Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

14 Sentyabr 2019 10:26

Hərbi təhsil ordu quruculuğunun təməl daşıdır

Tarix boyu elmə, biliyə yiyələnmək şərəfli iş hesab olunub. Elmin, təhsilin, bütövlükdə hər bir xalqın maariflənməsi nəticəsində cəmiyyətdə savadlı, bilikli, geniş dünyagörüşlü, əxlaqlı ölkənin gələcəyinə etibarlı təminatçı olan əsl vətəndaş yetişir.
Azərbaycanın gələcək inkişafının elm və təhsillə bağlı olması strategiyasının təməli xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulub. Ulu Öndər ölkəmizə rəhbərliyinin həm sovet, həm də müstəqillikdən sonrakı dönəmində elmin, təhsilin əhəmiyyətini xüsusi vurğulayaraq, xalqımızın parlaq, işıqlı gələcəyini hər iki sahənin inkişafında görürdü.
Müstəqil Azərbaycanda dövlət quruculuğunu əzmlə həyata keçirməklə bərabər, onun ideya-siyasi əsaslarını, milli ideologiyamızın prinsiplərini müəyyən edən Ümummilli Liderimiz, heç şübhəsiz, təhsil sahəsinin qarşısında duran vəzifələri də öz yüksək təcrübəsinə əsaslanaraq uğurla həyata keçirdi. Ulu öndər Heydər Əliyev təhsilin yerini və rolunu müəyyənləşdirərək deyirdi: "Həyat böyük bir prosesdir. Bu prosesdə uğurla iştirak etmək üçün insan müasir tələblərə uyğun olan təhsilə malik olmalıdır".
Bu gün xalqımızın ümummilli lideri Heydər Əliyevin başladığı böyük təhsil islahatları ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Son illərdə Azərbaycan təhsili yeni inkişaf dövrünə qədəm qoyub. Prezident İlham Əliyevin qayğısı, Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr Ulu Öndərin təməlini qoyduğu təhsil siyasətinin uğurlu davamının göstəricisidir. Elm və təhsil məsələləri gələcək inkişaf yolunun əsas hərəkətverici qüvvələri olmaqla Azərbaycan dövlətçiliyinin diqqət mərkəzindədir. Ölkəmizin, cəmiyyətimizin inkişafında  böyük rol oynayan elm və təhsil sahəsində böyük nailiyyətlər qazanılıb. Təkcə bir faktı xatırlatmaq kifayətdir ki, ölkəmizdə təhsil sisteminin bütün pillələri üzrə dövlət proqramları uğurla həyata keçirilir. Ötən dövr ərzində Azərbaycan təhsil sisteminin Avropa təhsil məkanına uyğun qurulması istiqamətində mühüm işlər görülərək, təhsil haqqında yeni qanun qəbul edilib.
15 sentyabrın respublikamızda Bilik Günü kimi qeyd edilməsi tarixindən artıq 15 il keçir. Məlumdur ki, Azərbaycanda Bilik Günü məktəblərdə dərslərin başlandığı gün keçirilir. 2004-cü ilə qədər dərslər sentyabrın 1-də başlanırdı. Lakin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 21 avqust 2004-cü il tarixində imzaladığı fərmanla əlaqədar olaraq, ölkəmizin bütün təhsil müəssisələrində dərslərin sentyabrın 15-də başlanması qərara alınıb və beləliklə, həmin gün Bilik Günü elan edilib.
Təhsilin məqsəd və vəzifələri təkcə sistemli biliklər öyrədilməsi ilə məhdudlaşmır. Yetişən nəslin cəmiyyətin bir üzvü kimi hazırlanması ictimai biliklərin öyrədilməsi ilə yanaşı, fəal ictimai təcrübə də tələb edir. Məktəb təkcə şagirdlərə biliklər aşılamaq üçün deyil, həm də onu həyata hazırlamaq üçündür. Orta məktəb hər bir uşağı müstəqil həyata hazırlayır və gələcəkdə ölkəmizə layiqli vətəndaş kimi yetişməsində mühüm rol oynayır. Ali məktəb isə onu peşəkar kimi müəyyən sahənin mütəxəssisi olaraq yetişdirir. Axırıncı mərhələdə həyata hazırlanmaq gənclərin ali məktəbi bitirdikdən sonra çalışacaqları istehsal və ya xidmət müəssisələrindəki real şəraitə və tələblərə uyğun surətdə əməli vərdişlərin mənimsənilməsini nəzərdə tutur. Eyni zamanda tələbələrin həm də bir vətəndaş kimi yetişməsi üçün ali məktəb sadəcə biliklər aşılamaqla kifayətlənməyərək, ictimai həyatın fəal iştirakçısına çevrilirlər.
Son illərdə respublikamızın təhsil sistemində dəyişikliklər edilərək, müasir tipli kolleclər, liseylər açılıb, ali məktəblərdə bir sıra yeni ixtisaslar üzrə kadr hazırlığına başlanılıb. Azərbaycan təhsilində ən uğurlu nəticələrdən biri məktəb tikintisinin geniş vüsət almasıdır. 2003-cü ildən bu günümüzədək ölkəmizdə yüzlərlə müasir məktəb binası tikilib, o cümlədən bir sıra məktəblər üçün əlavə korpuslar inşa olunub, əsaslı təmir həyata keçirilib. Yeni məktəblərin tikintisi, əlavə korpusların inşası, onların əsaslı təmiri, müasir avadanlıqlarla təminatı, infrastrukturun müasirləşməsi təşkil olunub.
Dövlət quruculuğunda əsas prioritetlərdən sayılan ordu quruculuğunda hərbi təhsil sistemi əsas və aparıcı rol oynayır. Hərbi təhsildən danışarkən, ilk növbədə Ülu Öndərin müasir Azərbaycanın ordu quruculuğuna verdiyi əvəzsiz töhfələri yada düşür.
Hərbi təhsil ordu quruculuğunun təməl daşıdır. "Mən istəyirdim ki, bizim zabitlər korpusumuz olsun" deyən ümummilli liderimiz Heydər Əliyev respublikamıza rəhbərlik etdiyi dövrlərdə milli zabit kadrlarının hazırlığı məsələlərini daim önə çəkirdi. Ulu Öndər 1971-ci ildə böyük səylər nəticəsində Azərbaycanda hərbi kadrlar hazırlayan məktəbin - görkəmli sərkərdə Cəmşid Naxçıvanskinin adını daşıyan Hərbi Liseyin yaradılmasına və eyni zamanda azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərinə, keçmiş SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul olunmasına  da nail oldu. Azərbaycan dövlət müstəqilliyini yenidən bərpa etdikdən sonra milli hərbi kadr hazırlığı üçün zəruri bazanın ən yüksək səviyyədə təşkilini həyata keçirdi. Əsası C.Naxçıvanski adına Hərbi Liseylə qoyulan hərbi təhsil müəssisələrimizin sayı ali hərbi təhsil ocaqları hesabına daha da genişləndi.
1993-cü ildə ölkə tarixində ilk dəfə olaraq Hərbi Hava Qüvvələrinin tərkibində Uçuş Hazırlığının Təlim Mərkəzi yaradıldı. Sonradan bu mərkəz Ümummilli Liderimizin sərəncamına əsasən, Azərbaycan Respublikası Müdafiə Nazirliyi sistemində fəaliyyət göstərən və ali hərbi təhsil müəssisəsi olan Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbi adlandırıldı.
1996-cı ildə Bakı Ali Hərbi Dənizçilik Məktəbinin bazasında Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbi, Bakı Ali Hərbi Ümumqoşun Komandirləri Məktəbinin bazasında Azərbaycan Ali Hərbi Məktəbi yaradıldı. 1998-ci ildə C.Naxçıvanski adına Hərbi Liseyin Naxçıvan Muxtar Respublikasında  filialı açıldı. 2004-cü ildə Naxçıvanda fəaliyyət göstərən Hərbi Liseyə ümummilli liderimiz Heydər Əliyevin adı verildi.
Ulu öndər Heydər Əliyevin 1999-cu ilin 10 fevral tarixli fərmanı ilə Silahlı Qüvvələrin Hərbi Akademiyası və 20 avqust 2001-ci il fərmanı ilə Silahlı Qüvvələr üçün kadr hazırlığının təkmilləşdirilməsi məqsədilə Təlim və Tədris Mərkəzi təşkil edildi. Eyni zamanda Təlim və Tədris Mərkəzinin nəzdində Qaraheybət  Təlim Mərkəzi fəaliyyət göstərir.
Bu gün Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin orduya diqqət və qayğısı sayəsində hərbi təhsilin maddi-texniki bazası ən müasir və dünya standartlarına uyğun qurularaq, gündən-günə möhkəmlənir.
Təhsil millətin gələcəyidir. Bu günün təhsili cəmiyyətin sabahına xidmət edir, ictimai tərəqqini və inkişaf strategiyasını müəyyənləşdirir. Bütün ölkə, cəmiyyət miqyasında həyata keçirilən sosial-iqtisadi və ideya-siyasi islahatların elmi-nəzəri əsasları işlənib hazırlandıqca, təhsilin qarşısında duran əsas vəzifələr və onların yerinə yetirilməsinin yolları da getdikcə daha çox aydın olur.  

Lalə HÜSEYNOVA, "Azərbaycan Ordusu"