. Bu müsabiqədə cüzi diqqətsizlik uğursuzluqla nəticələnə bilərdi. Hər kəs qalib olacağımıza inanırdı. Sevinirəm ki, bizə olan inamı və etimadı doğrultduq”.
Baş leytenant Nadir Əliyev də söhbətə qoşularaq bildirdi ki, Azərbaycan Hərbi Dəniz Qüvvələri "Beynəlxalq Ordu Oyunları" çərçivəsində keçirilən "Dəniz kuboku" müsabiqəsinə üç ildir ev sahibliyi edir. "Ev sahibliyi etdiyimiz "Dəniz Kuboku"nda isə ikici dəfədir yarışın qalibi oluruq. Bu il də müsabiqə gərgin mübarizə şəraitində keçdi. Bütün komandalar hazırlıqlı idi. Bizim heyət qarşısına bir məqsəd qoymuşdu - bütün komandalardan daha yaxşı nəticə göstərərək, yarışın qalibi olmaq. Belə də oldu. Ümumi nəticələr elan olunduqda hamımız sevinirdik. Biz bir daha sübut etdik ki, Azərbaycan dənizçiləri hər zaman qalib olmağa hazırdırlar".
"Dəniz Kuboku-2019" beynəlxalq müsabiqəsində iştirak edən hərbi dənizçilər arasında hava hədəfini məhv edən yeganə hərbi qulluqçu miçman Namil Sultanovla da həmsöhbət olduq. Bizimlə təəssüratlarını bölüşən Namil bildirdi ki, atış zamanı üzərimizə böyük məsuliyyət düşürdü. "Çünki axırıncı atış bizim atışımız idi. Ona görə də hər şey bizdən asılı idi. Biz qarşımıza məqsəd qoymuşduq ki, hədəfi məhv etməliyik. Digər komandaların nümayəndələri də atışımızı izləmək üçün bizim gəmidə idilər. Hər kəs bizdən nəticə gözləyirdi. Bu günə kimi təlimlərdə, məşğələlərdə öyrəndiyimiz bütün bilik və bacarıqlarımızı ortaya qoyaraq, əlimizdən gələnin ən yaxşısını edib, hədəfi məhv etdik. Həmin an keçirdiyimiz sevinc, qürur hissini sözlə ifadə etmək mümkün deyil. Qarşıya qoyulan tapşırıqlar çətin olsa da, öhdəsindən layiqincə gəldik".
Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş Yasin Məmmədovla da söhbətimiz maraqlı oldu. O bildirdi ki, gərgin mübarizə şəraitində keçirilən mərhələdə dənizçilərimizin bacarığı nəticəsində komandamız digər komandalardan üstün nəticə əldə etdi. "Birinci mərhələdə komandamızın qələbə qazandığını görüb, onların sevincindən daha da ruhlandıq. Qələbə qazanacağımıza çox inanırdıq. Komanda olaraq qələbəyə köklənmişdik. Bizdən qabaq çıxış edən komandalar tapşırığı qısa vaxtda icra etdilər. Qələbə qazanmaq üçün onlardan daha cəld və çevik hərəkət etməli idik. Həmçinin maksimum nəticə göstərməli idik ki, bizdən sonrakı komanda bizi qabaqlaya bilməsin. Ona görə də rekord nəticə göstərməyi qarşımıza məqsəd qoyduq. Bununla da həm bizdən əvvəl çıxış edən komandanı qabaqlayacaq, həm də bizdən sonrakı komandanı təəccübləndirəcəkdik. Onu da vurğulamaq istəyirəm ki, bu mərhələdə hava şəraitinin küləkli olması da işimizi çətinləşdirdi. Buna baxmayaraq komandanın hər bir üzvü yüksək əzmkarlıq nümayiş etdirərək, qarşıya qoyulan məqsədə nail oldu".
- Hər kəs öz işinin məsuliyyətini dərindən dərk edirdi, ona görə də komandamız birinci oldu, - deyə miçman Zaur Abdullayev söhbətimizə qoşuldu. - Mən mexanik olduğum üçün sadəcə gəminin hərəkətini görə bilirdim. Göyərtədə nələr baş verdiyini, atışların yerinə yetirilib-yetirilmədiyindən xəbərsiz olurdum. Amma epizodlar icra edildikdən sonra komandamızın üzvləri mənə də məlumat verirdilər. Bu yarışlarda yaddaşımda silinməz iz buraxan hadisələr də oldu. Məlum olduğu kimi, hava hədəfinə atışda heç bir ölkə hədəfi məhv edə bilmədi. Ən sonda bizim komandamız tapşırığı yerinə yetirəcəkdi. Atışı miçman Namil Sultanov icra edirdi. Öz peşəkarlığını nümayiş etdirən Namil hədəfi məhv etməklə komandamıza təmiz qələbəni qazandırdı.
Zaur qələbədə hər kəsin payı olduğunu və bu sevinci bütün dənizçilərə yaşatdıqlarına görə komandası ilə qürur duyduğunu qeyd etdi. "Qalibiyyətin əldə olunmasında hamının zəhməti var. Komandir heyəti, iştirak etməyən digər dənizçilər də hər zaman bizə dəstək olurdular. Təbii ki, deyilən sözlər bizi qələbəyə kökləyirdi. Bu gün təkcə bizim gəminin heyəti deyil, bütün Hərbi Dəniz Qüvvələri qalib gəldi, bütün xalqımız qalib oldu. Biz bundan sonra da qatılacağımız müsabiqələrdə ölkəmizi layiqincə təmsil edəcək, bayrağımızı ən yüksək zirvələrdə dalğalandıracaq, Dövlət himnimizi səsləndirəcəyik".

Orxan HÜSEYNLİ, "Azərbaycan Ordusu",
fotolar Namiq PƏNAHOVUNDUR